"Hər şey elə tez baş verdi ki həyatımda. 16-17 yaşlarımdan başlayaraq üzümün dərisi qocalmağa, qırışmağa başladı. İyirmi beş yaşımda elə bil, qoca qarı idim. Hər kəsdə bu cürmü olur, bilmirəm, heç maraqlanmıram da… Məni on yeddi yaşımda Fransaya gəldiyim vaxt görənlər iki il sonra yenidən gördükləri zaman çaşıb qalmışdılar. Bu üz-bu yeni üz daha dəyişmədi, təravətli olmadı. Əksinə, daha da yaşlandı". Marqaret Dürasın bu sözləri 1982-ci ildə Qonkur mükafatına layiq görülmüş avtobioqrafik "Məşuq" povestini oxuyan hər kəsə tanışdır…
Marqaret Düras (Donaldye) 1914-cü il aprelin 4-də Vyetnamda dünyaya göz açıb. Valideynləri pedaqoji fəaliyyətlə məşğul olan Marqaretin uşaqlıq və yeniyetməlik illəri Vyetnamın müxtəlif bölgələrində keçir. Marqaret həyatın qoynuna yenicə atıldığı vaxt atasının səhhətində problem yaranır və o, gənc yaşda dünyadan köçür… İnadcıl və əyilməz qadın olan anası həyatla mübarizədən qalib çıxmaq üçün çaba göstərir. Müəllimliklə yanaşı, həyətyanı sahəsini də becərərək üç uşağını böyüdür. İlk təhsilini fəlsəfə üzrə almış Marqaret sonra riyaziyyat, daha sonra isə hüquq və siyasətşünaslıq fakültələrində oxuyur.
Bədii yaradıcılıqla da məşğul olan Marqaret Dürasın 1943-cü ildə "Sayğısızlar" adlı ilk kitabı nəşr edilir. Az keçmiş o, Fransa Kommunist Partiyasına üzv olur. Müqavimət hərəkatına qoşulmaqla siyasi fəaliyyətlə daha ciddi məşğul olan madam Düras sonralar yaradıcılığında bədii səciyyə üstünlük təşkil etdiyi üçün siyasətdə deyil, ədəbiyyatda qalacağından əmin olduğunu deyəcəkdi. Həmin dönəmlər həyat yoldaşı Rober Antelm həbs olunur. Bu haqda isə sonralar "Acı" kitabında söhbət açacaqdı... O, 1950-ci ildə Kommunist Partiyasının sıralarını tərk etməli olur. Bundan sonrakı siyasi fəaliyyətini Əlcəzair müharibəsinə qarşı yönəldən yazıçı, bədii yaradıcılığında, məqalələrində cəmiyyətdən təcrid olunmuş insanların həyat tərzini, üzləşdikləri haqsızlıqları, çətinlikləri geniş işıqlandırır. "Sakit okeanda üzən bərə" (1950), "Hibraltarlı dənizçi", "Moderato Kontabile" (1958) romanları onu məşhurlaşdırır. "Moderato Kontabile"nin satışı beş yüz mini keçir.Bir il sonra "Xirosimo - məhəbbətim mənim" əsəri Alain Rene tərəfindən ekranlaşdırılır. İlk teatr uğuru isə "Bütün gün ağaclarda" pyesilə başlayır. Özünün ekran həyatı verdiyi film isə "Qadın yıxmaq dedi" əsəridir. Film 1969-cu ildə lentə alınıb. "Sevgi" adlı kitabı nəşr olunduqdan sonra kino-ssenarilərin başlığında "teatr-film" kimi yeni bir ifadə forması görünməyə başlayır. Rejissor kimi də bacarığını sınayan Dürasın çəkdiyi filmləri tamaşaçılar çətinliklə qavrasa da, kino tənqidçiləri böyük maraqla qarşılayırlar. O, "Hind mahnıları" filmindən sonra yenidən ədəbiyyata qayıdır. Bu dönəmin ilk kitabı isə "Yazı" olur. Təsadüfi deyil ki, o, Alen Rob-Qriye ilə birlikdə yeni fransız romanının yaradıcısı hesab olunur. "Ölümcül xəstəlik" romanı və "Ağrı" adlı memuar da madam Dürasın yaradıcılığında önəmli yer tutur... Marqaret Dürasın yaradıcılığına səfər etmək istəyən onun "Yaşıl gözlər" kitabını oxusun. Kitabda müəllif gah feminist, gah da maskulist kimi qarşımıza çıxır.
Qadınların müdafiəçisi…
Marqaret Dürasın feminist baxışları birmənalı qarşılanmırdı. O, yazıçı olaraq öz üzərinə düşən missiyanı artıqlaması ilə yerinə yetirirdi. Əlcəzair müharibəsi zamanı açıq-aşkar riskə gedən yazıçının həbs olunma ehtimalı vardı. Buna baxmayaraq o, özünə olan qısqanclıqla barışdığını deyirdi. Hətta bir Amerika mükafatına layiq görüldüyü zaman fransızların onun əleyhinə səs verməsindən belə əndişələnməmişdi. Dürasın feminist baxışlarını daha çox onun öz şəxsi yaşantıları ilə bağlayırlar. Şəxsi həyatında üzləşdiyi çətinliklər, xüsusən anasının taleyi onu möhkəm sarsıdır. Yazıçı, az qala bütün müsahibələrində, çıxışlarında qadınların müdafiəsinə qalxırdı. Marqaret Düras qadınlarda getdikcə böyük irəliləyişlər gördüyünü deyir və bunu müsbət hal kimi dəyərləndirirdi: "Artıq qadınlar ən böyük addımı atıblar və kişilərlə yanaşı getməkdən imtina edərək əks cəbhəyə keçiblər." Onun Vircinya Vulfun yaradıcılığını nəyə görə önəmli hesab etməsini başa düşmək o qədər də çətin deyil…
Səmimi yazıçı
Yazar Serhan Mersin "Yazar çirkləndirər, rejissor yıxıb keçər" məqaləsində "Yaşıl gözlər" kitabı haqda təəssüratlarını bölüşür: "Kitabın girişində Marqaret Düras öz həyatını montajı və aktyorları pis, bərbad quruluş verilmiş və dublyaj olunmuş romana bənzədir. Bu qədər bərbadlığın bir gerçəklik olmasına rəğmən, filmdə saxta məqamlar yenə də var. Həyatının gerçək bir film olması üçün çalışması, şəxsi nələrisə düşünmədən özünü gözlər önünə gətirməsi zəruri idi. Həyatda yaşadıqlarını, saxtakarlıqla mübarizəni yaradıcılığında ön plana çıxarması nə dərəcədə düzgün idi, bilmirəm, amma həyatını bənzətdiyi filmlərlə əlaqəsi həmişə oldu. Kino tarixində ilk olaraq ssenarisini yazdığı "Xirosima - məhəbbətim mənim" (1959) filmilə çox məşhurlaşdı. Sonralar isə arasında "Sevgili və ölüm xəstəliyi"nin də olduğu bir çox romanına film çəkilməsi üçün müəllif şəxsən özü təklif irəli sürüb. Ssenarilərilə bağlı yazılarının yer aldığı "Yaşıl gözlər" kitabı, onun yaradıcılığının tək ssenari yazmaqla məhdudlaşmadığını göstərir. Ədəbiyyatdan kinematoqrafiyaya keçən, sonra təkrar ədəbiyyata dönən Dürasın ssenarist kimi ən önəmli avantajı, şübhəsiz ki, özünün ədəbiyyatçı keyfiyyətlərini kinoya asanlıqla yansıda bilməsidir... Zənnimcə, televiziya, Düras üçün kinoya olan inancını itirdikdən sonra iztirablarını zəiflədəcək vasitədən başqa bir şey deyil. Getdikcə alver predmetinə çevrilən, öz peşəkar ruhundan uzaqlaşan, eyni filmlərin reproduksiyalarının məcburən seyr etdirildiyi və artıq seyrçilərin, obrazlı desək, kiloyla, mətbuatda yer alan film müzakirələrinin uzunluğunun isə filmin satış qiymətiylə ölçüldüyü bir vaxtda Dürasın ilk göz ağrısı - ədəbiyyata dönməsini başa düşmək olar. Film çəkmək bir az da avtomobil sürmək kimidir: hər kəs asanlıqla bacara bilər. Və Düras bunu bacardı. Film çəkilmədiyi zamanlarda film yoxdur və olmayacaqdır! Kino sizi çağırmaz. Amma ədəbiyyat... Hə, bax, bu fərqlidir...
O, bizi kitablarında və kinolarında eyni girdabda üz-üzə gətirir. Hər şeydən sonra "Yaşıl gözlər" kitabını oxuduqca "Oxuyarkən insan özünü yenidən tapır, filmlərini seyr edərkən yenidən itirir" - deyən bir yazarla yolçuluğa çıxırıq…
***
Düras əsərləri vasitəsilə tək atasızlığını, uşaq vaxtı aldığı travmaları, gəncliyindəki sevgini, ilk ailəsinin uğursuzluqla nəticələnməsini, taleyini anlatmaqla kifayətlənmir, siyasi və ədəbi fəaliyyətindən, yaradıcılığından, dostlara məhəbbətindən və s. oxucularına söz açır.
Bir yazıçı kimi qazandığı uğurlara baxmayaraq, Dürasın problemlərlə müşayiət olunan həyatına alkoqolizm öz "damğasını" vurur. O, 81 yaşında Parisdə, boğaz xərçəngindən dünyasını dəyişir...
Marqaret Dürasın vəfatından sonra üzərinə "Savaş illəri dəftərləri" yazılan bir zərfin içindən dörd kiçik dəftər çıxır. Dəftərlərin 1943-1949-cu illər arasında - müharibə gedən dövrdə qələmə alındığı məlum olur. Oxucuları onu yazıçı kimi xarakterizə edərkən adətən bu fikirdə olurlar: "Onun əsərlərini oxuyarkən yanımızda olduğunu zənn edirik… Əsərləri oxucunu sanki özünə tabe edir. Çox səmimi yazıçıdır…"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!