Analar yaman ağlar
Həsrətdən yanar ağlar.
Dönər ağ göyərçinə
Yollara qonar ağlar.
Gün getdi batan yerə
Yerinə çatan yerə.
Analar qurban olar
Oğullar yatan yerə...
- Leyla xala! Dur! Dur gedək toya! Kənddə toydur. Hamı səni gözləyir. Zurnaçılar zurnalar dodaqlarında qalıb. Əlləri gəlmir bir hava çalıb qız-gəlinləri oynatsınlar. Hamı səni gözləyir. Dur. Dur!
- A bala, mənim o toya gedən vaxtımdır? Qoşqardan sonra bir toya da getməmişəm. Bundan sonra da getmərəm.
Qadın başını qaldırıb divardakı əsgər şəklinə baxdı... gözləri yaşardı.
- Yaylığının ucu ilə gözlərini sildi. Məni neyləyirlər, a qızım, qoca arvadam.
- Leyla xala səni toya aparmayınca əl çəkən deyiləm. Sürüyə-sürüyə olsa da səni toya aparacağam. Camaat səni gözləyir, tez ol.
- Vallah gedən deyiləm, bala. Oğlum itkin düşəndən mənim də sevincim, gülüşüm, arzularım itkin düşüb. Oğlu itkin düşən analar, deyirəm niyə, nə üçün yaşayırlar. Deyirəm bu anaları yaşadan bəlkə oğul yolu gözləmələridir. Oğullarını gözləyirlər ki, gəlib anaları ilə qovuşsunlar. Anaları ölməyə qoymayan oğullarının həsrətidir, a bala.
- Arvad, başımı aldatma, dur geyinib-kecin, bəzən-düzən, saçlarını sahmana sal! Camaat səni gözləyir.
- Gedən deyiləm, dedim də. Oğlumdan sonra mənə toy-nişan nə yaraşır.
- Xala, Bakıdan böyük-böyük adamlar gəliblər. Hamısı səni gözləyir. Dur deyirəm sənə.
Qız yaxınlaşıb qadının üzündən öpdü və ona elə gəldi ki, öpdüyü qadının üzü yox, taxılı döyülmüş xırman yeridir və bu üzdən çörək, buğda, arpa-torpaq ətri gəlir.
- Bakıdan gələnlər deyirlər Leyla xala gəlməsə toy olmayacaq. Bəy də deyir evlənməyəcəyəm. Gəlin də deyir çıxıb gedirəm.
Sonra da ötkəmcəsinə:
- Sən oğluvun canı dur! - dedi, - dur! Bax oğluvun canına and içdim ha!
- Niyə and içdin, a bala! Oğlumun adı gələn yerə canımı qoyaram! - dedi. Qadın vyan otağa keçib geyinməyə başladı.
- Allah günahımdan keçsin - dedi, mənə nə yaraşır toya getmək?!
Onlar balaca həyət bağçasının orta cığırı ilə addımlayırdılar. Qadın əlləri ilə balaca ağacları sığallayır, balaca uşaq kimi onları əzizləyirdi.
- Bunları oğlum Qoşqar əkib. Onlar oğlumun yadigarlarıdır. Onları oğlum qədər sevib-əzizləyirəm. Rəhmətlik ömür yoldaşım da oğlumdan sonra mehrini bu yadigar ağaclara salmışdı. Onları biz göz yaşlarımız ilə suvarıb böyütmüşük, qızım. Rəhmətlik atası deyərdi ki, ay arvad, bu ağaclar bizim nəvələrimizdir. Oğlumun rəhmətlik atası oğlumuzun yolunu gözləyə-gözləyə can verdi. Canını vermirdi, başını güclə balıncdan qaldırıb bayıra baxırdı ki, bəlkə gələn oğludur?! Can verən gün oğlunun şəklini istədi, öpüb sinəsi üstünə qoydu. Göz yaşları şəklin üstünə süzülür, ağarmış saqqalından aşağı damcılayırdı. Oğlunun şəkli sinəsi üstə can verdi rəhmətlik. Deyirəm, indi qəbirdə rahat yatmır. Oğlunun addım səslərini eşitmək istəyir. O vaxt deyirdi ki, oğlum qəbrim üstə gəlsə bəlkə dirildim. Onda rahat uyuyaram qəbirdə. Rəhmətlik oğlunun dalınca bütün cəbhələrdə olmuşdu. Daşburunda, Seyidəhmədlidə, Bəhmənlidə. Eh, haralarda oldu.
Rəhmətlik oğlu itkin düşən gündən onun bütün həyatı itkin düşmüşdü. Səhərlər günəşə, axşamlar Aya, ulduzlara, yağan yağışlara, çaxan şimşəklərə yalvarırdı ki, oğlu qayıdıb gəlsin. Sağ-salamat gəlsin.
Qızım, bir dəfə həyətimizə bir göyərçin qonmuşdu. Tutmaq istədim, olmadı. Özü də axsayırdı. Bu da mənə bir dərd oldu. Dedim bəlkə oğlumun ruhudur, gəlib bizim yanımıza, çoxlu dən səpdim, yedi. O gündən tez-tez gəlir yanıma. Onu görəndə elə sevinirəm ki, elə bil oğlum Qoşqarı görürəm. Nə bilim, vallah.
Lap yaxından qara zurnanın zəif səsi gəlirdi. Yüz illərdir ki, bu qara zurna inildəyir. İnildəyir, yəqin nakam məhəbbəti üçün. Biz isə onun bu iniltisinə oynayırıq.
- Xala! Can xala, gəlib çatdıq! Sağ ol ki, sözümü yerə salmadın.
- A bala, məni oynadıb-eləmə ha! Onsuz da, desən də oynayan deyiləm! Ta oğlumun da adına and içmə. Gün gələr sənin öz toyunda oynayaram. Oğlum o vaxtlar bir qız istəyirdi. Amma adını mənə demədi. Aylı axşamlar həyətimizdəki tut ağacına çıxıb sevdiyi qızgil tərəfə baxırdı. O qız ona bir yaylıq da vermişdi. Yaylığın üstə nəsə yazmışdı da qız. Oğlum o yaylığı balıncının altına qoyub yatırdı. İndi də o yaylığı o balıncın altında saxlayıram, qızım. Ölüncə o qızın yaylığını saxlayacağam.
- Xala! O yaylığı mənə göstərərsənmi? - qız maraqla soruşdu.
- Sabah gəl bax.
Bu da toy mağarı. Bu nədir belə? Adamlar niyə həyəcan və maraqla Leyla xalaya baxırdılar? Niyə hamı ona doğru gəlmək, onu qucaqlamaq isdəyir? Bu nədir belə?
O oynayan əsgərlər niyə Leyla xalaya doğru gəlirlər? Onlar nə istəyirlər? Bəs qara zurna niyə susub?
Ay Allah! Bu görüşü, bu ilahi anı hamıya, bütün itkin analarına qismət et, ilahi, böyüklüyünə bağışla bizi.
Bu nədir belə? Yoxsa Leyla ananın başı hərləndi, yoxsa onun gözləri torlandı. Bu kimdir belə? Günəş kimi, əbədi bir sevinc kimi Leyla anaya yaxınlaşan onu qucaqlayan bu əsgər kimdir belə?
- Oğlum! Oğlum! Oğlum! Qoşqarım! Bu sənsən, sənsən, oğlum!
Leyla xala üç əskərin qucağında, sanki rəqs edirdi.
Yox, yox! Leyla xala huşunu itirə bilməz! Həsrət sona çatmışdır, burda nə ölmək olar, nə də yaşamaq!
- Ana! Anacan! Anam mənim!
- Can bala, ana deyən dilinə anan qurban, can bala!
- Anacan bağışla uzaqdaydım. əmrdəydim, vətənimin əmrində.
Qara zurnanın dili açıldı, sanki sevgilisinə qovuşdu. Toy əhli bir himə bəndmiş kimi rəqs etdi, Leyla xalanı toya gətirən o bəxtəvər qız Qoşqarla qol-boyun rəqs edirdi.
Leyla xala onlara yaxınlaşıb hər ikisinin boynunu qucaqlayıb dedi:
- Ağız, a köpəyin qızı! Oğlumun istədiyi, oğlumu istəyən o qız sənsənmi?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!