"Ən böyük realist Allahdır" - Sakit Məmmədovla "Avanqard müstəvi"də söhbət

ART müsahibə

Müsahibimiz Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı, YUNESKO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovdur

- Sakit müəllim, xoş gördük. Yorulmayasınız. İş başında görüşdük sizinlə, hansı əsər üzərində çalışırsınız?

- Çoxu elə düşünür ki, mən çox vaxt xarici ölkələrdə oluram. Amma mən xarici ölkələrdə işimlə əlaqəli qısa müddətli qalıram; 3 gün, 5 gün, maksimum 10 gün. Bakıya qayıdanda 1-2 ay emalatxanaya qapılıb işlərimi görürəm. Yersiz tədbirlərə getmirəm.
Sovet dövrünün gözəl adətlərindən biri də o idi ki, rəssamlar sərgilərə hazırlaşırdı və hamı da gözləyirdi ki, görəsən Böyükağa Mirzəzadə, Tahir Salahov, Səttar Bəhlulzadə və b. hansı tablolarla çıxış edəcək. Rəssamlar da heç kimə görünmədən, qapanıb işləyirdilər, birdən əsərlər çıxırdı üzə. İndi mən də elə bir metod tətbiq etmişəm burada, tələbələrimlə Novruzla bağlı sərgiyə hazırlaşırıq. Novruz Azərbaycanın milli-mənəvi dəyəridir. Ən gözəl bayramımızdır. Hazırda mən "Bahar qızı" rəsmi üzərində işləyirəm. Bütün atributları onun üzərində göstərmək istəyirəm. Çünki, məni Novruzla bağlı çox narahat edən bir məqam var: bu da "Keçəl"lə "Kosa"dır. Şaxta baba, Santa Klaus, Qar qız - hamısı uşaqlara hədiyyə edir, bunlar uşaqların əlindən konfet oğurlayır. Bunlar bizə sırınan personajlardır. Cındırlarından cin hürkür. Belə personajlar bizim ola bilməz. Novruz gözəl bayramdır, yeni ilin, baharın gəlişini göstərir, ona bahar qızı, tonqal üzərindən atılma, gözəl rəqslər yaraşır. Daha sonra papaqatdı var, bu da ürəkaçan adət deyil. Bizdə gözəl adətlər var, bir yemək bişirəndə, bayram süfrəsi açanda 7 evə bundan pay verirlər. Elə bunu Novruzda da etmək lazımdır. Başqasının qapısını dinləməkdənsə, belə adətlər daha uyğundur. Buna görə də mən uşaqlarla danışmışam, demişəm gəlin hamımız Novruza aid işlər görək.

Yəni bu dünyanın problemlərini görəndə insan istəyir bunlar yuxu olsun. Bir yandan da elə bugünkü günlər də insana yuxu kimi gəlir. Mən indiki problemlər, insanların bir-birinə və təbiətə münasibəti, müharibələr fonunda baxanda bugünkü dünyanı Allahın əsəri saymıram. Bu gün internetdə görürəm ki, biri filin qulağına neft tökür, sonra yandırır, fil balası da yanında yana-yana qaçır. Bu nədir? Bu qədər vəhşilik olar?
Nizaminin "Xosrov Şirin"ində belə məqam var:

"Gözlərinin bəbəyi neyçün qaradır?
İnsanlıq ölmüşdür, matəm saxlayır".

Dediyim rəsm əsərində xeyir və şərin mübarizəsi var, Adəmlə Həvvadan tutmuş bu günə qədər hər bir element orada qeyd olunub.

- Fotoqrafiyanın, video sənətinin inkişaf etdiyi bir zamanda portretlərə marağın azalmaması, əksinə, bir az da məziyyət qazanmasını necə izah etmək olar?

 -Götürək Rembrandtı, elə bir fotoqraf tapmaq olarmı ki, onun çəkdiyi detalı tapa bilsin. Rəssamda ümumiləşdirilmiş tablo olur. Bizi toyda da fotoqraflar çəkir. Bir anlıq durursan, çəkir fotonu, təqdim edir. O özün olmursan. Niyə? Niyəsi budur ki, fotoqraf bizi çəkdiyi an biz heç nə fikirləşmirik, yalnız gözlərimizin qırpılmamasını, gözləyirik. Heç nə fikirləşmədiyimiz üçün də üzümüzdə heç bir ifadə olmur. Ağzımızda yemək varsa, ağzımızı da saxlayırıq, gözlərimizi bərəldirik; "çık".
Amma rəssam portret çəkəndə çəkəcəyi adamla xeyli söhbət edir, onun bütün üz cizgiləri ilə tanış olur, onun daxilinə nüfuz edir, xarakterini öyrənməyə çalışır və sonda bütün bunları bildikdə portreti hazırlayır. Artıq portretdə insanın bütün daxili, cizgiləri qeyd olunur. Artıq bu özünsən.
Məsələn, Qara Qarayevin xeyli fotoları var, amma Tahir Salahovun çəkdiyi Qara Qarayev portretinə çatarmı onlar?
Var əllə toxunan xalça, var maşınla toxunan xalça. Niyə əllə toxunan qiymətlidir? Xalçaçı ora ürəyini qoyur, bəzən də risk eləyib əlavələr eləyir. Amma maşın bu riski heç vaxt eləməz.
Portret təkcə insana aid olmur ki... Məsələn, Bakının portretini heç bir rəssam yarada bilməyib. Amma Tofiq Quliyev onu musiqi ilə yarada bilib. Tofiq Quliyevin, Emin Sabitoğlunun musiqisini eşidəndə insanın gözünə o vaxtın Bakısının panoramı gəlir.

- Sakit müəllim, Orxan Pamuk "Mənim adım qırmızı" romanında miniatür rəsmləri  Allahın insana, təbiətə baxışı kimi, realist rəsmləri isə insanın baxışı kimi qiymətləndirir. Siz bu iki estetikanı necə müqayisə edərdiniz?

- Rəssam təkcə rəsm çəkən insan deyil. Ruslar yaxşı şairə də, yazıçıya da, işıqçıya da bəzən rəssam deyirlər; "xudojnik". Miniatür sənəti kitablara, mətnlərə illüstrasiya idi, Azərbaycanda çox böyük məktəbi var idi. Bunu Avropa qısqanmağa başladı və bunu dinin qadağası adı altında zəiflətməyə çalışdılar: bu bütpərəstlikdir və s. Özlərində rəsmi inkişaf etdirdilər, bizdə zəiflətdilər, yoxa çıxartdılar. Əslində miniatür, portret hara, büt hara? Təkcə İslam yox, xristianlıq da bütə qarşı idi, amma onlar rəsmi qorudu, bizdə zəiflətdi. Halbuki, baxsan xristianlarda xaç, İslamda möhür büt anlayışına daha yaxındır, nəinki portret, rəsm.
Realizm də heç kəsə elə gəlməsin ki, təbiətin köçürülməsidir. Pikasso deyir ki, ağıllı rəssam təbiəti kopyalayır. Dahilər isə təbiəti oğurlayır, mənimsəyir, özünkü edir.
Avropa rəssamlığı əslində Təbriz miniatür məktəbindən tutmuş Yaponiyaya qədər Şərq mədəniyyətindən bəhrələnib.
Məncə, bu cərəyanları, estetikaları birini ilahiləşdirib, birini aşağı salmaq uyğun deyil.
Bilirsinizmi ən maraqlısı nədir? Məsələn, Rembrandtın və digər dahi rəssamların əsərlərinə milyonlarla pul verilir, amma ən böyük realist Allahdır, onun yaratdıqlarına bəzən bir qəpiklik qiymət qoyulmur. İnsanı təhqir edirik, filin qulağını yandırırıq. Amma bir portret qarşısında əsirik.

- Sakit müəllim, əsərlərinizdə qırmızı məxsusidir. Sanki sizin qırmızı başqa qırmızıdır. Sizin üçün qırmızı nədir?

- Qırmızı çox qorxulu rəngdir. Qırmızı atəş rəngidir. Həm də əhvalı açan rəngdir. Qırmızı adamın içində bir qəribə oyanış yaradır. Amma qırmızı həm də rəssamlar üçün ehtiyat ediləsi rəngdir. Bu rəngin üstündə hər rəng baxılmır. Qanımız qırmızıdır, bayrağımızda var, günəş doğulanda qırmızı doğulur, qızılgül qırmızıdır, payızda yarpaqlar qızarır. Qırmızını çox sevirəm. Bununla yanaşı, çəhrayı, yaşıl, tünd göy rəngləri də gözəldir. Ümumiyyətlə, öz yerlərində olanda, başqa rənglərlə təmasda uyğun seçiləndə bütün rənglər gözəldir.

- Təxminən 10-15 il öncəyə qədər rəssamlıq da bəzi yaradıcı sahələr kimi avantajsız, rentabelsiz, gəlir gətirməyən sahə kimi diqqət çəkirdi. Son bir neçə ildə artıq rəssam obrazı məziyyətlərini bərpa etdi. Bu dəyişikliyi nə ilə izah edərdiniz?

- Mənim gördüyüm illərdə - 70-ci illərdə rəssamlığa çox böyük maraq yaranmışdı, böyük sərgilər açılırdı, çox ciddi sənətkarlar var idi; Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Tahir Salahov, Böyükağa Mirzəzadə və b. Bunlar o dönəmin sənətkarları idi. Keçid dövründə maddi sıxıntılar başladı, hərə bir yerə səpələndi, bir az mühit söndü. Sonra başladılar abstraktı bizə sırımağa. Axı bizim həyatımız abstrakt həyat deyil. Biz realist insanlarıq, Allah dünyanı realist yaradıb.

Sonra Rəssamlıq Akademiyası yarandı, bu yanda İncəsənət Unuversiteti alternativ oldu. Sonra rəssamlar nailiyyət qazanmağa başladılar. Bir rəssam gördü ki, digər rəssam Bakıda otura-otura beynəlxalq arenada uğur qazanır, təbii ki, o da buna can atacaq.

10 rəssam tələbə elə təkcə mən vermişəm Azərbaycana. Əslində tələbələr çox olub. Amma 10 tələbə mənim üzümü ağ edən, çox bacarıqlı rəssamlardır. Hansı ki, mən o tələbələrin əsərlərini Gürcüstanda sərgiyə göndərdim, gürcülərin xalq rəssamlarından artıq oldular ki, əskik olmadılar. Bu getdikcə daha yaxşı olacaq.

Əvəllər bir eybəcər tendensiya var idi; bizdən yaşlılar danışırdı ki, "bizim vaxtımızda tələbələr çox yaxşı oxuyurdu, o vaxtlar Əzim Əzimzadə adına məktəb çox güclü idi, indi yox". İndi həmin müəllim mənimlə fəxr edir. Nə qədər insanlıq varsa, istedad olacaq. Sənin Əzimzadə məktəbin olmasa da, o istedadını bir yolla cilalayacaq.

Bilirsinizmi, bu tendensiya nədən yaranmışdı? Bizdə adət var ki, böyük oturan yerdə balaca oturmaz, böyük danışan yerdə balaca danışmaz. Bəlkə bu balaca böyükdən ağıllı danışacaq, qoy danışsın da. Ona görə də düşünürəm ki, gənclərə böyük yol açmaq lazımdır. Onların qarşısını genişləndirmək gərəkdir. Qoy tələbən səni keçsin, səndən yaxşı olsun. Səndən yaxşı olanda bu sənin başının ucalığıdır.

Azərbaycanda çox gözəl bir gənclik var, çox gözəl bir məktəb var. Hansı ki, bu gənclər Azərbaycanın mədəniyyət xadimləri olacaq. Mən buna inanıram.

- Metroda sərnişinlərə, insanların kütləvi yerləşdiyi məkanlara diqqət etdikdə cəmiyyətin geyimində bir yeknəsəqlik var. Əksər insanların paltarı qara, bozdur. Bu nəyin göstəricisi ola bilər? Sizcə, bu durum  seçilməkdən fərqlənməkdən qorxmaqla, komplekslə əlaqəli ola bilərmi?

- Avropada görürsən ki, 70 yaşlı kişi rəngarəng paltarda, gülərüz, pozitiv halda gəzir. Bizdə görürsən ki, 20 yaşlı gənc, yanında sevgilisi ilə gedir, hər ikisnin əynində qapqara paltar. Üzlərindən də zəhrimar tökülür. Bu da daha çox ətrafa, dolayısı ilə özünə təsir edir. İnsan arzu etməlidir ki, qonşunun eyvanı gözəl olsun. Çünki sən eyvana çıxanda özünün yox, qonşunun eyvanını görəcəksən. Sən də öz eyvanını gözəl etməlisən ki, o da gözəl eyvan görsün.

Türkiyədə sərgimə Rusiyanın dünya gözəli gəlmişdi. Sonra bir məclisdə oturduq. Orada o dünya gözəli olmasını çox hiss etdirirdi. Mən o zaman qadına dedim ki, sən dünyaya bir rəssam kimi baxa bilirsən? Yox. Belə olduğu halda o gözlərin qəşəngliyi sənə lazımdırmı? Sən musiqini musiqi duyumu olan musiqiçilər kimi eşidə bilirsən? Yox. Bəs o qulaqların gözəl olması sənə lazımdırmı?

O gözəllik bizə lazımdır. O gözəllik yalnız bizim gözümüzə xidmət edir.

Ona görə də gərək ətrafdakı insanlar əlvan geyinsin.

Biz kompleksli millətik. Bizim düşüncəmizdə "qonşu nə deyər?" problemi qalmaqdadır. Ona görə də borcun içində olan adam yenə də borca girir, üstünə də maaşını qoyur, gedir növbəti qara kostyumunu alır. Buradan Almaniyaya gedir, qayıdanda yoldaşına qara don alıb gətirir. Heç olmasa, uşaqları əlvan geyindirmək lazımdır. Heç olmasa, gənclər əlvan geyinməlidir. Bəlkə də elə olanda gözlərimiz bayram edər.

- Çəkdiyiniz Roma Papası portretində stolun üzərindəki 4 müqəddəs kitab arasında "Qurani-Kərim" ən üstdədir. Bununla bağlı sizə qeyri-müsəlmanlar tərəfdən irad bildirən olmadı?

- Xeyr. Heç vaxt. Ümumiyyətlə, mən o rəsmi çəkəndə İtaliya qalereyası ilə çalışırdım. Artıq bir neçə ölkədə sərgi etmişdik. Təklif onlardan gəlmişdi. Orada onun stolunun üzərində xaç var idi. Mən xaçın əvəzinə 4 müqəddəs kitabı rəsm etdim.

O rəsmi elə bir dövrdə çəkmişəm ki, o dövrdə Avropada bizim peyğəmbər təhqir olunurdu. Mən onda müsahibə verdim. Dedim ki, axı peyğəmbərin rəsmi, şəkli heç yerdə yoxdur. Heç kəs onun şəklinin necə olduğunu bilmir. O şəxs, bəlkə də öz atasının karikaturasını çəkib.

Və mən o karikatura çəkəni alqışlayanlara göstərdim ki, bizim dediyimiz müsəlmanlar o qədər humanistdirlər ki, bir rəssam Roma Papasının portretini çəkir, dövlət rəhbəri Vatikana hədiyyə edir. Hazırda da həmin əsər Vatikan dövlət muzeyində asılıb.

Ardınca İngiltərədə Kraliça Yelizaveta ilə görüşdükdən sonra ona bir rəsm hədiyyə elədim, təbii ki, bu portret deyil. Kraliçaya "Cıdır düzü" əsərini çəkdim. Bu əsərdə Qarabağa aid bütün atributları qeyd elədim. Süfrədən başlamış, muğam, xarı bülbül, dilboz ata qədər. Ən hündürdə də Azərbaycan bayrağı! Hazırda o əsər Vindzor sarayında asılıb. Mən o əsərimi Vindzor sarayına aparmaqla bayrağımı ora apardım. Artıq mənim bayrağım Vindzor sarayına sancılıb.

Söhbətləşdi: Sərdar AMİN


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!