#EvdəQal kampaniyası çərçivəsində Heydər Ərgülən öz şeirini oxudu - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə “Ədəbiyyat qəzeti”nin Azərbaycan Dövlət Televiziya və Radiosunun dəstəyi ilə birgə gerçəkləşdirdikləri  #EvdəQal - “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsinin üçüncü günü  türkiyəli şair Heydər Ərgülən öz şeirini oxudu və  Azərbaycan tamaşaçısına müraciət etdi.

Qeyd edək ki,  Heydər Ərgülən  1956-cı ildə anadan olub.Ötən əsrin 70-80- ci illər Türkiyə şeirinin önəmli təmsilçisidir. Bugünkü  Türkiyənin ədəbi həyatına,  beynəlxaq poetik mübadilə işinə töhfə verən ədəbi avtoritetlərdəndir. “Qarşılığını tapmamış suallar”, “Küçə şahzadəsi”, “Ölüm bir skandal”, “Zərf və başqa”  ciddi şeir kitablarının müəllifidir. Behcət Nəcatigil, Cəmal Sürəya, Mətin Altınok, Cahit Küləbi və başqa ədəbiyyat, poeziya mükafatlarını alıb.

Heydər Ərgülənin müraciəti  və şeiri
Sevimli azərbaycanlı dostlarım, hamımıza təsir edən bu günlərin yaxın vaxtlarda keçəcəyinə ürəkdən inanıram. Belə olmasını da arzulayıram. Eyni zamanda, bu  günlərdə evdə qalmağın, kitab oxumağın, şeir oxumağın ən sağlam məşğuliyyət olduğuna da inanıram. Sizə Türkiyədə dostca salamlar göndərirəm və sizin üçün bir şeirimi oxuyuram.

Eşq üçün ön söz

Məni üzmə,
Özünü də mənimlə üzmə.
Sözümüzü üşütmə.
Çox da açılma məndən
Mənə də çox açılma.
Çox da açılıb özünə
içinə yıxılma.
Keçmişə gül göndər.
Unutma:
Xatirələr su istər;
Onlara yaxşı bax.
Mənə bax.
Məni tut.
Mənə tutun.
Məni orda-burda,
Məni onda-bunda
Unutma.
Bax…

Təqdimat  Səlim Babullaoğlunundur

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

VİDEO


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!