«Harmoniya» layihəsinin qonağı Xalq artisti Sabir Məmmədovdur

Sabir MƏMMƏDOV: "Aktyor mütləq şəkildə müasir olmalıdı"

 

Əziz oxucular, "Ədəbiyyat qəzeti"nin "Harmoniya" layihəsində növbəti qonağımla söhbətimizi sizə təqdim etmək istəyirəm. O, səsi, siması ilə sizə çox yaxşı tanışdı. Akademik Milli Dram Teatrının aktyoru, respublikanın Xalq artisti Sabir Məmmədov. Deyim ki, növbəti qəhrəmanım özünün dediyi kimi, sevimli peşəsinin - aktyorluğun digər bir qolu sayılan film dublyajında idi. Qızıl qədər qiymətli vaxtından bir neçə dəqiqə sevimli "Ədəbiyyat qəzeti"nə ayırmağa canla-başla razı oldu.

- Sabir müəllim, bildiyimiz kimi, siz tək aktyorluq fəaliyyəti ilə deyil, eyni zamanda filmlərin dublyaj olunmasında, televiziya kanallarında sənədli filmlərin səsləndirilməsində iştirak etməklə bərabər, seriallara da çəkilirsiniz. Bu gərgin iş rejimində vaxtı necə bölüşdürürsünüz?

- Vaxt məsələsi çətin olsa da, çalışırıq ki, tənzimləyək. Yəni hər birinin öz vaxtı, saatı var. Bəzən də olur, tutaq ki, hansısa işdən imtina etmək məcburiyyətində qalırsan. Tamaşa ilə, ya da çəkilişlə üst-üstə düşən məqamlar da olur.

- Yazıçılar Birliyinin bu günlərdə keçirilən 85 illik yubiley tədbirində iştirak etdiniz. İstərdim bu haqda özünüzdən eşidək.

- Qeyd edim ki, tədbir çox maraqlı keçdi. Yazıçılar Birliyinin sədri Anar müəllimin çıxışından sonra ssenariyə uyğun olaraq tamaşaçılara ədəbi-musiqili kompozisiya təqdim olundu. Təbii ki, əvvəlcə klassik şairlərin, ardından isə müasir şairlərin şeirlərini qiraətimizlə ədəbiyyatsevərlərə çatdırdıq. Düşünürəm ki, zalda əyləşən tamaşaçılar da çox bəyəndilər. Onu da qeyd edim ki, yubiley tədbirinin rejissoru Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev idi.

- Sabir müəllim, sizi bir az ötənlərə -  uşaqlıq illərinizə qaytarmaq istəyirəm. Nə vaxt hiss etdiniz ki, aktyor ola bilərsiniz?

- Oxuduğum məktəbdə dram dərnəyi olduqca populyar idi. Müəllimim təklif etdi ki, sən də bu dərnəyə üzv ol. Yəni özünü sına. Yavaş-yavaş orda səhnəciklərdə oynamağa başladım. Təxminən 9-10-cu siniflərdə oxuyanda artıq qərar verdim ki, aktyor olmalıyam. Təbii, özüm də, elə kənardakılar da məndəki aktyorluq istedadını duyurdular. Bu həvəslə üz tutdum o vaxtkı İncəsənət İnstitutuna. Müəllimim Həsənağa Turabov idi. Demək olar, elə ilk kursdan artıq mən kinolara çəkilməyə dəvət aldım. "Babamızın babasının babası" filmini qeyd edə bilərəm. Orta məktəb illərindən başlayan bu həvəs, sevgi, müəllimlərimin təkidi, institut illərindən kinoya çəkilmək, nəhayət, Həsənağa Turabov kimi böyük bir aktyorun tələbəsi olmaq. Bütün bunlar gələcəkdə bu işlə peşəkar məşğul olacağıma qərar verməyimə bir zəmin yaratdı.

- Daha kimlərdən dərs aldınız - öyrəndiniz?

- Həsən Əbluc, Səməndər Rzayev, sonrakı nəsil aktyorlarımızdan düşünürəm ki, tamaşaçılarımızın çox yaxşı xatirində olar, böyük aktyorlarımızdan Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Səyavuş Aslan və digərləri. Onlarla həm tərəf-müqabili olmuşam, həm də onlardan öyrənmişəm. O ki qaldı mənim teatra gəlməyimə, deyim ki, o vaxt təyinat idi. Mütləq təyinatla gedib işləməliydin. Beləliklə, təyinatla Sumqayıt Teatrına gəldim. İndi də yaxın dostluq münasibətində olduğum gözəl aktyorumuz Əli Nur o vaxt Sumqayıt Teatrının direktoru idi. 1986-cı ildən 1989-cu ilədək bu teatrda çalışdım. 1989-cu ilin aprel ayından isə Akademik Milli Dram Teatrında işləməyə başladım. Deyim ki, həmin dövrdə Akademik Teatra düşmək çox çətin məsələ idi.

- Bunu mütləq yada salmalıyıq. Sumqayıt Teatrında çalışdığınız illərdə bu teatrda səhnələşdirilən "Bəxt üzüyü" tamaşası, doğrudan da, böyük səs-küyə səbəb oldu. Hətta, deyilənə görə, tamaşaya bilet tapmaq da mümkün deyilmiş. Bu teatrın səhnəsində sonra hansı tamaşalarda rol aldınız?

- İlk olaraq onu deyim ki, "Bəxt üzüyü"ndə Hüseyn obrazını canlandırırdım. Bu səhnədə Rüstəm İbrahimovun "Park" əsərində, Rəşad Nuri Güntəkinin "Evlənmə", Nazim Hikmətin "Bayramın birinci günü", M.F.Axundzadənin "Hacı Qara", V.Səmədoğlunun digər əsərlərində də rol almışam.

- İstəmədən hansısa obrazı canlandırmaq məcburiyyətində qalmısınızmı?

- Bilirsiniz necədi? Teatr işdi, peşədi bu. Bura mənim iş yerimdi. Tutaq ki, arzusunda olduğum rolu başqasına veriblər, istəmədiyim rolu mənə veriblər. Mən bunu mütləq oynamalıyam. Özü də yüksək səviyyədə. Elə oynamalısan ki, illərlə qazandığın təcrübə itməsin. Və gələcək rolları canlandırmaq üçün bir zəmin yaransın. Çünki teatr canlı orqanizmdi. Həmişə çağdaşdı, inkişafda, hərəkətdədi.

- Bəs kino fəaliyyətinizlə bağlı nələri demək istərdiniz?

- Bayaq da söylədim ki, mən kinodan başlamışam. Son illərdə bir neçə filmdə çəkilmişəm.

- Siz filmlərin səsləndirilməsində - dublyajında da həmişə iştirak edirsiniz...

- Bəli... Bu da işimizin bir qoludu. Təsəvvür edin ki, dünya kinosu ulduzlarını səsimizdə Azərbaycan tamaşaçısına çatdırırıq. Bu çox böyük məsuliyyətdi. İkincisi, dilimizin inkişafı üçün bu çox vacibdi. Bir aktyor kimi yetişmək üçün də, onun formalaşması üçün də bu çox gərəklidi. Yəni səhnədə tamaşaçı ilə canlı ünsiyyətdə olmaq bir başqa, kinoda oynamaq bir başqa, serial estetikası isə, ümumiyyətlə, tamam fərqlidi. Bütün bunların hamısını bir yerdə cəmləmək üçün aktyordan böyük məharət tələb olunur.

- Siz bizim mogikan aktyorlarımızla müxtəlif tamaşalarda tərəf-müqabili olmusunuz və öyrənmisiniz. Eyni zamanda yeni gələn gənc aktyor nəsli də var ki, onlar da sizinlə tərəf-müqabili olur, öyrənirlər. Onlarda nəyi görmək istəyirsiniz? Ümumiyyətlə, bir gənc aktyorda hansı keyfiyyətlər cəmləşməlidi?

- Sözsüz ki, istedadlı olmalıdı. Gəlin burdan başlayaq: peşə vərdişlərindən başqa, (bura daxildi onun plastikası, danışığı, səsi) üstəgəl, intellektual səviyyə, düşüncə tərzi. Aktyor mütləq şəkildə müasir olmalıdı. Çünki sürət əsridi. Biz bu temporitmlə ayaqlaşmağı bacarmalıyıq. Təsəvvür edin, biz səhnədə tamam ayrı bir obraz yaradırıq, amma, tutaq ki, sosial media - Youtube bizə ayrı bir şey deyir. Dünya kinosu, teatrı ayrı bir şey söyləyir. Təkrar edirəm, ayaqlaşmalıyıq.

- Yaxın vaxtlarda hazırda fəaliyyət göstərdiyiniz Akademik Teatrda hansı tamaşalarda rol alacaqsınız və hansı tədbirlərdə, layihələrdə iştirakınız gözlənilir?

- Açığı, bu barədə aktyorların bir az bəxti gətirmir. Yəni nə mənada? Çünki rejissorlarımız bizə rol vermək istəyəndə onu əvvəlcədən demirlər. Ancaq mən ümid edirəm ki, gələn il çox maraqlı işlərimiz olacaq. Çünki teatrımızda gedən inkişaf bunu deməyə imkan verir. Bu şəkildə bu templə addımlasaq, daha maraqlı tamaşalarımız olacaq.

- Siz "Ədəbiyyat qəzeti"nin "Harmoniya"sındasınız. Sizə görə harmoniya nədir?

- Harmoniya hər şeyin - bütün gözəlliklərin bir arada olması, birləşməsi deməkdi. İstedadın, təfəkkürün, düşüncənin birliyidi mənə görə harmoniya. Bütün gözəlliklər sizin olsun. Sevimli qəzetimizə isə bugünkütək daima oxunaqlı olmasını arzu edirəm. Çünki mən burda maraqlı məqalələri, xüsusilə də dünya ədəbiyyatından tərcümələri, hekayələri sevə-sevə oxuyub zövq alıram. 

- Sabir müəllim, artıq saatlar qalıb ki, 2019-cu ili bizdən ayıracaq. Bu il yaddaşınızda necə qaldı və təzə ildən gözləntiləriniz nədir?

- 2019-cu il həm ailə həyatımda, həm yaradıcılığımda xüsusilə yaddaqalan oldu. Yeni ili də, əlbəttə, səbirsizliklə gözləyirik. Qarşıdan gələn Yeni il, eləcə də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Tamaşaçılarıma, dostlarıma, təbii ki, ilk növbədə xoşbəxtlik və ən əsası cansağlığı arzu edirəm. Tezliklə hamı öz arzusuna çatsın, inşallah. 

Müsahibəni apardı: Samir ƏFŞAN

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!