Məti OSMANOĞLU
Əvvəli: http://edebiyyatqazeti.az/news/diger/4964-edebiyyatimizda-fuzuli-meselesi
Rəşid bəyin toxunduğu məsələlərdən biri də yeni nəsil oxucuların divan poeziyasının, eləcə də Füzuli yaradıcılığının obrazlar aləmini düzgün qavraya bilməməsi ilə bağlıdır. Rəşid bəy maraqlı bir pedaqoji eksperiment - ələ qələm götürüb şeirdəki obrazların şəklini çəkməyi təklif edirdi. Məsələn:
Yaşıl qəba içində ol muyi-miyan keçər,
Guya miyanı səbzdə sərvi-rəvan keçər.
Rəşid bəy bu beytə belə şərh verirdi ki, şair incəbelli sənəmin qəddini yeriyən bir çinar ağacına bənzədib. Bunun rəsmini almaq üçün "bir təbəqə kağızın üzərində cızıq çəkək və fərz edək ki, bu cızıq məhbubun qəddidir"...
Növbəti beytdə təsvir edilən gözəlin (məhbubənin) üzü dolğun Aya bənzədildiyinə görə müəllif üz əvəzinə cızığın başında bir dairə çəkməyi təklif edirdi. Bundan sonra Füzulinin məşhur beyti misal kimi verilirdi:
Ey kəman əbru, rəqibə vermə qəmzəndən nəsib,
Ox atarsan daşə, peykanın gərəkməzmi sana?
Rəşid bəy eksperimenti bu beytin illüstrasiyası ilə davam etdirir: məhbubənin qaşlarının yaya, kirpiklərinin oxlara oxşadıldığını vurğulayaraq göstərir ki, "biz də o minval qaş-kirpik əvəzinə həmən dairənin içində iki dənə yay və cərgədən düzülmüş oxlar" çəkək...
Məsələyə sırf pedaqoji yöndən yanaşan Rəşid bəy kağız üzərində alınan xəyali təsvirlə bağlı mülahizələrini ümumiləşdirərək belə nəticəyə gəlirdi ki, köhnə səpkidə yazılan şeirlərin bu cür yozumu təbii əhvala zidd olduğuna görə "oxuyan hər kəsə kəsalət və nifrət gətirəcəkdir. Heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsulə gəlmədiyi məlumdur".
Məsələyə diqqətlə yanaşanda "Bəsirətül-ətfal"da verilmiş bu fikir başqa bir mənbədən sitat kimi götürüldüyünü deyə bilərik. Abbas Səhhətin 1905-ci ildə "Həyat" qəzetində nəşr etdirdiyi və bədii ədəbiyyata yeni estetik dəyərlərlə yanaşdığı "Təzə şeir necə olmalıdır?" adlı məqaləsində (Əli bəy Hüseynzadənin ideyalarına əsaslanan bu məqalə romantik poeziyamızın manifesti hesab edilə bilər) də eyni fikri və ifadələri görürük: "Şüərayi-sabiqəmizin əşar və əbyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur".
Bütün hallarda, hər iki ziyalının klassik divan şeirinin təqlidinə qarşı olduğu aydındır və onların hər ikisi ədəbiyyatda yenilik görməyin, daha doğrusu, yeni dövrün ədəbiyyatının yaradılmasının tərəfdarı kimi çıxış edir.
Yeniliyi təsdiq etmək üçün, görünür, köhnə ilə "mübarizəyə" ciddi ehtiyac var idi və XX əsrin əvvəllərində divan ədəbiyyatının, xüsusilə də Füzuli poeziyasının parodiya obyektinə çevrilməsi həm də bununla bağlı olmuşdu.
Maraqlı faktlardan biri də Rəşid bəy Əfəndizadənin təklif etdiyi "rəsm" eksperimentinin 1909-cu ildə "Molla Nəsrəddin" jurnalında reallaşdırılması idi. Jurnalda Mirzə Ələkbər Sabirin divan ədəbiyyatından parodiya etdiyi gözəli təsvir edən şeiri komik illüstrasiya müşayiət edir.
Ey annın Ay, üzün günəş, ey qaşların kəman!
Ceyran gözün, qarışqa xətin, kakilin ilan!
Alma çənən, çənəndə zənəxdan dərin quyu,
Kirpiklərin qamış, dodağın bal, tənin kətan!
Boynun sürahi, boy-buxunun bir uca çinar,
Əndamın ağ gümüş, yanağın qırmızı ənar!
Xalın üzündə buğda, başında saçın qürab,
Qah, qah!.. Qəribə gülməlisən xaniman xərab!..
Divan ədəbiyyatının yüz illərlə öydüyü, tərənnüm etdiyi gözəl yeni zəmanənin sənətinin gözündə gülməli görünürdü...
Üzeyir bəyin də "Leyli və Məcnun" operasından sonra yazdığı operettalarda - "O olmasın, bu olsun" (1910) və "Arşın mal alan"da (1917) yenidən Füzulinin qəzəllərinə müraciət etdiyini görürük. "O olmasın, bu olsun" komediyası əsərin bütün personajlarından ibarət xorun Leyli və Məcnun əhvalatını xatırlatması ilə başlayır.
Hamı.
Nə sözdür kim, deyir məxluq (2 dəfə)
Ki, Leyli oldu ğeyrə yap... (2 dəfə)
Xorun çıxışından sonra Sərvərin ariyası gəlir. O, Füzulinin məşhur qəzəlini oxuyur:
Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor...
Əsərin sonrakı epizodlarında da Füzuli irsi diqqətdən kənarda qalmır. Sərvər replikalarının birində: "Bu eşq o eşqdir ki, Məcnunu qoydu avara", - deyir.
Məşədi İbad isə Gülnazı Sərvərlə bir yerdə görəndə yadına "Leyli və Məcnun əhvalatı düşür":
Məcnun o tayda ahü zar edir,
Leyli bu tayda əğyar ilə eyş edir...
"Arşın mal alan" da Füzulinin qəzəli ilə başlayır. Pərdə Əsgərin ariyası ilə açılır:
Nalədəndir ney kimi avazeyi-eşqim bülənd.
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd...
Lakin gətirdiyimiz misallardan da göründüyü kimi, hər iki əsərdə Füzuli yaradıcılığına "Leyli və Məcnun"dan fərqli bir yanaşma var. Sənətşünas alim Əlisəfdər Hüseynovun 2012-ci ildə nəşr etdirdiyi "Səhnədən o yana, yaxud sözün "şəkli" kitabında bu məsələ ilə bağlı son dərəcə maraqlı bir müşahidə var: "İlk dəfə "O olmasın, bu olsun" komediyasında təzahür edən ... və Azərbaycan dramaturgiyası üçün yeni olan hadisəni - ciddi, ilahi mövzunun heç də ciddi və ilahi görünməyən arxa üzünü - alternativini üzə çıxarıb bədii düşüncə predmetinə çevirmək imkanını Ü.Hacıbəyov "Arşın mal alan"da bir daha gerçəkləşdirir, başqa cür desək, mövzunun astar üzünü - qaranlıqda qalan, ədəbiyyata gətirilməsi rəva bilinməyən tərəflərini ədəbiyyatın malına çevirir. Diqqət yetirək: oxuduğu qəzəllə özünü Füzulinin məhəbbət dünyasının parametrlərinə uyğun aşiqlə eyniləşdirmək istəyən Əsgər növbəti replikalarda, dialoqlarda ürəyində eşq dərdinin yox, sadəcə, arvadsızlıq dərdinin patologiyasını gəzdirən bir şəxsə çevrilir"...
Bu misaldan da göründüyü kimi, Üzeyir bəyin musiqili komediyalarında Füzuli yaradıcılığına münasibət zamanın ictimai və estetik havası ilə uzlaşır. Ehkama çevrilmiş estetik dəyərlərə astar üzündən baxmaq marağı burada özünü daha qabarıq göstərir.
Bizə elə gəlir ki, ədəbiyyatımızda Mirzə Fətəlidən başlayan "Füzuli məsələsinin" həlli istiqamətində böyük maraq doğuran mənbələrdən biri Cəfər Cabbarlının 1928-ci ildə qələmə aldığı "Mirzə Fətəli Axundzadə" məqaləsidir. Füzulinin öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdiyini göstərən C.Cabbarlı mühitin Füzulinin müəyyənləşdirdiyi yüksəkliyə çıxacaq hazırlığa malik olmadığı qənaətində idi: "Odur ki, Füzuli öz əlini ədəbiyyatdan çəkər-çəkməz ədəbiyyat mütərəqqi gedişi ilə irəliləmək deyil, bəlkə yüksəldiyi yerdə belə dayanmadı və sürətli hərəkətlə enişə doğru yuvarlanmağa başladı... Beləliklə, azəri ədəbiyyatı öz orijinal mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdı.
...Ədəbiyyat... həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə olsun bayıra çıxmır və uzun illər yeni bir şəklə keçmirdi".
Cəfər Cabbarlı Mirzə Fətəlinin Füzuliyə münasibətini və Mirzə Fətəlinin Azərbaycan ədəbiyyatındakı xidmətini də bu amillə əlaqələndirirdi: "Birinci olaraq, bu cadulanmış gedişə qarşı çıxan, bu saxlanmaz axını toxdadan, bu çıxılmaz yoldan çıxan və bu qırılmaz qəzəl və qəsidə tilsimini qıran Mirzə Fətəli Axundzadə olmuşdur".
Cəfər Cabbarlı həmin məqaləni yazanda ədəbiyyatımızda "oxuma, tar" - "oxu, tar" dialoqu da yetişməkdə idi. Bu dialoqun arxasındakı ideoloji amili inkar etmək mümkün deyil. Xüsusilə Rusiyada "Tolstoyu, Dostoyevskini müasirliyin gəmisindən atmaq" iddiasında olan "proletkult" - "proletar mədəniyyəti" deyilən hadisənin Azərbaycandakı əks-sədası daha eybəcər və bayağı görünürdü.
Ancaq bu, məsələnin göz önündə olan, görünən tərəfi idi. Görünməyən və dilə az gətirilən tərəfi isə daha ciddi idi: tara "oxu" - "oxuma" deyənlərin iradəsindən və istəyindən asılı olmayaraq divan ədəbiyyatı artıq könüllü şəkildə, bədii düşüncənin heç kəslə hesablaşmayan qanunlarının hökmü ilə yaddaşın muzeyinə köçməyə məhkum edilmişdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!