O, Qadındır... - Günel EYVAZLI yazır - Günel EYVAZLI

Günel EYVAZLI

 

On illik kölə... İncəsənət köləsi. Düşünürdüm ki, bu qadın birdən-birə haradan yadıma düşdü? Sonra xatırladım...

Türkiyədə elmiliyi, savadı ilə böyük ajiotaj yaratmış 10 yaşlı Atakanın çıxışlarını dinləyirdim ötən həftə. Beş ay ərzində 250 fəlsəfə kitabının oxunması, balacanın dolu-dolu danışması başımı dumanlandırmışdı. Nitsşe belə dedi: "Aristotel, Platon, filan fəlsəfəni daha çox bəyənirəm, ən böyük istəyim təhsil sistemində dəyişiklik etmək istəyidır, mənə mükəmməl təhsil verin, rica edirəm" deməsi və s. sözlərin, fikirləri möhtəşəm idi. Bu uşaq möcüzədir..

Qeyri-adi danışığından əlavə, gözlərinin forması, böyüklüyü də diqqətimi çəkmişdi. Bəli, məhz həmin an məşhur xanım rəssam yadıma düşdü. Vaxtilə izlədiyim tablolar qarşısında yenidən heyrətlənmək üçün Google-da axtarış verdim. Bir daha böyük gözlər kolleksiyasını izlədim. Görəsən, bir rəsmdə istənilən canlı üzərində bu böyüklükdə gözləri çəkmək Marqaret Keanın - əsl adı Peqqi Doris Xokinsin nəyinə lazım idi?

Yadımdadır, səkkiz il, bəlkə də on il bundan öncə psixologiya təhsili alan bir iş yoldaşım məni psixoloji test etmək üçün, yer üzərində mövcud olmayan bir canlı çək, söyləmişdi. Maraqlı gəldi mənə. Tez əlimə qələm alıb kağız üzərində olduqca böyük qulaqları və böyük gözləri olan bir canlı çəkmişdim. Çəkdiyim əcaib məxluqa diqqətlə baxan xanım, sən informasiya almağı çox sevirsən. Çəkdiyin cizgilərin ən böyüyü gözlər və qulaqlardır, demişdi. Demək, sənin mənəvi ehtiyacın danışmaqla yox, bolluca görmək və eşitməklə ödənilir. İçindəki informasiya almaq aclığı belə qulaqların və gözlərin çəkilməsinə səbəb olub, söylədi.

Marqaret Keanın rəsmlərindəki hədəqəsindən çıxmış böyük gözlər də, əslində, çox şey deyir izləyicisinə. 1960-cı ildən başlayaraq 10 il ərzində sərgilənən rəsm əsərlərinin üzərində Marqaretin yox, həyat yoldaşı Uolter Kinin imzası görünürdü. Qadın istedadsız əri üçün rəsm əsərləri çəkirdi. Bütün dünya Marqaretin yox, dırnaqarası istedad yiyəsi olan Uolterin əlini öpürdü, ona heyranlığını bildirirdi. O vaxta qədər ki, pərdəarxası həyatda kölə olan Marqaret üsyan edərək həyat yoldaşının deyil, bu rəsm əsərlərinin həqiqi müəllifi özü olduğunu bəyan edir. Əri həyasızcasına deyilənləri təkzib edəndə və qadının istedadsız birisi olduğunu bağıranda və qadının onu şərləməsini dedikdə, zavallı qadın məhkəməyə üz tutur.

Məhkəmə mübarizəsi söz oyunu üzərində - müttəhim və hakimlik üzərində qurulmur. Qadın və kişi salonunda üz-üzə əyləşdirilir və izləyicilər ər və arvadın qarşılarına qoyulmuş tablolarda kimin daha gözəl rəsm əsəri çəkəcəyini gözləyirlər. Vaxt tamam olur. Cənab Uolter heç nə bacarmır. On illik tənbəllik ona bildiklərini də unutdurmuşdu. Marqaret isə eyni çevikliklə növbəti möhtəşəm əsərini yaradır və bütün dünya bundan öncə ərinin imzası ilə getsə belə rəsm əsərlərinin müəllifinin Marqaret olduğu həqiqətini qəbul edir. Bu vaxta qədər susqun və böyük gözlərin müəllifinin nə demək istədiyi aydın olur. O susurdu, sadəcə, eşidilməyini istəyirdi...

Yaradıcılıq sarsıntıdır. Ən böyük sənət əsərləri, ən gözəl romanlar, ən gözəl şeirlər sarsıntıdan yaranır. Çünki səni duyacaq bir insan olmadıqca bunun lal həllini tapmaq istəyirsən. Ona görə yazdığın, yaratdığın nümunələr sənin danışan dilinə çevrilir. Əlinə tablosunu alıb məcnuntək dolaşan Səttar Bəhlulzadə kimi çox susursan, amma yaradırsan. Onun da böyük və mənalı gözləri var idi...

Mən indi bilirəm ki, niyə ərəb, fars qadınlarının gözləri belə gözəl olur. Mən indi bilirəm ki, niyə susan insanların gözləri belə gözəl olur, ifadəli olur, danışqan olur...

Cəmiyyətlər qadınları kilidlədikcə itirir. Bu, birmənalı olaraq belədir. Kölə qadın heç vaxt azad ruhlu, azad təfəkkürlü insan yetişdirə bilməz. Bu, mümkün deyil.

Əhməd bəy Ağaoğlu "İslamlığa görə və islamlıqda qadın" tədqiqatında yazır: "Müsəlmanların qurtuluşu, onların maddi və mənəvi, hətta siyasi dirçəlişi sadəcə olaraq iki məsələnin: qadın məsələsinin və əlifba islahatının həll edilməsiylə bağlıdır. Bu günün müsəlman qadını ancaq sərbəst və şüurlu ana, həyat yoldaşı olmaq şərtilə sosial vəzifələrini faydalı bir şəkildə yerinə yetirə bilər. Ancaq bu şərtlər altında o, uşaqlarına sosial yaşamda çox əhəmiyyətli olan sağlam bir xarakter və iradə, yüksək duyğular və sağlam düşüncələr aşılaya bilər.

Ona gerçək inkişaf imkanı verməyən boğucu hərəm havasının içində tamamilə bir bitkiyə oxşar, həm də tənbəl bir yaşayış sürən qadın irqin tənəzzülündə də birinci dərəcəli rol oynayır. Əlifbanın çətinliyi oxuma-yazma təhsilinə bərk əngəl olduğundan müsəlmanların ağıl və ürəklərinin aydınlanmasına aparan yolları qapayır. Qadın və əlifba... Bax budur, müsəlman dünyasının onu yavaş-yavaş ölümə sürükləyən iki başlıca düşməni, iki əlacsız xəstəliyi...".

Bütün zamanlarda qadına münasibət bir ayrı formada özünü büruzə verib. Elə Əhməd bəy Ağaoğlunun eyni kitabında oxuyaraq İslamdan öncə qadına edilən dəyərsiz münasibətin tərəflərini görmüş oluruq. Əslində, Hz.Musa üçün ən böyük sosial toplum fironun əlinin altında işləyən qullar idisə, İsa təlimini də eşidən öncə kasıb təbəqə idisə, elə Məhəmməd də heç bir sosial statusu olmayan qadına güvənərək bu yola çıxır. Bəlkə də mübahisəli səslənə bilər. Amma söyləmək istədiklərim var. Nələrisə gerçəkləşdirmək üçün kütləyə ehtiyac duyulur. İstənilən zamanlarda, istənilən konsepsiyanı həyata keçirmək üçün. "Braxmanın ayaqları" yazımda da eyni məsələyə ötəri toxunmuşdum. Kasta qanunları kodeksindən çıxış edəndə indusların ağız büzməsi ilə ifadə etdikləri bütün (büt) ayaqları olan kütlə möhtəşəm Braxmanın ən lazımsız hissəsi kimi çirkin və iyrənc xarakterizə olunur. Amma həmin bəyənilməyən kütlə - ayaqlar həm də bədənin, orqanizmin, cəmiyyətlərin hərəkətverici qüvvəsidir. Sadəcə, onlar bəzən ayaq olduqlarını unudurlar. Elə firon məktəbini keçən Musa da bütün bilgilərdən hali olunca, elmi, siyasəti, fəlsəfəni və s.-yə yiyələndikcə həm də səltənət istəyinə düşür. Amma fironun qanı bir, canı bir övladı olmadığı üçün hakimiyyətə keçmək nəsibinin olmayacağını anlayır. O səbəbdən də Musa alternativ variant olaraq kütləni seçir. Qulları seçir. Onları inandırmağı bacarır və böyük bir qüvvəyə daldalandığını hiss edir. Bəli, qızıl dana xəyanəti olsa belə, ara-sıra aclıq imtahanı ilə onları üz-üzə qoyaraq istədiyi məcraya gətirə bilir. İlahi, axı hər şey həm də belədir! Eynilə İsa kimi, eynilə Məhəmməd kimi.

O Məhəmməd ki, onun gətirdiyi islahat köhnə beyinləri, köhnə düşüncəni narahat edirdi. Cəmiyyət, daha doğrusu, köhnə hakim təbəqə reformaya hazır deyildi. Məhəmməd isə inadkarcasına hər şeyin onun istədiyi kimi olacağına çox inanırdı. Nazik səndəlləri ilə evindən çıxanda yolunun üstünə səpilən qaratikanlar ayaqlarını qana bulaşdırırdı onun. Bu yaraları qadınlar sarıyırdı. O qadınlar ki, Məhəmməd onlara, Cənnət sənin ayaqların altındadır, - deyirdi. İlahi, hər şey eynilə beləydi. O qadınlara Məhəmməd tərəfindən təlqin olunan bu psixoloji güc onlarda özünəgüvən yaradırdı. Qadın dərk edirdi, mənim çağamı, qız balamı heç kim diri-diri torpağa gömə bilməz, - deyirdi, üsyan edirdi artıq. Evlərin qızları, qadınları, həyat yoldaşları ayılmağa başlayırdı. Oyanış nə gözəldir!

Türk qadınının həyat tərzində vəziyyət başqa cür idi. İslam bizim torpaqlara qədəm qoyana qədər türk qadını kişisi ilə birgə at çapırdı, döyüşlərdə iştirak edirdi, Amazon ruhuna sahib idi. Diplomat qadın olaraq kişilərdən heç də geri qalmadığını hər hərəkətilə sübut edirdi. Dillərdə əzbər olmuş gender bərabərliyi mərhələsini ulu nənələrimiz, ulu babalarımız çox gözəl bilirdi. Kimsə kimsənin haqqına və azadlıq sərhədinə daxil olmurdu. Qadının və kişinin yolu və mövqeyi bəlli idi. Onun bürünməyə, sarınmağa, gizlənməyə ehtiyacı yox idi. O, gerçək idi, o, var idi, o, qəhrəman idi. Elə bu bacarığı, bu hökmranlığı, mərdliyi yadelliləri qorxutduğundan ərəb dünyasından çox-çox fərqli olan türk qadını gerçəkliyini mifə çevirmək üçün, müti qadın cəmiyyətinin müti insan yetişdirmə istəyinə arxalanaraq tamamilə doğru olmayan müsəlman ideologiyası - qadını kilidləmək metodikasını gerçəkləşdirmək istəyirlər bizim üzərimizdə. Bu çanaq bizim başımızda çatlayır. Bu, Məhəmmədin öyrətdiyi, təbliğ etdiyi ideologiya, islahat platforması deyildi. Sadəcə, tarixi məsələlər, hegemoniya - yerlərdə bərqərar olmaq istəyi bu prosesi labüd etdi. Cəmiyyəti məhv etmək istəyirsənsə, qadını məhv et.

Böyük siyasi, tarixi gəlişmələrdən sonra Müsəlman Şərqinin ilk Cümhuriyyəti parlaq zəka sahiblərinin yardımı ilə türk qadını ruhunu üzə çıxardı, ona kimliyini xatırlatdı, ona seçki hüququ verdi. Məhəmməd Əmin Rəsulzadə də Rəsul idi, elçi idi...

Əhməd bəy Ağaoğlunun eyni məqaləsində yazılır: "Müsəlman dünyasını oyandırmaq üçün, onu mədəni millətlər cəmiyyətinə qatmaq üçün şiddətli bir sarsıntıya ehtiyac var. Müsəlmanların da, öz təkamül mərhələlərini keçirmələri, aralarından iradəli, cəsur və fədakar bir adamın çıxması gərəkdir. Belə bir islahatçı bilavasitə müsəlmanlıqda, onun tarix və ənənələrində bərəkətli bir torpaq tapacaqdır. Təkrar edək: nə "Quran", nə şəriət şəxsən yeniliyə əngəl deyildir. Ancaq bunların təbliğatçıları - üləmalar və şeyxlər şəxsi mənafeləri naminə müsəlmanlığa mədəniyyətlə uzlaşmayan bir mahiyyət verməyə çalışmışlar. Misir islahatçısı Məhəmməd Əli, Misir şeyxlərini və üləmasını üç cərgə əsgərlə mühasirəyə aldığı sarayına toplayıb, layihəsini hazırladığı İslahat fərmanına ölüm qorxusu altında qol çəkdirərkən bunu çox yaxşı anlamışdı".

Tarix səhifələrimizi vərəqlədikcə Azərbaycan qadını stixiyası bir ildırım kimi bizi vura bilir. Hətta görünməsi mümkün olmayan zamanlarda belə o qadınlar adlarını qızıl hərflərlə tarix səhifələrinə həkk etdirir. Varlığı, kimliyi bilinməsə də o qadınların dilindən qopmuş bayatılar, nəğmələr, laylalar indiyənə qədər eyni qadın zərifliyi ilə dilimizdə səslənir. "Oxuma!", "yazma!", "danışma!" deyilsə də o qadınlar xalça naxışları arasında danışıb, yazıb, oxuyub.

Dünyanın çirkli qanunları nə etsə də bu gerçəkliyi gizlədə bilməyəcək. Yaranışı Adəmin mifik qabırğasından gəlsə belə, əyri bumeranq kimi uzaqlara atılıb unudulmağa çalışdırılsa da yenidən həqiqət kimi cəmiyyətlərə qayıdacaq qadın. Hər dəfəsində də doğuluşu, özünü xatırlaması möhtəşəm olacaq. Külündən yaranan, dəfələrlə ölən və dəfələrlə dirilən Simurq quşu kimi alovlar içindən bərqərar olmağı bacaracaq. Qadınlıq xarakterinin nə olmasını bildirərək Sara Xatun kimi, Nüşabə, Tomris ana kimi, Tuti Bikə kimi, Natəvan kimi, Həcər kimi, sadiq Burla xatun kimi, Şükriyyələr, Hənifələr, Gültəkinlər, çoxu kimi zühur edəcək. Hər dəfəsində də bəli, mən qadınam, sözünü mərdi-mərdanə deyə biləcək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!