Soyuğu başladı yetim bir məmləkətin,
Keçən ilin soyuğu qıçında
kasıb qaçıb gizlənmişdi
cındırının içində.
Soyuq ayı dərisindən də keçirdi,
kasıbın cındırından keçmədi,
- Gözümüz aydın!
Kasıb soyuqdan küsüb!
Qapılılar bağladı qapısın,
Pəncərəlilər pəncərəsin;
Özləri bilərlər -
Kasıb soyuğun, soyuq kasıbın.
Hamı qaçıb gizlənəndə,
çəkiləndə bu dünyadan,
hətta şeytanın da ayağı,
sınıq pəncərələrə tutulmuş
qəzet kimi
şairlərə gəlir dünyanın soyuğu...
Donurdu Hadinin əlləri,
Qapılılar qapısın bağlamışdı,
pəncərəlilər pəncərəsin.
Buzdan, şaxtadan yollar da qalın,
Qara torpaq da qalın, qalın,
üstündə nə qəbir qazılar,
nə dua oxunar, -
Allah da bağlamışdı
o dünyanın yolun.
Bir atlı keçirdi
Allah bağlayan, dərd açan yoldan,
atlının bığları eşmə,
dərdin yolları sürüşkən,
- Canım atlı, gözüm atlı,
bu dünyanı keçməyə
ya bu atı bağışla,
atı bağışlamırsan,
atın ağzındakı odu bağışla.
Odu da bağışlamırsan,
gəl, bu bığları bir də eşmə!
Donurdu Hadinin əlləri
səsinə at dayandı,
atın ağzında od dayandı,
Atlı qamçıladı atı,
od çıxırdı atın ağzından,
Donurdu Hadinin əlləri,
Qaça-qaça saldı əlini atın ağzına,
Atlı qamçıladı atı,
At qaça-qaça yumdu ağzını...
Donurdu Hadinin əlləri
Çıxartdı ürəyinin yanından
Sata bilmədiyi şeirləri,
od vurdu şeirlərə
saldı əlini odun içinə,
orda əli ürəyinə dəydi,
orda ürəyi əlinin içində,
əli ürəyinin içindəydi.
Şeirin odu axıb, axıb isitdi
çölləri, dağları, məzarları da,
isitdi ölümsüz məzarların
ölümsüz etdiyi bu ulu yurdu.
...O anda, yurdun bir qırağında
qalxıb ulu məzarından Mirzə Ələkbər
Ciyərinin qanını yuyurdu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!