Dünya şöhrətli yazıçıların gənc müəlliflərə ədəbi təcrübə məsləhətləri

Doris Lessinq

2007-ci ildə Nobel Ədəbiyyat mükafatına layiq görülmüş yazıçı Doris Lessinq 1919-cu ildə İranın Kirmanşah əyalətində anadan olub. Müxtəlif janrlarda qələmə alınmış yüzlərlə hekayənin, romanın, memuarın, avtobioqrafik məqalənin müəllifi kimi tanınır. Yazıçı 2013-cü ilin  noyabr ayında Londonda dünyasını dəyişib.

1. Hər gün və məqsədli şəkildə yazmaqla daha yaxşı yazıçı ola bilmək üçün lazım olan ilk vərdişə yiyələnəcəksiniz. Bu, sizi ancaq irəliyə aparacaq. Yaradıcı yazarlıq dərsləri tədris olunan kurslar olduğunu deyirlər, mən onlarla dərindən maraqlanmamışam. İstənilən özünüinkişafa kömək edən vasitə yaxşıdır. Amma əgər orada sizə yazmağın, daha doğrusu, yaxşı yaza bilməyin yolunun ağır işdən və əməkdən keçdiyini, bunun yalnız və yalnız həqiqətə və humanizmə xidmət etməli olduğunu öyrətmirlərsə, deməli, vaxtınızı alırlar. Yazar üçün vaxtdan və sözdən qiymətli nə var?! Yazıçı olmaq üçün həyatının, xüsusilə də şəxsi həyatının yaşana biləcək xoşbəxt anlarının çoxunu qurban verməlisən.

2. Sözlər, sözlər… Yazanda onlarla oynayıram, ağlagəlməz ifadələrin arasına salır, ifadələri düşə biləcəkləri bütün formalarda yazıram. Demək istədiyim şeyi bu söz oyununda alınacaq təsadüfi ifadə ilə ən təsirli formada deyə biləcəyimə inanıram.

3. Elə hekayələr yazmağa, elə səhnələr yaratmağa çalışıram ki, kimsə öz cılız hekayəsi ilə ona yapışmağa, yamaq olmağa cəhd etməsin.

4. Yazmayanda özümü taqətsiz, tükənmiş, ümidsiz hiss edirəm. Yazmaq ehtiyacdır, mənəvi məcburiyyətdir. Yazmayanda heç bir dəyişiklik yaşamırsınızsa, yazmayın. Mənəvi məcburiyyət məsələsi bir növ balanslaşdırılmış psixoloji mexanizm kimidir, amma düşünmürəm ki, təkcə yazarlarda belədir, məncə, hamı belədir. Mənəvi məcbur olduğumuz şeylər bizi yormayanlardır. Biz yazıçılar onsuz da bütün həyatımız boyu çılğınlığın bir addımlığında yaşayırıq, ona görə də insanı balansda saxlayan bu şeylər olmalıdır.

5. Unutmayın ki, hekayə təkcə müəllifin hisslərini və düşüncələrini yox, nəyi niyə məhz həmin formada ifadə etdiyini də danışır.

6. Məni həmişə yazmağa həddindən artıq qərq olmaqda qınayırlar, mən heç bunun hardan sonra həddini aşmaq olduğunu bilmirəm. Amma məsələ orasındadır ki, məşğul ola biləcəyim başqa bir şey də yoxdur. Yazı mənim bütün həyatımdır. Bilmirəm, başqa işlə məşğul olanlar necə yazırlar. Özüm üçün sosial həyat da qurmamışam, harada oluramsa olum şəraiti yazmağa və düşünməyə uyğun, əlverişli formaya salmağa çalışıram. Çalışın, yazı həyatınızın əsas yerində dursun. Sizi yazmağa həvəsləndirən mühit yaradın. Sevinci və zövqü yazıda yaratmağa və yaşamağa çalışın. Əgər bunun öhdəsindən gələ bilsəniz, real həyatda olan heç bir uğursuzluq sizi hədəfdən yayındıra bilməyəcək.

7. Oxucu yazdığınız hər şeyi sizin dərk etdiyiniz, qəbul etdiyiniz kimi qəbul edə bilməz. Onun oxuduğu əsərlə bağlı öz düşüncəsi olur və siz nə edirsiniz edin, bunu dəyişməyə gücünüz çatmaz. Hətta ola bilər ki, o sizin yazdığınızı tamamilə əks mənada və ya sizin heç ağlınıza gəlməmiş formada dərk edir, siz buna belə əngəl olmaqda acizsiniz. Bilin ki, əsla hamını razı edə bilməzsiniz. Sizin işiniz yazmaqdır, siz yazın və onu oxucunun ixtiyarına verin, qoyun o həmin əsərdən istədiyini istədiyi kimi alsın.

8. Hər zaman əlimdə olan əsər haqqında düşünürəm. Bəzən ətrafda baş verən hadisəyə belə onu əsərlə necə bağlamaq olar gözü ilə baxıram. Bilirsiniz, şərt deyil ki, sizdə də belə olsun. Hər şeyi tətbiq etməyə çalışsanız, yolunuzu itirər və həvəsdən tez düşərsiniz. Sadəcə məsələ ondadır ki, mən maraq dairəsi elə də geniş olan insan deyiləm. Ona görə bütün zehni fəaliyyətim yazmaqla bağlı olur.

9. Bəzi yazarlar yazmağa başlayanda beyinlərində hansısa formanın, süjetin, ideyanın olmadığını deyir. Hamıda bu mərhələ eyni cür keçmir, məndə də. Yazmağa başlamazdan beynimdə ideya, hekayə, obraz nəsə olmalıdır, sonra onların və hadisələrin nəzərdə tutduğum kimi təsviri üçün düzgün ifadə savaşı başlayır. Yəni mənim yazı prosesim “50000 sözdən ibarət realist kitab yazmaq istəyirəm, amma nədən yazacağımı hələ müəyyənləşdirməmişəm” şəklində deyil. Əksər yazıçılar kimi məndə də əsərin janrını, tərzini, üslubunu artıq sonrakı mərhələlər, hadisələrin gedişatı müəyyənləşdirir. Ona görə də qələmə aldığım süjetlər qədər janrlar, üslublar da fərqlidir.

10. Bir məsələni də həmişə yadda saxlamaq lazımdır, hansı mərhələdə olursunuz olun, hər zaman sizinlə həmrəy yazarlar olacağı kimi, tənqidçiləriniz də olacaq. Qarşınıza nəyin və kimin çıxacağına baxmayaraq,  bilin ki, yazıçı beynindəki ideyaya vurulmalı və onun arxasınca getməlidir.

Uolter Benjamin

Yazıçılıq, ədəbiyyat, söz bütün yazarların ortaq nöqtələri olsa da, görünən odur ki, peşə kimi yazarlıq hər ədib üçün ayrı məna kəsb edir. Bütün peşələrin özünəməxsus sirləri, dərinlikləri var, amma yazıçılıq hər müəllif üçün ayrı-ayrı sirləri, üsulları olan sahədir. Bu dəfə yazıçılıq sirləri - tezisləri ədəbiyyat dünyasında doğruluğunu sübut etmiş alman yazıçı, ədəbi tənqidçi, filosof Uolter Benjaminin yazmaq texnikası ilə bağlı məsləhət gördüyü tezisləri paylaşırıq. Uolter Benjamin xatırladır ki, əsər sizin yazdığınız deyil, yazdığınızın oxucuda qoyduğu izdir.

1. Nəhəng ədəbi əsər üçün qollarınızı çırmalamısınızsa, özünüzə qarşı qayğıkeş davranmağı unutmayın. İşin sonrakı hissələrində hadisələri əvvəlcədən görmənizə əngəl olacaq şeyləri müəyyənləşdirin və onlardan xilas olmağa çalışın. Bu, səhhətinizdəki problem də ola bilər.

2. Yazdıqlarınız haqqında kiminlə istəsəniz, danışa, müzakirə edə bilərsiniz. Amma əsəri, hekayəni tamamlamadan yazdıqlarınızı oxumayın. İş bitmədən onu yoxlasanız, bu, məmnuniyyət hissinizi aşağı salacaq və işin gedişini ləngidəcək. Əgər yazdıqlarınızı oxumaq həvəsinizin öhdəsindən gələ bilsəniz, bir neçə gün sonra buna öyrəşəcəksiniz və bu vərdiş sürətinizi, motivasiyanızı artıracaq.

3. İş mühitiniz olduqca vacibdir, eyniliyin, monotonluğun hökm sürdüyü yerdə rənglilik axtarmayın. Sıxıcı söhbətlərin arxa fonda əks olunduğu istənilən mühit əsəblərinizi sıradan çıxarar. Sevdiyiniz səs lentini dinləmək, ya da kakafoniya müşayiətilə işləmək işəyarayan ola bilər. İkinci məsləhət qulağınızın dincəlməyinə və diqqətinizin mərkəzləşməsinə kömək edəcək, səs yazısı isə digər səsləri eşitməmək üçün əla üsuldur.

4. Hər xoşunuza gələn, görüntüsü göz qamaşdıran yazı alətlərindən istifadə etməyin. Müəyyən kağızlara, qələmlərə, mürəkkəbə bağlanmaq, bir cür vəsaitdən istifadə etmək hər zaman faydalıdır. Lüksə ehtiyac yoxdur, amma ehtiyatınız nə qədər çox olsa, bir o qədər yaxşıdır.

5. Heç bir fikrin özünü hiss etdirmədən beyninizdən silinib getməyinə imkan verməyin, yəni ətrafınızdakıları astroloqların səma cismlərinin yerini dəyişməsini izlədikləri kimi dəqiqliklə izləyib, eyni dəqiqliklə qeydlər aparın.

6. Qələminizi öz ixtiyarına buraxın. Qələmdə elə maqnetik qüvvə var ki, siz idarə etməsəniz belə, asanlıqla yazmaq istədiyi fikirləri özünə çəkəcək. Bir fikri kağıza köçürmək işini əngəllədikcə, gecikdirdikcə, onun sizə təslim olması, beyninizdə şəkillənməsi çətinləşəcək. Söz fikri, düşüncəni fəth edər, amma sözə də hökm edən yazıdır.

7. Beyninizdə yaratdıqlarınız bitdi deyə yazmağa fasilə verməyin. Ədəbi şərəf ancaq iki halda yazmağı dayandırmağı rəva bilər - qərarlaşdırılmış, vacib görüş - yemək, iclas, görüş, ya da iş tamamilə bitdikdən sonra.

8. Bütün yazarlarda olur - ilham əskikliyi. Gördünüz ki, beyniniz tamamilə donub və heç nə yaza bilmirsiniz, özünüzü çox zorlamayın. Yazdıqlarınızı səliqəli formada yeni vərəqlərə köçürün. Bu mərhələ zehin qarışıqlığınızın aradan qalxmasına kömək edəcək.

9. Yazmadan keçən gün, yaşanmış gün deyil - bu deyim hardasa doğrudur. Amma nəinki gün, bəzən bir kəlmə belə yazmadan həftələriniz keçəcək. Bu, mümkün olan vəziyyətdir, qeyri-adi eniş, uğursuzluq yaşayırsınız kimi yanaşmayın məsələyə.

10. Axşamdan oturub günəşin ilk şəfəqləri süzülənə qədər üzərində işləmədiyiniz heç nə mükəmməl iş olmayacaq. Ən azından sizin üçün belə yazılmış əsər daha mükəmməl olacaq.

11. Əsərin sonunu işlədiyiniz otaqda yazmayın. Ola bilər ki, bütün əsər boyu tapdığınızı, sizin üçün hər şeyi təmin edən otaqda ən güclü hissə üçün yetəri qədər dəstək almayasınız.

12. Yazının əsas hissələri: fikir, üslub, yazıdır. Amma unutmayın ki, çox fikirləşmək ilhamı öldürür. Üsluba çox ilişmək, onun üzərində çox işləmək, fikri və ideyanı korlayır. Üsluba rəng verən və fikri cilalayan yazıdır.

13. Əsər sizin yazdığınız deyil, yazdığınızın oxucuda qoyduğu izdir.

Denis Kuper

Şair, yazıçı, ədəbi tənqidçi Denis Kuper 1953-cü ildə Kaliforniyada anadan olub. “İzim”, “Təhlükəsiz”, “Yanlış”, “Eybəcər” , “İtkin”, “Zəif” kimi hekayə və şeir toplularının müəllifidir.

Denis Kuper məsləhət görür ki, əsla və əsla ədəbi gücünüzə inamı itirməyin.

1. Sevdiyiniz musiqinin, rəsmin, filmin, hekayənin, şerin məzmununu, formasını, üslubunu və strukturunu öyrənməyə, öz-özlüyünüzdə analiz etməyə çalışın. Sadəcə dinləyib, baxıb keçməyin. Niyə sevdiyiniz şeylər sizin üçün bu qədər məxsusidir? Bu suala cavab axtarın. Sevdiyiniz şeyləri birləşdirən ortaq cəhət nədir? Bu iki sualın cavabını tapa bilsəniz, yazmağa başlaya bilərsiniz. Çünki yazıçı özü üçün dəyər və keyfiyyət standartlarını təyin etməyi bacarmalıdır.

2. Hekayə dərmandır, oxucu isə ondan mütəmadi istifadə etmək istəyən aludəçi. Bu dərmanın kimyagəri yazıçıdır, o oxucuya lazım olan maddənin məhz hansı miqdarda olmalı olduğunu bilməlidir. Artıq yazılmış, mövcud olan nəyinsə üzərində yeni şey qurmağa çalışmayın, qurduğunuz hər şey kökündə dayanan ideyaya, tərzə, üsluba oxşayacaq və başqasının əsəri olacaq.

3. Obrazlar real insanlar, həyati qəhrəmanlar deyil. Onlar sadəcə sizə tanış olan insan adları ilə bəzədilir.

4. Həyatın süjeti yoxdur. O əsla sənə gözlədiyini, vəd olunanı və ya istədiyini gətirmir, ya da səni ona çatdırmır. Həyat hətta vacib və ya dramatik hadisə baş verməsə belə, maraqlıdır. Özünüzün və ətrafınızdakıların həyatını daha diqqətlə izləyin, anoloji hallarda fərqli davranan insanların necə nəticə əldə etdiklərini öyrənin. Hər insanın fərqli həyat forması, yaşam biçimi olduğunu əsla unutmayın. Tanıdığınız hər insan bir hekayə deməkdir. Özünüzün və ya başqasının həyatını qələmə almağınızın fərqi yoxdur, ixtiyarınıza verilmiş həyatın özünəməxsus tərəfləri ilə adil davranın, onu təxəyyülünüzlə korlamayın.

5. Əgər hörmət etdiyiniz və fikirlərini önəmsədiyiniz kimsə sizə istedadlı olduğunuzu deyirsə, bunu tam səmimiyyətlə qəbul edin. Çünki “istedadlı” elə sifətdir ki, onu ən çox yalan danışan adam da yalan tərif kimi işlətmir. Üstəlik özünüz də ətrafınızdakı istedadları görməyə çalışın, istedadı duya bilən insanın zehni aydındır.

6. Nə yazırsınız yazın, hər cümləyə eyni həssaslıqla, hər hissəyə eyni ciddiyyətlə yanaşın. Hər cümlənin möhtəşəm arxitektura nümunəsinin incə detalı olduğunu yaddan çıxarmayın. Yazdığınız hər cümlədən oxucu nəsə almalıdır, ya da o cümlə nəsə gizləməlidir.

7. Əgər yazıçı olmaq üçün kitabxanalar kimi təmənnasız kömək təklif edən yerlər varsa, mən gənc yazarın yerinə olsam, yaradıcı yazarlıq kursuna getmərəm...

İngiliscədən tərcümə etdi: Elcan SALMANQIZI

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!