Rüstəm KAMAL
Kiçik izahat: Universitetlərin birində hər il Avropa ədəbiyyatından mühazirələr oxumalı oluram. Bu zaman şair və yazıçıların həyatı ilə bağlı bəzi faktları və təxəyyülümdən gələn poetik haşiyələri, fəlsəfi ümumiləşdirmələri qarışdırıb balaca cib dəftərçəmə qeyd edirəm. Cib dəftərçəmin formatı elədir ki, qeydlərimi alt-alta, qırıq-qırıq yazmalı olurdum. Şairlər bağışlasın, bu yazıları oxuyanda mənə verlibr (sərbəst şeir) kimi göründü və belə də saxladım.
"Açıq dərs" layihəsində həmin mini mühazirə-esselərdən birini hörmətli oxuculara təqdim edirəm. İlk mühazirə-essedə alman şairi Fridrix Hölderlinlə (1770-1843) yunan şairi Konstantinos Kavafisi (1863-1933) bir yerdə verməyimizin səbəbi ikisinin də "qədim yunanların zamanında yaşamasıdır".
Hölderlin və Kavafis
(ikihissəli minimühazirə-esse)
I Hölderlinin ölümü
15 il idi ki, Fridrix Hölderlin
Tübingendə evdən çölə çıxmırdı.
Yavaş-yavaş ağlını itirirdi...
Neçə illərdir ki, ruhu
Yunanıstanın zeytun bağlarında gəzib-dolaşırdı.
1799-cu ildə qoca Höte məsləhət görmüşdü ki, qısa şeirlər yazsın və insanlara maraqlı olan mövzulara müraciət etsin.
O isə özünü yunan allahlarının və qəhrəmanlarının şərəfinə himnlər oxuyan aed sanırdı.
Bir gün Frankfurtda qara sevdaya mübtəla oldu,
Diotima adlı yunan qızının butası verildi ona.
Qaranlıq otaqda,
lal kədər içində onunla danışırdı.
Ağacların kölgəsində
arfa çalıb onun adını dilə gətirirdi.
Qızın gerçək varlığına xəyalında elə inanmışdı ki, ölən gününə kimi ona
məktublar yazdı...
Siciliyalı filosof, loğman və şair Empedoklun həyatından roman da yazdı:
"Empedoklun ölümü".
Dünən onu ilahiləşdirən qara kütlə
bu gün Empedokldan üz döndərmişdi, doğma şəhərdən sürgün edirdi.
Empedokl ata evinə qayıtdı,
öncə qulları azad etdi, evi qullara yağmalatdı.
"Allah amanında, bir də çalışın kölə olmayın", - deyib onları yola saldı.
Sevgilisinin atasına məsləhət gördü ki, bu şəhəri tərk edib başqa yerə köçsünlər.
Özünü isə Etna vulkanının odağızlı kraterinə atdı...
...Bir gün Hölderlin eşidir ki,
yununlar osmanlılara qarşı üsyan qaldırıb.
Bu xəbərdən soluxmuş gözlərinə işıq gəldi.
Və sərgərdan ruhu sevgilisi Diotima ilə qovuşdu.
II "İskəndəriyyə, İskəndər..."
Konstantinos Kavafis
İskəndəriyyədə imkanlı tacir ailəsində doğuldu,
ailənin sonbeşiyi, doqquzuncu işığı idi.
Düz otuz il masanın üstündəki saatı 7-yə qurub, məmur kimi işə gedib-gəldi.
Özünü konstantinopollu sayırdı, çünki valideynləri ordan köçmüşdü.
Hər gecə yuxularında Konstantinopol divarları altında
Fateh atlarının kişnərtisini eşitdi,
Mehtər marşı altında
Qoca Bizansın süqutunu gördü...
Şeirlərində antik mənbələri yenidən canlandırıb söylədi.
Konstantinos Kavafis - yunan tarixinin şairi.
"Odisseyin sonuncu matrosu" kimi şərəfləndi
İosif Brodski deyirdi ki, Kavafis xatırlamaqdan həzz alır.
Onun üçün fərqi yoxdur: Kleopatranın sonuncu gəmilərinin Aksium yaxınlığında darmadağın olub getməsini,
yoxsa İskəndəriyyədə avqust axşamının toranlığında gəzintini xatırlayır.
Tarixi keçmiş də şəxsi keçmiş də - ikisi də ruhunun xatirəsi idi...
İldə cəmi iki-üç şeir yazdı -
Homerin, Hesiodun, Alutarxın, Sofoklun. Safonun hüzurunda bu da çoxdur...
Şeirləri hazır olan kimi varaqlarda çap edib göndərirdi
dostlarına, tanışlarına.
Sağlığında bir kitabı da çıxmadı,
amma 154 şeirdən ibarət bir kitabı ölümündən sonra işıq üzü gördü.
Bir gün ingilis yazarı Edmund Foster qoca şairin qonağı olur.
Kavafis əlləri əsə-əsə
qonağın sərəfinə şamlar yandırır.
şamların kölgəsi divarda oynaşanda
hər ikisi İskəndəriyyənin ruhunu çağırır.
Foster İskəndəriyyə haqqında kitabını ona ithaf edir.
1882-ci ildə İskəndəriyyədə Avropa əleyhinə iğtişaşlar baş verir.
İngilislər şəhəri dənizdən atəşə tutur.
Kavafisin 19 yaşı var, anası ilə Konstantinopola gedib.
Ömrü boyu bu tarixi hadisənin şahidi və iştirakçısı olmadığına görə bərk heyifsilənir.
Konstantinopolda yazdığı gündəlik də bu sözlə tamamlanır: "İskəndər..."
1933-cü ildə, son dəfə Dionisin musiqi sədaları altında şəhəri tərk etməsini eşidir, gözlərini yumur və dodağında "İskəndər..." sözü donur...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!