«Harmoniya» layihəsinin qonağı sevimli sənətkarımız Ramiz Əzizbəylidir
Deyim ki, çoxdan bəri idi bu evə üz tutub bu qapını döymək fikrimiz var idi. Çox yaxın dostum, əziz insan, yazıçı-dramaturq İmir Məmmədli ilə birgə tez-tez bu barədə plan qururduq ki, bu gün gedək, sabah gedək. Nəhayət, deyəsən, şeytanın qıçını sındıra bildik. Təzə ildə həm bayramlaşmaq, həm də onu ziyarət etmək qismətimiz oldu. İmir müəllim və daha bir dostumuz, rejissor Elbrus Quliyevlə bərabər bu qonaqlı-qaralı evin qapısını döyənlərdən biri də biz olduq. Həmin ünvan sevimli sənətkarımız, rejissor-aktyor Ramiz Əzizbəylinin evi-ocağıdır. Artıq xeyli vaxtdır ki, səhhətində problemlər yaşanan sənətkarın yaşayıb-yaratmaq eşqi bir an belə sönmür. Ramiz müəllimdə bunu hiss edincə çox sevindik. Xəstəliklə ölüm-dirim mübarizəsində olduğunu bilsək də, o bunu hiss etdirmədi. Əksinə, yenə yazıb-yaratmağından, gələcək planlarından və hətta indi də sevdiyindən bizə danışdı.
- Ramiz müəllim, xoş gördük sizi. Necəsiniz?
- Xoş gəlib, səfa gətirmisiniz. Gördüyünüz kimi yaxşıyam, şükür. Təşəkkür edirəm.
- Ramiz müəllim heç sualımı gözləmədən bir az keçmişindən bəhs elədi.
- Bəy balası olmuşam. Özü də ailədə on birinci uşağam - sonbeşik. Bu barədə şeirim var. Daim çalışıram, azı on kitabın materialını yazmışam. Çap eləyən olsa, gözəl olar (gülür).
- Oxucularımızın diqqətinə çatdırım ki, siz bu günlərdə "Şöhrət" ordeninə layiq görülmüsünüz. Təbrik edirik sizi.
- Çox sağ olun.
- Ramiz müəllim, istərdim ki, rejissorluq fəaliyyətinizdən danışasınız.
- "Pirverdinin xoruzu" rejissoru olduğum ilk filmimdi. Almaniyadan üzü bu yana 11 festivalda iştirak edib. İkinci film "Bəxt üzüyü"dü. O da dünyanı dolaşıb. Üçüncü filmim isə "Yalan" adlanır. Ərzurumdan başlayaraq festivalı həm açdı, həm də bağladı. Dördüncü filmim "Qovğalı kəndinin gecələri"di ki, onun da ssenari müəllifi İmir Məmmədlidi (üzünü təbəssümlə İmir müəllimə tutur). İmir müəllimə təşəkkürümü bildirirəm bu filmin rejissorluğunu mənə həvalə etdiyi üçün. İndi də film çəkərdim. Təəssüf ki, ayaqlarım işləmir, hərəkətsizdi. Təsəvvür edin 72 yaşda təzə məhəbbət oyanıb məndə (gülür). Sevgi şeiri yazıram. Çünki ürəyim cavandı.
- Bax, bu çox vacib məsələdi. Yaradıcı insanın içində sevgi-məhəbbət varsa, demək, o, hələ də yaradır, yaşayır. Osman Sarəvəlli yazırdı ki, hər kim 100 il yaşamasa, günah onun özündədir. Sizə 100 il və 100 faiz ömür arzulayıram.
- Çox sağ olun. Sizə də həmçinin.
- Oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, İctimai radionun "Harmoniya" proqramında Ramiz müəllim 2 dəfə qonağım olub. Amma bugünkü söhbətimiz bir başqa ab-havada keçir. Razısınızmı, Ramiz müəllim?
- Tam razıyam. Çox isti bir söhbət gedir. Bu sizin məharətinizdi. Alqışlayıram sizi.
- Rejissorluq fəaliyyətinizi xüsusi qeyd etdik, amma unutmayaq ki, siz bir aktyor kimi də filmlərdə oynamısınız...
- Bəli, oynamışam. Nə deyim, ortabab bir aktyor olmuşam.
- Özünüzə məxsus danışığınızla el şənliklərimizə də bir tərz gətirmisiniz... Yəni heç kimə bənzəməyən, heç kimi təkrarlamayan bir yolunuz olub toyu idarə etmək işində.
- 21 il tamadalıq etmişəm. O qədər lətifələr söyləmişəm ki... Həmişə məclislərə bir əhval-ruhiyyə qatmağa, o məclisləri şən aparmağa çalışmışam. Oxumağım da varaa... (gülür). Qeyd edim ki, 6 yaşımdan artıq ekrana çıxırdım. İlk Buratino, ilk qaranquşam. Bir çox nağıl qəhrəmanlarının ilk ifaçısı olmuşam. Televiziyada rəhmətlik Bünyad Məmmədovun rejissorluğu ilə məşhur rus nağılı "Arxip baba və Lyonka"nı da oynamışam. Nə vaxtsa o diski hardansa tapsaz, məni sevindirərsiz, sizə minnətdar olaram. Qeyd dim ki, bu nağılda oynayanda, heç 10 yaşım yox idi.
- Ramiz müəllim, siz qəzetimizin "Harmoniya" layihəsindəsiniz. Siz harmoniyanı necə dərk edirsiniz?
- Harmoniya mənim düşüncəmdə birləşməyi tələb edən xüsusiyyətdi. Bir fikri ifadə eləyə bilən, cəmdir. Bütün gözəlliklərin birləşməsi deməkdir.
- Yeri gəlmişkən, siz həm də şeir yazırsınız...
- Həə... bir kitabım var, şeirlərdən ibarət, indi onun bir nüsxəsini sizə də hədiyyə edəcəm, "Cızma-qaralar" adlanır. Və işıq üzü görən digər bir kitabımı da sizə bəxş etmək istəyirəm.
- Ramiz müəllimin evində üst-üstə yığılmış kitabları ilə yanaşı, rəssam Nəvai Mətinin çəkdiyi portreti də diqqətmizdən yayınmadı. Özü bu haqda belə söyləyir...
- 40-dan çox portretim çəkilib. Rəssam Nizami Bəydəmirov başladı (Allah rəhmət eləsin).
- Portretlərinizdən ən çox hansını bəyənirsiniz?
- Hamısını bəyənirəm. Tələbələrimin çəkdiklərini xüsusi olaraq bəyənirəm. Rəssam kimi artıq püxtələşməkdədir onlar.
- Ramiz müəllim, əgər özünüz rəssam olsaydınız və portretinizi çəkməli olsaydınız, üzünüzdəki hansı cizgilərə daha üstünlük verərdiniz?
- Yaratmışam da... Heç birini. Eybəcərliyimi (gülür). Son illər yazı-pozu ilə məşğul olanda bir az yoruluram. Amma yarım vərəq də olsa, hər gün yazmağa çalışıram. İşdən yorulmaq bilmirəm.
- Daha çox nədən yazırsınız?
- Hər şeydən. İndi məqalələr yazıram. Xeyli məqalənin materialı var əlimdə.
- Yenidən bir fürsət yaransa, rejissor kimi fəaliyyət göstərməyinizə, ilk növbədə hansı mövzuda film çəkərsiniz?
- Maraqlı sualdı. Ancaq fəlsəfi kino çəkərdim. Həyatın fəlsəfəsi var, onu insanlara aydınlatmağa çalışardım. Əlbəttə, film çəkənlər saysız-hesabsızdı. Böyük rejissorlarımızın hamısının ruhu şad olsun. Onların məzarına qurban olum.
- "Ədəbiyyat qəzeti"nin oxucularına, ümumiyyətlə, bütövlükdə ədəbiyyatsevərlərə arzularınız.
- Cansağlığı ən əziz nemətdi. Canınızdan muğayat olun. Təzə ilimiz uğurlu, bərəkətli olsun, inşallah.
- Ramiz müəllim, biz də sizə sağlıqlı bir ömür arzulayırıq. Yastığınız yüngül olsun, tezliklə ayağa qalxıb peşəkar fəaliyyətinizi davam etdirməyi diləyirik sizə. Səmimi söhbət üçün çoxlu təşəkkürlər.
- Var olun. Mən də təşəkkürümü bildirirəm sizə, oxucularınıza.
Müsahibəni apardı: Samir ƏFŞAN
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!