Ülvi Bünyadzadə başda olmaqla, 20 Yanvar şəhidlərinə və bütün qazilərə...
O, Bakıda olsa da, ən böyük cəbhədə vuruşurdu. Ülvi də, həmfikirləri də... Hər yer səngər idi. Bakının səması da, insanları da... Ən böyük səngər elə düşüncələrdə, fikirlərdə, ruhunun savaşında yatmırmı?
Düşüncələrlə döyüşürdülər, ideologiya ilə mübarizə aparırdılar. Fikirlər arasındakı fərqlər cəbhənin ən amansız döyüş yerləri, onları qəbul etməyən ürəklərsə Azərbaycan xalqının səngəriydi.
Qələmlə yazılanlar idi Bakı küçələrində axan qanları. Qələmlə bir xalqın edamına imzalanmış qərar. O qələmin yazdıqlarını silirdi pozan kimi Bakı küçələrinə axan azadlıq şəhidlərinin qanı.
Şəhidlər Xiyabanından keçirəm. Şəhid məzarlarının ayaqları, sanki bu günün uşaqlarına doğru uzanmış azadlıq əlləridir. Üzümə hayqırır, ayaqlar da döyüşür, cənab, döyüşür. Şairlik duyğularım ədiblərimizin sahibsiz döyüşən ayaqlarını xatırladır. Dünənin bu gününə yazılmış şeirdəki kimi...
Krımda bir cüt uşaq qəbri kimi
dəfn eləyib ayaqlarını.
Arzularını qoltuq ağacı eləyib
dişləyib dodağını.
Nə ağlayıb, nə də off! - deyib.
İndi soyuq dəyib,
qızdırma salıb onu yaman hala,
sayıqlayır yavaş-yavaş:
- Ay arvad, ayaqlarım üşüyür,
ayaq barmaqlarımı ovxala, -
Gilələnir gözlərində yaş...
Fikrət Qoca
Sumqayıtda bir qazi tanıyırdım. Qarabağda minaya düşmüş ayağını əlinə götürüb, yalnız hospitala çatanda bayraq kimi əlində qoruduğu ayağını ala biliblər ondan. Gileylənirdi, özünün hər zaman ayağından bir neçə addım geri qaldığından:
...danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı...
Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin məzarından aşağı doğru enəndə beş yaşlı uşağın şəhid məzarı var.
Beş yaşlı uşağın məzarı...
Beş yaşlı uşağın...
Uşağın...
Beşiyə çevrilən məzarı "əmi"lərinin yanındadır. Məzar əmilərinin, böyüklərinin... Təkliyini, uşaqlığını hiss etdirməyin ona...
Sizə əmanətdir o beş yaşlı şəhid məzarı...
Şəhid şair Ülvi Bünyadzadədən 17 il sonra doğulmuşam. Amma indi ondan 12 yaş böyüyəm. 4 yaşımda şəhid olmuş Ülvidən. Gözümü qaçırdıram şəhid məzarlarından. Onların məsum baxışından və yaşımdan.
Qorxuram məndən öncə doğulub məndən kiçik qalanların məzarının "Əmi, azadlıq saatınızda zəngi neçəyə qoymusunuz oyanmağa, bəlkə saatınız geriyə işləyir?!" - kinayəli eyhamından...
Onlardan sonra ikinci dəfə doğuldu Azərbaycan bayrağı...
"Bayrakları bayrak yapan
üstündeki kandır
Toprak eğer uğrunda
ölen varsa vatandır".
Bayraq da üşüyən ruhu isidən geyimə çevrilə bilər. Ruhunun, qəlbinin azadlıq istəyinin köynəyinə.
Yaşımız xatırlamağa imkan vermir, amma onların cücərtdiyi azadlıq toxumlarının bəhrəsini 2016-cı ildə görmək bizə şəhid yox, şahid kimi qismət oldu.
2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi bir təpə olmaqdan əlavə, bir simvol idi. Xalqın məğlubluq simptomlarını üzərindən atdı, qırılmış qürurunu özünə qaytardı. Lələtəpə üzərində dalğalanan bayraqla daha da böyük anlam, simvolluq daşımağa başladı. O yüksəklik, Lələtəpə zamanın bayraqdarıdır.
Onun uğrunda vuruşan hər kəs onun bayraqdarıdır.
Uğrunda canlar keçildikcə bu bayraq sadəcə bir parça deyil, canımızdan bir parçaya dönür. Simvolik anlamdan dalğalandığı, dalğalanmasını istədiyimiz, bütün yerlər vətənləşir.
Bayraq özü də bir vətənə çevrilir.
İndi onlar yoxdu. Əli Kərim ruhunun dediyi kimi, simvolik anlamda olan o qollar, əslində, azadlıq ruhudur. Bu vətən uğrunda canını fəda edənlərin qollara çevrilmiş azadlıq hayqırtısı... Bizimlə addımlayan ruhları döyüşür, mübarizəyə səsləyir.
Qolu sındırılmış Babək.
Yurdu yandırılmış Babək.
Qan rəngli bir arabada
Şərq boyda bir xarabada
Söyə-söyə,
Döyə-döyə,
Hamıya görk olsun deyə
Kənd-kənd gəzdirilən Babək,
Ölübən-dirilən Babək;
Qollarını görməyəndə
Azca rahat olan Babək;
Bir qırmızı yuxu içrə,
Uzaqlara dalan Babək.
Deyən Babək: - Aman, dostlar,
Hücum çəkin qoşun-qoşun,
Orda mənsiz qılınc çalan
Qollarımla bir vuruşun.
Babəkin qollarını, onun qollarına çevrilən ruhunuzu salamlayıram, şəhidlər!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!