Bir vaxt anlayacaqsan əbədi deyil heç nə... - Marina SVETAYEVA

 

Marina SVETAYEVA

(1892-1941)

Köç yeri

Duman və sis qalxan türkün

      köç yerindən başladı dünyada həyat:

bunu sərsəri, sərgərdan

      gecələrin üzünə ağaclar deyir,

bunu səfilanə gəzənə qızıl-qırmızı

      şərabla salxımlar deyir,

bunu yurddan-yurda qoşur ulduzlar belə

bu gur axan çayların geridə qalan səsidi!

 

Və mənim tək bir istəyim

      yatıb qalmaq sənin köksündə...

14 yanvar 1917

 

Hüznlü anlar

İsti soba yanında

gecələr keçirirəm,

yelləyirəm elə hey

körpəciyəz oğlumu.

 

Nil çayında zənbildə

axmaq daha yaxşıdı!

Atan yaddan çıxarıb

bu öz gözəl oğlunu.

 

Gecə ötdü... və başqa gecə

gəldi onun növbəsinə.

Şah yuxu alsın deyə,

Bir incəbel ayaqda.

 

Anası pıçıldayır,

səhrada İsmayıla:

- "Atan səni unutdu,

sevimli oğlum mənim!".

 

Ey zavallı şahzadəm,

sən də böyüyəcəksən.

Bir vaxt anlayacaqsan

əbədi deyil heç nə!

 

Hüznlü bir saatda,

isti soba yanında

və ayrısı deyəcək:

- "Atan səni unutdu,

Sevimli oğlum mənim!".

2 fevral 1917

 

Avqust

Avqust - çiçəkləri bir özgə,

Avqust - ulduzları bir ayrı,

Avqust - qızılı salxımlar ayı,

üzüm tənəkləri və quşarmudu ağacları

qırmızı-qonur - avqust!

Dolğun, bəyənilən dadı,

                        şahənşah almalar ayı

uşaq kimisən, rəqs edirsən, avqust.

Ürəyimə ovcumun içi kimi naxış çəkirsən

imperator adınla, şöhrətinlə,

Avqust! - Tək qəlb, tək ürək!

 

Gecikmiş busələr ayı,

ura qızılgüllər və öləziyən ildırımlar!

Ulduzların yağışı -

Avqust! - ulduzların paradı keçən ay!

07 fevral 1917

 

Qaraçı toyu

Nalların altından -

çamır sıçrayır!

Baş şalı üzlərdə - bir sipər kimi.

Ərgənləri şəhərdə

daha elçi düşən yox!

Heç olmasa sən apar

Uzun yallı at bizi!

 

Bizə izin vermədilər

bu atalar, bu analar -

zəmi, bıçənək yeri -

soyuq və şehli yataq!

 

Şərabsız və çörəksiz

tox görünər keflilər -

alatoranda bunu

qaraçı toyu deyər!

 

Qədəhlərin

dolusu var, boşu var

gitaranın harayı,

Aylı gecə və çamır

sağa, sola yıxılan

və qaməti əyilən

bir knyazdı qaraçı,

qaraçıdı - o knyaz.

 

Cənab, özünü qoru -

Səni də yandırarlar!

bu qaraçı toyunda

İçib sərxoş olanlar.

 

Ordakı o komada

kürk və bir də baş şalı

zəng səsi və xışıltı

pıçıldayan dodaqlar.

 

Mahmızların zil səsi,

sikkədən boyunbağı

və kiminsə əlindən

bir gözəlin əynindən

ipək köynək sürüşür.

 

Kimi də bu gecədə

öküz kimi böyürür.

Sübhə yaxın yatışan

bu, qaraçı toyudu...

25 iyun 1917

İki qanadın sənin və

həvari Yəhya

Mən səni geri alaram bütün Yer üzündən,

və lacivərd göy üzündən,

geri alaram səni,

çünki orman mənim

            beşiyim və məzarım orman,

çünki bu torpaqda varam, yalnız bir ayaqda,

çünki haqqında nəğmə oxuyuram -

istəsə də özgə heç kim bacarmaz...

 

Bütün zamanlardan, siyah gecələrdən

geri alaram səni

qızıl şanlılardan,

            qılıncla döyüşə girənlərdən,

açarları tullayıb bir yana

qovaram artırmalardakı köpəkləri,

çünki qış gecələrində belə

köpəklərdən daha sədaqətliyəm...

 

Səni geri alaram

bütün yadlardan, ondan və birindən

sən olmayacaqsan kiməsə adaxlı,

mən - kiməsə qadın!

və son bəhsdə alaram səni - sus! -

həvari Yəhya onun yanında

gecələr keşikdə sərvaxt duran kimi...

 

Hələlik səninçün dua etmirəm

Tale, qismət köksümdə və bərabərimdə,

oh, lənətlənmişlər! - özündə qalırsan sən

fəzaya kilidlənib iki qanadın sənin, -

çünki dünya beşiyin sənin və

            məzarın da bu dünya!

15 avqust 1916

 

Şöhrət taxtındakı kimi əyləşən biri

Yaşayır, ölməyib heç də iblis içimdədir!

vücudumda - həbsdəki kimidir,

həbsdəki kimidir - özündə...

Dünya - dörd divar,

çıxış yerində - balta.

("dünya - bir səhnə", -

kəkələyir oyunçu.)

və kələk gəlmir topal, axsaq təlxək.

Vücudumda -

şöhrət taxtındakı kimi əyləşən biri,

vücudumda - bürüncəkdə, sanki ehramda...

 

Uzun və çox illər yaşa, üstündə əs!

(təkcə şairlər sümüyünə qədər -

yalanın içindəki kimi!)

yox, kef çəkmək bizlik deyil

nəğməkar qardaşlar vücudunda

pambıq sırıqlıda, bənzərsiz xalatda...

 

Vərəmləyərik yayın istisində

biz də yaxşılığa dəyərik.

Vücudda bordağa bağlanmış kimiyik,

içimizdə qazanın dibindəyik...

 

Faniləri yığmarıq, aşiq deyilik,

bu, bir heykəl yapmaq kimidir.

Vücudda - hər kəsə bəlli kimi,

vücudda - sərdabdakı kimiyik,

vücudda - çarəsiz kimiyik,

sürgündə saralıb-solan kimiyik...

 

Ah, dəmir rübənd!..

Vücudda - gizlindəki kimiyik,

ingilis arağında qaracöhrə yazı və naxışıq...

5 yanvar 1925

 

Allahdan daha çox sevdim mələklərini

Qayğılardan

qaməti əyildi Allahın və sakitləşdi.

Bax, odur gülümsədi

və bax, gör mələkləri...

 

Onları bəmbəyaz,

şəfəq saçan kimi yaratdı,

böyük qanadları var, qanadsızı da olur...

 

Və o üzdən daha çox ağlayıram,

ona görə, Allahdan daha çox sevdim

onun əziz mələklərini...

15 avqust 1916

Çevirəni: Şükür ŞƏNOL

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!