"Qızılgülün adı" - roman, yoxsa film - Ədəbiyyat söhbətləri - Əyyub Qiyasın təqdimatında

Məşhur italyan yazıçısı, Boloniya Universitetində semiotika professoru olmuş Umberto Ekonun "Qızılgülün adı" romanı çap olunduğu gündən etibarən həm dünya oxucusunun, həm də ədəbiyyat tənqidçilərinin diqqətini çəkdi. Orta əsrlər kilsə həyatından dəhs edən romanın başqa bir tərəfi isə onun ənənəvi detektivçilikdən uzaq, fərqli, maraqlı və deyərdim ki, intellektual təqdimatı idi. Sözün gerçək mənasında romanın detektiv xətti onun özəyini təşkil etsə də, tarix, teologiya paralelləri diqqətdən yayınmırdı və yəqin, elə bu səbəbdən roman kinematoqrafın da marağına səbəb olmuşdu. 

1986-cı ildə rejissor Jan-Jak Anno (söhbət "Yeddi il Tibetdə" və "Qara qızıl" ekran işlərinin rejissorundan gedir) ilk dəfə bu məsuliyyətin altına girir. Dörd peşəkar ssenaristin işi 5 il çəkir və 17 variantda ssenari yazılır. Film bir sıra nüfuzlu mükafatlara layiq görülsə də, Umberto Eko özü romanın ekran variantını bəyənmir və o gündən sonra əsərlərinin ekranlaşdırılmasına razılıq vermir. Hətta Stenli Kubrikin də təklifinə etiraz edir.

Filmin əvvəlindən vurğular qarışır, müəyyən düyünlər dəyişdirilir və bunlar da əlavə konfliktlər yaradır. Ekran işi kəskin təqdimatla başlayır, heç bir şərh verilmir və bu səbəbdən romandan xəbərsiz olan seyrçi "tapmaca" tapmağa məcbur olur. Bu, çox çətin tapşırıqdır, çünki kitab çoxsaylı qəhrəmanları ilə diqqət çəkirdi. Hadisələr, sadəcə, monax Adsonun məhdud təhkiyəsi ilə təqdim olunur, onun daxili monoloqları hadisələri çərçivəyə salır, qəhrəmanın özü isə filmdə çox az danışır. Lakin 17 yaşı olmasına baxmayaraq, gənc və hər şeyi bilmək istəyən monax obrazını canlandırmış aktyor Kristian Sleyterin oyununa yaxşı demək olar. Bu gənc aktyor gözləri ilə heyrət, maraq, qorxu və nifrət məqamlarını ustalıqla təqdim edir, çünki bu mimikalar onun demək istədiyi fikirlərin ifadə həllidir. 

Əsas qəhrəmanlardan bəhs edərkən başqa bir məqama diqqət çəkmək istəyirəm: Eko personajlarının Konan Doyl qəhrəmanları ilə özünməxsus paraleli. Məncə, filmdə bu məqam itib. Əsəri oxuyarkən adamı özünə cəlb edən hadisələrin rəngarəngliyi, həyəcan anları filmdə son dərəcə bəsit təqdim edilir. Doğrudur, Vilhelm müəyyən nəticələr çıxarır, lakin bəzən bu nəticələr adama göydəndüşmə kimi görünür. Romandakı əsas qəhrəmanlar, demək olar, istintaq aparmır, Adsonun bu istintaqdakı rolu isə dəfələrlə azaldılıb. Bəzi hallarda bu gənc monax Uilyam Baskervilskinin köməkçisi kimi deyil, psixoloji və ruhi tərəddüdlərin nümunəsi kimi təqdim olunur.

Lakin filmdə Şon Konnerinin yaratdığı əsas obraz - Uilyam təqdirəlayiqdir. Ssenari filmdəki baş qəhrəmanları nə qədər mənfi tərəfə dəyişsə də, bu iki aktyor kitabdakı personajların mahiyyətini aça bilir və görünür, bu da adıçəkilən aktyorların istedadından irəli gəlir. 

Ekran işində görüntü, qrim möhtəşəmdir, lakin Ekonun romanda təsvir etdiyi tablonu görmək olmur. Bir məqam da məni heyrətə gətirir: eybəcər hala salınmış obrazlar. Təbii, filmdə ideal gözəllərlə qarşılaşacağımı gözləmirdim, amma bəzən mənə elə gəlir ki, bu monastırda eybəcər hala salınmış adamlar (ümumiyyətlə eybəcərliklər, çirkinliklər, üfunət və s.) ifrat dərəcədə çoxdur və yaradıcı heyətin bu addımını anlaya bilmirəm: qəhrəmanların zahiri görkəmini elə hala salıblar ki, bəzən adam onlara baxarkən iyrənir. Bilmirəm, bəlkə də bu yolla onların ruhi keyfiyyətlərini təqdim etmək istəyirlər, amma, məncə, bu, yanlış təqdimatdır, çünki film həm də estetika hadisəsidir, ifrata varmaq olmaz.

Qayıdaq süjet xəttində edilən dəyişikliklərə: əlbəttə, belə bir ekran həlli müəllifin özünü heç cür qane edə bilməzdi. Eko romanda təqdim etdiyi dövrün gerçək təsvirini yaradıb, fəlsəfi düşüncələrini kifayət qədər mənalandırıb və onları şifrələyib, filmin yaradıcı heyəti isə onun romana qoyduğu yükü bir tərəfə ataraq, sadəcə, detektiv xətti üstün tutub. Əslində, "Qızılgülün adı" romanı teoloji-fəlsəfi-detektiv paralelləri ilə möhtəşəmlik qazanmışdı və müəllifin uğuru posmodernizm azadlığında fəlsəfi düşüncələrini təqdim etməklə yanaşı, həm də xristian tarixinin qaranlıq səhifələrinə işıq tutmaq idi. Amma bir həqiqəti nəzərə almaq lazımdır: əgər film romandakı dialoqlarla yüklənsəydi, tamaşaçı yığa bilməzdi və kino ilə ədəbiyyatın fərqi də məhz budur. Əgər ədəbiyyat özünü sözlərlə ifadə edirsə, kinoda bu ifadə forması rəngarəng hadisələrlə təqdim olunur. Doğrudur, film üzərində işləyənlər müəyyən mənada əsərin fəlsəfi yükünü qorumağa çalışıblar, lakin bu çox azdır. Çünki fəlsəfi əsərlərə meyilli oxucu "Qızılgülün adı"nı məhz daxilindəki fəlsəfi yükünə görə gözünə təpirdi, film isə, yuxarıda qeyd etdiyim kimi, maraqlı detektivdir. Eko xristian ordenləri, allahsızlıq, inkvizasiya kimi məqamları təqdim etməklə dövrün qarışıq və maraqlı təsvirini yarada bilmişdi, filmdə isə hər şey həyəcan doğuran  istintaq xətti ilə həll olunur. Eko yazdığı əsərin bütün oxucular üçün maraqlı olmayacağını gözəl bilirdi, lakin tipik posmodernist təqdimatın əksər oxucu tərəfindən maraqla qəbul ediləcəyinə əmin idi. Çünki Eko usta yazıçı kimi qələmə aldığı mətnin nüfuz dairəsini dəqiqliklə hesablaya bilən müəlliflərdən sayılır.

Əslində, möhtəşəm bədii əsərlərin möhtəşəmliyi onların söz sənəti incisi olmasındadır və belə əsərləri incəsənətin başqa növlərinə adaptasiya etmək mümkün olmadığı üçün yüksək ədəbi dəyər statusu alır. Dünya kinosu hər hansısa məşhur bədii əsəri  ekranlaşdırarkən çox nadir hallarda uğura imza ata bilib. Çünki ekranın tələbləri ilə bədii mətnin tələbləri fərqlidir. Biz haqqında danışdığımız filmlə romana fərqli prizmalardan yanaşsaq, o zaman hər birinə ayrı-ayrılıqda qiymət verməliyik: 1) "Qızılgülün adı" - möhtəşəm əsərdir. 2) "Qızılgülün adı" - baxılan filmdir. Amma... Bəli, məsələnin amması odur ki, gərək bu iki bədii dəyər vasitəsinin birindən xəbərsiz olasan. Romanı oxuduqdan sonra film nə qədər bəsit görünürsə, romanı oxumadan filmə baxmaq son dərəcə maraqlıdır.

Əgər bu iki məqama bir yerdə nəzər salsaq görərik ki, filmi yaradanlar romanı möhtəşəm edən hər şeyi bir kənara atıb, işlərini bir xətt üzrə aparıblar. Təbii ki, Eko bunu görüb bəyənə bilməzdi, çünki o, yazdığı romanı tam yükü ilə təqdim etmişdi, flmdə isə bu, çatmırdı.

İndi isə filmə romandan kənar bir iş kimi, adi tamaşaçı qismində diqqət yetirək: qeyd edilən bütün qüsurları ilə bir yerdə möhtəşəm işdir. Mühit, monastır reallıqları son dərəcə ustalıqla işlənib. Qeyri-mümkün kitabxananın həlli isə sadəcə filmin uğurudur. Hətta bəzi məqamlarda inkvizasiya təsvirləri əsərin özündən dolğun verilir. Ən əsas və vacib məqam: tamaşaçı filmə birnəfəsə baxır.

Filmin finalı ilə romanın sonluğu arasındakı fərq də müəllifin ürəyincə olmayıb, çünki sonluq bütünlüklə dəyişdirilib. Kitab müəyyən mənada maraqlı sevgi xətti ilə də diqqət çəkirdi və eyni zamanda tarixi, fəlsəfi, bədii və sevgi xətləri romanın vahid prinsipinə xidmət edən köməkçi vasitələr idi, final da bu pozitiv məqamlarla yüklənmişdi. Kinoçular isə finalı dəyişməklə həm də müəllifin demək istədiyi mesajı dəyişmişdilər və Ekonu qıcıqlandıran bu idi, çünki o, bir müəllif olaraq heç vaxt "Qızılgülün adı"na tamaşaçı kimi baxa bilməmişdi.

Kitabdan xəbəri olan oxucu filmdə hər şeyi asanlıqla anlaya bilər, amma bundan xəbərsiz oxucu üçün film həyəcanla izlənən ekran işidir, lakin yenə öz fikrimdə qalıram: "Qızılgülün adı" XX əsr ədəbiyyatının ən möhtşəm uğurlarından biri, müəllifinə dünya şöhrəti gətirmiş monumental əsərdir. Oxucu azad bədii təsvirin rəngarəng çalarlarının sehrinə düşür və elə ilk səhifələrdən həm informasiya bolluğu, həm də hadisələrin həyəcanı ilə qarşılaşır. "Qızılgülün adı" filmi isə 128 dəqiqəlik zaman içində əriməkdir. 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!