Gözdən düşmüş qrafinya, yaxud Tolstoyun vətəndə sevilməyən qızı - Ədəbiyyat söhbətləri - Əyyub Qiyasın təqdimatında - Əyyub QİYAS

Əyyub QİYAS

 

Ədəbiyyatın məkan sərhədi yoxdur, ümumiyyətlə, sənət sərhədsizdir və bu sərhədsiz sirli dünyanın nəhənglərindən biri də üzərindəki rus yazıçısı yarlığını çoxdan dünyəviləşdirən Qraf Lev Nikolayeviç Tolstoydur. Tolstoy neçə-neçə dünya şöhrətli nasirin yaradıcılığına təsir etdi. Bu baxımdan ədibin yazıları ilə yanaşı, həyatı da həmişə maraq doğurdu və elə son bir neçə ildə "Ədəbiyyat qəzeti"nin səhifələrində Tolstoyun yaradıcılığı və maraqlı, hətta təzadlı həyatı ilə bağlı müxtəlif yazılar dərc olunub.

Bu yazıda böyük yazıçının ailəsi ilə bağlı bəzi maraqlı məlumatları oxucularla bölüşmək istəyirəm. Tolstoyun yaradıcılığını yaxından izləyənlər onun varislərinin də taleyi ilə maraqlanıblar, lakin uzun illər onun kiçik qızının adı vətənində xatırlanmayıb. Çünki Aleksandra Lvovna Tolstaya tarixə təkcə böyük yazıçının qızı kimi yox, həm də Tolstoy fondunun yaradıcısı və atasının ev-muzeyinin mühafizi kimi düşüb.

Aleksandra Lvovna yazıçının 12-ci övladı idi və dünyaya gəlişi ilə artıq ailənin həyatını dəyişmişdi. 18 iyun 1884-cü ildə yazıçı Yasnaya Polyananı birdəfəlik tərk etmək fikrində idi, lakin arvadının doğum sancıları onun yolundan qalmasına səbəb oldu.

Qızın anası Sofya Andreyevna körpəsini ərköyün böyütmürdü. Qızı anadan olandan sonra qadın: "Səhər saat 7-də bu gözəl, uzunsaçlı və irimavi gözlü qız dünyaya gəldi. Həmin gecə yaşadığım o qədər həyəcandan və fiziki ağrıdan sonra bu uşağa qarşı heç bir hiss keçirə bilmirdim. Başa düşdüm ki, bu halımda önu özüm yedirdə bilməyəcəm, ona görə körpəni uşaq otağına, gözümdən-qulağımdan uzaq yerə göndərdim", - yazırdı. Valideyn diqqəti və qayğısından kənar qalan qızcığaz üçün yaxşı mürəbbiyə və müəllim tutmuşdular. O, ingilis, alman və fransız dillərini bilirdi. Rəsm, musiqi, rəqs təlimləri alır, at çapır, xizək sürürdü. 

Aleksandra uşaqlıq illərində atasından heç bir diqqət görməmişdi. Onun atası ilə yaxınlığı 15 yaşına - Aleksandra yazıçının əlyazmalarının üzünü köçürməyə və məktublarına cavab yazmağa başlayandan sonraya təsadüf edir. Sonralar o, öz xatirələrində yazırdı: "İlk dəfə atama 15 yaşım olanda yaxınlaşdım. Həmin dövrü onunla yaxınlığımın başlanğıcı hesab edirəm. Zaman keçdikcə bizim yaxınlığımız daha da doğmalaşdı". 16 yaşım olanda isə o, artıq faktiki şəkildə yazıçının şəxsi katibliyini edirdi və Tolstoyun ömürünün son 10 ilində demək olar, onun ən yaxın adamlarından biri olmuşdu. Qız təkcə onun işlər vəkili deyil, eyni zamanda sadiq köməkçisi və həmfikiri idi. Aleksandra Tolstaya Yasnaya Polyanada ambulatoriya açmışdı, orada kəndliləri müalicə edir, həm də kənd məktəbində dərs deyirdi.   

Lev Tolstoy Yasnaya Polyananı tərk etməyə qərar verdiyi zaman Aleksandra yazıçının planından xəbərdar olan və atasının bu qərarını bütünlüklə dəstəkləyən yeganə ailə üzvü olmuşdu. 1910-cu il oktyabrın 27-dən 28-nə keçən gecə qız atasını yola salmış, 10 gündən sonra özü də ona qoşulmuş və ömrünün son günlərində Tolstoyun yanında olmuşdu. Atasının ölümü ilə Aleksandranın həyatının ən qayğısız və xoşbəxt günləri başa çatmışdı.

Birinci Dünya müharibəsi başlayan kimi A.Tolstaya qısa tibb bacısı kursunu bitirib şəfqət bacısı kimi cəbhəyə yollandı. O bu qərarını belə izah edirdi: "Evdə otura bilmədim, bu ümumi dərdə nəsə bir yardım etməliydim". 1915-ci ildə Aleksandra Qızıl Xaç dəstəsinin tərkibində rus ordusundakı yatalaq epidemiyası ilə mübarizədə iştirak etmiş, qaçqın uşaqları üçün məktəb-yeməkxana yaratmışdı. 1916-cı ildə almanların qaz hücumundan sonra zəhərlənərək hospitala düşmüşdü. Bir il sonra isə polkovnik rütbəsi və iki Georgiyevski medalı ilə Moskvaya qayıtmışdı. 

Aleksandra Tolstaya ilk dəfə 1919-cu ilin yayında həbs olunmuşdu. Buna səbəb əksinqilabçıların birində onun ünvanının tapılması idi. Lakin bir gün sonra A.Tolstayadan üzrxahlıq edərək onu azadlığa buraxmışdılar. 1920-ci ilin baharında yazıçının qızı əksinqilabi fəaliyyətdə ittiham olunaraq növbəti dəfə həbs edilmiş, günahını sübut edəcək heç bir dəlil tapılmasa da, 3 illik həbs cəzası ilə Novospass monastırındakı düşərgəyə göndərilmişdi. Hər şeydən ümidini itirən Aleksandra həbsxanadan proletariat rəhbəri Vladimir Leninə məktub göndərmişdi: "Atam bütün yaradıcılığı ilə Çar hakimiyyətini açıq-aşkar ifşa etdi, lakin buna baxmayaraq, yenə azadlıqda qaldı. Vladimir İliç, əgər məni vətənim üçün təhlükəli hesab edirsinizsə, o zaman sərhəddən uzağa göndərin! Əgər məni sərhəddən uzaqda da təhlükəli hesab edirsinizsə, o zaman Sovet respublikasının təhlükəli vətəndaşı qismində güllələtdirin, lakin məni cinayətkarlarla, oğrularla, quldurlarla bir yerdə yaşamağa, dörd divar arasına qısılmış parazit həyatı sürməyə məhkum etməyin...". Bu məktubdan 8 ay sonra A.Tolstaya amnistiya ilə azad olunmuşdu.   

Yasnaya Polyana milliləşdirildikdən sonra Tolstaya dahi yazıçının ev-muzeyinin qoruyucusu təyin olundu. Bununla yanaşı, o, həm də atasının irsini nəşr etdirirdi. O, Yasnaya Polyanada məktəb açmışdı, lakin antixristian təbliğatı genişləndiyi üçün orada keçmiş proqram üzrə dərs deyə bilmirdi. O dövrün sovet mətbuatında Yasnaya Polyanada "dəfn olunmuş" qrafinyadan tez-tez bəhs olunurdu. Məktublarının birində o yazırdı: "Hər şeydən çox azadıq istəyirəm. Ac olum, susuz olum, təki azad olum".  

Beləliklə, sovet dövlətində özünə yer tapmayan Aleksandra Tolstaya mühacirət etmək qərarına gəlir. 1929-cu ildə Yaponiyaya, daha sonra ABŞ-a köçür və bir daha vətənə qayıtmır. Dahi Tolstoyun 48 il Amerikada yaşayan qızı atasının ideyalarını təbliğ etməkdən yorulmur, Tostoy haqqında mühazirələr oxuyur, məqalələr yazır...

1939-cu ildə Aleksandra Lvovna "Tolstoy fondu" adlı xeyriyyə təşkilatı yaratdı. Bununla o, Rusiyadan gələn mühacirlərə yardım etmək istəyirdi. Onun rəhbərliyi ilə uşaq evi, xəstəxana, ahıllar evi, kilsə və kitabxana tikilmişdi. Bu dövrdə onun adı vətəndə qadağan olunmuşdu, orada dahi yazıçının qızını Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda, vətənə xəyanətdə və casusluqda ittiham edir, "Tolstoy fondu"nu isə "quldur yuvası" adlandırırdılar. 

Lakin 1970-ci illərin sonlarına yaxın vəziyyət bir qədər dəyişdi. O vaxt Aleksandra Lvovnanı Moskvaya, Lev Tolstoyun 150 illik yubileyinə qatılmağa dəvət etdilər. Lakin infarkt keçirdikdən sonra yataq xəstəsi olan Tolstaya vətənə gələ bilmədi və bir il sonra dünyasını dəyişdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!