Abay Kunanbayev-175
Muxtar Auezovun böyük sənətkarlıqla XIX əsr qazax xalqının həyatından qələmə aldığı "Abay" romanı hadisələrin tarixi-realist üslubla təsviri, Çöl mədəniyyəti fonunda yazıçının həssaslıqla işlədiyi "sosial ensiklopediya (Ç.Aytmatov) olmaqla dünya romançılıq mədəniyyətinə layiqli töhfə oldu. Yazıçı Abayın şəxsində qazax milli psixologiyasının, qazax sosial həyatında etnik-milli şüurunun olduqca ziddiyyətli, mürəkkəb şəraitdə, tayfa-qəbilə münasibətlərinin bir an da olsa səngimək bilməyən mühitində formalaşmasını, dinamik inkişafını real boyalarla göstərə bilmişdi.
"Abay" romanını yazmaqla Muxtar Auezov xalqı qarşısında ən müqəddəs vəzifəni yerinə yetirdi. Məqsəd təkcə xalqın tarixini, adət-ənənələrini, əski Çöl qanunları ilə yaşayan insanların məişətini əks etdirmək deyil, başlıcası yeni yaranmaqda olan ictimai münasibətlər burulğanında xalqını irəli çıxarmaq, onu savadlı, inkişaf etmiş xalqlar cərgəsinə qoşmaq idi.
O dövrdə yazıçı nicat yolunu maarifçilikdə, yeni təhsil sisteminə yiyələnməkdə, demokratik düşüncəli rus və Avropa ziyalılarının istimai-siyasi görüşlərini əxz etməkdə görürdü.
Müəllif ömrünün 13 ilini sərf etdiyi roman üzərində necə işlədiyi barədə danışarkən məlum olur ki, o, hələ kiçik yaşlarında olarkən əsərləri ilə tanış olduğu bəzi şeirlərdən parçaları əzbər etmiş, 1924-cü ildə vəfat etmiş birinci arvadı Dilda, 1918-ci ildə 60 yaşında vəfat etmiş, sevimli arvadı Aykərimlə görüşmüş, onu yaxından tanıyan, dostluq edən xeyli insanla söhbət etmişdi.
Abay obrazı, əslində, müəllifin idealı idi, bu obrazın arxasında onun özünün şəxsi portretinin cizgilərini, düşüncələrini, arzu və istəklərini görmək çətin deyildi. O da Abay kimi xalqının ziyalanmasını, elm və maarifə yiyələnməsini arzu edirdi. Abay Auez babasının qohumu və dostu olmuşdu. Köçəri qazax ailəsi olmasına baxmayaraq babası övladlarının savadlanmasını istəyirdi, onun şeirlərini nəvələrinə əzbərlədirdi. Bir çox hadisələrin, köçərilik həyatının bütün əzablı və sevincli günlərinin şahidi olan yazıçı onları bədiiləşdirərək romanda unudulmaz parlaq obrazlar yaratmışdır. Uşaqlıq və ilk gənclik illərində şahidi olduğu hadisələri Abay dövrü ilə bağlayıb canlı, real bədii lövhələr yaratmışdı.
XIX əsr özünün ziddiyyətləri, təzadları ilə kifayət qədər bəlli idi. Bir tərəfdən, Orta Asiyanın Rusiyaya ilhaq edilməsi ilə bağlı yaranan yeni ictimai münasibətlər, digər tərəfdən, feodal-patriarxal münasibətlərin kifayət qədər hökm sürdüyü bir şərait üz-üzə dayanmışdı. Qəbilə-tayfa münasibətləri, torpaq çəkişmələri səngirmirdi. Hər tayfanın başçısı bir dövlət başçısı qədər özünü əlçatmaz zirvədə hiss edirdi.
Əsərin mənfi qəhrəmanı Kunanbay Tobıktı tayfasının İrgizbay qəbiləsindən olmaqla özünü hakimi-mütləq kimi aparırdı. Onun düşməninə çevrilmiş Bojey Jigitek tayfasından, Baysal Böyük Kotibak, Suyindik-Bokenşi tayfasından idilər. Ehtiyatsız bir hərəkət və ya laqeydlik uzun illər davam edən düşmənçiliyə, müharibəyə çevrilə bilərdi. Onlardan birinin sözü digərlərinin boğazından keçmirdi. Bütövlükdə qazax xalqı tayfa-qəbilə məngənəsindən qurtula bilmirdi. Millətə "örnək" olan din xadimlərinin fəaliyyəti daha biabırçı idi. Zahirdə Allah, peyğəmbər yoluna "xidmət" edən, batində ən mənfur əməllərə rəvac verən nahiyə axundu Kunanbaydan bir at rüşvət alaraq günahsız Kodarın edam edilməsinə fitva verir...
Rus imperiyasının gəlişi, yeni üsul-idarənin çətinliklə də olsa qurulması ölkədə yeni ictimai münasibətlər sisteminin yaranması və inkişafına ümid verir. Rus idarəçilik üsul-idarəsinin bərqərar olunması köhnə feodal-patriarxal münasibətlər sistemini kənara sıxışdırır, insanı sıxan, əzən boğucu mühitdə ümid işığı yandırırdı.
Bütün Tobıktı qəbiləsinin geniş, suyu bol və otlaqları çox olan yaylaqları Çingiz sıra dağlarının o taylarında idi... Abay xəstə olmasaydı Köç günləri onun üçün böyük bir zövq, şadlıq və cıdır günlərinə çevrilərdi. Çingizin çətin aşırımlarından keçmək çobanlar, ilxıçılar və "qonşular" (aşağı, yoxsul təbəqədən olan muzdurlar) üçün çətin idi. Uşaqlar və yeniyetmələr üçün isə bu, maraqlı bir əyləncə idi".
Muxtar Auezov tarixi-etnoqrafik cəhətdən xeyli zəngin olan bu əsəri işləyərkən keçmiş məişət həyatındakı ən kiçik təfərrüatları, detalları nəzərdən qaçırmamışdı. Yazıçı həmin təfərrüatlardan istifadə edərək Abay obrazının daha dolğun işlənməsi, onun xarakter və davranışındakı səciyyəvi cəhətləri üzə çıxarmaqla əsərini maraqlı etmişdi.
Köçərilik həyatı, aul məişəti yazıçının yaddaşında, hafizəsində zəngin izlər salmış, onda təsərrüfat həyatı, məişət mədəniyyəti haqqında tam təsəvvür yaratmışdı.
Abayın bədii düşüncəsi, təxəyyülündəki zənginlik, nənəsi Zəridən qalmışdı. Nənə - müdrik qarı Zəri qulaq asanların diqqətini cəlb edərək gözəl nağıllar danışardı. Nağıla başlamazdan əvvəl işə aşağıdakı misraları hökmən deməli idi.
Əsrləri örtmüşdür qalın duman, soyuq çən...
Orda nələr gizlənib bildirən yox, bilən yox.
Bununla o, dinləyicilərinin diqqətini nağılda qeyri-adi varlıqlardan, qorxunc hadisələrdən danışılacağına eyham vururdu.
Zəri "Edil-Jaik", "Jupar-Korıqa", "Kula-Mərgen" və xeyli əfsanələri əzbərdən bilirdi".
Zəri həmin nağılları dəfələrlə danışsa da, Abay onları təkrar-təkrar dinləməkdən yorulmurdu. Qoca nənəsi Zəri yorulanda Abay anası Uljanın yanına gedib ondan yeni nağıllar danışmağı xahiş edərdi...
Atası Kunanbayın nadanlığı və cahilliyi, məğrur və əyilməz Kodarın məhv edilməsi üçün hər cür alçaq yola əl atması gənc, həssas qəlbli və romantik arzularla yaşayan yeniyetmənin mənəvi aləminə ölümcül zərbə vurur. O, ağır xəstəliyə düçar olur, böyük çətinliklə ölümdən qurtarır. Xəstə olduğu zaman qoca Zərinin nağılları ona ümid verir, yaşadırdı. Bu zaman Zəri ona qəbilələr arasında gedən çəkişmələrdən bir neçə gün danışmışdı. Otuz il bundan əvvəl Nayman tayfası bu yerlərə basqın edibmiş. Basqın zamanı Zərinin oğulluğu Bostanbay həlak olmuş, Tobıktı mühafizəçiləri Nayman tayfasının akını Kojamberdini əsir götürüb bir il yarım onu qandalda saxlamışdılar. Halbuki, bu, Çöl qanunlarına zidd idi. Çöl insanının inancına görə, akın və şairlər müqəddəs insanlar idilər. Zəri əsirlikdə saxlanılan akının bütün oxuduğu mahnıları əzbərdən bilirdi.
O, Abaya "Kalmakan və Mamor", "Enlik və Kebekin" qəmli sərgüzəştlərini danışmışdı. Bəzən də Abay şəhərdən gətirdiyi "Yusif və Züleyxa" dastanını qadınlar üçün oxuyardı.
Böyük Çöldə başdan-başa nağıllar, əfsanələr, şeir və mahnılar tüğyan edir, onlar gənc oğlanı ağuşuna alıb romantik, əsrarəngiz bir aləmə aparırdı.
Ən çox sevdiyi məşhur akınlarla görüşmək, onların dərin mənalı şeirlərini, mahnılarını dinləmək Abay üçün hər şeydən artıq idi. Akın Sabırbayla görüş Abayın yaddaşında böyük iz buraxır. Sabırbayın Böyük Çöl fəlsəfəsindən doğan həyat haqqındakı -
Gördüyün çiçəkli, meyvəli bağlar
Payız gələn kimi solacaq, əlbət
Səndə də nə güc var, nə də ixtiyar
Gül kimi solacaq bir gün bu surət
- şeiri gənc Abayı düşüncələrə qərq edirdi. Sabırbayı dinlədikdən sonra sinəsi sözlə, nəğmə ilə dolu gənclər şeir müsabiqəsi keçirirlər. "Sabırbayın akın qızı, bədahətən gözəl şeirlər qoşan Kuandık aytısla (deyişmə) Abayı yarışa dəvət edir. Sonra o, Termeyə (deklamasiya ilə oxunan şeir) keçir, Abay da ona cavablar verir, bəzən sevgi və sevgili sözlərini də şeirə qatıb oxuyurdu". Kuandık isə təmkinlə cavab verirdi: "Hörmətli qonaq, hörmətə layiq igid, sənin gəlişini alqışlayıram, sənin nəslin gözəldir, sənin özün də gözəlsən, sevimli, istedadlısan, ancaq qarşılıqlı hörmət hər ikimizə layiq bir hissdir".
Kuandık Sabırbay kimi müdrik bir akının gözəl bir qızı idi. Mükəmməl tərbiyə almış, nəcib, əxlaqlı davranışı və məlahətli səsi ilə hamını heyran edən bir gözəl idi. Onların arasındakı səmimiyyət sevgiyə çevrilə bilmir, Toqjanın surəti bir an da olsa Abayın gözləri önündən çəkilmir...
Bu sözlərdə bir tərəfdən, Əski Çöl mədəniyyətinin qalıqlarını, digər tərəfdən, Çöl aristokratiyasının ilkin işartılarını aydın görmək olurdu.
Bütün bunlar Böyük Çöl insanının zəngin mənəvi aləmindən, ondakı dərin yaradıcılıq ehtirasının genişliyindən xəbər verirdi.
Beləliklə, akınları dinləmək, onlara maraqla qulaq asmaq bir neçə gün davam edirdi. Bu, Çöl ədəbi mühitinin kiçik bir mənzərəsi idi. Abayın yaddaşında silinməz izlər buraxan, onu hələ gənc yaşlarından yazıb-yaratmağa sövq edən ədəbi-romantik mühit. Tanınmış akınlar Baykokşe və nağıllar, mahnılar xəzinəsi sayılan, eldə-obada tanınan Dulat akın onların aulunın qonağı olur. Akınlar "Kazı-Körpəş və Bayan Sulu", "Kablandı-Batır" dastanlarını ifa edirlər. Onların hafizələrinin gücü, ifaçılıq məharətləri Abayı valeh edir.
O, yaxşı başa düşür ki, Nizami, Nəsimi, Nəvai və Füzulini təkcə kitablardan oxumaqla iş bitmir. Xalqın saysız-hesabsız dastan və nağıllarını sinələrində gəzdirən müdrik akınlardan daha çox şey öyrənmək olar. Anası Uljan, nənəsi Zəri gənc oğlanın akınların ifasına sonsuz maraq göstərdiyini görüb onları bir neçə gün aulda qonaq saxlayırlar. Bu vaxtlar qazax çöllərində məşhur akınlardan, Dulat, Şortanbay, Şoje, Sabirbay, Sivanbay, Balta, Altıs və başqalarının saysız-hesabsız mahnıları dillər əzbəri olmuşdu. Akınların gəlişindən onların ifaçılığına vurğunluqdan Abayın xəstəliyi "sağalır", anası Uljan hər akına bir at bağışlayır.
Bu dövr akın yaradıcılığında təksə əfsanəvi qəhrəmanlar haqqında, sevgi və məhəbbətdən bəhs edən mahnılar deyil, bay, rəislər, varlılar haqqında ilk satirik şeir nümunələri də yaranırdı.
Atası Kunanbayın hökmü ilə hələ uşaqlıqdan Abay başqa bir qəbilə başçısı - Alşinbayın qızı Dilda ilə nişanlanmışdı.Yenə atasının göstərişi ilə adaxlı oğlan qız evinə getməli, nişanlısı ilə "əl-ələ verib" görüşməli, sonra toy olmalıdır. Düzdür, Abay bu görüşə böyük ürək ağrısı ilə, vicdan əzabı çəkə-çəkə gedirdi, çünki o Toqjanı sevirdi. Lakin o, atanın əmrindən çıxa bilməzdi. Adətə görə, yaşlı elçilər Uljanla birlikdə otuz igidin və bir dəstə qadının müşayiəti ilə nişanlı oğlandan yarım gün əvvəl qız evinə getməli idilər. Onlarla birlikdə ağsaqqallar, xanəndələr, igidlər, atlara baxmaq üçün ilxıçılar olmalı idi. Abayı İzrgizbay tayfasından on igid müşayiət etməli idi.
Səhra adlı məkan özünün ölməz məhəbbət əfsanəsi "Leyli və Məcnun" dastanını yaradaraq onu hər "iki cahana" həkk etdi. Böyük Çöl alp ərənlərin, igid oğulların sevgi macəralarının beşiyi oldu. M.Auezovun yaratdığı "Abay Toqjan" dastanı isə Böyük Çölün əfsanəyə çevrilmiş sevgi macərasına döndü. Sənətkar böyük həssaslıqla Abay və Toqjanın uğursuz sevgi macərasını lirik-psixoloji müstəvidə əks etdirməklə sentimental lövhələr, təkrarolunmaz təsvirlər vermişdir. İki gəncin ülvi məhəbbəti oxucunu da özünə sonsuz maraqla cəlb edir.
Toqjana romanın bir neçə epizodunda rast gəlsək də o, tez parlayıb tez sönən ulduz kimi yoxa çıxır, oxucu böyük intizarla onu görəcəyinə ümid etsə də bir daha görünməz olur. Hiss edirsən ki, onun ruhu, xəyalı Abayın yanındadır, Abay onun eşqilə yaşayır və nəfəs alır... təkcə son salamı Abayın şüuruna, qəlbinə hakim kəsilir: "O, bir Ay işığında parıldadı və söndü. Mən zülmət içində qaldım. Ancaq ona uğur olsun, qoy şad və xoşbəxt olsun, ona mənim salamım budur". Bu "salam" təkcə kinayə deyil, uğursuz eşqin, nakam məhəbbətin, hicranın, yoxluğun fəryadın acı ifadəsi idi. Toqjan onlara düşmən qəbilənin başcısı Suyundukun qızı idi. Xeyli gözəl olan Toqjanın qəlbi mahnılarla, şeirlə doludur; o da təmiz və həssas qəlbi ilə Abayı sevir. Bu vaxt Abay Dildaya, Toqjan isə başqa birisinə nişanlanmışdı. Buna baxmayaraq onlar böyük çətinliklə görüşsələr də Abay qətiyyətli addım atmağa cəsarət etmir. Toqjanı götürüb toysuz aparmaq yenidən tayfalar arasında düşmənçiliyi, qırğın və qarətləri davam etdirmək demək idi. Odur ki, son görüşdə Abay ilk dəfə sevdiyi Toqjanı göz yaşları içərisində qoyub gedir, bir daha bir-birlərini görə bilmirlər. Lakin bu uğursuz məhəbbəti ömürlərinin sonuna kimi heç biri unuda bilmir. Yazıçı böyük məharət və həssaslıqla iki gəncin yaz gecəsi görüşlərini təkrarolunmaz peyzajlarla vermiş, yaddaqalan təsvirlərlə bəzəmişdi: Ay öz seyrində idi. O, yavaş-yavaş ən yüksək pilləyə, ənginliklərə doğru süzürdü, o, yüksəldikcə ürəkləri də özü ilə bərabər aydın və buludsuz göylərə çəkib aparırdı. Ayın bu işığı düz ürəyə soxulur, insanın qəlbini sevinc və kədərlə doldururdu... Ay işığında gümüşü rəngdə qalan qart dağlar mürgüləyirmiş kimi donub qalmışdı... Ağ alaçıqlar parlaq Ay işığında mürgüləyirdi... Yaz gecəsinin təravəti içərisində Abay yalnız onun üçün açılmalı olan qeyri-adi, gözəl bir sübhün yaxınlaşdığını hiss edirdi. Toqjan bütün gözəlliyi ilə, məlahətli mahnıları ilə onun qəlbinə hakim kəsilmişdi. Onun qəlbində, düşüncələrində bir boşluq yaranmışdı".
Bu sevgidirmi? Odurmu? ...Əgər bu sevgidirsə, onda həmin sevginin beşiyi də gecə sakitliyilə əhatə olunmuş bu aləmdir... - deyə həyəcana gəlmiş qəlb öz-özünə pıçıldayırdı. Aylı gecə, sanki süd gölündə üzürdü. Hisslərin qüdrətli axını Abayın sinəsinə sığmırdı. Onun qəlbi gah döyünür, gah da dayanırdı.
"Bu nə deməkdir? Bunu necə başa düşməli? Mənə nə olmuşdur? Toqjanın ağ əlləri, incə boynu Abayın gözünün qarşısında canlanmışdı. Onun sübhü Toqjan idi.
"Sən məhəbbət sübhütək könlümə nur saçırsan"...
Bunu onun ürəyi oxuyurdu. İlk sevginin nəğməsi ona, Toqjana həsr edilirdi... Toqjana vurulması onun şairlik istedadını daha da gücləndirirdi, yeni sevgi mahnıları qoşulurdu... Abay daşlaşmış feodal qanunları qarşısında gücsüz idi. Toqjanın mahnılarını heç kim onun kimi Abay üçün oxuya bilməzdi. Lakin bir gecə Toqjanın səsini lap yaxınlığındakı auldan eşidən Abay dostu Erbolu götürüb ora gedir. Ona elə gəlir ki, o, sevgilisini tapmışdır, səs də onun incə məlahətli səsi idi, başqa heç kim bu mahnını onun kimi oxuya bilməz!.. Lakin yaxınlaşdıqda Abay Toqjan qədər son dərəcə gözəl bir qızın həmin mahnını ifa etdiyini görür... Nə yaxşı ki, o, Aykərim adlı bu qızı tapır, yalnız Aykərim onun qəlbindəki boşluğu doldura bilər. Belə də olur. O, ikinci dəfə Aykərimlə ailə qurur. Bu izdivac Abaya qüvvət verir. O, gecə-gündüz Aykərimin mahnılarını dinləməkdən doymur, bəzən özü də ona qoşulub oxuyur, bəzən də onun üçün yeni şeirlər yazır, bəstələr qoşurdu. Dildanın qısqanclığı, anası Uljanın əmrlərinə baxmayaraq o, Aykərimə oxumağı qadağan etmir, əksinə, onu ruhlandırır.
Dilda ilə sevgisiz həyat Abayı boğur, bezikdirirdi. Yalnız Aykərim, onun istedadı Abayın əzablı həyatında bir ümid işığı, təsəlli idi. O, Aykərimin simasında Toqjanını tapmışdı... O, Aykərimi təkcə mahnı oxumağına görə deyil, həm də mahnının, musiqinin möcüzəsi ilə yaşamağı bacaran qəlbinin olduğuna görə sevir. Aykərim olmasa da Abay Dildanı sevməyəcək, "çünki onun içi yoxdur, quru bir qadındır, bir sözlə, "payızdır".
Mövzu ilə bağlı yazıçı Kunanbayın ailəsindəki matəm mərasimini təsvir edir. Onun nəvəsi Makulbayın yas mərasiminə Abayla Aykərim də gedir. Adətə uyğun olaraq Aykərim yas keçirilən alaçıqda ağı deyir və heç kəs ağının müəllifinin Abay olduğunu bilmir. "Aykərim alaçığa girib, Karajandan aşağıda oturdu və qollarını dizinə söykəyərək uca səslə ağı deməkdə davam etdi. Kunanbaydan tutmuş böyüklərin hamısı ona diqqətlə qulaq asmağa başladı. Açılmadan solmuş, bu dünyanı tərk etmiş bir uşağın ölümü haqqındakı acı sözlər, Aykərimin tapmış olduğu kədərli hava hamıya təsir etdi... Kişilər də göz yaşlarını saxlaya bilmədilər və dodaqlarının altında ağı deyib hamı ilə birlikdə ağlamağa başladılar. Aykərimin səsi Abayda yalnız Makulbay üçün yeni bir dərd deyil, həm də onun keçirdiyi bütün əzab, əziyyət və acılıqları, yalnız ona və cavan arvadına məlum olan acılıqları xatırlatdı, Abay da ağladı".
Aykərimin mahnısı, musiqisi və səsi Kunanbay kimi daşqəlbli əzazil insana da təsir göstərir. "Bununla da yazıçı bir neçə məqsədini bədii formada, patetikaya yol vermədən ifadə etməyi bacarmışdır. Birincisi, yazıçı Abayın, Aykərimin, Dildanın, Kunanbayın mənəvi dünyası haqqında koloritli və obyektiv təsəvvür yaratmasıdır. İkincisi, musiqinin insanlığını tam itirməmiş insanlarda belə emosional ovqat yaratdığını inandırıcı şəkildə təsvir etməsi, üçüncüsü isə ədibin qazax xalqının tarixən mahnı və musiqini dərindən duyduğunu və bunları yaratdığını, nəticə etibarilə estetik zövqünün özünəməxsusluğunu əyani şəkildə göstərməsidir" (T.Teymurov).
Sənətkarın gücü Abay obrazını XIX əsr qazax həyatını bütün reallıqları fonunda göstərməsində idi. Bəzən onu ifrat etnoqrafizmə uymaqda təqsirləndirənlər də olmuşdur. Lakin mahiyyət etibarilə bu əsər köçəri sivilizasiyası haqqında yazılmış dünyada yeganə romandır ki, Yer kürəsində bu həyat tərzi min illər davam edib, sonunda möhtəşəm romanda təcəssümünü tapıbdır. Bu əsərdə Qazax mentallığının bir hissəsinə çevrilmiş əski köçəri mədəniyyətini tapa bilirik. Romanı türk xalqlarının ortaq sərvəti "estetik və sosial ensiklopediyası" adlandıran Ç.Aytmatov onu XIX əsrin ortalarında bütün insanların dünyagörüşünə, düşüncə tərzinə və milli sosial anlayışına möhtəşəm bir zənginlik gətirən əsər kimi qiymətləndirirdi.
Sovet dövlətçilik üsul-idarəsi zamanı, xüsusən 20-30-cu illər epoxasında əski Çöl sivilizasiyası qorxulu bir uçurum qarşısında qalmışdı, o, qazax etnosu kimi həmişəlik məhv olub tarixin yaddaşından silinə bilərdi.
M.Auezovun milli təəssübkeşliyi sayəsində o mədəniyyət yaşadı və tarixin yaddaşına həkk olundu.
XIX əsrin ortalarında Böyük Çölə yeni bir mədəniyyətin gəlişi, onun sərhədlərinin gözümüz önündə genişlənməsinin şahidi oluruq. Bu mədəniyyət öz başlanğıcını tərəqqipərvər Avropa mədəniyyətindən götürüb Rusiyadan keçərək Orta Asiyaya irəliləyən maarifçilik mədəniyyəti - cədidizm idi. Əsərin müəllifi də həmin hərəkata qoşularaq az müddət ərzində onun tanınmış nümayəndəsi oldu. Artıq bu vaxtdan etibarən yeni üsullu məktəblərin açılışı, rus və Avropa dillərində kitabların tərcümə edilərək yayılması, milli azadlıq düşüncəsinin yayılması, yeni qəzet və jurnalların nəşri bütövlükdə bu mədəniyyətin gəlişini təsdiqləyirdi. Onun "mədəni" hücumu yerlərdə maraq və rəğbətlə qarşılanır və qəbul edilirdi. İki sivilizasiyanın qarşılaşmasında yeninin qələbəsinin labüdlüyü heç kimdə şübhə doğurmurdu:
Əsərin ikinci - "Abay yolu" hissəsində romantik xəyallarla yaşayıb yaradan, gözəl şeirlər yazıb nəğmələr bəstələyən Abayın əvəzinə, artıq yetkinləşmiş, xalqının qayğısına qalan, onun ağrılı, məşəqqətli həyatının əzablarına yanan, köməyini əsirgəməyən bir ictimai xadim kimi görürük.
"İkinci" Abayın roman müstəvisinə gətirilməsi yazıçının mütərəqqi ideyalarını gerçəkləşdirmək arzısı ilə bağlı idi. Uzun illər ərzində tayfa-qəbilə çəkişmələrindən cana doymuş Abay, artıq 28-30 yaşlarında atası Kunanbay və tayfasının digər ağsaqqalları ilə hər cür əlaqələrinə son qoyur. O, yaxşı başa düşür ki, yüz illər boyu davam edən bu qanlı çəkişmələr qazax xalqının faciəsidir və onu məhvə aparır. Abay çıxış yolunu xalqının maariflənməsində, qabaqcıl Avropa və rus mədəniyyətinə qovuşmasında görürdü.
Semipalatinskidə olarkən o, təsadüfən XIX əsrin 70-80-ci illərində Rusiyada inqilabi hərəkatda iştirak edən, bu ölkənin maarifçi-demokratlarından olan E.N.Mixaylov kimi tanınmış şəxsiyyətlə tanış olur.
E.N.Mixaylov Çernışevski, Dobrolyubov kimi inqilabçı-demokratların qabaqcıl ideyalarını dərindən mənimsəmiş, bir sıra siyasi tədbirlərdə, inqilabi hərəkatda iştirak etdiyi üçün sürgün edilmişdi. Onunla görüşlərindən sonra Abayın həyatında dönüş başlayır, o, A.S.Puşkin, M.Y.Lermontov, Saltıkov-Şedrin, L.Tolstoy, Belinski və başqalarının əsərlərini oxuyur. Rus dilini böyük həvəslə öyrənməyə başlayır. O, yaxşı başa düşür ki, qazax xalqının nicat yolu maarifdə, Avropa və rus mədəniyyətini mənimsəməkdədir. Abay böyük həvəslə Krılov, A.S.Puşkin, M.Y.Lermontovdən tərcümələr edir. A.S.Puşkinin "Yevgeni Onegin" mənzum romanından Yevgeni Oneginin məktublarını, onların bu məktublarda əks olunan ürək çırpıntılarını orijinalından heç də geri qalmayan tərcümələrini edir, onları bəstələyir; az keçmir ki, bu mahnılar qazax akınlarının ifasında dillər əzbəri olur, mahnılar qanadlanıb Böyük Çölü başdan-başa gəzir. Abay özünün şeirləri, bəstələri ilə böyük şöhrət qazanır. O, həm də müdrik bir insan, mütəfəkkir kimi tanınır. Hamı ondan məsləhət və kömək alır. Abaya üz tutub kömək istəyənlər Qazaxıstanın bütün vilayətlərindən, o cümlədən Karkaralı, Pavlodar, Ustkamenoqorsk, Zaysan, Lepsinski nahiyələrindən onun yanına gəlir, ondan məsləhət alır, məhkəmələrdəki mübahisəli məsələlərinin obyektiv həllinə nail olurlar. Bilavasitə Abayın təşəbbüsü ilə xalq yığıncaqları, qurultaylar çağırılır, ölkənin taleyüklü problemləri müzakirəyə qoyulur və həll edilir. Nahiyə rəislərinin rüşvətlə kresloda əyləşdirilməsi, xalqın soyulub talanması, aşağı təbəqədən olan insanların yerli-yersiz ağır cərimələrə cəlb olunması bilavasitə Abayın iştirakı ilə müzakirə olunur və qərarlar çıxarılırdı. Rus və Qərb klassiklərinin əsərlərini oxuyan Abay onların bütün Qazaxıstanda şifahi yolla yayılmasına nail olur. Bir sıra gənc, istedadlı şair və yazarlar onun ətrafına toplaşır. Sibirə sürgün edilən azad fikirli insanlar aylarla onun aulunda yaşayır, bütün bunlar isə çar hakimiyyətinin yerlərdəki məmurlarını narahat etməyə bilməzdi.
Abayın ictimai həyatı rus azadlıq hərəkatından, bu hərəkatı çiyinlərində aparan azadlıqsevər, mütərəqqi rus ziyalılarının fikir və ideyalarından qaynaqlanırdı. Abay başa düşür ki, işğalçı çar Rusiyası ilə, bu imperiyanın sinəsində yetişən mütərəqqi rus ziyalısı başqa-başqa şeylərdir. Onun aydın, işıqlı proqramı bu ideyalar üzərində köklənmişdi.
Abayın yaradıcılığı bir tərəfdən, qədim abidələrdə, daş kitabələrdə yazılmış ümumtürk şeirindən, digər tərəfdən, klassik Şərq şeirindən, xüsusən Azərbaycan və fars-tacik ədəbiyyatından ilhamlanırdı. Üçüncü mənbə isə qabaqcıl rus və Avropa mədəniyyəti idi ki, ona qədər qazax xalqının ümumbəşəri dəyərləri özündə əks etdirən xəzinədən xəbəri yox idi. Abay məhz bunların sayəsində qazax şeir dilini, onun obrazlar sistemini yeni ideyalar və hisslərlə zənginləşdirdi, xalqının çoxəsrlik milli dəyərlərini yeni yüksəkliklərə qaldırdı. Abayın ictimai fəaliyyəti və poetik yaradıcılığı qazax gəncləri arasında xüsusi populyarlıq qazanmışdı. Çoxsaylı xalq mərasimlərində, toylarda onun mahnıları repertuarda olur, gənclər sevgi hisslərini onun şeir misraları vasitəsilə dilə gətirirdilər. Ərə gedən qızlar onun şeirlərinin üzünü çıxartdırır, cehizlərinin üstünə qoyub ər evinə aparırdılar. Yerlərdəki çar məmurları onun nüfuzundan səksəkəyə düşüb ona böhtan atdırır, üzünə adamlar durdurur, onu gözdən salmaq istəsələr də onun xalq içindəki nüfuzu günü-gündən artırdı. Onun arxasında doğma xalqı dayanırdı, o bununla iftixar edirdi, bu ümidlə də gələcək mübarizəsinə başlayacaqdı: "Abay təpə başından uzaq, qaralan üfüqlərə diqqətlə baxırdı, sanki arzu etdiyi bir səfərə çıxmış öz gəmisini xəyalən müşayiət edirdi... O, ömründə ilk dəfə olaraq, iftixar hissi duyurdu. İftixar etməyə isə onun haqqı vardı".
..."Bu gün səhər yaylaqdan Abayın yanına çoxlu gənc akın gəlmişdi. Onlar deyirdilər:
- Bizim Çöllərdə yaxşı bir adam zahir olmuşdur. Onun adı Abaydır... O, müdrik bir adamdır, xalqın havadarı, bədbəxtlərin dostu, təcavüzkarların düşmənidir. O, Tobıktıda anadan olmuşdur, lakin təkcə tobıktılılar üçün deyil, bütün xalqın oğludur. Onun sözlərinə qulaq asaq, onun nəsihətlərini yadda saxlayaq".
Bu sözlər tək-tək insanların, insan qruplarının rəyi deyil, bütövlükdə qazax xalqının öz müdrik oğluna verdiyi qiymətin ifadəsi idi.
Bununla da ədib Abayı qüdrətli sənətkar, nüfuzlu ictimai xadimi kimi Əski Çöl mədəniyyəti müstəvisində dünya sivilizasiyası tarixinə qovuşdura bildi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!