Qırx bir - Qan Turalı yazır

 

Onun faciəsi amansız bir əsrin faciəsi idi və o bu faciəni hər üzü ilə yaşamışdı.

Yetimliklə başlayan həyatı ruhi xəstəxanadan, zəlzələdən, qanlı hərb meydanlarından, aclıq və səfalətdən, nakam sevgidən, həbsxanadan, sürgündən, alkoqolizmdən bir sözlə taleyin insana oynadığı bütün dəhşətlərdən keçmişdi.

O zamanın övladı idi və bu zamanda fərəhlər həbs edilmiş, hüznlər azad idi. 

Di gəl ki, bu amansız zaman heç kimi o qədər sıxıb boğmalamamışdı, heç kimi bu qədər əzməmişdi və heç bir şair öz həyatında insanlığın tarixi faciələrini öz dərisində bu qədər dərindən hiss etməmişdi.

Və onun faciəvi ölümü də əlahiddə bir hadisə olmayıb bu dramatik həyatın məntiqi yekunu idi.

XX əsrin əvvəllərində bütün dünyaya qəribə bir hüzn, bəşərin taleyindən nigarançılıq, Nitsşenin "öldürdüyü" Tanrıdan sonra yetimlik çökmüşdü.

Hadi bu fikir burulğanlarında çapalayacaqdı. Ümidləri ardıcıl olaraq puça çıxacaqdı.

"Hophopnamə" Sabirin ömrünün son beş ilində yazdığı şeirlərdən ibarətdir. O zamana qədər isə Sabir öz yolunu tapmamışdı. Molla Nəsrəddin olmasaydı Sabir də olmayacaqdı.

Mən Hadinin faciəsinin sirrini də bunda görürəm.

Sabir kimi o da klassik təhsil almışdı, dünyadakı gedişatdan, dünyəvi təhsildən uzaq düşmüşdü.

O XX əsrdə Sədi, Hafiz təfəkkürü ilə yaşamaq istəyirdi. Əsrin çağırışları onu  dindirmirdi. Əcnəbilərin balonlarla çıxdığı göy üzünü o öz ruhu ilə fəth etmək istəyirdi.

Maarifin, təhsilin əhəmiyyətindən danışırdı. Amma Sədini tərcümə edirdi. Axundovun da dediyi kimi 800 il ərzində Sədi ilə heç kimi tərbiyə etmək mümkün olmamışdı.

Bir tərəfdən despotlara bayraq qaldırır, inqilaba şeir həsr edir, sonra isə milli oyanışa qayıdırdı.

Bu daxili ziddiyyətlər, çözə bilmədiyi fəlsəfi suallar Hadini içdən yeyirdi. Bəzən ruhani kimi cəbhəyə gedir, bəzən isə şeirlərini satıb araq alırdı. Məscidlə meyxana arasında qalmışdı.

Ölümü də qaranlıq qaldı, bilinmədi ki, Gəncə üsyanında öldürülüb yoxsa xəstəlikdən ölüb.

Qəbrinin yeri belə naməlumdur.

Hadi elə bil dünyaya enmiş bir mələk idi və o mələk sanki insanlığın bütün günahlarına müqabil olaraq öz ruhunu fəda edəcəkdi.

Və Hadi şair idi...

Bütün bu ruhi sarsıntılar, mənəvi məhrumiyyətlər, səfalət və böhranlar-bütün bunlar, onun qələmi ilə ədəbiləşəcək, tarixin yaddaşına hopdurulacaqdı.

Kafka haqqında bu ifadəni tez-tez işlədirlər: Pessimizmin peyğəmbəri...

Hadi Kafka ilə eyni illərdə yazırdı və mən Kafkanın bütün nihilizmini eləcə də onun ziddiyyətlərini eyniylə Hadidə hiss edirəm.

Onlar eyni zamanın övladları idilər, Kafka ondan 4 il sonra doğulub dörd il sonra ölmüşdü. Hər ikisi də 41 il yaşamışdı...

Birinci Cahan hərbi zamanı düşmən ölkələrin vətəndaşları olsalar da onlar ədəbiyyat adlı bu zamanın  bütün zərbələrinə qarşı şax dayanıb, insana daim insanlığı xatırladan bir dinin müridləri idilər.

Onlar insan idilər...

"Nə yapsın bəxtsiz insan ki, möhnətlər həqiqətdir?!".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!