Yuxu... - Əkrəm Qaflanoğlu - hekayə

 

Kiçik, birmərtəbəli evin pəncərəsindən göyün bir parçası görünürdü. Pəncərənin layları açıq idi, çərçivəsinə ağcaqanaddan qorunmaq üçün tor vurulmuşdu. Gündüzdən evin qırla örtülü damı o qədər qızmışdı ki, evə dolan bürkü bitib-tükənmirdi.

Bütün bədəni su içində idi. Arada balaca oğlunun "bişiyəm" kəlməsini qulağı aldı. Çevrilib o biri uşaqların yerinə baxdı, heç birini yerində görmədi. Böyük uşağı - qızı mətbəx qapısının qənşərində döşəmə üstündə uzanmışdı. Üzünü aralı qalmış qapının hava gələn yerinə çevirmişdi. Əslinə baxsan mətbəx də elə evin içində idi. Həyətə açılan qapı həm evin, həm də mətbəxin qapısı idi. Yataq otağını mətbəxdən ayıran arakəsmənin üstündəki pəncərənin şüşələri çıxarılmışdı. Bu ondan ötrüydü ki, otaq qışda istisini mətbəxdən alırdı. Yataq otağından (həm də qonaq otağı idi) küçəyə çıxmaq üçün əvvəlcə mətbəxə keçmək lazım gəlirdi. Hərgah qonağı gəlmiş olsaydı, mətbəxdən evə keçərdilər. Ortancıl uşağı - oğlu isə kitab şkafının qabağında quruca döşəmənin üstündə yuxuya getmişdi. Bu şkaf həm də körpələrin pal-paltar dolabı idi.

Bürküdən nə özü yata bilirdi, nə də uşaqları. Axır ki, səhərə yaxın hərə "öz yerini" tapıb, istisi avazımış otaqda yuxuya getmişdi.

Üzünü pəncərəyə çevirdi. Dan ulduzu da doğan günəşin işığında əriməkdə idi. Elə beləcə yuxuya getdi. Yuxunu da gözünü yuman kimi gördü...

...Evin qapısı döyüldü. Kiçik oğlu qapıya sarı yüyürdü. Özü isə oturub, çoxdan arzusunda olduğu yazını işləyirdi. Bu yazı bəzən povest olurdu, bəzən də roman. Amma o yazdıqca səhnə əsərinə çevrilirdi bu yazı. İçəri ortaboy, üzügülər bir kişi girdi. Özünü təqdim etdi. "Mən deputatam" - deyib otağa göz gəzdirməyə başladı. Düzü, özünü itirmişdi. Durub gələn yoldaşa nə "xoş gəldin" deyə, nə də oturmağa yer göstərə bilirdi.

- Hə, mən cümə günü "mənzil bölüşdürülməsi" idarəsində oldum. Məqsədim bir deputat kimi vətəndaşlardan gələn məktub və ərizələrlə tanış olmaq idi. - Gələn yoldaş sözə başladı. Ani sükutdan sonra dilləndi. - Haqqınızda yazılan məktubu oxuyub mat qaldım. Mənə elə gəldi ki, bu, məktub yox, fantastik hekayədir. Amma indi baxıb görürəm ki, siz məktubda çox şeyləri yazmamısınız. Məsələn, yorğan-döşəyi yığmaq üçün yeriniz yoxdur. Doldurmusunuz uşaq çarpayısının üstünə. Televizorunuz da elə yerdədir ki, bir tərəfdən qab-qaçaq, o biri tərəfdən də yorğan-döşək qabağını kəsib. Deməli, siz ancaq axşamlar, yerinizi açandan sonra televizora baxırsınız, eləmi?

Ağzını aça bilmədi. Başıyla "hə", - dedi.

- Yaxşı, yayın bu cırhacırında mətbəxdə xörək bişirəndə bu balalar necə dözürlər?

Nəsə demək istədi. Alınmadı. Məcbur olub çiyinlərini qısdı. Mənası bu idi: bilmirəm. Deputat, deyəsən, vəziyyəti başa düşdü:

- Baxıb görürəm ki, ev sarıdan söhbət düşəndə ağzınız qıfıllanır. O qədər ora-bura yazmısınız ki, əsəbləriniz pozulub. Eyib etməz. Şənbə günü gələrsiniz, şəxsən mən xalq elçisi kimi sizə kömək edib, bu balalara mənzil alacağam...

Deputat ona çox söz dedi. Birdən nəfəsi elə bil tıxandı. Öskürüb yuxudan oyandı.

Pəncərənin altından maşın səsi gəlirdi. Yanan benzinin iyi otağa dolmuşdu. Qonşunun qarajı pəncərəsi ilə üzbəüz idi. Yay-qış maşının mühərriki bu pəncərənin altında qızırdı.

Üstündə uzandığı divan pəncərənin yanında qoyulmuşdu. Ayağa durdu. Eləcə divanın üstündən çölə baxdı. Qonşusu qarajın qapısını bağlayırdı. Geri dönüb maşına əyləşmək istəyirdi ki, bədəninin yarısı pəncərədən görünən kirəkeş qonşusunu gördü. Bığının altından bic-bic gülümsədi:

- Hə, qonşu, nə tez durmusan? Bu gün ki, şənbədir! Nə əcəb yatıb dincəlmirsən? Tutaq ki, mən ticarət işçisiyəm, gecə-gündüzüm yoxdur, sənə nə olub ki, saat səkkiz olmamış durub dirənmisən pəncərəyə! Bəlkə mənə deyiləsi sözün-zadın var? Utanıb-çəkinmə. Nə lazımdır, bax, bu yuxudan doymayan gözlərim üstə! Amma sən mənim sahəmdən bir yaxşı məqalə yaz, vəssalam...

Başını pəncərədən çıxarmaq istədi. Tez fikrindən daşındı. Pəncərəyə vurulmuş torun bu üzündən qonşusuna sakit səslə:

- Qonşu, yuxu yoza bilərsən? - dedi.

Kişi bu qəfil sualdan alındı, ancaq özünü o yerə qoymadı:

- O nə yuxudu elə? Özüm yuxu görəndə əzbərdən bilirəm ki, o günü işimdə yoxlama olacaq, ya yox. Amma sənin yuxunu yozmaq... mənə elə gəlir ki, bir az çətin olar. Axı sən başqa sahənin adamısan. İstəyirsən Gülsüm xalanı çağırım. O, belə işlərin ustasıdı, - deyib qonşusu tənbəl-tənbəl boynunun ardını qaşıdı.

- Yox! Lazım deyil. O boyda arvadı narahat eləməyə dəyməz! Qonşusu maşının mühərrikini söndürüb lap yaxına gəldi. Başını azca dikəldib:

- Ucundan-qulağından söylə görüm, - dedi, - görürəm ki, gecəni pis yatmısan.

- Bilirsən, qonşu, deyəsən, mənə ev verəcəklər. Kirəkeşliyin daşını birdəfəlik atsaydım, o günü qurban kəsərdim. Əşi, on beş il sənə zarafat gəlməsin. Hələ bunun aylıq kirə haqqı gör hara gəlib çıxır! - Qonşu ona könülsüz qulaq asırdı. - Yuxuda gördüm ki, evə deputat gəlib. Söz verdi ki, mənə mütləq mənzil verəcək. Bax, elə bundan ötrü səni yoldan eləmişəm.

- Ayə, siz qələm əhli belə xəyalpərəst olursunuz e... Nə deyim axı... Sənin yuxun məni çox çətin vəziyyətdə qoyub. Belə görünür ki, sənin ev işin yenə düzəlməyəcək.

- Niyə? Bir halda ki, deputat özü şəxsən yuxuma girib, deməli, düzələcək.

- Ay sağ olmuş, deputatı ayıqlıqda görməmisən ha! Yuxunu gərək həmişə tərsinə yozasan, başa düşdün? Ona görə bu il də bir neçə yüz manatın məhəbbətini ürəyindən çıxart, ver ev yiyəsinə, qoysun əmanət kassasına. Di xudahafiz!

Qonşusu qayıdıb maşına əyləşdi.

Hələ də pəncərə qabağında dayanıb uzaqlaşan maşına baxırdı. Maşın torpaq yolla ləngər vura-vura, tozanaq qaldıra-qaldıra asfalta yan aldı. Burum-burum havaya qalxan toz elə bil hərdən göydə ev şəklinə düşürdü. Amma bu tozdan hörülmüş evi sərin külək qabağına salıb aparır, vurub dağıdırdı...

Qapının taqqıltısı onu fikirdən ayırdı. Ev yiyəsi idi. Salam-kəlamsız içəri girdi.

- Bala, kiçik oğlumu evləndirmək istəyirəm. Bir aya evi boşalt...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!