Fazil Rəhmanzadənin "Ən böyük Niyazi, ondan böyük yox!.." kitabına ön söz
Dünya yarananda hərəkət vardı, sonra səs yarandı, sonra söz... Musiqi səslərin sözlərə çevrilməsinin tarixçəsidir. Dünya kinosunun da dili gec "açılıb", universal teatr dili hesab edilən pantomim səsin sözə çevrilməsinin tarixçəsidir. Bu, hələ insanın sözləri tanımadığı dövrün ifadə tərzidir. Dilin tarixi varsa, səsin də tarixi var, səsin tarixi dilin tarixindən çox-çox qədimdir. Səs varlığın arxetipidir, dünyanın yaranış çağının məhsuludur. Allahın nəfəsi toxunan hər nəsnə səslə ehya bulub. Körpə də doğulanda özünü qığıltılarla ifadə edir, ağlayır, gülür, əl-qol hərəkətləri edir, sonra səsləri, daha sonra isə sözləri öyrənir. Səsin də bətnindən söz doğulur; səs sözə, söz isə səsə can verir və beləliklə harmoniya yaranır. Səs musiqinin mahiyyətini yaradan əsas elementə çevrilir. Bu haqda çox danışmaq olar, amma məqsədimiz səsin və sözün tarixini araşdırmaq deyil.
Səs xəzinəmizdə dünya durduqca yaşayacaq dahilərin ömür yolu, yaratdıqları incilər də elə səsin, sözün digər obyektlərlə, insanlığın tarixi ilə yanaşı dərk edilməsinə yardımçı olub. Bizə məlumdur ki, səs, musiqi özünü diskursiv şəkildə ifadə etmək istəyən hər hansı bir elmi dərk üçün zəruri vasitəçidir. Əksər hallarda səs sözün köməyinə yetir, harmoniya vasitəsilə insanların duyğularına hakim olur. Bu fikirləri yaza-yaza xəyal məni ötən əsrin 80-ci illərinə, uşaqlıq çağlarıma aparıb çıxarır. Cəmi-cümlətanı on üç-on dörd yaşım olardı, mütaliəyə hədsiz həvəsimi görən anam hər dəfə mənə təzə kitablar alıb gətirirdi. Sinifdənxaric xeyli kitablar oxumuşdum. Bizim ailə Zeynəb Xanlarovanın vurğunu idi və günlərin bir günü anam nəfis tərtibatla hazırlanmış yaşıl cildli bir kitabı çantasından çıxarıb stolun üstünə qoydu. Kitabın üzərində Zeynəb Xanlarovanın rəngli şəkli vardı. Bu, Fazil Rəhmanzadənin "Nəğmə dolu könül" kitabı idi. Uşaq öncə səsin sehrinə düşür, sonra sözün cazibə qüvvəsi onu əhatə edir. On üç-on dörd yaşlı uşağın mənəvi dünyası hələ səslə, harmoniya ilə tanışlıq mərhələsində idi. Yeri gəlmişkən, onu da qeyd edim, biz xoşbəxt nəsilik ki, gözümüzü dünyaya açandan Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin bəstələri ilə böyümüşük. Zövqümüzün formalaşmasında, kamilliyə gedən yolda bu musiqilər bizə bələdçilik edib.
Jurnalistikamızın patriarxlarından olan ustad qələm sahibi Fazil Rəhmanzadənin həmin kitabı mənim üçün səsdən sözə keçid oldu; mən o kitabı oxuduqca sözlərin harmoniyasını, rəngini, qoxusunu hiss etdim. Zeynəb Xanlarovanın səsi bütün Yer kürəsini dolaşıb, milyonlarla insanın qəlbini fəth edib, haqqında yüzlərlə yazılar yazılıb. Amma bu fenomen, bu müstəsna hadisə heç bir yazıda, heç bir kitabda "Nəğmə dolu könül" kitabındakı qədər yüksək peşəkarlıqla araşdırılmayıb. Həmin kitabın müstəsna dəyəri də məhz bununla ölçülür.
Fazil müəllimin sehrkar qələmi bu kitabdan əvvəl də, sonra da olduqca qiymətli yazılar doğurub, Azərbaycan mədəniyyətində iz qoymuş parlaq şəxsiyyətlər haqqında kitablar ərsəyə gətirib. Fazil müəllim həmişə axtarışda olan jurnalistdir, Azərbaycan jurnalistikasına rəngarənglik, əlvanlıq, forma və məzmun baxımından bir sıra yeniliklər gətirmiş qələm sahibidir. O, bədii publisistikanın ən gözəl nümunələrini yaradıb. Böyük zəhmət bahasına ərsəyə gəlmiş "Yol" kitabı bir tale romanı kimi oxunur, dünyanın müxtəlif guşələrinə səpələnmiş yurddaşlarımızın həyat hekayəti struktur baxımından, sanki bir romanın süjet xətti olaraq ipə-sapa düzülür. Müəllif bu kitabı yazmaq üçün sadəcə, masa arxasına keçib təxəyyülünü işə salmayıb, necə deyərlər, "ayağına dəmir çarıq geyib, əlinə dəmir əsa alaraq" dünyanın müxtəlif qitələrini dolaşıb, vətən ayrısı olan yurddaşlarımızın ayrılıq hekayətlərini dinləyib, onların nisgilinə, ağrısına şərik olub, onların iç dünyası ilə empati quraraq ürəyi doğma el-oba həsrətiylə alışıb-yanan insanlarla Azərbaycan arasında mənəvi körpü yaradıb, Azərbaycanı öz ürəyində uzaq ölkələrə daşıyıb, soydaşlarımızın göynərtili ürəklərinə su səpib. Fazil müəllimin yazılarının əhatə etdiyi dünya geniş və fikirli, düşüncəli, dalğın bir dünyadır, bir ucu sızıltılı kədərdən, romantik bir məsumluqdan başlayan, o biri ucu itkilərin, aldanışların gətirdiyi təəssüflə, harayla qurtaran bir dünyadır. Müəllifin bu mürəkkəb, ziddiyyətli və rəngarəng dünyasının realizə prinsipləri ənənəvi prinsiplərdən yaxşı mənada kənara çıxır. Gözlə görünən, ağılla dərk olunan, hisslər və duyğularla yaşanan bütün gerçək faktlara mənəvi-əxlaqi, fəlsəfi problemlərə orijinal baxış, qeyri-standart məna tutumu və obrazlar sistemi ilə mənalandırmaq cəhdi Fazil Rəhmanzadə publisistikasının səciyyəvi xüsusiyyətləridir.
Fazil Rəhmanzadənin "Bu isimdə bir can..." ikicildliyi Azərbaycanın mənəvi xəritəsidir. Bu əsərdə xalqımızın minilliklərdən üzü bəri keçdiyi tarixi yollar canlı mənzərələr kimi gözümüz önündən keçir. Ağrılar, acılar, məğlubiyyətlər, qələbələr, imperiya istilaları, tarixin səhnəsində qabarıb-çəkilmələr, Renessans dövrü, Cümhuriyyət çağı, sovetizmin törətdiyi cinayətlər, repressiya dalğası və nəhayət, yenidən mədəniyyətimizin, incəsənətimizin intibah dönəmi... Bu fundamental əsər azərbaycançılıq məfkurəsinə söykənir, mükəmməl vətəndaş modeli təqdim edir. Fazil Rəhmanzadə Azərbaycandan kənarda da özünün iti zəkası, analitik təfəkkürü, dəmir məntiqi ilə həmişə bədxah qonşularımızın fitnəkar əməllərini ifşa edib. "Bu isimdə bir can..." kitabında bütün bunların hamısı təfərrüatı ilə qələmə alınıb. Fazil müəllim qələm adamı olaraq ekstrim vəziyyətlərdə həmişə cəsarət, vətəndaş və ziyalı mövqeyi nümayiş etdirib. Bu əsərdə erməni yalanları dəlil-sübutlarla ifşa olunur, münaqişənin tarixi kökləri araşdırılır. Müəllif hər cümləsində Əlahəzrət fakta əsaslanır. Bu kitab erməni uydurmalarının daşını daş üstündə qoymayıb, özlərinə psevdotarix yaradan bu başabəla qonşuların nağılları gerçək və həqiqəti əks etdirən faktlarla, sənədlərlə təkzib olunur. Bu baxımdan, "Bu isimdə bir can..." ikicildliyi Azərbaycanın mənəvi pasportudur və gələcəkdə yaşayacaq insanlara həqiqətləri nişan verəcək əvəzsiz bir mənbədir, təzkirədir, salnamədir. Fazil müəllimin bir qələm adamı olaraq bu xalq, millət qarşısında ən böyük xidmətlərindən biri də canından bir can kimi ayrılan "Bu isimdə bir can..." kitabıdır. Tarixdən mədəniyyətə, siyasətdən sənətə və fəlsəfəyə keçidlər oxucunu, sanki bir stansiyadan başqa stansiyaya ötürür. Məmləkətin hər bir insanı bu kitabı oxumalıdır. Kitabın birinci cildinə ön söz yazmış sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə çox haqlı olaraq qeyd edir ki, "Fazil Rəhmanzadə doğrudan da hərtərəfli və ensiklopedik biliyə malik müqtədir qələm sahibidir. "Bu isimdə bir can..." deyilənlərə əyani sübutdur".
Ötən il qafqazşünas alim, tarixçi Oleq Kuznetsov Bakıya gəlmişdi, o, Azərbaycanla bağlı hər zaman obyektiv, vicdanlı münasibət sərgiləyən rus tarixçilərindəndir, qafqazşünas olduğu üçün tez-tez Qafqaz bölgəsinə səfərlər edir. Onunla söhbətimizdə dedi ki, Azərbaycan həqiqətlərini özündə əks etdirən tarixi kitabları xarici dillərə çevirib dünyaya çatdırmalısınız. İndiki dönəmdə buna çox böyük ehtiyac var. Söhbət əsnasında ona Fazil müəllimin kitabı haqqında məlumat verdim, diqqətini çəkdi. Kitabı əldə edib oxuyacağını dedi və əlavə etdi ki, o kitabı rusdilli, ingilisdilli oxuculara çatdırmaq lazımdır ki, həqiqətləri bilsinlər. Mən də bu fikirdəyəm və yəqin ki, gələcəkdə bu vacib iş görüləcək.
Fazil müəllim jurnalistikaya obrazlılıq, metaforik üslub, janrlararası əlaqə və bu kimi digər yeniliklər gətirmiş qələm sahibidir. O, bir-birindən maraqlı əsərləri ilə bədii publisistikamızı zənginləşdirib. Onun mədəniyyətimizdə, incəsənətimizdə iz qoymuş görkəmli sənətkarlarımız Rəşid Behbudov, Ələsgər Ələkbərov, Bədəlbəylilər və digər korifeylər haqqında yazdığı kitablar publisistik üslubla bədii üslubun sintezi üzərində qurulub və oxucuların sevə-sevə oxuduğu kitablar sırasındadır. Bu mənada Fazil müəllimi həm teatrşünas, həm musiqişünas, həm ədəbiyyatşünas adlandırmaq olar.
Hələ uşaq ikən onun qələminin sehrinə düşmüşdüm. Heç ağlıma gəlməzdi ki, zaman keçəcək, tale məni jurnalistikaya gətirəcək və jurnalistikada ustad sandığım Fazil Rəhmanzadə ilə sıx ünsiyyətimiz yaranacaq və bu ünsiyyət yaxın dostluğa çevriləcək. Dostluq sözü bəlkə də çoxlarına qəribə görünə bilər, aramızda uzun bir zaman fərqi var, mən hələ dünyaya gəlmədiyim vaxtlarda Fazil Rəhmanzadə Azərbaycan jurnalistikasında brend imzalardan birinə çevrilmişdi. Amma mən o mənada özümü xoşbəxt hesab edirəm ki, lap gənclik çağlarımdan ağsaqqal dostlarım olub. Fazil müəllim də mənim ağsaqqal dostumdur, onunla hər görüşümüzdən zəngin təəssüratlarla ayrılıram. Bu insan sözün əsl mənasında məktəbdir, örnəkdir. Söhbətimiz elə siftədəncə tutdu və düzünü deyim, bundan gizlicə bir qürur hissi keçirdim. Onun həssaslığına, yüksək davranış mədəniyyətinə, özünəməxsus səmimiyyətinə, ziyalı təmkininə heyran olmuşdum. Söhbətlərimiz bəzən saatlarla uzanırdı və mən bu söhbətlərdən sonsuz dərəcədə mənəvi qida alırdım. Fazil müəllimlə beləcə dostlaşdıq və bu gün də bu dostluq ustad-tələbə müstəvisində davam edir. Mən bu gün də ondan nələrisə öyrənməyə çalışıram.
Mütəmadi görüşlərimizdən birində Fazil müəllim Azərbaycan musiqisinin sütunlarından olan maestro Niyazi haqqında yazdığı "Ən böyük Niyazi, ondan böyük yox!.." kitabının əlyazmasını mənə təqdim etdi və xahiş etdi ki, oxu, fikirlərini yaz. Sözün açığı, həyəcanlandım. Fazil müəllimin kitabına ön söz yazmaq böyük məsuliyyətdir. Özü də Niyazi kimi virtuoz sənətkar haqqındakı kitabdan yazmaq üzərimə ikiqat məsuliyyət yükü qoyur. Mən bu kitabı sonsuz maraq hissiylə oxudum. Bu kitab təkcə Niyazinin ömür və sənət yolunu əhatə etmir, həm də Azərbaycan musiqisinin XX əsrdə keçdiyi inkişaf yolunu əks etdirir. Kitab tarixi faktoqrafiya baxımından olduqca zəngindir. Bir məqam da diqqəti çəkir; Niyazinin sənət yolunda maneə yaratmaq istəyən cılız insanlar onun xarizmasının kölgəsində qalırlar. Əsər bir neçə bölümdən ibarətdir və bu bölümlər bütöv bir mozaikanın tək-tək qiymətli daşları kimidir, hər biri ayrı-ayrılıqda müstəqil əsər kimi oxunur.
Kitabda Niyazi-Həcər sevgisi ayrıca bir xətt kimi işlənib. Çoxlarına bəllidir ki, Niyazinin Həcər xanıma sevgisi sonsuz olub və bu sevgidə ən böyük fədakarlığı da məhz Həcər xanım edib. Tarixdə dahi erkəklərin kölgəsində qalmış çox qadınlar olub. Amma Həcər xanım o qadınlardan deyildi. Bu qadın Niyazinin dahiliyini tam mənada dərk etmiş, özünü hər an ona fəda etməyə hazır bir insan idi. O, Niyazinin sözün əsl mənasında qoruyucu mələyi idi. Fazil müəllim onların sevgi tarixçəsini ayrıntılarıyla qələmə alıb.
Fazil Rəhmanzadə bu böyük sənətçinin həmmüasiridir, onun sənətkar olaraq yaşam tərzinə şahidlik etmiş, onunla bağlı müxtəlif hadisələrin canlı şahidi olmuş bir jurnalistdir. O, Niyazi haqqında bir çox həqiqətləri dərindən bilən, onun mənsub olduğu şərəfli Hacıbəylilər nəslinin tarixini araşdırmış bir tədqiqatçıdır. Niyazi haqqında bu cür dolğun, əhatəli, faktlarla zəngin bir kitabı yalnız o yaza bilərdi və yazdı da! Kitab sadəcə, olmuş hadisələrin ardıcıl silsiləsi kimi deyil, müəllifin özünün də iştirakçısı olduğu, maraqlı, oxunaqlı formaya salınmış süjet elementləri kimi təqdim olunur və dialoqlar formasında davam etdirilir. Maestronun həm şəxsi, həm də yaradıcı həyatında yaşanmış təbəddülatlar bədii mətn elementlərindən istifadə edilməklə oxucuya çatdırılır. Niyazinin çevrəsində əsən, şəxsiyyətinin və bədəninin ayrılmaz parçası olan, getdiyi hər yerə, hər məkana daşıdığı, sanki onunla birgə doğulmuş bir rüzgar vardı. Bütün insanları öz təsiri altına alan bir rüzgar idi bu. Dirijor çubuğundan ətrafa yayılan səs dalğaları, sanki onun şəxsiyyətini də sehrə bürüyürdü. Fazil Rəhmanzadə bu sehrin, bu mifin doğurduğu səbəbləri zərgər dəqiqliyi ilə sözlərə çevirib. O, sanki bir medium olaraq maestronun ruhu ilə əlaqəyə girib onu yenidən danışdırır, onunla dialoqa girir. Kitabın ən maraqlı bölümlərindən biri də "Dialoqlar" bölümüdür. Bu dialoqlar, sanki əsərin yaranması üçün ilkin daxili şərtə, təməl nöqtəsinə çevrilir.
Kitabda dünyanın ən məşhur bəstəkarlarının Niyazi haqqında fikirləri, xatirələri yer alır. Niyazini uğura aparan yollar ayrıntılarıyla təsvir olunur, ona qarşı edilən haqsızlıqlar ürək ağrısıyla müəllifin qələmindən süzülür.
Kitabda, həmçinin dirijorluq sənətinin tarixinə geniş nəzər salınır, Niyazinin sənəti Azərbaycan və dünya musiqisi kontekstində araşdırılır. Niyazi bəşəri musiqinin dahisi olsa da, daim milli lad üzərində gəzişmələr edirdi və milliliklə bəşəriliyin sintezindən ölməz əsərlər doğulurdu. Böyük sənətçilər içində doğulduqları ölkənin, məmləkətin dünya mədəniyyətinə bəxş etdiyi ərməğanlardır. Niyazi də bu qəbil insanlardan idi. Kitabda bu məqama da xüsusi diqqət yetirilir. "Ən böyük Niyazi, ondan böyük yox!.." non-stop oxunan kitablardandır. İnsan və sənətkar şəxsiyyətinin təhlili, onun güclü və zəif tərəflərinin ustalıqla təsviri kitabın üstün məziyyətlərindəndir. Bu mənada Fazil Rəhmanzadə də Azərbaycan mədəniyyəti ilə dünya mədəniyyəti arasında körpüyə çevrilmiş insanlardandır. O, sıradan bir jurnalist deyil, həm də salnaməçidir, yazıçıdır.
"Ən böyük Niyazi, ondan böyük yox!.." kitabı orijinal yanaşmaları ilə, fərqli mövqeyi ilə istisna əsərlərdəndir. Bu mənada kitab mədəni yaddaşımızda öz yerini tutacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!