Təxəyyül və təb - Federiko Qarsia Lorka

 

Mövzunu bütün mürəkkəbliyi ilə dərk etdiyimdən, məsələyə nöqtə qoyulması iddiasında deyiləm; mən onu təsvir etmədən, yalnız cizgilərini çəkməklə fikrinizi bu mövzuya yönəltmək istəyirəm.

Şairin bir missiyası var: sözün hərfi mənasında, qəlbini oxucuya hədiyyə edib, onu vəcdə gətirməkdir. Lakin nəyin həqiqi, nəyin yalan olduğunu məndən soruşmayın. Ona görə ki, “poetik həqiqət” ifadəsi adi frazadır, onun mənası danışanın məqsədindən və məntiqindən asılıdır. O şey ki, Dantedə adamı heyrətləndirir, ola bilər ki, Mallarm yaradıcılığında əcaib görünə bilər. Əlbəttə, heç kəsə sirr deyil ki, poeziya insanı sevməyə vadar edir. Heç vaxt ağzınızdan ”bu qaranlıqdır, bu anlaşılmazdır” sözlərini qaçırmayın: ona görə ki, poeziya sadə və işıqlıdır. Bu, o deməkdir ki, yaradıcılığımızda bu barlı- bəhərli ağacın meyvələrindən yaxşı nə varsa var gücümüzlə qoruyub saxlayaq. Əgər istəyirik ki, o əlimizdə qalsın, gərəkdir ki, ondan tam istifadə etməyi bacaraq. Biz onun meyvələrini elə bacarıqla dərməliyik ki, özü sevinclə bizim ağuşumuza düşsün.

Hansı görkəmdə olur-olsun, poeziya biganəliyi sevmir. Biganəlik şeytanın taxt-tacıdır. O, hər zaman, getdiyin yolların qovuşduğu məqamda, bəzən təlxək libasında, bəzən də özündənrazı cazibəli mələk görkəmində qarşına çıxar, səni özünə valeh edə bilər.

Mənə görə təxəyyül, nəyisə yenidən kəşf etmək bacarığı ilə sinonimdir. Təxəyyül-kəşf etmək deməkdir. O elə bir məfhumdur ki, cürbəcür imkanların, forma və yüksəkliyin məskən saldığı məkandan sən onunla canlı mətnə öz işığının bir hissəsini vermiş olursan. İnsanın fəaliyyət göstərməsinə təxəyyül imkan yaradır ki, qaranlıq görünən gerçək həqiqətlərin fraqmentlərini işıqlandırsın, onun gizli qalan fəaliyyətini aydınlaşdırıb əlaqə yarada bilsin.

Metafora təxəyyülün əsl doğma qızıdır. O, intuisiyanın ani alışmasından doğulur və həmin anda uzun müddət səni narahat edən duyğularını işıqlandırmış olur.

Lakin təxəyyül, gerçəkliklə məhdudlaşır, mövcud olmayanı təsəvvür etmək mümkün deyil. Təxəyyülə bir çox əşyaların, görüntülərin, planetlərin, sayların və bütün bunların arasındakı məntiqi əlaqənin mövcud olması lazımdır. O, özünü dərin uçuruma atıb, həqiqətdə gördüklərini inkar edə bilməz. Təxəyyülün özünün də üfüqləri var. O çalışır ki, nəyi özünə sığışdıra bilərsə, onu dəqiqləşdirərək əhatə etsin.

Poetik təxəyyül səyyah kimidir. O, özünəməxsus şəkildə şeyləri təsəvvür edir və özlüyündə onlar arasında heç bir şübhə doğurmayan əlaqəni üzə çıxarır. Lakin o, daim həqiqətə söykənir. Təxəyyül mülahizələrin nəzarət etdiyi insan məntiqinin çərçivəsində qalır. Mülahizələrin nəticəsində yaranan məntiqi pozmağa təxəyyülün gücü çatmır. Onun yaradıcı prosesi təşkilatçılıq və məhdudiyyət tələb edir. Məhz təxəyyül dünyanın dörd cəhətdən ibarət olduğunu, əşyalar arasındakı əlaqənin səbəbini tapıb üzə çıxarmışdır. Lakin o, heç vaxt heç nə ilə buxovlanmamış və azadlıqsevər təbin doğulduğu ağılsız və məntiqsiz yandırıcı atəşi əlinə almağı bacarmaz. Ona görə ki, o, birbaşa təblə əlaqəlidir. Təxəyyül poeziyanın ilk mərhələsi və əsasıdır. Onun vasitəsilə şair qeyri-mütəşəkkil və sirli qülləyə qarşı qala ucaldır. Bu qala alınmazdır, o hökm edir və onun diqtəsi yerinə yetirilir. Lakin ən cazibəli quşlar, ən təmiz şüalar ona toxunaraq sürüşüb keçir. “Təxəyyül sahibi olan şair”ə güclü poetik yaşantını əldə etmək çox çətindir. Burada şerin yazılma texnikası köməyə çatmır. Şair son dərəcə romantik hala gəlib çatması üçün həmişə dərin mənəvi hisslərdən ayrılmalıdır. Lakin poetik narahatlıqla, təmiz, qeyri-şüuri və eyni zamanda qarşısıalınmaz, hər hansı bir şərtlə razılaşmayan poeziya, özünəməxsus, indicə qanunlarla yaradılmış şeir- əlbəttə, ola bilməz.

Bir şeyi anlamaq lazımdır ki, həmin anda heç bir poetik qanun mövcud deyil.. Təxəyyül yoxsuldur, poetik təxəyyül isə daha zəifdir. Görünən gerçəklik özünün saysız çalarları ilə daha zəngindir. O, poetik təxəyyüllə müqayisəyə gəlməz. Məhz bu hal hər zaman gerçəkliklə Allahın bəxş etdiyi təxəyyülün uydurmaları arasında mübarizəyə səbəb yaradır. Çünki təxəyyül miflə bağlıdır. Poetik elm allahların mənşəyi haqqındakı əfsanələrə qalib gəlir. İnsan fantaziyası özlüyündə nəhəng qüvvələri ona görə yaradıb ki, nəhəng mağaraları və tilsimlənmiş şəhərləri onların adına çıxsınlar. Həqiqətdə isə həmin o nəhəng mağaraları yaradan su damcılarıdır. Təmiz suyun damcıları əbədi olaraq səbirlə, təmkinlə işləyib nəhəng mağaraları yaradıb. Bu halda, eləcə də digər məsələlərdə gerçəklik qalib gəlir. Suyun kiçik damcılarının zərif instinkti mifologiyanın uydurduğu nəhənglərin əllərindən daha güclüdür. Real poetik həqiqət uydurmaları üstələyir. Başqa sözlə, fantaziya nəticəsində yarananın özü öz gücsüzlüyünü aşkarlayır. Burada təxəyyül məntiqin ardınca getməyə məhkumdur. O, təxəyyülü məcbur edir ki, nəhənglərin öz əlilə yaratdığını onun özünə şamil etsin. Lakin bu anda poeziya ətrafında olan elmi gerçəklik və məntiqdən yaranan nə varsa onun şəffaf və əbədi damcılarıyla öz həqiqətini təsdiq etmiş olur. Axı gözəlliyin ölçüsü yoxdur. Ona görə də suyun sirli fantaziyasından yaranan mağaranın özü nəhənglərin şıltaqlığına deyil, əbədi qanunların hökmünə tabedir. Burada aydın olan məsələnin mahiyyəti bundan ibarətdir ki, izahı mümkün olmayanı izah etmək. Şair həmişə öz təxəyyülünü fəzada fırladır. Lakin onun fəzası sonsuz deyil, üfüqə qədərdir. Lakin bu anda şair başa düşür ki, onun fantaziyasının təkmilləşməyə ehtiyacı və imkanları var. Çünki təxəyyülünü məşq etdirmək onu daha da zənginləşdirir. Amma şair həmişəki kimi, öz daxili dünyası ilə təkbətək qalan şəxsdir. Onu həmişə qəmgin bir fikir narahat edir. “İstəyirəm, ancaq bacarmıram”.O, böyük çayların şırıltısını eşidir. Onun üzü ətrafa nəzər salmağa imkan verməyən qarğının tuğuna toxunur. O, istəyir ki, qarışqaların bir-birilə danışığını anlasın. O, nəhəng ağacların gövdəsinin yaratdığı qaranlığın sakitliyinin musiqisini duymağa çalışır. Şair istəyir ki, yatan qızın ürəyindəki səslərin Morz əlifbasını öyrənsin. Bəli, şair istəyir. Bizim hamımız istəyirik. Lakin mümkün olmur. Ona görə ki, poetik həqiqəti ifadə etmək istəyəndə o məcburdur ki, insan hissiyyatına söykənsin. O məcburdur ki, nəyi görürsə, nəyi eşidirsə ondan çıxış etsin. Məcburdur ki, plastik analogiyalara müraciət etsin. Məhz həmin analogiya təsvirin poetikasını tam ifadə edə bilər.Ona görə ki, tək təxəyyül bu cür dərinliklərə baş vura bilməz. Hələlik, şair bu hisslərdən azad olmaq istəmir. O istəyir ki, özünün qızılla bəzədilmiş heçliyindən ləzzət alsın.

Yapon kanonlarından üzü bəri dünyanın bütün ritorik və poetik məktəbləri zəngin rekvizitlər təklif edirlər. Onların təklif etdikləri günəşin qürubu, ayın işığı, şehli lilpar, güzgünün melonxolik buludları - bütün bunlardan istifadə hər bir zövqə və iqlimə münasibdir. Öz təsəvvürlərinin sərhədini aşmaq istəyən şair təkcə obrazlı mətnlərlə yaşamaq istəmir. Çünki həyatda bunlar var. Nəhayət, elə səddə dayanır ki, o artıq düşüncə və arzularında yorulur. O daha arzulamır, o, sevir.

Mənəviyyat məhsulu olan “təxəyyüldən” artıq inama keçir. İndi hər şey olduğu kimidir, çünki o belədir. Heç bir səbəb və nəticəsi olmayan bir məfhum.

İndi nə sərhəd var, nə məhdudiyyət var, təkcə insanı sakitləşdirən azadlıq var. Əgər poetik təxəyyül insan məntiqinə tabe olarsa, onda poetik təb poetik məntiqə tabe olacaq. Burada daha sıradan çıxmış texniki üsulların əhəmiyyəti yoxdur. Bütün estetik görüşlər məhv olur, dağılır. Bu ona bənzəyir ki, təxəyyül yeni açılışlar etmək arzusundadır. Təb təxəyyülü ilhamlandırır, istiqamətləndirir. Bu, əsl Allah vergisidir.

İndi bütün bunlar mənim poeziyaya olan baxışlarımdır. Məhz bugünkü baxışlarım, çünki o, bu gün üçün doğrudur. Bilmirəm sabah nə fikirləşəcəm. Əsl şair kimi mən qəbir evinə qədər belə olacam. Mən həmişə axan qanımın gözlədiklərinin əksinə çıxan qüvvələrə müqavimət göstərəcəm. Mən bilirəm ki, damarlarımdan axan poetik qan gec-tez ya zəhərlənmiş yaşıl görkəmdə, ya da kəhrəba rəngində fontan vuracaq. Nə olursa-olsun, mən onu qəbul edirəm, yalnız bir şeyi qəbul etmirəm, pəncərədən hərəkətsiz bir nöqtəyə baxmağı xoşlamıram. Şairi şair edən hiss onun təxəyyülü ilə mübarizəsindən ibarətidir. Mübarizə şairin məşəlidir. Əlbəttə, mən heç kəsi inandırmağa çalışmıram. Çünki bu mövqedə dayanmaq poeziyaya layiq deyil. Mənə poeziya tərəfdarları lazım deyil, mənə poeziyanı sevənlər lazımdır. Məhəbbət naminə təxəyyülün çərçivəsindəki şüşəni qıran əldən axan qan, onu sevənlərə qismət olmalıdır.

Tərcümə etdi: Zakir Abbas

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!