Bir salxım üzümdü mənim ürəyim... - Aydın Murovdağlı - şeirlər

Edam etdilər...

Ruhu göylərdə mələkdi Nəsimi deyilən dərdin,

Zəmanəyə əyilməyən, Allaha əyilən dərdin.

Dərisi "Quran" sətriydi Nəsimi boyda bir mərdin,

Üsyanı edam etdilər Seyyid Əli Nəsimidə!

 

Gəzirdi haqqın hərfini, tapdı alnında Hələbi,

Gördü ki, bu dövran döyür Tanrı yanında Hələbi,

Gizlətmişdi zəmanədən sözün canında Hələbi,

Vicdanı edam etdilər Seyyid Əli Nəsimidə!

 

İki cahan sığan canda on səkkiz min aləm vardı,

Əvvəlin-axırın şəkli, Adəm vardı, Xatəm vardı...

İdrakının meydanında Yer-Göy adlı rəqəm vardı,

Meydanı edam etdilər Seyyid Əli Nəsimidə!

 

Gəzdirdilər səhra-səhra, heyrətdən saldılar zənni,

Qanlı dövran qərarında daşlara çaldılar zənni,

Fələklər atdığı oxla hədəfə aldılar zənni,

Gümanı edam etdilər Seyyid Əli Nəsimidə!

 

Allahla insanın cəmi onda "Ənəlhəqq" fəhmiydi,

Həqiqət dərgah məqamı, cəhalət şeytan zəhmiydi,

Kamal insan mərtəbəsi, uca rəhmanın rəhmiydi,

İnsanı edam etdilər Seyyid Əli Nəsimidə!

 

Könlüydü eşqin məhvəri, nurlandırdı ləl-gövhəri,

Aləmə göstərdi şəri, haqqa çağırdı bəşəri.

Ondakı sözün hünəri, tapdı "Allahu-Əkbər"i,

Zamanı edam etdilər Seyyid Əli Nəsimidə!

 

O, Həllacdan Nəimiyə bir yolu bəyan eylədi,

Küfr ilə iman fərqini nəfsə imtahan eylədi...

Xilqətin Adəm sirrini Nəsimi əyan eylədi,

Əyanı edam etdilər Seyyid Əli Nəsimidə!

 

Aydına qəhqəhə çəkir Nəsimi yaşda rəzalət

Altı yüz il vaxt adlayıb, xəcalətdidi xəcalət...

Nəsimi soyulan günü elə bildi ki, cəhalət,

İrfanı edam etdilər Seyyid Əli Nəsimidə!

 

Durum gedim ölməyə

Çox dəydi güllə sözüm,

Qırılmadı daş dözüm...

Məni görmədi gözlüm,

Korum, gedim ölməyə!

Durum gedim ölməyə!

 

Nəfəs dərdim bir hovur,

Gedim ruhumu qovum...

Yaşasın od-alovum,

Qorum, gedim ölməyə!

Durum gedim ölməyə!

 

Xeyir-açar, şər-qıfıl,

Açılmadı sirr-qıfıl...

Ürəyimə bir qıfıl -

Vurum, gedim ölməyə!

Durum gedim ölməyə!

 

Güzgülənmə, ay nadan,

Nə qandın sən aynadan?!

Ağlım hanı?! Dünyadan -

Sorum, gedim ölməyə!

Durum gedim ölməyə!

 

Bütün sevincin cəmi,

Əvəz etməz bir qəmi.

Fikir üstə qələmi -

Yorum, gedim ölməyə!

Durum gedim ölməyə!

 

Kəpəz olsun başdaşım,

Şəkil yeri boş daşım...

Gözlərimdə göz yaşım,

Nurum, gedim ölməyə!

Durum gedim ölməyə!

 

Süleymanın taxtının,

İlan qazıb altını...

Əcəlin saatını,

Qurum, gedim ölməyə!

Durum gedim ölməyə!

Bir salxım üzümdü mənim ürəyim

Meynə ağacıdı vaxt, zaman indi,

Üzüm çardağıdı, asiman ki, var.

Ahımdan uzadam nərdivan indi,

Üzüm salxımıdı göydə buludlar.

 

Üzüm tənəyində salxım sayanda,

Qoynumda alışıb-sönür əllərim.

Sinəmdə qəzəbim salxımlayanda,

Üzüm yarpağına dönür əllərim!

 

Nədən gətirmədi arzular üzüm,

Bəs niyə həyatım şirələnmədi?!

Meynə ümidimə su tökdü gözüm,

Biri böyümədi, irilənmədi...

 

Bu acı dünyada şirin axtaran,

Səni də mənimtək huş aparıbdı.

Gündüz ağ üzümdü, gecə də qara,

Gözümü açdım ki, quş aparıbdı.

 

Yarpaqdı, salxımdı,əlim,ürəyim -

Vardır bu dünyanın məntək ağrısı.

Bir salxım üzümdü mənim ürəyim,

Yeyib qurtaracaq ürək ağrısı!..

 

Ürək ağrısından yıxılıb ölsəm

Ən uca zirvənin qar ağlığından,

Ən dərin dənizin dibini gördüm.

Baxdım ucalığın qaranlığından,

Varlıqda yoxluğun qəlbini gördüm.

 

Qanlı dişindədi sükut uçrumun,

Hissimi qorxuda yeritmişəm mən.

Zirvədə itirib səsim huşumu,

Ağlımı uçruma yedirtmişəm mən.

 

Zirvədən yuxarı bir zirvə də var,

Mənim ürəyimin başıdı, gedək.

İnad, qanadım ol, məni tez apar,

Ürək ağrısıyla bir söhbət edək...

 

Min ildir səbrindən daş qopan dağın,

Ürək ağrısından bulaqlar axır.

Mənim ürəyimə ağrıdan yaxın,

Dünyada kim var ki, nə var ki, axı.

 

Ömür bir udumluq macal kimidi,

Axırda bir məzar daşına dönür.

Mənim ürək ağrım qartal kimidi,

Zirvə ürəyimin başına dönür.

 

Dünyada bir dəfə ürəkdən gülsəm,

Deyərlər: "Bəs qəmin şairi kimdi?!"

Ürək ağrısından yıxılıb ölsəm,

Bilin ki, qatilim şairliyimdi...

Göz yaşı sahilində

 

Ürək şah sarayıdı, dərddi şahı ömrümün,

Dərdin fərmanındadı hər günahı ömrümün,

Əməlli açılmayıb çox sabahı ömrümün,

Yeni sabahlar doğan axşam şəkli çəkirəm.

 

Rəng gəzirəm, bəxtimin rəngini ağartmağa,

Başladım qazan göyə ahımdan yağ atmağa,

Bu qaranlıq dünyanı işığa çıxartmağa,

Eşqin qara gözündə bir şam şəkli çəkirəm!

 

Qundaq sinəmə büküb, ağrıları yatırıb,

Özümü tənhalığın çadırına çatırıb,

Fırça kirpiklərimi göz yaşıma batırıb,

Nəsimi fəryadında edam şəkli çəkirəm!

 

Göyə uzanan əllər dən tutan sünbül olub,

Elə ağırlaşmışam, dağ məndən yüngül olub...

İnsanlığa sancılan oxlar qızılgül olub,

Haqqın ovcu içində adam şəkli çəkirəm!

 

Gah dəymişindən endim, gah kalından dünyanın,

Dövran barıt düzəldir əhvalından dünyanın,

Hamı doyub qurtarıb halalından dünyanın,

Çəkdiyim halal olmur, haram şəkli çəkirəm!

 

İndiki Koroğluya əsl Qırat gərəkdir,

Min yarağın olsa da sənə inad gərəkdir...

Saray şəkli çəkməyə bir ömür vaxt gərəkdir,

Göz yaşı sahilində bir dam şəkli çəkirəm!

Bəxtin bəxt kitabına...

Yarpaqlar köç şəklidir, bu payızın yelində,

Bəlkə səndən danışır durnalar quş dilində.

"Gəmi" çəkən dayanar ömrünün sahilində,

Əzrayılın əlində avar şəkli çəkər, qız!..

 

Yanağının közündən sönməz ocaq çatıb qəm,

Sonra da saçlarının qarğışında yatıb qəm...

Qaranlıqla işığı bir-birinə qatıb qəm,

Surətini asmağa divar şəkli çəkər, qız!..

 

Eşqin qanad da əkdi səbrin soyuq daşına,

O daş səni fırladı gecə-gündüz başına,

Fırça kirpiklərini batırıb göz yaşına,

Birdən tale üzünə məzar şəkli çəkər, qız!..

 

Ağırlaşan buludlar ağrı çəkib qurtarıb,

Yağışlar ürəyinə cığır çəkib qurtarıb,

Tərəzi sırğaların ağıl çəkib qurtarıb,

Şöhrət güllü yaxana bazar şəkli çəkər, qız!..

 

Dünya bayquş gözündə fırlanan xarabadı,

Günlə Ay təkəridi, asiman arabadı...

Demə ki, xəyalının səfəri əzabadı,

Bəxtin bəxt kitabına qərar şəkli çəkər, qız!..

 

Görkündə ölən şairəm

İlahi, Həsənoğluyam, Əbül-Üla Gəncəviyəm,

Şahavatam, Urmaviyəm, Xəttat Nəzzamın qəlbiyəm,

Nənəm Məhsəti fəhmiyəm, babam Nizami təbiyəm,

Xaqanitək didərginəm, hər gündə ölən şairəm!

 

İbn Sina, Biruniyəm, Əl-Fərabiyəm, Tusiyəm,

Qətran Təbrizi dərdliyəm, Cəlaləddin Rumiyəm,

Əmir Xosrov Dəhləviyəm, Əlişir Nəvai kimiyəm,

Mücirəddin Beyləqani mülkündə ölən şairəm!

 

Laməkanam, Nəsimiyəm, Nəsimi himnimdi mənim,

Məhəmməd Füzuli qəmi şair görkəmimdi mənim,

Seyyid Əzim Şirvaniyəm, Sabir söz mərmimdi mənim,

Mən dağların, dənizlərin yükündə ölən şairəm!

 

Arif Ərdəbili dərdli, Həbibi adlı bikəsəm,

Tək Allaha ibadətəm, içimdə hərbə məhbəsəm,

Qılıncla qələm qədləyən Xətai əsilli səsəm,

Pirsultan Abdal yanında mürgümdə ölən şairəm!

 

Molla Pənah Vaqif kimi qara bəxtli bəxtəvərəm,

Mən Qasım bəy Zakir kimi ahdan yapışan hünərəm,

Molla Vəli Vidadiyəm, ürəyim bağlayıb vərəm,

Mirzə Şəfi Vazeh kimi kökündə ölən şairəm!

 

Vurğunam, saxta ovçuluq hər yerdə səbrimi yorur,

Dünən üzümə duranlar bu gün də üzümə durur,

Müşfiqəm, "Oxuma tar!" "Oxu tar"a tələ qurur,

Öldüm Hələbdə, sonra da Nargində ölən şairəm!

 

İblisə uyduğu üçün güldü haqqa bəşəriyyət,

Gündə bir kürsüyə çıxdı yaltaqsifət, satqınniyyət,

Baxıb qanlı oyunlara Allah da çəkdi xəcalət,

Uladı bayquş böhtanlar sürgündə ölən şairəm!

 

Bəli! Cavid əfəndiyəm! Dövran cani, şər rəzalət,

Yun basmış qoyun idrakın qəhqəsi bir cəhalət...

Yaxşı ki, sakinəm sənə, sən ey ulu əbədiyyət,

Aydınam! Aydınam! Allah! Görkündə ölən şairəm!

Sənin göz yaşında üzən gəmilər

Gözlərin dünyanın utancağıdır,

Həyan göz yaşında edama gedir.

Nəmli kirpiklərin körpü tağıdır,

Altından adlayıb axşama gedir -

Sənin göz yaşında üzən gəmilər!

 

Uçur baxışların qağayı kimi,

Enir qağayılar dənlənən yerə.

Sənin sükutunun harayı kimi,

Eh, haray daşıyır mavi Xəzərə -

Sənin göz yaşında üzən gəmilər!

 

Axır ürəyindən gözünə çaylar,

Sənin göz yaşınla əkizdi yağış.

Daşıb-tökülürlər üzünə çaylar,

Bir sənə tanışdı, bir mənə tanış -

Sənin göz yaşında üzən gəmilər!

 

Dəniz limanıyam eşq adasında,

Gözümün nuru da bənizindədir.

Yelkən var bu şeirin hər nidasında,

Mənim göz yaşımın dənizindədir -

Sənin göz yaşında üzən gəmilər!..

 

Bıçaq

Canın ki, soyuq dəmirdi,

Kəsdiyin baş müqəssirdi...

Qibləmiz qanla əlbirdi,

Deyilsən ki, naşı, bıçaq?!

 

Nahaqqın ərki, itilən,

Kəsərsən nəki, itilən,

Dərdimə çəkil, itilən,

Dərddi bülövdaşın, bıçaq.

 

Gecəyə sürtül, təmizlən,

Açıl, örtül, hey əzizlən.

Başların altında gizlən,

Yat keflə yanaşı, bıçaq.

 

Canlar yıxıldı nazına,

Əl çalaqmı güdazına?!

Necə sığışdı ağzına,

Bir sürünün başı, bıçaq?!

 

Mələyənə qoşul, mələ,

Bu dünya qurulub belə...

Sən olubsan bilə-bilə,

Baltanın qardaşı, bıçaq.

 

Göz yetir kökə, bordağa,

Başla "Yallı" oynamağa.

Gəlir qanını yumağa,

Dünyanın göz yaşı, bıçaq!..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!