Biz ənənədən danışanda bəzən təəssüf hissilə onun olmadığını göstərir və bu sözləri işlədirik; “İngilis tənqidində nadir halda ənənədən söhbət açılır”. Biz “müəyyən ənənəyə”, yaxud “digər ənənəyə” əsaslana bilmədiyimizdən, ən yaxşı halda uyğun gələni işlədirik. Məsələn, deyirik ki, bu poeziya nümunəsi “ənənəvidir”, ya da “çox ənənəvidir”. Mətbuatda buna nadir halda, tənqid xarakterli deyimlərdə rast gəlirik. Bir də o zaman işlədirik ki, söz özündə müəyyən razılıq əlaməti daşıyır və arxeoloji xarakterli yazılara tətbiq edildikdə bəyənilir. İngilislər üçün bunu arxeologiyadan savayı başqa bir yerdə işlətmək qəbul edilməzdir. Belə ki, dünyasını dəyişən və ya hazırda yaşayan görkəmli yazıçıların ləyaqətlə qiymətləndirilməsi zamanı ənənə sözündən istifadə etmək müşkül məsələyə dönüb.
Hər bir millət, hər bir xalq yaradıcılıqla yanaşı, tənqidi məfkurəyə sahibdir, yaradıcılıqla müqayisədə tənqid sahəsində mövcud olan məhdudiyyət və çatışmazlığa daha dözümlüdür. Tənqidi metodlara fransızların necə yanaşması barədə fransız dilində çap olunan yazılardan müəyyən qədər bilirik (ya da belə hesab edirik ki, bilirik) və bu nəticəyə gəlirik ki, (biz o qədər də məlumatsız insan deyilik) fransızlar bizdən “daha çox tənqidçidirlər”. Bəzi hallarda fransızların bizdən az səmimi olduğunu düşünüb, lovğalanaraq onlara yuxarıdan aşağı baxırıq. Bəlkə də bu belədir. Lakin unutmamalıyıq ki, tənqid bizə hava kimi lazımdır və özümüzə tənqidi yanaşmağı öyrənməliyik. Fransızlardan geri qalmamaq üçün kiminsə kitabını oxuduğumuz anda hiss etdiklərimizi, düşündüklərimizi, fikrimizi olduğu kimi tənqidi yazılarda ifadə etməyi bacarmalıyıq. Bu anda bizə məxsus olan bir fakt aşkarlanır: adətən biz şairin yaradıcılığını o zaman çox tərifləyirik ki, onun şeri başqalarını daha az xatırladır. Bu aspektdən yanaşanda oxuduğumuz yazının hansı hissəsindəsə yazıçının elə bir fərdi xüsusiyyətini axtarırıq ki, guya həmin yazının mahiyyəti onu digərlərindən fərqləndirir. Və bundan sonra biz məmnunluqla həmin fərqli cəhət haqqında xeyli danışıb şairi özündən əvvəlkilərdən “fərqləndirən” üstünlüyü tərifləməkdən həzz alıb qəşş edirik. Əgər biz xəbərdarlıq etmədən həmin şairin yaradıcılığını diqqətlə, obyektiv olaraq nəzərdən keçirməyə başlasaq, bir çox halda görəcəyik ki, əsərin nəinki yaxşı sayılan, hətta orijinal kimi qiymətləndirilən hissələrini dünyasını dəyişən ədiblərin fikirləri təşkil edir. Bunu ilkin yaradıcılıq dövrü üçün bəlkə də məqbul saymaq olar, amma yaşlı dövr üçün bağışlanılmazdır.
Ənənə təcrübəni bir nəsildən digərinə kor-koranə şəkildə ötürməkdirsə, cəsarətsiz formada yalnız əvvəlkilərin uğurlarını təkrarlamaqdırsa, onda qətiyyətlə demək olar ki, bizə belə “ənənə”ni inkişaf etdirmək, ümumiyyətlə, lazım deyil. Biz bu cür istiqamət götürən ənənələrin, suyun səhrada itib yox olduğu kimi silinib getdiyini dəfələrlə görmüşük.
Yenilik təkrarçılıqdan xeyli yaxşıdır. Ənənə anlayışı və onun mahiyyəti çox genişdir. O miras kimi qəbul edilməz, əgər siz onunla ünsiyyət qurmaq istəyirsinizsə, gərəkdir ki, çox çalışasınız. İyirmi beş yaşdan sonra da şair kimi qalmaq istəyirsinizsə, onda lazımdır ki, biləsiniz, ənənə tarixi hiss etməyi tələb edir. Bu nə deməkdir? Tarixi hiss etmək - müqayisədə keçmişi anlamaqla yanaşı, bu günü bütövlükdə dərk etmək deməkdir. O, yazanda adamı məcbur edir ki, təkcə mənsub olduğu nəslin nümayəndəsini təsəvvürü baxımından deyil, Homerdən üzü bəri Avropanın bütün milli ədəbiyyatları da daxil olmaqla, eyni vaxtda mövcud olduğunu təsəvvürünə gətirməlidir. Məhz tarixi hiss etməklə, zamansızlıqla keçiciliyi vahid formada qəbul edən yazıçı ənənəvi olur. Eyni zamanda ənənə məcbur edir ki, yazıçı yaşadığı dövrdə öz yerini və müasirliyini tam olaraq dərk etsin.
Öz sahəsini təmsil edən heç bir şair, yazıçı özü-özlüyündə yaradıcılığının mahiyyətini və nəyə qadir olduğunu müəyyənləşdirə bilməz. Onun mahiyyəti keçmiş şairlərə, yazıçılara olan münasibətindən aydın olur. Ayrılıqda onu qiymətləndirmək mümkün deyil. Yazıçının nə dərəcədə əhəmiyyətli olması öz sələflərilə müqayisədə üzə çıxır. Mən bunu təkcə tənqid baxımından deyil, eyni zamanda estetik prinsip olaraq qəbul edirəm. Belə yanaşma ondan irəli gəlir ki, bu asılılıq birtərəfli deyil, hər yeni incəsənət əsəri meydana gələndə o, əvvəlkilərə də təsir etmiş olur. Mövcud mədəniyyət abidələri ideal surətdə bir-birilə münasibətdədir. Həqiqi yeni əsər yarananda onun da surətində dəyişiklik yaranır. Bax, köhnə ilə yeninin bu şəkildə ünsiyyəti varislik deməkdir. Ardıcıllıq ideyasının Avropa və ingilis ədəbiyyatında mövcud olduğunu vahid formada qəbul edən kəs, keçmişə bu günün təsir edib dəyişdirdiyini və bu günə keçmişin təsirini absurd fikir kimi qəbul etmədən təsdiqləyər. Bunu dərk edən şair bu yolda onu gözləyən çətinliklərin böyüklüyünü və öz məsuliyyətini anlamış olar. Belə şair gələcəkdə onun yaradıcılığına da keçmişin estetik təcrübəsi baxımından mühakimə ediləcəyinin qaçılmaz olduğunu özünəməxsus formada qəbul edəcəkdir. Mən rədd etmək, yaxud qəbul etməmək sözünü deyil, mühakimə sözünü işlətdim. Əlbəttə, keçmiş tənqidçilərin qaydalarını (kanonlarını) müasir şairlərin yaradıcılığına tətbiq etməyin tərəfdarı deyiləm. Köhnə ənənələrin kor-koranə əsiri olmaq ənənəçilik deyil. Hər iki faktor bir-birilə müqayisədə təhlil vasitəsilə öz həqiqi qiymətini almalıdır. Əgər yeni yaranan əsər özündə yenilik daşımırsa, deməli, o yeni deyil. Biz deyirik: əsər ənənəvi və həm də orijinal görünə bilər, lakin biz ona bu və ya digər qiymətin verilməsini təkid edə bilmərik.
Şairin keçmişlə münasibətinin daha aydın təsvirinə keçək: Yazıçı keçmişi tam bütöv formada, bölünməz şəkildə əxz etməli deyil. Müəyyən dövrü, ya da, bir-iki sevdiyi şairin yaradıcılığını etalon kimi qəbul etməməlidir. Birinci yol qəbuledilməzdir, ikinci yol şagirdlik dövrünə aiddir, daha yaxşı və çox arzu olunan əlavələr etməklə üçüncü yol məqbul hesab edilə bilər. Şair əsas istiqamətləri yaxşı bilməlidir. Ancaq bu o demək deyil ki, ən yaxşı şairlər bu istiqamətlərə məxsusdur. O, əvvəlcədən bir məlum faktı özü üçün tam aydınlaşdırmalıdır; incəsənət özü-özlüyündə təkmilləşmir, yalnız onun istifadə etdiyi materialın surəti dəyişir. Şair dərk etməlidir ki, Avropa təfəkkürü, onun daim dəyişən fikrilə müqayisədə, nə Şekspri, nə Homeri, nə də Madlen qayalıqları üzərində həkk edilmiş şəkilləri rədd etmədən ənənə yolunu seçəndə bilməlidir ki, milli obraz daha çox əhəmiyyət kəsb edir. Keçmişlə bu gün arasındakı fərq bundan ibarətdir ki, keçmişi yaxşı öyrənib yüksək səviyyədə nümayiş etdirməklə bu günü dərk etmək mümkündür.
Kimsə deyib: “Ölən yazıçılar bizə tay ola bilməz, ona görə ki, biz onlardan daha çox bilirik”. Dəqiq deyilib. Biz onları da yaxşı tanıyırıq.
Hər hansı şairin yaradıcılığının obyektiv təhlili və onun tam dərki müəllifə deyil, poeziyaya xidmətdir. Əgər biz qəzet tənqidçilərinin köklənməmiş zümzüməsinə və kütlə arasında dolaşan pıçıltılara qulaq versək, xeyli şair adları eşidərik. Amma rəsmi məlumatlara əsaslanmadan şair axtarışına çıxsaq, onda nadir halda əsl poeziya nümunəsinə rast gələrik. Mən son məqaləmdə bu məsələyə toxunaraq hər bir şerin başqa müəllifin şeirlərilə əlaqəsinin əhəmiyyətini qeyd etməyə çalışmışdım və poeziyada müxtəlif vaxtlarda yazılan bütün şeirlərin bir-birilə canlı əlaqədə olduğu konsepsiyasını irəli sürmüşdüm. Başqa sözlə, poeziyada müəllifi məlum olmayan nəzəriyyəyə əsaslanıb şeirlə onun müəllifi arasındakı əlaqənin üzvi surətdə bağlılığını qeyd etmişdim. Mən orada analoji misal göstərərək vurğulamışdım ki, yetkin şairlə yazmağa yenicə başlayan şairin intellekti arasındakı fərqi qiymətləndirərkən onların “şəxsiyyəti” üzərində dayanmaq vacib deyil. Guya birinin şəxsiyyəti parlaq olduğu üçün o, daha çox şey “deyə bilər”. Hər şeydən əvvəl fərqi hisslərin müxtəlifliyini ifadə etməkdə birincinin intellekti daha təkmil olduğundan yeni kombinasiyalar yaratmasında axtarmaq lazımdır.
Şairin düşüncə genişliyi onun yaradıcılığında katalizator rolunu oynayır. O şairin öz yaşantısına müəyyən qədər, ya da tam olaraq təsir göstərir. Burada bir məsələ də var. Təkmil şairin yaradıcılıq idrakı onun hisslərindən bir o qədər də asılı olmur. O, artıq yaradıcılıq zamanı hisslərini və ehtirasını sistemləşdirir, dəyişdirir və onu yaradıcılıq materialına çevirməyi bacarır. Yaşantı ilə intellektin qarşılaşdığı anda yaranan poetik element katalizator rolunda çıxış edərək iki yerə- emosiya və hissə ayrılır. Məhz bu vəziyyətdə yaranan əsər adama estetik həzz verə bilər. Bir məsələni də qeyd etmək lazımdır. Artıq oxucularda belə təsəvvür yaranır ki, müasir poeziya emosiyanın heç bir rolu olmadan, yalnız hisslərin vasitəsilə yarana bilər. Bu düzgün yanaşma deyil. Söhbət əsl və həmişəyaşar poeziya nümunələrindən gedəndə müasir şairlərin yaradıcılığında emosiyanın solğunluğu dərhal gözə çarpır. Emosional elementlərdən məhrum olan poeziya nümunələrinin ömrü çox qısa olur və dərhal yaddaşlardan silinir.
Mənim fikrim budur. Şair öz “mən”ini ifadə etməyə çalışmamalıdır. Şair bir növ mediumdur. O sıradan bir olan şəxs deyil, məhz mediumdur. Təəssürat və müşahidə şairə bir insan kimi lazımdır və onun poeziyasında öz əksini tapmaya bilər. Amma, poeziyaya lazım olan cəhətləri özündə birləşdirmək şair üçün vacibdir və məhz bu amil şairi şəxsiyyət kimi yaşadar.
Tərcümə edəni: Zakir ABBAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!