Maraqlı şeir, esse, müsahibələrilə seçilib gənc yaşında ədəbi aləmdə özünü təsdiq etmiş Fərid Hüseyn bir həftədən sonra AYB-nin Natəvan adına klubunda keçiriləcək kitablarının (!) təqdimatı mərasiminə məni də dəvət etmişdi. Təqdimat gününəcən, dəfələrlə onun doğma səsini, işıqlı üzünü xatırlayır, demək olar, hər gün "birdən mənə də söz versələr..." fikri ağlımdan keçdiyindən narahat olsam da, yaşımı və ayaqlarımın ağrıdığını özüm-özümə bəhanə gətirərək kitabxana, yaxud kitab mağazasına gedib onun kitablarını aramadım. Fəridin "Sevdiyim kitab" layihəsində Lev Tolstoyun məşhur "İvan İliçin ölümü" hekayəsilə bağlı mənimlə sorğu apardığını xatırladım. O hekayəni və hekayə barəsində yazılmış həm rus, həm digər xalqlardan olan söz, sənət, düşüncə adamlarının dediyi, yazdığı fikirləri yenidən araşdırdım. Sorğu zamanı Fərid bəyin həm "İvan İliçin ölümü", həm də bu qüdrətli əsərlə bağlı söylənən fikirlər haqqında... bu yaxınlardasa tanınmış şair Şəhriyar Del Geraniylə apardığı sorğuda Fəridin verdiyi suallardan onun ədəbiyyat, söz, fikir aşiqi olaraq geniş mütaliəsi, düşüncə dairəsinin genişliyi, məntiqinin gücü, vurğuladığı sənət adamının, şəxsiyyətin dərin qatlarına enə bilmə qabiliyyəti diqqətimi çəkdi.
Neçə il öncə irihəcmli sənədli bir romanın məndən sonra Fərid Hüseynin redaktə edərkən onun sözü, cümləni, mətni duyma hissiyyatını, bəzi faktları səbrlə araşdıraraq dəqiq çıxarışlar etdiyini və ciddi məsuliyyətini bir daha hiss etdim.
Təqdimata bir gün qalmış Fəridin Özbəkistan səfəriylə bağlı yazıb "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi "Xivə dəftəri" şeirini gözdən keçirdim. Bir neçə misrada mənə orijinal, yeni görünən bənzətmə, obrazlı ifadələri kağıza köçürdüm. Çıxışımda, bəyəndiyim misraların hamısını reqlament qıtlığından oxumaq imkanım olmazsa, bu parçanı mütləq oxuyacağıma qərar verdim.
...Tarix xatırladır ki,
hökmdarların dəyişməz şakərlərindəndir
hündürdən baxmaq:
o yerdən ki, ordan baxanda
adamların tələsdiyi mənzillər görünmür.
O yerdən ki, ordan baxanda
gəmilər ilan kimi sürünür,
qəbiristanlıqlar çaylaq yerini xatırladır...
Ordan baxanda hamının axırı bilinməz,
hər kəsin işi yarımçıq qalır...
Məndən öncəki çıxış edənlər Fərid bəyin "Xivə dəftəri" şeirini Özbəkistan prezidentinin də oxuyub bəyəndiyini söyləyənlər olsa, təkrar görünsə belə, bu faktı mən də vurğulayacağıma israrlıydım.
Fəridin "Yalan bayramı" adlı gözəl şeirini oxuyanda dünyaca məşhur türk şairi Nazım Hikmətin ötən yüzilliyin 1949-da yazdığı "Əllərinizə və yalana dair" şeiri yadıma düşdü. Geniş mütaliəli Fəridin həmin şeirdən təsirlənib impuls aldığına şübhə etmirəm. Məncə, dünyada özündən öncəki dahi sənətçilərdən təsirlənməyən, faydalanmayan yaradıcı adamın olduğuna inanmıram. Məna və ideyaca bir-birinə oxşasa da intonasiya, obraz və bənzətmələrin orijinallığına görə bu iki şeir bir-birindən dağ-dərəcən seçilən bədii mətnlərdi.
Səhərisi gün əlimdə əsa taytıya-taytıya, həm də tələsə-tələsə gəlib, Natəvan klubuna girib ərkyana dairəvi düzülmüş stulun birinə yaxınlaşanda kiminsə "ora tutulub" səsini eşitdim. Ondan aralıdakı yerlərə yaxınlaşanda, məndən də sonra gələcək hörmətli adamlar üçün tutqulandığını hiss edib suyu süzülmüş geri qayıdaraq arxada sırayla düzülmüş stulların birində oturub dairəvi stullarda əyləşənləri gözdən keçirdim. Anar, Fikrət Qoca, Çingiz Abdullayev, AMEA-nın vitse-prezidenti akademik, deputat İsa Həbibbəyli, deputat Cavanşir Feyziyev, Azərbaycanda Türkiyə Səfirliyinin mədəniyyət üzrə atteşe işçisi İrfan bəy, Əjdər OL, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, filologiya elmləri doktoru Elnarə Akimova, Rəşad Məcid, tədbirin aparıcısı, tanınmış şair Səlim Babullaoğlu... "Maşallah, gənc Fəridin işığına nə qədər tanınmış yaradıcı şəxsiyyət yığışıb... otuz-otuz beş yaşı ola, olmaya... istedadın yaşı olmur..." qısqanclıqla bu fikirlər ağlımdan keçdi. Sağımda oturmuş, üzdən tanıyıb adını bilmədiyim fotoqrafdan pıçıltıyla: "Bəs bəy niyə gecikir?" soruşanda, o da məndən: - Hansı bəy? - xəbər aldı. Adı yadımdan çıxdığından - Zad...- deyib bir an duruxdum, günahkarcasına tez sözümə davam elədim: - Tədbirin səbəbkarını deyirəm də, Fərid! Fərid! Niyə gecikir?
- Fəridin təqdimatı dünəniydi. Bu tədbir... Bəxtiyar Vahabzadənin anım günüdür...
- Nə danışırsan?.. "Görəndə, gəl Fərid bəyi inandır ki, tədbirinə gəlmişdim..." dilxorca düşündüm. Bir an sonra sevimli müəllimim, gözəl şairimiz Bəxtiyar Vahabzadənin həmişəyaşar varlığı içimi işıqlandırdı. Sinəm sözlə dolu olsa da, mənə söz çatmadı...
14 fevral 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!