Məhəmməd HADİ - 140
Soraq vermək istədim bu gündən sənə, şair!
Məzarını aradım.
Tapmadım, gözlərimdə qaldı arzum, muradım,
Ömrünün son günləri, Gəncədəydin, deyirlər.
Gedib Gəncəni gəzdim.
Dilimdə, ürəyimdə bir ağlar qəlbdən qopub
Milyon qəlbi ağladan o yanıqlı şeirlər,
Hər yerdə səni gəzdim.
Qarış-qarış dolandım qoca Şirvanı, şair!
Məzarın hanı, şair?!
Şəlalədən soruşdum, şəlalə axdı keçdi,
İldırımdan soruşdum, ildırım çaxdı keçdi.
Lalədən, yasəməndən, bənövşədən soruşdum,
Dağdan, daşdan, qayadan, göy çəməndən soruşdum
Dedilər ki, bir zaman o bizə baxdı keçdi.
Gəzdim hər yanı, şair.
Məzarın hanı, şair?!
Bir qocadan soruşdum, dedi: "Axtarma, bala,
Özünü yorma, bala,
O ki elə yanırdı:
Ya gərək əriyəydi, ya gərək kül olaydı.
Ana yurdun dərdinə, el-obanın dərdinə
Elə yanmadı ki, o, məzarı da qalaydı!".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!