#EvdəQal kampaniyası çərçivəsində İon Hadırka öz şeirini oxudu

 

#EvdəQal  kampaniyası çərçivəsində  Bədii Tərcümə Mərkəzinin  “Ədəbiyat qəzeti”  ilə  birgə təqdim etdikləri  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!”  layihəsi davam edir.

Rumıniyadan İon Hadırka öz şeirini oxuyacaq. İon Hadırka Rumıniya və Moldovanın xalq şairi, eyni zamanda tanınmış icitmai xadim, senatordur, Azərbaycanın yaxın dostudur. Mətni Səlim Babullaoğlu tərcümə  edib.

İon Hadırkanın şeiri və müraciəti

Bakı göydələnləri

“Yastıdamlı Bakı”
V.Mayakovski

Limanın qaldırıcı kranları səmanı cırmaqlayır.

Çılpaq buruqlar çırmaqlayır səmanı.
Minarədəki müəzzinin səsi

səmanı cırmaqlayır.

Şişuclu damların səmimiyyəti

cırmaqlayır səmanı.

Mayakovski büsbütün yanılırdı-

yastıyapalaq söz qırıntılarından

səmaya pilləkən çəkmək olmaz.

Yelkənlər və ayın buynuzları

cırmaqlayır səmanı.

Qırılmış simləri sazın

cırmaqlayır səmanı.

Dəliqanlılar cırmaqlayır səmanı.

Günəşi cırmaqlayır gözəllərin zərif əlləri.

Beləcə doğulur

cızıq-cırmaq yeri olmayan

 yeni-yeni səhərlər.

Beləcə doğulur, dirçəlir

öz ilkinliyi ilə şəhər.

***

Salam Azərbaycan!
Azərbaycan Dövlət Televiziyası və Radiosu vasitəsi ilə sizləri, Azərbaycanlı dostlarımı salamlamaq imkanına görə çox şadam və bu mənim üçün böyük şərəfdir. “Doyna” ölkəsindən “Muğam” ölkəsinə böyük Eminesku və böyük Nizami sevgisi ilə, bütün qəlbimlə və həmrəylik duyğusu ilə bu müraciəti edirəm. Dünyamız indi ağır sınaqdan, çətinliklərdən keçir, amma bilirəm ki, bizim insanlar onları necə dəf etməyi yaxşı bilirlər. Yəqin ki, tezliklə görüşərik.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!