Əfsanəvi Promedeya Ananta Tur - Leyla Ramazanova yazır

İndoneziya ədəbiyyatı

 

Müasir İndoneziya ədəbiyyatının görkəmli nümayəndələrindən biri Promedeya Ananta Tur (1925-2006) yaşadığı dövrdə canlı əfsanə hesab olunub. Əsərləri yeni süjet, mövzu, xarakterlərlə çağdaş nəsri zənginləşdirib, bir çox dünya dillərinə tərcümə edilib. A.Tur 6 fevral 1925-ci ildə Mərkəzi Yavanın Blora qəsəbəsində dünyaya gəlib. Atası müəllim və siyasi fəal olduğundan övladlarını ədalətli, vətən uğrunda canından keçməyə hazır olan vətəndaşlar kimi tərbiyə edib. Atasının zəngin kitabxanaya malik olması uşaqlıqdan P.A.Turun kitablarla tanış olmasını təmin etmiş, dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Məktəbi bitirdikdən sonra kiçik qəsəbədə qalaraq heç nə əldə edə bilməyəcəyini anlayan P.A.Tur Suraba şəhərinə getmişdir. O, burada jurnalistika ilə maraqlanmış, ancaq buraya gəlməyindən çox keçməmiş dəmiryolçuların və metalistlərin üsyanı başlayıb. Bu üsyanlarda iştirak edən Tur daha sonra paytaxt Cakartaya gedərək, müstəqillik uğrunda vuruşmalarda yaxından iştirak edib. P.A.Turun uşaqlıq, gənclik illəri ölkənin ən çətin günlərinə təsadüf etmişdir.

1942-ci ildə yaponların işğalı zamanı gənc nəsil əlində silah mübarizəyə qalxır. P.A.Tur da yaponlara qarşı mübarizəyə qoşulan ilk könüllülərdən olur. İlk əsərlərini bu dövrdə qələmə alan gənc yazıçı özünün və silahdaşlarının real obrazlarını yaratmışdır. Hollandların yaponlarla mübarizəsi acınacaqlı halda olan yerli xalqın vəziyyətini daha da ağırlaşdırırdı. Ölkə aclıq və səfalət içində idi. Əsərlərinin qəhrəmanları xalq içərisindən çıxan sadə, zəhmətkeş insanlar olan P.A.Tur böyüyüb başa çatdığı kiçik qəsəbənin əsrarəngiz, zəngin təbiəti ilə səfalət içində yaşayan xalqının təzadlı vəziyyətini "Blora haqqında hekayələr" kitabında bütün çılpaqlığı ilə təsvir edə bilmişdir. Müəllif bu hekayələri gənc yaşda yazmasına baxmayaraq, dövrünün problemlərini bədii boyalarla əks etdirə bilmişdir. Təəssüflə qeyd etməliyik ki, ədibin heç bir irihəcmli əsəri Azərbaycan dilinə tərcümə edilməyib. 1971-ci ildə yeganə ana dilinə tərcümə olunan "İnem" hekayəsi "Blora haqqında hekayələr" kitabına daxildir. Hekayədə kasıbçılıq, nadanlıq, gerilik, kiçik yaşda qızların ərə verilməsi müəllifin əsas tənqid hədəfləridir. Əsərin baş qəhrəmanı İnem səkkiz-doqquz yaşlarında bir qızdır, ailəsi maddi ehtiyaclar ucbatından qızlarını kiçik yaşda ərə verməyi qərara alırlar. Ali təhsilli qonşunun dilindən verilən hekayədə bütün problemlərin əsas qaynağı kimi təhsilsizlik, savadsızlıq qeyd olunur. Hekayənin sonunda isə ər evindəki iztirablara dözməyən qızcığaz ailəsinin yanına qayıtsa da, ailəsi onu qəbul etmək istəmir, onu fərqli əzablara məruz qoyurlar. Hekayə "Bəzən İnemin tükürpərdici iniltisi eşidilirdi. Belə vaxtlarda şəhadət barmaqlarımla qulaqlarımı tıxayırdım" sözləri ilə tamamlanır. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq cəhalətə, maarifsizliyə qarşı mübarizə yazıçıların, mütəfəkkirlərin həmişə ən böyük dərdi olmuşdur.

Ananta Turun gənclik illərində xalqın mədəni vəziyyəti ürəkaçan deyildi. İşğal altında olan ölkədə mədəniyyət və ədəbiyyat inkişafdan qalmış, ənənələr üzərində davam etdirilmiş, müasir standartlara cavab verməmişdir. 

...Lakin İndoneziyanın müstəqilliyini elan etməsinə baxmayaraq, Hollandiya hökuməti ərazidən çıxmaq istəmir, siyasi fəalların həbs olunması haqqında yeni qərarlar qəbul edirdilər. Gənc yaşda olmasına baxmayaraq, P.A.Tur əsərləri ilə xalqın sevgisini qazanmış və məşhurlaşmışdı. Onun siyasi çıxışları, müstəqilliyin qorunub saxlanması üçün apardığı mübarizələr 1947-1949-cu illər ərzində hollandlar tərəfindən həbs olunması ilə nəticələndi. Həbs illərində ədib ilk irihəcmli əsərlərini qələmə alır. İlk romanı "Qaçaq" ("Perburuan") da hadisələr Yaponiyanın İkinci Dünya müharibəsindəki müttəfiq qüvvələrə təslim olduğu gündən əvvəlki gecə Şərqi Yavada yerləşən Blora şəhərində cərəyan edir. P.A.Tur əsərin ideyasını oxuculara bu sözlərlə çatdırır: "Bir zülm rejimi üçün çalışan hər kəs zalımdır. Hansı vəzifədə işləməsindən asılı olmayaraq, hamısı eynidir". Ədib bu sözlərlə həm hollandlara xidmət edən, həm də yaponlarla əlbir olan yerli məmurları, satqınları tənqid edir, onların xalqa zülm etdiklərini, gələcəyi, müstəqilliyin gətirəcəyi xoş günləri məhv etdiklərini göstərməyə çalışmışdır. Baş qəhrəman Hardonun öz kəndinə, ailəsinə yalnız İndoneziya müstəqil olduqdan sonra qayıdacağını bildirməsi P.A.Turun gec və ya tez İndoneziyanın müstəqil olacağına olan inamının ifadəsidir. Müəllifin özünün yaponlara qarşı vuruşması, həmin hadisələrin birbaşa iştirakçısı olması əsərin hər cümləsində öz bədii əksini tapmışdır. Romanın ikinci hissəsində müəllif təsadüf nəticəsində qarşılaşan ata və oğul təsvir etmişdir. Əvvəllər kənd valisi olan ata artıq yaponlardan qaçan bir qumarbaza çevrilmişdir. Müəllif ata obrazının simasında həmin dövr üçün səciyyəvi olan bir qisim insan tipini ümumiləşdirmişdir. Bu insanlar yaponlara xidmət etdikləri üçün peşman olan, yaponların hər bir işğalçı kimi ancaq öz mənfəətlərini düşündüklərini və öz mənfəətləri uğrunda yerli xalqı istismar etdiklərinin fərqinə varanlardır. Romandakı ən ziddiyyətli və oxucu üçün tam açılmayan obraz zabit Karmin surətidir. P.A.Turun humanist fikirlərinin daşıyıcısı olan Hardo Karminin xəyanətinə baxmayaraq, onun bu hərəkətini müxtəlif səbəblərlə əsaslandırmağa çalışırdı. Ədib insanların həyatının dəyişməsinə səbəb olan ən böyük qüvvələrdən birinin eşq olduğunu vurğulayır. Karminin də onlara xəyanət etməsinin başlıca səbəbi kimi nişanlısının onu tərk edib başqası ilə evləndiyi üçün depressiyaya düşməsində görür. Düzdür, Karminin bu səbəblə dostlarına, vətəninə xəyanət etməsi əsərin təsir qüvvəsini azaldır, çünki heç bir qadına olan sevgi vətənə, torpağa olan sevgidən üstün ola bilməz. 1949-cu ildə Buki Duri həbsxanasında yazılan bu əsər müəllifin ilk qələm təcrübələrindən olmasına baxmayaraq, İndoneziyanın həmin dövrdəki tarixini, acı günlərini, əsrarəngiz təbiətini (əsərdə çox gözəl peyzaj nümunələri yaradılıb), sadiqliyi, xəyanəti peşəkarlıqla oxucuya təlqin edə bilmişdir.

Müstəqillik uğrunda mübarizə illərində hərbi müxbir işləyən P.A.Tur həbsdə olarkən gərgin şəkildə yaradıcılıqla məşğul olmuşdur. "Qaçaq" əsərindən başqa, "Partizan ailəsi" ("Keluarga gerilya"), "Bekasi çayının sahilində" ("Di tepi kali Bekasi") romanları bu dövrün məhsuludur. Bu əsərlərdə ədib müharibənin törətdiyi fəlakətləri, azadlıq uğrunda canından keçməyə hazır olan fədai obrazlarını böyük ustalıqla yaratmışdır. "Bekasi çayının sahilində" əsərində müəllif iştirakçısı və şahidi olduğu mübarizə illərindəki hadisələri qələmə alarkən yazırdı ki, biz vuruşmağı elə müharibədə öyrəndik, bu döyüşlər bizi köləlik hissindən azadlıq hissinə qədər yüksəltdi. Müəllif "Partizan ailəsi" əsərində yadellilərə satılan ata obrazını yaratmaqla yanaşı, Saaman kimi canından keçməyə hazır olan gənc nəslin nümayəndələrini canlandırdı, İndoneziyanın müstəqilliyini daim qoruyacağını sadə xalq dilində peşəkarlıqla ifadə etdi. Valideynlərini və böyük qardaşlarını itirən kiçik uşaqların simasında müəllif bədbinliyə qapılmadı. Mərhəmət, sədaqət, insanlıq, xoşbəxtlik məfhumlarının heç vaxt ölmədiyi qənaətinə gələn ədib yeni nəslin daha gözəl günlər yaşayacağı ümidi ilə əsəri  tamamladı.

Yeni qurulmuş İndoneziya Respublikası qısa müddət sonra siyasi və iqtisadi böhranla qarşılaşdı. Uzun müddət azadlıq uğrunda edilmiş müharibələr iqtisadi baxımından zəif olan ölkəni daha da geri salmışdı. Ölkədə kasıblıq, aclıq tüğyan edirdi. Bu məsələlər 1950-ci illərdə P.A.Turun yazdığı "Sübh", "İnqilabın qığılcımları" adlı hekayələr toplusunda öz əksini tapmışdır.

Ölkədəki vəziyyətdən təngə gələn gənc zabitlər 1965-ci ildə hərbi çevrilişə cəhd etdi. Onlardan çoxu ya həbsə alındı, ya da öldürüldü. Ölkədəki bu siyasi proseslər mədəniyyətə, ədəbiyyata da təsirsiz ötüşmədi. Siyasi görüşlərinə görə bir çox şair və yazıçı ölkəni tərk etdi, həbs olundu və ya sürgün edildi. Ananta Tur da kiçik bir adaya sürgün edildi, əsərlərinin bəzilərinin oxunması qadağan edildi. Yalnız 1980-ci illərdə Cakartaya qayıtmasına icazə verildi. Görkəmli ədib bu tarixi hadisələri üç hissədən ibarət trilogiyasında əks etdirdi. 1980-ci ildə nəşr olunan "Sülh adamı" romanı xalq arasında geniş yayıldı. Trilogiyanın ikinci hissəsi - "Xalqların oğlu" nəşr olunduqdan sonra P.A.Tura qarşı qərəzli ittihamlar səslənməyə başladı, onu yenidən sosializm ideyalarını təbliğ etməkdə günahlandırdılar. Məhkəmədə səsləndirilən ittihamları qəbul etməyən müəllif 1985-ci ildə "Ayaq izləri" əsərini yazıb bitirsə də, çapı qadağan edildi.

Ədib sonrakı dövrlərdə daha çox kiçikhəcmli hekayələr və povestlər qələmə aldı. "Şüşəli ev", "Bir az sakit mahnılar" adlı avtobioqrafik əsərlərində qarşılaşdığı çətinlikləri, məhrumiyyətləri, gördüyü haqsızlıqları bədii dillə oxucuların nəzərinə çatdırmışdır. Əsərlərindəki mübarizlik, azadlığın qorunub saxlanılması üçün edilən fədakarlıq motivləri, ideya xüsusiyyətləri özündən sonrakı İndoneziya nəsrinə böyük təsir göstərərək Ananta Tur ədəbi məktəbi yaranmışdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!