Vüqar QARADAĞLI: “Atamın sevdiyi səslər...”
"Varislər"in bugünkü qonağı Azərbaycan radiosunun əvəzsiz diktorlarından biri, 35 ildən artıq vaxtda səsi ilə milyonlarla dinləyicini valeh etmiş Aydın Qaradağlının oğlu, tanınmış şərqşünas, BDU-nun ərəb dili kafedrasının müdiri Vüqar Qaradağlıdır.
Heç kəsin ağlına gəlməzdi ki, bu oğlan böyüyəndən sonra öz aydın səsi, gözəl diksiyası, ləngərli intonasiyaları ilə Azərbaycan radiosunun ən tanınmış diktorlarından biri olacaq.
O, XIX əsrin tanınmış maarifçisi, teatr tənqidçisi, şairi, filoloqu, tərcüməçisi, xəttatı, tarixçisi Həsənəli xan Qaradağinin nəvəsi idi. Ziyalılıq, mədəniyyət, elmə və incəsənətə olan həvəs bu ailədə hər kəsə irsən keçmişdi. Həyat eşqi ilə alışıb-yanan oğlanın yeniyetməlik dövrü Böyük Vətən müharibəsi illərinə təsadüf etdi. Orduya yaşı çatmayan yeniyetmə nə yolla olursa-olsun, müharibəyə getmək, düşmənə qarşı döyüşmək istəyirdi və məhz bu səbəbdən 1945-ci ildə Bakı Gəmiçilik Məktəbinə qəbul olundu. 1945-ci ildə müharibə başa çatdı və 16 yaşlı oğlan arzuları ilə baş-başa qaldı. 1946-cı ildə onu dövlət radiosuna diktor kimi işə götürdülər və beləcə, yeni bir həyata qədəm qoydu.
O, Azərbaycan peşəkar diktor məktəbinin yaradıcısıdır. Sonrakı illərdə təhsilini davam etdirmək üçün Bakı Teatr Texnikumunu, Moskvada Ümumittifaq diktorluq kursunu, İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdi və 1964-cü ildə hələ tələbə ikən diktorlar arasında ilk Əməkdar artist adına layiq görüldü. Əlli illik qısa ömrü 1980-ci ilin soyuq yanvar ayında nöqtələndi, amma səsi, xatirələri yaddaşlarda yaşadı, unudulmadı.
Aydın Qaradağlının varisi, tanınmış şərqşünas alim, Əməkdar jurnalist, BDU-nun dosenti, "Quran"ın dilimizə tərcüməsinin redaktoru Vüqar Qaradağlı ilə onun iş otağında görüşdük.
Bu nəsil Şah İsmayılın hakimiyyətə gəlməsində yaxından iştirak etmişdi
- Qaradağlı soyadı mənə çox qəribə gəldi. Aydın müəllim Qubada anadan olub, amma, məncə, Qaradağlı soyadının Qubaya dəxli olmamalıdır, çünki bildiyim qədərilə bu, Cənubi Azərbaycandakı Qaradağdır...
- Əslimiz Ustaclı elinin Toxmaqlı oymağındandır. Toxmaqlıların Şah İsmayılın hakimiyyətə gəlməsində xüsusi xidmətləri olub. Belə götürülür ki, ən əsas Qızılbaşlar - şahsevənlər toxmaqlılardır və onlar yaxşı mənadı Şah İsmayılı öz çiyinlərində hakimiyyətə gətiriblər. Onların sədaqətinə qarşılıq olaraq Şah İsmayıl Cənubi Azərbaycanda Qaradağ adlı mahalı toxmaqlılara verib və beləcə, toxmaqlılar dəyişib qaradağlılar olublar. Toxmaqlılara həm də xəlifəlilər deyiblər.
- Bu xəlifəlilər sözü haradan gəlir? Yəni bunların ərəb xilafəti ilə nəsə bağlılığı olub, ya yox?
- Yox, qətiyyən... Qaradağda onlara böyük mahal verildikdən sonra həm də xanlıq verilib və o nəslin nümayəndələrinə xan deyiblər, buna qədər isə onlara xəlifəlilər deyilib, tayfa başçısı titulu kimi bir şeydir. Mir Möhsün Nəvvab ulu babam haqqında yazarkən onu xəlifəlilər kimi təqdim edib.
- Ulu baba deyərkən kimi nəzərdə tutursuz?
- Atamın babası Həsənəli xan Qaradağini. Atamın babasının babası isə Qaradağ xanlığının sonuncu xanı olub. 1804-cü ildə Gülüstan müqaviləsi imzalanarkən...
- Məncə, bu, haradasa Fətəli şahla Abbas Mirzənin hakimiyyəti dövrünə təsadüf edirdi.
- Bəli. Babam Abbas Mirzə ilə yola getmir və şah onu təqib etdirir, babam da müqavimət göstərir, dolayısı ilə ruslar tərəfdə mübarizə aparır. Bu dövrdə artıq Səfəvilər hakimiyyəti bitmiş, Qacarlar dövrü başlamışdı. Belədə, babam Məhəmmədqulu ağa xan sərhədi keçib Çar Rusiyasına - indiki Azərbaycana gəlir və Şuşada məskunlaşır. Qaradağda itirdiyi torpaqların müqabilində rus imperatoru ona burada, Yelizavetpol quberniyası ərazisindəki Düyərli adlanan yerdə - indiki Tovuz rayonu ərazisində - min desyatin torpaq ayırır. Məndə bu barədə fərman var. İran sərhədlərinin bu üzündə, yəni Azərbaycan ərazisinə düşən yerlərdə olan torpaqlar onsuz da babama məxsus idi, amma bu min desyatin torpaq isə o tayda qalan ərazilərə əvəz olaraq verilmişdi. Söhbət Həsənəli xanın babasından gedir və o, rus ordusunda xidmət etməyə başlayır, polkovnik rütbəsinə qədər qalxır. Onun oğlu poruçik Həsənəli xan çox gənc yaşında həlak olur və dünyasını dəyişəndən sonra bir oğlu dünyaya gəlir. Belədə körpəyə atasının adını verirlər və uşaq balaca Həsənəli xan adı ilə tanınır. Bu balaca Həsənəli xan da məşhur "Vətən dili" kitabının həmmüəlliflərindən biri hesab oluna bilər, çünki böyük bir hissəsinin müəllifi odur.
Sovet İttifaqında peşəkar diktor kimi Əməkdar artist
- Haqqında danışdığınız balaca Həsənəli xanın həyatı ilə bir qədər maraqlandım və onun öz dövrü üçün nə qədər hərtərəfli adam olduğunu gördüm. Yəqin, Aydın Qaradağlı da öz həyat dinamikasına, daima oxumaq, öyrənmək həvəsinə görə babalarına çəkib... Tələbə ikən diktorlar arasında ilk dəfə Əməkdar artist adına layiq görülüb.
- Bu, bütün Sovet İttifaqında peşəkar diktora verilən ilk fəxri ad olub. Tutaq ki, Levitan o dövrdə RSFSR-in xalq artistiydi, amma aktyorluq sənətindən gəlmişdi diktorluğa, atam isə heç vaxt aktyor olmayıb, bütün fəaliyyəti diktorluqla bağlıdır. Heç vaxt səhnədə oynamayıb, onun işi hər zaman mikrofon arxasında olub. Hətta ona mühüm partiya işi təklif olunub, lakin razılaşmayıb, yalnız öz diktorluq fəaliyyətini davam etdirib. Mənə elə gəlir ki o, hər şeydən əvvəl müəllim olub. Xalqına Azərbaycan dilinin tələffüzünü doğru-düzgün təqdim etməyə çalışıb. Çünki dili ən səlis və doğru orfoepik qaydalarla təqdim etmək onun adı ilə bağlıdır.
- İnternetdə onun bir neçə səs yazısı var və bu gün sizinlə görüşməzdən əvvəl o səsləri bir daha dinlədim. Füzulinin, M.Ə.Sabirin, M.Müşfiqin, İslam Səfərlinin və başqalarının yaradıcılığından poetik nümunələr səsləndirir və adam bir anlıq tarixləşir. Onun səsi bütövlükdə tarixdir, Azərbaycan səsinin etalonudur...
Adi danışığı ilə efirdəki səsi fərqli olan adam
- Çox qəribədir, onun adi danışıq səsi ilə efir səsi fərqli idi. Çox böyük diktorlarımız olub, elə indi də var, amma heç birində səsə atamda olan münasibəti görməmişəm. Ailədə atamızın radiodakı səsini başqa cür eşidirdik, çünki evdə həmin səslə danışmırdı. Mikrofonun işığı yanan kimi səsi dəyişirdi. Bir dəfə uşaq vaxtı məni özü ilə studiyaya apardı, sakit olmağımı tapşırdı. Bir an əvvəl mənimlə danışırdı, amma mikrofonun düyməsini basan kimi başqa səs eşitdim, hər gün radioda eşitdiyim adamın səsini. Səs qalxdı, başqa çalar əks etdi. Çox heyrətlənmişdim, bilirdim radioada danışan atamdır, amma görmürdüm, indi isə hər şey gözlərim önündə baş verirdi. Bu, onun səsə olan hörməti, efirə münasibəti idi. Mənə elə gəlir ki, bu gün televiziya və radionun əsas qüsuru, çatışmazlığı efirdən qorxmamaq sindromudur.
- Məncə, siz çox yumşaq deyirsiz. Bu, birbaşa efirə hörmət etməməkdir. Özündən razılıq, təkəbbür göstəricisidir.
- Tamamilə doğrudur. O vaxt 6-7 milyon idik, indi isə 10 milyonu keçmişik və bu o deməkdir ki, eyni anda səsin 10 milyon qulağa dola bilər və sən tək adam milyonların qarşısında məsuliyyət daşıyırsan. İndi o qorxu yoxdur. Efirin xofu olmalıdır, efirdən qorxmaq lazımdır.
- Bu gün müğənni, aktyor, müxtəlif peşə sahibi veriliş aparır. Dünyanın hər yerində oxşar formatlar mövcuddur və bunu normal qəbul edirəm, amma bir məsələ var: insanların gündəlik danışıq tərzi efirlə, radio-televizya dili ilə formalaşır. Uşaq səs eşitməyə başlayandan evdə valideynlərinin danışıq tərzi ilə yanaşı, həm də efirdəki səsləri eşidir və dil bazasını, lüğət bazasını yığır, lazım olanda onu gündəlik həyatında tətbiq edir. Uşaqlar, yeniyetmələr ekranda, efirdə eşitdikləri "qəhrəmanlar" kimi danışır küçədə-bayırda...
- Problem onlarda deyil. Dediyiniz faktlarda həmin adamlar serialdakı, filmdəki, şoudakı işləri ilə efirdəki, televiziyadakı müəyyən boşluqları doldururlar. Başqa boşluqlar varsa bu onların günahı deyil. Başqa boşluq dedikdə bədii, ciddi, elmi, maarifçi və s. boşluqları nəzərdə tuturam və şoulardakı qəhrəmanlar bu boşluqları doldura bilməzlər, bunun üçün ayrıca peşəkarlar lazımdır. Elə olsa balans yaranırdı və deməzdik ki, efirdə yalnız bu danışıq dili hökm sürür. Yeri gəldi-gəlmədi efirə ləhcə gətirmək qüsurdur. Dünyanın bütün xalqlarında ləhcələr, dialektlər var, amma televiziya, radio, kitab dili dövlətin qüsursuz, təmiz rəsmi dili ilə formalaşır. Onlar bizi tərbiyə edirdilər. İndi problem o cür verilişlərin olmamasıdır. O vaxt Teymur Əliyev var idi, Qurban Yusifzadə var idi, Elşad Quliyev var idi. Mütləq kimsə lokomotiv rolunu öz üzərinə götürməlidir, çəkib aparmalıdır efiri, televiziyanı arxasınca.
- Çox maraqlı mövzuya toxunduq. Çünki elə Aydın Qaradağlı demək, həm də düzgün səs və diksiya deməkdir. Necə bilirsiz, bu dəyərlər niyə dəyişdi? Axı o dövrdə cəmi bir televiziya, iki radio kanalı vardı və bu gün onlarca kanalın gördüyü işdən artıq iş görürdülər.
- Sizə dedim axı, bu sahədə mütləq ixtisaslaşma olmalıdır. Bizdə bütün kanallar ictimai-siyasi profil üzrə fəaliyyət göstərir. Bu, doğru deyil. Kanal maarifləndirici olmalıdır, xəbərlərsiz, siyasətsiz. Biri filmlər göstərməli, digəri klassik musiqi verməli, bir başqası elmi-populyar, müəyyən bir qismi də siyasi xarakterli və s. olmalıdır.
Qeyri-peşəkarlar peşəkarları üstələyirsə...
- Bunun səbəbi nisbətən balaca xalq olmağımızla bağlı deyil ki? Yəni 50 milyon tamaşaçısı olan ölkə ilə 10 milyon tamaşaçı olan ölkədə kanalı saxlamaq çətinliyi...
- Məncə, siz deqradasiyadan danışırsız, sadəcə bunu belə ifadə etmək istəmirsiz, elə deyil?
- Bəli, doğrudur. Mən birbaşa tamaşaçı səviyyəsinin aşağı düşməsini nəzərdə tuturam, amma məsələ ondadır ki, kanallar bu səviyyəni qaldırmaq əvəzinə, özləri tamaşaçı səviyyəsinə düşürlər.
- Peşəkar olmayanların sayı peşəkarları üstələdiyi zaman deqradasiya baş verir. Bu halda qeyri-peşəkarlar peşəkarlarla hesablaşmır. Hər sahədə: sürücülük sahəsində, səhiyyədə, təhsildə və eyni zamanda televiziyada. Biz hər gün bununla üzləşirik.
- Və mübarizə apara bilmirik.
- Bunun üçün iradə olmalıdır. Daha doğrusu, iradə nümayiş etdirmək lazımdır.
- Aktual mövzuya toxunuruq, amma bu gün daha çox Aydın müəllimdən danışmalıyıq. Moskvada peşəkar diktorluq kursunun müdavimi olmuşdu. Moskva televiziyasında, radio kanallarında məxməri səslər vardı. Yaşım bu səslərin bəzilərini xatırlamağıma imkan verir, bəzilərini də internetdən dinləmişəm. Müharibə dövrünün səsləri, məşhur aktyorların mətn oxuması və s.
- Elə səslər bizdə də olub. Şahmar Ələkbərov olub, Həsən Əbluc olub, Həsənağa Salayev olub... Çox olub...
Məşhur Levitanı bəyənməyən diktor
- Aydındır, olmayıb demirəm. Məni maraqlandıran başqa məsələdir. Aydın müəllim o səslərdən hansını sevirdi? Məsələn, mən Vyaçeslav Tixonovun səsini çox sevirdim. Onun bədii mətnləri məni valeh edirdi.
- Atam diktor kimi daha çox Olqa Vısotskayanın səsini xoşlayırdı. Həm də atamın müəllimi olmuşdu. Kirilovu çox bəyənirdi. Şatilovanı bəyənirdi. Deyirdi ki, Levitan müharibə üçün kəşf edilmiş səs idi və müharibə bitən kimi Levitan da arxivləşdi, çünki 70-ci illərdə artıq Levitanı heç kim xatırlamırdı, sadəcə hər dəfə müharibə filmləri gedəndə o səs xatırlanır, öz yerini alırdı. Atam Levitanı bəyənmirdi, çünki Levitan bədii mətni də müharibə mətni oxuyurmuş kimi verirdi, bu isə doğru deyil. Səs mütləq dəyişməlidir. Siz Tixonovun adını çəkdiz. Onun səsi necə dəyişirdi. "Nəsimi" filminin rus dublyajını xatırlayın. Rasim Balayevi necə ustalıqla səsləndirir... Yəni atam bu səsləri sevirdi.
- Müəllimdən danışdız, ağlıma belə fikir gəldi. Məncə, fenomen olaraq müəllimin portreti dəyişib, elə şagirdin, tələbənin də portreti dəyişib. Məncə, üzləşdiyimiz problemlərin əksəriyyəti təhsilə münasibətin dəyişməsi ilə bağlıdır. Evlərdə gələcəyin kişiləri, qadınları əvəzinə, serial qəhrəmanları böyüdürük, sanki...
- Bizim böyük müəllimlərimiz olub, mən bu gün də onları məhəbbətlə, hörmətlə xatırlayıram, mən də tələbələrimlə onlardan az işləmirəm, amma o nəticə yoxdur. Tələbə tələbə deyil. Aralarında tək-tük seçilən olanda sevinirik.
- Siz kifayət qədər tanınmış ailədə böyümüsüz. Aydın Qaradağlının ailəsi diqqət mərkəzində olub. Ümumiyyətlə, hər zaman diqqətdə olmaq sizə mane olurdumu? Bir də, tutaq ki, zaman maşını işləyib, 1980-ci ilin 28 yanvar tarixində baş vermiş o hadisə olmayıb, Aydın Qaradağlı 2020-ci ilin fevralına gəlib çıxıb. Sizcə, bayaqdan haqqında bəhs etdiyimiz oğlanları, qızları görsəydi nə deyərdi onlara?
- Biz ailədə məsuliyyətimizi hiss edirdik, amma mane olmurdu, əksinə, diqqətlə yanaşı, sevgi də var idi və bu sevgi həyat tərzimizdə balans yaradırdı. Onun adına layiq olmağa çalışırdıq. O ki qaldı sualın ikinci hissəsinə, açığını deyim ki, fikirləşirəm: "Nə deyərdi?!". Məncə, "Sehrli xalat" filmindəki xan pionerlərə necə baxırdısa, atam da indiki yeniyetmələrə, gənclərə o cür baxardı.
- Siz həm də cabbarlılar nəsli ilə yaxınsız, ananız Gültəkin Cabbarlıdır. Gültəkin xanım Cəfər Cabbarlı ilə necə qohum idi?
- Cəfər Cabbarlı anamın əmisidir. Anamın atası Əjdər Cəfər Cabbarlıdan 3 yaş böyük olub. Onlardan da böyük iki qardaşları olub: Hüseynqulu və Heydər. Heydər qoçu kimi ad çıxarıb. Anam Cəfər Cabbarlı yaradıcılığını çox dərindən bilirdi, çox gözəl təhlil edirdi. Məsələn, elə "Balaş" adının müəyyən qafiyəyə uyğun gəlməsi... Bu ad təsadüfən seçilməmişdi. Anam deyirdi ki, Cəfər radionun, televiziyanın olmadığı vaxtda bir tamaşada - "Od gəlini" dramında - 17 dəfə "La ilahə illəllah..." dedirirdi obraza. Bu, böyük cəsarət tələb edirdi. Sonra mən bu sözlərin niyə məhz 17 dəfə təkrarlandığı barədə düşündüm. Axı gündəlik namaz 17 rükətdir. Yəqin, bunu nəzərdə tutub... Sonra "Almaz" dramında dəfələrlə "Qurban olum Məhəmmədin şəriətinə" - deyir obraz...
Deqradasiyanı hiss edən kimi televiziyadan uzaqlaşdı
- Vüqar müəllim, ailədə bircə Aygül xanım Aydın müəllimin yolunu davam etdirdi. Özü də müsabiqə ilə gəlmişdi televiziyaya.
- Aygül. Aydın+Gültəkin.
- Bunu bilmirdim. Amma sonra biz Aygül xanımı ekranda görmədik. Nədən uzaqlaşdı televiziyadan?
- Görünür, deqradasiya elə o vaxtdan başlayıb. Jurnalist azad insandır, verilişdə mövqeyini bildirə bilər, amma diktor hazır, qəbul edilmiş mətni oxuyur, bunu qarışdırmaq olmaz. Jurnalistlərin diktorluq, diktorların jurnalistlik etdiyi dönəm başladı və bacım bunu hiss edən kimi televiziyadan getdi.
- Aydın müəllim kimlərlə dostluq edirdi, kimlərlə oturub-durur, yeyib-içirdi? Və o vaxt təməli qoyulan dostluq müəyyən mənada bu gün davam edirmi?
- Çox idi dostları. Bir sürücü vardı, AzTV-də işləyirdi - Akif Şəkərov...
- Amma çox məşhur sürücü idi.
- Hə, yəqin, siz də xatırladız onu. Başqa... Həsən Əblucla, Şahmar Ələkbərovla, Aqşin Babayevlə dostluq edirdi. Yaxın dostu Azər Mirzəbəyov idi. Piano kökləyən Ağası Əliyev vardı, onunla dost idi. Buzovnalı dostu vardı - Rahib Abdullayev... Bu adamlar həm də söz xiridarları idilər, qəzəl dinləməyi sevirdlər. Saatlarla atama qulaq asırdılar. Tarzən Bəhram Mansurovla yaxın idi. Müğənni Hüseynağa Hadıyev tez-tez gələrdi bizə, atamın dediyi qəzəllərə qulaq asardı. Sizə bir söz deyim, atam dünyasını dəyişəndə yaşım az idi, atamdan ala biləcəyim tərbiyəni sonradan onun dostlarının atamın rəftarı, davranışı haqqında danışdığı xatirələrdən aldım.
Ölümündən əvvəl nitqini itirən diktor
- Aydın Qaradağlı dünyasını dəyişdi, amma televiziyada, radioda diktorlar qaldı. Atanızdan sonra efir sizə necə görünürdü? Efirdən eşitdiyiniz səslər sizi kövrəldirdimi? Kimin səsi sizə daha doğma idi?
- Əlbəttə, atam efiri əbədi olaraq bizə doğmalaşdırdı. Təbii, çox darıxırdıq, tez-tez lent yazıları səslənirdi, hamımız kövrəlirdik. Oradakı səslərin əksəriyyəti doğma idi, amma Əli Məhəmmədoğlunun səsi lap doğma idi. Eldost Bayram, Rafiq Hüseynov...
- Məşhur kişilərlə bağlı evdə, ailədə müəyyən qısqanclıqlar yaranır. Sizin ailədə bu məsələ necə idi? Eşitdiyimə görə, Aydın müəllimin səsinə vurulan qadınların sayı az olmayıb. Üstəlik, özü də yaraşıqlı kişi olub. Gültəkin xanım Aydın müəllimi çoxmu qısqanırdı?
- Yox, anam çox müdrik qadın idi. Hər şeyə fərqli baxdığı kimi, atamın azadlıqlarına da fərqli yanaşması vardı. Bizim ailədə elə bir problem olmayıb. Atamdan xeyli sonra, mən artıq özüm böyük kişi idim, bir dəfə zarafata salıb bu barədə anamdan soruşdum, çox konkret cavab verdi mənə: "Elə bir şey olmayıb, - dedi, - lap elə tutaq ki, nəsə olubsa da o bilər, mən bilərəm". Ümumiyyətlə, nə mən, nə də bacılarım evdə, ailədə o mövzuda heç bir narazılıq, söz-söhbət xatırlamırıq.
- Aydın müəllim 51 yaşı tamam olmadan dünyasını dəyişdi. Yəni 50 yaş insan ömrü üçün bir şey deyil. Xəstələnmişdimi? Siqaret çox çəkirmiş, eşitdiyimə görə... O yaşda ölüm gözlənilməz olur, özü də bir insan xəstələnmədən, yatağa düşmədən dünyadan gedirsə, ümumiyyətlə ailə buna hazır olmur... Son nəfəsində nəsə deyə bildimi sizə? Və ondan sonra şəxsən Vüqar Qaradağlının həyatında nə qədər boşluq yarandı? O boşluğu necəsə doldura bildinizmi?
- Nə deyim sizə? (Kövrəlir, uzun pauza yaranır). Hə, çox çəkirdi siqaret. Bir səhər yuxudan oyananda səs eşitdik: "Eşitmirəm...". İnsult keçirmişdi, bizsə bunu bilmirdik. Onunla da yatağa düşdü və bir gün sonra dünyasını dəyişdi. Dediyim kimi, əvvəl eşitmə qabiliyyətini itirdi, bir neçə saatdan sonra nitqi də pozuldu. Bir şeyi xatırlayıram, başı ilə məni çağırdı, çarpayının baş tərəfində, sağında oturdum. Əlini qaldırıb məni qucaqladı və möhkəm sıxdı. O vaxt heç nə başa düşmədim, sonralar fikirləşəndə anladım, yəqin, ailəni mənə tapşırırmış...
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!