İncəsənət və bayağılıq - Oldas Xaksli

 

Oldas Xaksli

Oldos Leonard Xaksli  XX əsr ingilis ədəbiyyatının parlaq nümayəndələrindən biridir. Yeni roman-müzakirə və icmal nəzəriyyəsini formalaşdıraraq  ideyasını real olaraq həyata keçirmişdir. Kəskin tənqidi təfəkkürə,  dərin ensiklopedik  biliyə malik olan Xaksli ingilis  romanında satirik ənənəni davam etdirmişdir.

O, 20-ci illərdə rasionalizmə dəlicəsinə vurulur, realist tərzdə kəskin tənqidi əsərlər yazır (“Sarı Krom”, “Təlxək xoru”, “Kontrapunkt”).  40-50-ci illərdə realizmdən uzaqlaşıb mistik mövqedə dayanır.  Şərq fəlsəfəsini qədim xristian təlimi ilə sintez edərək, özünün dini-mənəvi sistemini yaradır (“Dahi və İlahə”).  Xakslinin son romanlarında əsasən insanlığın, sivilizasiyanın gələcəyinə inamsızlıq özünü göstərir.  Əsərlərində mövcud cəmiyyətdə sürətlə gedən mənəvi aşınmaya qarşı aparılan radikal mübarizə metodunu qəbul etməyib, elitar ədəbiyyata qarşı çıxır. O, modernistləri həqiqətə yaxın olmaq adıyla həyatdan çox uzaqlaşan formalistlər, realistləri isə yalvar-yaxar edib gerçəkliyə sığınan sadəlövhlər adlandırır.

Xaksli hesab edir ki, incəsənətin mahiyyəti məzmunsuz, şit, bayağı fikirlərdən, hər cür ştamplardan uzaq olmaq, bütün həqiqətləri aşkarlamaqdan ibarət olmalıdır.

Onun yaradıcılığında ədəbiyyatşünaslığın tarixi və nəzəriyyəsi ilə bağlı esselər, tənqidi məqalələr geniş yer tutur. Əsasən satiranın çiçəkləndiyi XVIII əsrlə yaxından maraqlanır.

Sizə təqdim olunan “İncəsənət və bayağılıq” adlı məqalə ilə tanış olanda yazıçının hansı mövqedə dayandığını biləcəksiniz.

İncəsənət və bayağılıq

Bütün böyük həqiqətlər bəlli olan həqiqətlərdir. Lakin bütün bəlli həqiqətlər böyük həqiqətlər deyil. Belə ki, insan ömrünün çox qısa, taleyin isə qeyri-müəyyən olduğunu hamı bilir. Aydındır ki, xoşbəxtlik bir o qədər xarici təsirdən deyil, əsasən insanın özündən asılıdır. O da məlumdur ki, adətən valideynlər öz övladlarını sevir, amma kişilərlə qadınlar müxtəlif səbəbdən bir-birini cəlb edirlər. Bir çoxu təbiətlə ünsiyyət zamanı onda baş verən dəyişiklikdən, müxtəlif formada təzahür edən amillərdən sevinir, həzz alır. Yaranan ovqatdan asılı olaraq, insan heyrətlənir, ilhamlanır, gah həlim və şəfqətli, gah da məyus və qəmli olur.

Hamıya məlumdur ki, insanların çoxu uşaqlıq dövründə böyüdüyü mühitin ona təlqin etdiyi əxlaq normalarına, evə, ailəyə, vətənə, inanc və əqidəyə bağlı olur.     

Təkrar edirəm, bütün bunlar gerçək böyük həqiqətlərdir. Çünki onların mənası universaldır və insanın ilkin mahiyyətinə aiddir. Lakin digər qismə aid olub,  yazılan həqiqətlər də  var ki, onları böyük həqiqət adlandırmaq olmaz. Belə ki, onlar ümumi məna daşımır və insan mahiyyətinin əsasına aid edilmir.  Belə ki, Nyu-Yorkda olana və yaxud bu şəhər haqqında eşidən hər kəsə məlumdur ki, orada hündür binalar və avtomobillər çoxdur. Biz görürük ki, bu il qısa gecə geyimlərinin dəbi dəyişib. Qadınlar uzun paltarlara üstünlük verirlər, bəzi kişilər başına silindr qoyur, hündür kraxmallı yaxalıq taxırlar. Bunu hamı bilir ki, Londondan Parisə təyyarə ilə iki saat yarıma  uçmaq olar, “Saterdey ivninq post” jurnalı mövcuddur, yer yumrudur və mister Rinqli saqqız istehsal edir. Bu həqiqətlər böyük həqiqətlər deyil, çünki zaman gələcək uzun paltarlar yenə də qısalacaq və yaxud bu ölçülər tam aradan götürüləcək, avtomobillər “Edqin” markalı maşın kimi muzey eksponatına çevriləcək. İnsanın mahiyyəti dəyişməz qaldıqca, bütün bunlar öz həqiqi mahiyyətini itirəcək.

İndiki zamanda kütləvi incəsənət  bayağı və böyük həqiqətlərin hər ikisindən istifadə edir. Müasir roman, hekayə və kinofilmlərin yarıdan çoxu bayağı həqiqətlərlə doludur. Artıq oxucuların və tamaşaçıların əksəriyyəti onlara tanış olan şeylərdən söhbət getdiyindən həzz alırlar. Onlara gündəlik məişətdə qarşılaşdıqları, lakin birgəyaşayış normaların ölçülərindən kənara çıxan, təmiz uydurmalara əsaslanan əsərlər təsir edir. Beləliklə, incəsənətdə insanların əksəriyyətini hər şeydən əvvəl tanıyıb dərk edə biləcəkləri həqiqətlər cəlb edir.

Lakin cəmiyyət təkcə bayağılığı sevmir. O, böyük həqiqətlər üçün susayıb. Cəmiyyət incəsənət adamlarından  ananın övlada bəslədiyi sevgini, vicdanlı həyat prinsipləri, sevgilə bağlanan izdivacın məqsədli izdivacdan üstünlüyü, insan ömrünün sürətlə keçməsi, ilk məhəbbətin gözəlliyi və s. haqqında müəyyən fikirlər tələb edir. İnsanlar öz həyatında aşkar həqiqətlərin doğrudan-doğruya daim qələbə çalacağına onlarda inam yarada biləcək əsərlər istəyir. İncəsənəti təqdim edən yaradıcı şəxslər onlardan tələb olunan əsərlər yaratmağa çalışırlar. Lakin onların bir çoxu insan təbiətinin dəyişməz həqiqətlərini elə qələmə alırlar ki, bütün bunlar bədii zövqü olan  insanın qəlbini mütəəssir edir, çiyridir.

Mən bir faktı artıq qeyd etmişdim ki, ana övladını sevir. Bu böyük və danılmaz həqiqətdir. Amma bu böyük, danılmaz həqiqət bir-birini əvəzləyən iri planda çəkilmiş şit, əttökən  kadrlarla təqdim olunanda adam bütün bəşəriyyətin yerinə xəcalət çəkir.

Keçmişdə böyük və danılmaz həqiqətlər elə bir tonda təsdiq edilirdi ki, onlar qorxulu yalanlarla dolu olub tük ürpədirdi (Bədii yalanın sehrli gücü belədir). Lakin o vaxtlar incəsənət indiki qədər kütləvi biabırçı vəziyyət almamışdı. Bunun bir sıra səbəbləri var.  

Hər şeydən əvvəl təhsil sisteminin genişliyi, asudə vaxtın artırılması və maddi vəziyyətin yaxşılaşması kütləvi mədəniyyətə böyük ehtiyac hiss edir. Belə ki, həmişə yaxşı yaradıcı insanlar az olduğundan bu kütləvilik əsasən pis yaradıcılıqla təmin olunur. Buna görə də, bütövlükdə gerçək və danılmaz həqiqətlər qeyri-inandırıcı və eybəcər şəkil alır. Mümkündür ki, köhnə ənənələrin pozulması, əməyin mexanikləşdirilməsi və istirahət formalarının əhatəliyi (əksər çoxluq üçün bunun heç bir yaradıcı əsası yoxdur) kütləyə emosional təsirin və zövqsüzlüyün əsasını təşkil edir. Hər halda səbəb nə olursa-olsun, fakt faktlığında qalır. Bizi XX əsrdə öz genişliyi ilə bənzəri olmayan kütləvi mədəniyyət meydana gətirdi. Ona görə mən kütləvi deyirəm ki, bütün bunlar kütlə üçün yaradılır. Məhz, faciə də burasındadır. Bu kütləvi mədəniyyətin yarıdan çoxu bayağı həqiqətlərlə doldurulur, heç kəsi inandırmaq qüdrətində olmayan əsərlər yaradılır. Böyük həqiqətləri təsvir etmək onların yaradıcı gücündə deyil. Bu məsələlərə bir qədər ciddi və həssaslıqla yanaşan bizim zəmanəmizin bir sıra yazarlarına bu vəziyyət böyük təsir edir. Onlar bütün həqiqətlərdən, istərsə böyük olsun, istərsə də kiçik, bütün həqiqətlərdən qorxurlar. Doğrudur, bütün dövrlərdə yaradıcı insanlar bayağı əsərlərə nifrət ediblər. Bu məsələdə incəsənət tarixində naturalizm çox nadir  hadisədir. Odur ki, Karavacolar və viktorian akademiyasının yaradıcı üzvləri incəsənətdə bir qədər əcaib görünürdülər. Əgər biz onların ölçüləri ilə incəsənətə baxmış olsaq, əcaibliyin nədən yarandığını görmüş olarıq. Sizə bir fakt deyim, özünüdərketmə qabiliyyətinin itiliyi ilə fərqlənən bizim zəmanəmizin bəzi yazarları realizmin xarici görkəmindən imtina etdilər (buna görə biz onlara minnətdarıq). Lakin öz sənətlərində daxili realizmi təsvir etmək üçün lazımi  faktorlardan istifadə etmirlər. Bu faktorlar insan təbiəti ilə bağlıdır. Kütləvi mədəniyyətin genişliyi onlarda ən böyük həqiqətlərə, gözəlliyə, möcüzələrə inanmaq qorxusu yaradıb. İndi həyatın onda doqquz hissəsi bayağılıqdan ibarət olub. Bu da o deməkdir ki, müasir yazarlar böyük və gerçək həqiqətlər qarşısında qorxudan əsirlər. Yalnız onun çox kiçik hissəsini təsvir etmək iqtidarında olurlar. Mən o yazıçılara müasirdir deyə bilərəm ki, onlar digərləri ilə müqayisədə bayağılılıqdan çəkinirlər. Gözlədiyimiz kimi, onlar Parisdə toplaşıblar. Məhz Parisdə bu anlaşılmaz qorxunun nəticəsində valehedici nəticələr əldə ediblər. Ədalət naminə demək lazımdır ki, Parisdə əldə olunan uğurları təqdir etmək gərəkdir, amma digər mədəniyyət mərkəzləri bilərəkdən fransız nümunələrinin surətini köçürürlər. Başqa ölkələrin avanqard incəsənəti fransızlardan onunla fərqlənir ki, onların yaratdıqları əsərlərin mahiyyətində qərəzlilik və barışmazlıq var. Onlar adi formal elementlərə bədiilik donu geyindirməklə kütlənin gözünə kül üfürürlər. Romantizm az və ya çox dərəcədə baş-ayaq təqdim olunur. Bu ədəbiyyatda olduğu kimi musiqidə də belədir, vüzual sənətdə də. Onlar kütlənin əzələləri qarşısında baş əyməyə hazır olduqları halda, insan ruhuna, insanın təkliyinə, hətta təbiətin özünə nifrət edirlər. Avanqard ədəbiyyat bu kimi, baş-ayaq romantizmlə doludur.  Həqiqətin mahiyyəti necə gəldi sadələşdirilir, insana xas olan gerçəklik və böyüklük həqiqətin nüvəsindən qovulub çıxarılır. Hələ özlərinə bəraət qazandırmaq üçün müxtəlif sınıq-salxaq, yalançı nəzəriyyələr də icad etməkdən çəkinmirlər. İsbat etməyə çalışırlar ki, son illər ərzində müasir insan xeyli dəyişilib, ata-baba yolu ilə getmək lazım deyil, biz əsaslı şəkildə sələflərimizdən fərqlənməliyik. Dəyişməz və dönməz həqiqətin böyüklüyünü və gerçəkliyini özündə əks etdirən mövzu qarşısında qorxudan titrəyib əsən “yazıçı”dan bundan artıq nə gözləmək olar? Əlbəttə, qorxudan bu tip yazıçıların dilləri də topuq çalacaq, yazıçının əsas aləti olan sözü əcaib boyalarla rəngləyib onu urvatdan salmaqdan çəkinməyəcəklər. Panik, qorxu daha nələr törədə bilərmiş. Doğrudanmı, sizə görə insanlığın mahiyyəti 4 avqust 1914-cü il tarixdən tam dəyişib, cənablar? Yazıqlar olsun sizlərə də,  kütlə mədəniyyətinə də...

Tərcümə etdi: Zakir  ABBAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!