Hacı Firudin Qurbansoyun "İmadəddin Nəsimi" monoqrafiyası
Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan İmadəddin Nəsiminin şəxsiyyəti, bədii-fəlsəfi irsi və islami Şərq ədəbiyyatındakı yeri həmişə diqqət mərkəzində olmuş, onunla bağlı müxtəlif vaxtlarda Azərbaycan da daxil olmaqla ayrı-ayrı ölkələrdə ciddi tədqiqat işləri görülmüş, məqalə və monoqrafiyalar yazılmışdır. Azərbaycanda ilk dəfə 1926-cı ildə Salman Mümtazla başlayan İ.Nəsimi şəxsiyyətinin və bədii irsinin tədqiqi, sonralar F.Köçərli, H.Araslı, M.Quluzadə, C.Qəhrəmanov, Ə.Səfərli və başqaları tərəfindən uğurla davam etdirilmişdir. 1973-cü ildə C.Qəhrəmanov tərəfindən Nəsimi divanının elmi-tənqidi mətni hazırlanmış, əsərləri ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə çap olunmuşdur.
Əlamətdar haldır ki, İ.Nəsiminin anadan olması ilə bağlı son 50 ildə iki dəfə böyük tədbirlər həyata keçirilmiş və bu yubiley tədbirləri nəticəsində şairin şəxsiyyəti və yaradıcılığına diqqət daha da artmışdır.
Bu il İ.Nəsiminin anadan olmasının 650 illiyidir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə "Nəsimi ili" elan olunmuşdur. Bununla bağlı olaraq müxtəlif tədbirlər həyata keçirilir, konfrans və simpoziumlar təşkil olunur. Həmçinin elmi əsər və monoqrafiyalar yazılır.
Belə əsərlərdən biri də Hacı Firudin Qurbansoyun "İmadəddin Nəsimi" monoqrafiyasıdır. O qədər də irihəcmli olmayan bu əsərdə yersiz təfərrüata varılmamış, irəli sürülən fikir və mülahizələr bütün hallarda monoqrafiyanın predmetinə uyğun olaraq Nəsimi ilə bağlı qaynaqlara və şairin öz yaradıcılığına söykənmişdir. Əsər boyu gətirilən nümunələr, edilən istinadlar kifayət qədər inandırıcıdır, təhlil və izahlarda isə ifrat yoxdur.
Ümumiyyətlə, klassik ədəbiyyatdan xüsusən də, Nəsimi poeziyasından əsər yazmaq araşdırıcıdan müəyyən hazırlıq istəyir. Bu sahədə söz demək istəyən tədqiqatçı arxaik turk, eləcə də ərəb və fars dillərini mükəmməl bilməklə yanaşı, şeirşünaslığın Əruz, Qafiyə, Üsul, Bəlağət, Fəsahət, Məani, Bəyan, Bədi elmlərindən müəyyən qədər məlumatlı olmalıdır. Həmçinin, İslam şəriəti və "Qurani-Kərim"in təfsir və üsulu, təsəvvüfi fikir və hürufizmin simvolikasını bilmək çox vacibdir. Belə ki, "Qurani-Kərim" ayələri, Hz. Məhəmməd (s.ə.s) və Əhli-beyt imamlarının hədisləri süslənmiş olan Nəsimi poeziyası, eləcə də çox mürəkkəb olan Hürufi ezoterizmini özündə əks etdirir. F.Qurbansoyun monoqrafiyası ilə tanış olduqda onun bu sahədə ciddi şəkildə məlumatlı və kifayət qədər hazırlıqlı olduğu bilinir.
"Ön söz"lə başlayan "İmadəddin Nəsimi" monoqrafiyası "Giriş", yeddi fəsil, "Son söz" və kitabiyyatdan ibarətdir. Fəsillərdəki ardıcıllıq və sinxronluq yüksək səviyyədədir. Girişdə Nəsimidən çox dəqiqliklə seçilmiş bir neçə beyt verən müəllif gətirdiyi nümunələrlə şairin şəxsiyyəti və yaradıcılığında qabardılmalı olan əsas məqamlara işıq tutur və bildirir ki, yaşadığı zamanda mövcud olan bütün zahiri və batini elm və sirlərə vaqif olan Nəsimi sözündə və əməlində həmin sirləri ehtiva etmişdir. Bu sirləri açmaq üçün onun zamanını, mühitini, mənsub olduğu cəmiyyətin fəlsəfəsini, məram və məqsədini öyrənməyə çalışmaq lazımdır. Nəsimini daha yaxşı dərk etmək, öyrənmək və öyrətmək üçün "Qurani-Kərim" və hədis elmi, həmçinin irfan qaynaqları haqqında müəyyən biliklər çox vacibdir.
"Nəsiminin həyatı" və "Nəsiminin keçib getdiyi yerlər" başlıqlı hissələrdə Nəsiminin doğulduğu yer, onu yetişdirən mühit və tarixi şərait, şairin səyahətləri haqqında məlumat verən müəllif şairlə bağlı olan çeşidli qaynaqlara və tədqiqat əsərlərinə müraciət edir. Həmin qaynaqlarda və araşdırmalarda Nəsiminin gah diyarbəkirli, gah şirazlı, gah da təbrizli təqdim edilməsi kimi mübahisəli məqamların nədən yarandığını izah edir. Şairin şirvanlı olduğunu və Şamaxı şəhərində doğulduğunu qəti şəkildə vurğulayan müəllif bunu əsaslandırmaq üçün birbaşa Nəsiminin özünə müraciət edir və şairdən nümunələr gətirir. Onun şeirlərində yer tapmış və bu gün daha çox Şirvan dialektində özünü göstərən sözlərin çoxsaylı nümunələrini ortaya qoyur, bildirir ki, Nəsiminin dili Azərbaycan dilinin Şirvan ləhcəsidir. Nəsimi Şamaxıda doğulmuş, təqiblərdən yaxa qurtarmaq, ən başlıcası isə daşıdığı ideologiyanı daha geniş ərazilərə yaymaq üçün ana vətəni tərk etmişdir. Şair Yaxın Şərqin bütün məntəqələrini gəzərək coğrafi ərazilərin adlarını məhəbbətlə yad etmişdir.
Çox zəngin və çoxşaxəli olan İ.Nəsimi poeziyası, təbii ki, böyük ənənələr üzərində qurulmuşdur. Bunu nəzərə alan Firudin Qurbansoy monoqrafiyasında "Nəsimi şeirinin qaynaqları" adlı xüsusi bölüm ayıraraq şairin yaradıcılığının zamanında mövcud bütün elmləri əhatə etməklə, xüsusən "Qurani-Kərim" və irfan elminə dayanmaqla möhkəm təməllər üzərində qurulduğunu bildirir. Alim şairin türk və farsca yazdığı şeirlərdən nümunələr gətirməklə fikrini əsaslandırır. Nəsimi poeziyasının bədii-irfani qaynaqları özündən əvvəl yazıb yaratmış Həllac Mənsur, Fələki Şirvani, Nizami Gəncəvi, Xaqani Şirvani, Şəms Təbrizi, Mövlana Cəmaləddin Rumi və başqa böyük mütəfəkkirlərdən fikir təməllərinə söykəndiyi bu hissədə bəlli olur.
Əsərdə Nəsimi yaradıcılığının mühüm bir hissəsinin əsas qayəsi olan Hürufilik cərəyanının mənşəyi, formalaşması, əsasları haqqında verilən məlumat çox əhatəlidir və burada göstərilir ki, Hürufilik qədim inanc və fəlsəvi təlimlərdən qidalanmaqla yanaşı, əsasən "Quran-Kərim" və hədislərə söykənir. Nəsimi şeirlərində əsas xətt kimi Hürufiliyin islami əsaslardan kənar olmadığını şairin şeirlərindən seçilən nümunələr əsasında sübut olunur.
Monoqrafiyada, təbii ki, Nəsimi şeirinin estetik tərəflərinə də xüsusi hissələr ayrılmış "Nəsiminin yaradıcılığı" və "Nəsimi şeirinin ecazı" adlı bölümlərdə yerləşdirilmişdir.Tədqiqatçı mövcud faktlara uyğun olaraq İmadəddin Nəsimini ümumtürk ədəbiyyatında türk, ərəb, fars dillərində mükəmməl şəkildə yazıb yaratmaq bacarığını ortaya qoyan ilk sənətkar olduğunu bildirir. Alimin fikrincə, şairin yaradıcılıq missiyasının əsasında duran məsələ xeyirlə şəri, günahla savabı poetik formada izah etmək, ən başlıcası ilahi həqiqətin insanlara çatdırılmasıdır. Bütün bunları da ən yaxşı formada həyata keçirmək üçün ortada olan vasitə "Qurani-Kərim" və Hz. Peyğəmbər (s.ə.s) hədislərinə söykənməkdir. Müəllif haqlı olaraq bildirir ki, şairin yaradıcılıq özəlliklərindən, şeir ecazından danışarkən bu poeziyanı bütünlüklə ayə və hədislərin təfsiri adlandırmaq olar. Onun elə bir qəzəli yoxdur ki, orada bu keyfiyyətlərə rast gəlinməsin.
Monoqrafiya ilə ilk tanışlıqdan bəlli olur ki, Firudin Qurbansoyun ərəb və fars dillərini bilməsi, "Qurani-Kərim" və hədis qaynaqları ilə tanışlığı, eləcə də irfan rəmzlərinə vaqif olması Nəsimi poeziyasının dərin qatlarını açmaqda ona yardımçı olan ən başlıca amildir. Monoqrafiyadan aydın görünür ki, alim müxtəlif dillərdə olan mənbələrdən, təzkirələrdən müqayisəli şəkildə bəhrələnməklə elmi fikir və mülahizələrini əsaslandırmışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!