Həyat oğurlayanlar... - Pərviz Seyidli

Pavel Çuxrayın "Oğru" filmi haqqında mozaik təhlil

Yazıya kino haqqında ənənəvi, amma hər zaman öz vacibliyini qoruyan bir cümlə ilə başlamaq istəyirəm. "Bir filmin yaxşı olması üçün üç şey önəmlidir: ssenari, ssenari, ssenari".
Ustad Fellininin bu sözlərini qeyd eləməklə nə öz ssenarist  eqoma sığal çəkmək, nə də ki, kino sahəsində çalışan digər peşə sahiblərinin əməyini yerə vurmaq niyyətində deyiləm. Haqqında danışacağımız filmin ssenarisi elə filmin rejissoru Pavel Çuxraya aiddir. Pavel Çuxray bir rejissordan ziyadə öz ölkəsində və keçmiş SSRİ ölkələrində məhşur ssenarist olaraq tanınıb. Gənc yaşlarından kino sahəsində həm rejissor, həm ssenarist, həm də ki, aktyor kimi fəaliyyət göstərib. Ona rejissor olaraq ən böyük uğuru isə şübhəsiz ki, hal-hazırda haqqında yazdığımız  "Oğru" filmi gətirib.  1997-ci ildə çəkilən kino  xarici dildə ən yaxşı film nominasiyasında Oskar film mükafatını qazanıb. Soyuq şimal ölkəsinin istehsalı olan kinonun Oskar alması və ümumiyyətlə, filmin uğur qazanmasının sirri nədədir? Yaxşı ssenari, yaxşı rejissor işi, möhtəşəm aktyor oyunu, yoxsa bunların hamısı?! Hər halda yazının davamında bu suallara cavab tapmağa çalışacağıq.

Dönüm nöqtəsi bir.  Yol həyatın metaforası kimi
Uzun bir yol təsəvvür edin, kimsəsiz yolda bir qadın düşünün, özü də hamilə olsun və uşağı yolda təkbaşına dünyaya gətirsin. Çarəsiz ana və onun yeni doğulan körpəsi. Yəqin ki, təsəvvürünüzdə çox ağrılı bir mənzərə canlandı. Kino məhz bu kadrla başlayır. Növbəti epizod zaman aşımından sonranı göstərir, ana və yanında altı yaşlı oğlu qatardadırlar. Sanki rejissor bu yolları göstərməklə obrazların həyatının daima səfərlərdə, yollarda keçəcəyinə işarə edir. Kino həmin uşağın - daha doğrusu, böyüyüb hadisələri yadına salan Saninin  dilindən nəql olunur.

Ana  (Yekaterina Rednikova) və oğlu (Mişa Filipçuk) kupedə oturublar. Bu vaxt onların kupesinə zabit geyimində bir nəfər (Vladimir Maşkov) daxil olur. Həyat təcrübəsi çox olan zabit (həqiqətən zabitdirmi?) onunla bir kupedə gedən qadının kimsəsiz olduğunu anlayır, qadın da sanki bir müddət sonra bundan sonrakı  həyatının məhz bu zabitlə bağlı olduğunu fəhm edir. Balaca Saninin isə bəzən gözlərinə heç vaxt üzünü görmədiyi atası görünür. Həlim, mülayim çöhrəli ata daima oğluna gülümsəyir... uşaq da heyranlıqla gözünə görünən ataya baxır...

Zabit uşağın tapançasına maraqla baxdığını görüb kaburadan çıxardığı tapançanı uşağa verir. Uşaq bu "sehrli" əşyaya heyranlıqla tamaşa edir. Tapança detalı daha sonra filmin sonunda böyük ustalıqla işlənəcək.

Katya (ana)  Tolyanla gecə qatarın arxa kupelərindən birində sevişəndən sonra artıq ondan ayrılmayacağını başa düşür.

Tolyan, Katya və oğlu Sani ev axtarmağa başlayırlar. Kirayə qalmaq istədikləri yataqxana nikahı olmayanlara ev vermədiyi üçün onlar yalan danışır, ər-arvad olduğunu deyirlər. Müharibənin yeni bitdiyi ərəfələrdə- 1950-ci ildə zabit geyimində olan və olduqca ünsiyyətcil Tolyan mənzil sahibini rahatlıqla ələ ala bilir.

Biz "Oğru" filmini mənə görə ssenarinin Stanislavski sayılan böyük kinodramaturq və pedaqoq Sid Fildin nəzəriyyəsinə əsasən təhlil edəcəyik. Yəni sujeti onun tərtib elədiyi nəzəriyyəyə əsaslanaraq parçalamağa cəhd edəcəyik. Sid Fild qısa şəkildə yazsaq, ssenarini üç akta bölür. Bu aktları dönüm nöqtələri adlandırır. Dönüm nöqtələrinin özlərinin də adları var: Quruluş, üzləşmə, çözüm.

"Oğru" filminin birinci dönüm nöqtəsi Katya və Sanyanın Tolyanla tanışlığı və onların birgə ev axtarmasıyla başlayır. Yəni, birgə yaşayan ailənin sonrakı taleyinin quruluşu məhz bu nöqtədə başlayır. Tolyan Katyanı ürəkdən sevsə də, onun xaraketindəki kobudluqlar daha sonra üzə çıxmağa başlayır. Balaca Sani gecə qorxub onların yanında yatmaq istəyəndə Tolyan uşağa acıqlanır, onu yerinə qaytarır. Katya bundan pis olsa da, heç bir şey deyə bilmir.  Sanki uzun illərin tənhalığı, kişisiz, müdafiəsiz keçirdiyi günlər onda Tolyanı itirmək qorxusu yaradır. Çünki Katya ilk dəfə özünü güclü hiss edir... Xahiş edirəm bu cümləni diqqətlə yadınızda saxlayın: özünü güclü hiss etmək. Bu cümlə, daha dəqiq desək, güc məfhumu bu yazının və ümumilikdə bu filmin məhək daşıdır. Saninin getdikcə Tolyandan zəhləsi getməyə başlayır. Hər danlananda, özünü tək hiss edəndə heç vaxt üzünü görmədiyi, müharibədə həlak olan atası onun gözünə görünür, təbəssümlə ona əl yelləyir.

Məhz bu yerdə Sani rolunu ifa edən Mişa Filipçukun böyük istedad sahibi olduğunu demək yerinə düşər. Xatırladım ki, Mişa Filipçuk hal-hazırda Rusiyada teatrların birində aktyor kimi çalışır. 

Balaca Sani bir gün həyətdə uşaqlarla dalaşır, onu döyürlər. Hətta uşaqlardan birinin atası da Sanini vurur. Bu hadisəni ağzında siqaret eyvandan izləyən Tolyan indi aşağı düşəcəyini bildirir. Sani qorxur ki, Tolyan gəlib onu döyəcək. Tolyan onların yanına gəlir, qorxulu gözlərlə ona baxan Saninin başını sığallayıb onu vuran adamın velosipedini qırır. Kişi qorxusundan heç nə edə bilmir. Tolyan daha sonra Sanini uşaqların yanına aparıb onu vuranın kim olduğunu soruşur. Sani uşağı göstərəndə Tolyan Saniyə  onu vurmasını tələb edir. Sani əvvəlcə vurmaq istəmir, daha sonra birini vurur. Tolyan daha möhkəm vurmasını  istəyir. Sani birini də vurur. Daha sonra əsəbiləşir, uşağı dayanmadan vurmağa başlayır. Bununla da balaca Sani ilk dəfə "güc"lə tanış olur. Sanki bundan sonra zəhləsi getdiyi Tolyan da ona bu gücün mənbəyi kimi görünür.  

Yaşamaq üçün bir nəsnə önəmlidir - GÜC
Şopenhauerin iradə azadlığını güc anlayışı ilə əvəz edən Nitsşenin tamamilə haqlı olduğunu deməkdə çətinlik çəksəm də (hətta qəbul etməsəm də), müəyyən mənada onun fövqəlinsan fəlsəfi konsepsiyasını qəbul edirəm. Bunu istər bədii əsərlərdə, filmlərdə, istərsə də həyatda müşahidə etmək olar. İnsanlar daim güclü olmaq istəyir. Özləri güclü ola bilməyəndə isə güclü insanların yanında yer almaq istəyirlər. Təbii ki, istisnalar mövcuddur. Amma hər halda insanların güclü insanlara heyranlıqla baxmağı, onların yanından gedə bilməməkləri təhtəlşüurda həmin insana olan pərəstişdən və yaxud onun yerində olmaq arzusundan irəli gəlir. Bu film də məhz həmin insanların taleyindən bəhs edir.

Balaca Sanya Tolyanın sinəsində Stalinin döyməsini görür, maraqla ona baxır. Tolyan uşağa sakitcə pıçıldayır: "Stalin mənim atamdır" uşağın gözləri bərəlir. Tolyan bunun sirr olduğunu deyir. Uşaq üçün getdikcə Tolyan əsl qəhrəman obrazına dönür. Onun sinəsindəki Stalin, kürəyindəki yaquar döyməsi balaca Saninin dünyasına əbədi həkk olur.

Tolyan nəinki Katya ilə Saninin, həm də bütün yataqxananın pərəstiş etdiyi adamdır. Hətta yataqxanadakı qadınlardan biri də Tolyana aşiq olur. Katya bu qadını Tolyana qısqanmağa başlayır. Filmin birinci dönüm nöqtəsinin sonu Tolyanın yataqxanadakı qonşuların hamısına bilet alıb sirkə dəvət eləməyi ilə başlayır.

Hamı sirkdə olanda Tolyan sirki tərk edir. Bunu görən Katya fikir verir ki, Tolyandan xoşu gələn qadın da zalda yoxdur. Sirkdən çıxıb evə qayıdan Katya gördüyü mənzərədən şoka düşür. Tolyan yataqxanadakı bütün mənzillərin qır-qızılını, bahalı nəyi varsa oğurlayır. Katya onun zabit yox, əslində oğru olduğunu, qonşuların evlərini yarmaq üçün sirkə bilet aldığını anlayır. Hər şeydən dəhşətlisi isə o Katyanı və Sanini atıb gedəcəkdi. Katya sadəcə bir oyuncaq idi. Tolyan Katya ilə Saniyə baxır, acıqla deyir ki, kömək edin buraları yığışdıraq, qaçmalıyıq... 

İkinci dönüm nöqtəsi. Oğruların yaşantısı 
Yenə yol... yenə qatar... yenə kupe... rejissor yenə də onları yola çıxarır. Sanki onların ömür yollarının birgəliyini daim təhtəlşüurda tamaşaçıya çatdırır. Onlar oğurladıqları mallarla  uzaqlara gedirlər.  Kinonun ikinci dönüm nöqtəsi burdan başlayır. Artıq üzləşmə zamanıdır. Həm zahiri hadisələrlə; həm də sözün əsl mənasında özünlə. Axı Tolyan Katyanı da pis vəziyyətdə qoyub gedəcəkdi. Axı o, hamını aldatmışdı. Bəs niyə  Katya və Sani Tolyanın yanında idilər?! Yenə qayıdırıq bayaqkı məsələnin üzərinə. Tolyan onlar üçün güc idi. Burda məsələni bir az yumşaldıb Katyanın gücdən əlavə  Tolyana qarşı olan sevgisindən də söz aça bilərik. Zənnimcə, bu çox sentimental görünər. Çünki elə Tolyanı sevdirən cəhət də onun güc sahibi olması idi.

Tolyan rolunu ifa edən Rusiyanın böyük aktyoru Vladimir Maşkovun möhtəşəm performansı obrazı daha da diri edir, tamaşaçı doğrudan da Tolyanın gücünü onun kameraya ötürdüyü enerjidən, xarizmasından hiss edir.

Onlar artıq eyni planla qaldığı yataqxanalardan oğurluq edirlər. Başqa-başqa şəhərlərə gedir, yeni yerlər tapır, oraları yarırlar. Yenə həyatları yollarda keçən üçlük sanki bu oğurluqla həm də onlara inanan insanların inamlarını, ümidlərini də oğurlayırlar. Rejissorun burda qırmızı xətt kimi keçən bir fikri də var. Stalin rejimi də məhz bu oğurluğun üzərində qurulub. Tolyan əslində həm də bir növ Stalinin prototipidir.

Katya nə qədər istəməsə də, dalaşsalar da, Tolyana tabe olur. Amma bu davalar, mübahisələr Tolyanı da bezdirir. Gecə qatar vağzalında ( yenə yol, yenə qatar. - P.S.) Tolyan qızıllarla dolu çantanı Katyaya verib onunla sağollaşır. Katya sanki getmək istəmir. Bu vaxt peyda olan polislər Tolyanı görürlər. Tolyan qaçmaq istəsə də, alınmır onu tuturlar.

Katya Tolyanı atmır. Soyuq Sibirə onun ardınca gedir. Filmdə olduqca ağrılı epizodlardan biri də məhz türmənin həyətindədir. Tolyanı maşına mindirib aparırlar. Balaca Sani qarlı havada maşının ardınca qaçaraq "ata, ata" - deyərək qışqırır.

Katya bir daha Tolyanı görmür. O, iki il sonra xəstəxanada abort zamanı dünyasını dəyişir. Usta ssenarist və rejissor Pavel Çuxray ölüm səhnəsini və sonrakı epizoda keçidi möhtəşəm işləyib.

Sani xəstə anasının yanına gəlib ona mahnı oxumasını xahiş edir. Ana mahnı oxuyur, növbəti epizodda balaca Sanya həmin mahnının müşayiətilə anasının qəbrini təmizləyir, dəmir çarpayıların başlıqlarını gətirib ora sanki hasar çəkir... Haşiyədən kənara çıxaraq deyim ki, dünya kinosunda uşaqların ağrılı həyatını əks etdirən bir çox kino çəkilib. Bu yaxınlarda türklərin Oskar festivalı üçün çəkilən "Ayla" filmi ölkəmizdə də böyük əks-səda doğurdu. Düzdür, "Oskar"ın siyahısına belə düşə bilməsə də, pis kino deyildi. Türklərin son illər kinoda böyük inkişaf yolu keçdiyi hamıya məlumdur. Sadəcə bunu da demək lazımdır ki, Türk kinematoqrafının bir uşağın taleyindən 2017-ci ildə çəkdiyi və Oskar ala bilmədiyi filmi, ruslar 1997-ci ildə çəkib və "Oskar"ı götürüblər. Filmlərin müqayisəsinə gəldikdə isə "Oğru" filmi həqiqətən də sənət əsəridir.

Katya rolunun ifaçısı Yekaterina Rednikova canlandırdığı obrazın öhdəsindən böyük ustalıqla gəlir.

Katya öz həyatını Tolyanın yolunda xərcləyərək sonda gözlərini ədəbi olaraq yumur. 

Üçüncü dönüm nöqtəsi. Yoldan dönüş yoxdur 
Katyanın ölümündən bir neçə il keçib, artıq  Saninin (Dima Çiqarov) on iki yaşı var. O, köhnə qatar relsləri olan yerdə yaşayır. Kimsəsiz uşaqlarla dostluq edir. Kinonun üçüncü dönüm nöqtəsi burdan başlayır. Sani Tolyanın daim çaldığı musiqini eşidir. Bu həmin musiqidir ki, Katya ölməzdən əvvəl oğlu üçün oxumuşdu. Sani səs gələn yerə gedir. Ucuz bir kafedə bir neçə sərxoş oturub. Bunlardan biri Tolyandır. O, azadlıqdadır. Sani onu görəndə heyrətlənir. Tolyanın əvvəlki xarizması yoxdur, əvvəlki zabit xarizmasını indi əyyaş duruşu əvəz edir. Tolyan da uşağa baxır, amma tanımır. Uşaq özünü təqdim edir. Ona elə gəlir ki, Tolyan onu bağrına basacaq. Axı onlar neçə il türmənin yolunda süründülər. Anası ona görə dünyasını dəyişdi. Tolyan birdən onu xatırlayır və çox laqeyd halda deyir ki, Katyaya salam deyərsən. Uşağın qanı damarında donur. Heç nə demədən ordan uzaqlaşır.

Sani Tolyanın o vaxt onda qalan tapancasını saxladığı yerdən çıxarır, Tolyanı izləyir. Tolyan yenə əvvəlki üsulla, çox güman ki, kafedən oğurladığı əşyalarla qatara minmək istəyəndə Sani onu arxadan vurur.

Biz daha çox təhtəlşüurumuzdan ibarətik. Yollar bitmir
Uzun illər keçir, Sani artıq böyüyüb 48 yaşlı polkovnikdir (Yuri Belyayev). Fikir verin, məhz polkovnik. Yəni zabit. Ziqmund Freyd esselərinin birində yazır ki,uşaqlıqda üzləşdiyimiz hadisələr gələcəkdə alın yazısı kimi qarşımıza çıxır. Sani sanki illərlə içində gəzdirdiyi zabit ata kultunu özü bərpa edir. Amma oğru və yalançı olmur, əsl zabit olur. illər onu sındıra bilmir. Müharibə vaxtı əsgərləri ilə gedəndə yaşlı, xəstə kişi ondan kömək istəyir, öskürək ona danışmağa aman vermir. Sani bir cümlə Tolyan adını eşidir. Tez kişiyə yaxınlaşır. Kişini danışdırmağa çalışır. Lakin gecikir kişi canını tapşırır. Sani onu qucaqlayır, gözləri dolur. Tez onun yaxasını açır, sinəsindəki Stalin döyməsini görür. Nə isə düşünür, kürəyini çevirir, ancaq çiynində yaquar tatusunu görmür.

Yenə yol, yenə qatar, yenə kupe... Sani kupenin pəncərəsindən çölə baxır. Üzündə keçirdiyi əzablı günlərin izləri görünür. Hiss olunur ki, illər keçsə də, yaşlansa da, hələ də Tolyanı unutmayıb. Özü üçün yaratdığı bütünü qıra bilməyib. İnsan üçün güc mənfi də olsa, müsbət də olsa özünü sevdirir. Çünki insan gücə möhtacdır. Elə güclü olmağa da... Sani də artıq güclüdür, hökmlüdür. Sanki kino bizə həm də güclü olmaq üçün nə qədər ağrılı yoldan keçməli olduğumuzu göstərir. Fikir verdizsə, kinonun sanki ovqat süjeti yolla bağlıdır.

Rejissor filmin sonunda çox incə bir detal işlədib. Sani kupedə fikirli halda oturub, qarşısında araq şüşəsi və stəkan var. Bu vaxt kupenin qapısı döyülür. Sani qapını açır, bir qadın ondan araq istəyir. Sani qadına sərt nəzərlərlə baxıb stəkana araq süzüb uzadır. Qadın əlindəki dəsmalı stəkanın içindəki arağa batırıb ordan uzaqlaşır. Sani onun ardınca baxır. Qadın qızdırması olan uşağının boğazını dəsmalla bağlayır. Sani kupenin qapısını bağlayır, əlindəki stəkanı başına çəkir.

Pavel Çuxray həmin qadını göstərməklə sanki Katyanın vaxtında özünü Tolyana təslim etməsəydi, hər şey başqa cür də ola bilərdi fikrini çox ustalıqla bildirir.

Sani köynəyini çıxarır, çiynində Tolyanın yaquar döyməsi görünür. Başını əllərinin arasına alaraq öz uşaqlığını xatırlayır. Balaca Sani kupenin pəncərəsindən atasının xəyalını görür. Atası ona əl yelləyir.

Qatar isə boş yollarla gedir, gedir, gedir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!