- Ümid, biz demək olar ki, mütəmadi görüşürük. Həmişə də ədəbiyyatla, poeziya ilə bağlı uzun-uzadı söhbətlər edirik. Gəl bu dəfə söhbətimizi yazıya köçürək. Nə deyirsən?
- Hə, çox yaxşı olar. Amma bir neçə dəfə buna cəhd etmişik. Qismət bu günə imiş. Necə deyirsiniz, elə edək.
- Bir az özün haqqında danış. Şeirlə ilk tanışlığın necə oldu? Bax, bu qədər söhbətlər etmişik, heç sənə bu haqda sual verməmişəm.
- Bilirsinizmi, mənim atam Səməd Behrəngini, anam isə Furuğ Fərruxzadı çox xoşlayıb. Yadıma gəlir, Səməd Behrənginin "Ulduz və danışan kukla" adlı bir əsəri vardı. Mən bu əsəri 8 yaşındaykən oxuyub çox təsirləndim. Ulduz mənim uşaqlığımın ən böyük qəhrəmanı idi. Ulduza çoxlu məktublar yazmışdım, bir gün onu görüb məktublarını verəcəm deyə günləri sayırdım. Atama gündə deyirdim ki, Ulduzun sonu necə oldu? Onun yeni kitabı çıxacaqmı? Atam bu kitabın yazarı öldüyünü mənə heç vaxt demədi. Demədi ki, Səmədi Araz çayında öldürdülər. Demədi ki, Ulduz Səmədin təxəyyülünün məhsuludur. Bu yaşımda da Ulduzu düşünəndə o illərimə qayıdıram, xeyli kədərlənirəm. Atamın kitabxanasında bir çox şeir kitabları var idi, Hafiz, Nazim Hikmət, Pablo Neruda, Şəhriyar, Həbib Sahir, Mövlana və başqaları. Mən şeir dünyasını bu şairlərlə xoşladım. Özümü tanıyandan yazıb-pozmağa böyük rəğbətim olub, otağımın divarlarında həmişə əlyazmalarımı yapışdırardım. Anamın yaddaşı çox güclü idi, çoxlu şeirləri əzbər bilirdi, həmişə sözü şeirlə çatdırırdı, sözlə cəzalandırardı məni. Onun dilindən çıxan hər şeir məni yazı dünyasına daha da yaxınlaşdırırdı.
- Sən avanqard şeiri təmsil edirsən. Bugünkü Azərbaycan şeirində hansı çatışmazlıqlar var? Bugünkü şeirimizin mənzərəsini necə görürsən?
- Azərbaycan poeziyasının bugünkü durumu qənaətbəxşdir, gənc nəslin yaradıcılığına nəzər salanda və bunları başqa ölkələrlə müqayisə edəndə görürsən ki, Azərbaycan poeziyası dünya poeziyasından heç də geri qalmır. Sadəcə, bizim təqdimat qabiliyyətimiz zəifdir. Çağdaş poeziyamızı təqdim edə bilmirik və bir çox ədəbiyyatla məşğul olan insanlarımız bilmirlər ki, indi dünya ədəbiyyatı bizdən nə tələb edir. Bilmirlər biz hansı mövqe ilə dünyaya çıxmalıyıq. Bugünkü Azərbaycan şeirinin çatışmazlıqları da var və bəzi problemlərlə üz-üzədir. Mən sosial şəbəkədən oxuyuram. Hər yazıya şeir adı verirlər. Essevarı yazılara sərbəst şeir demək olmaz. Formanın və yazı strukturunun nə qədər önəmi vardısa bunların çoxu ondan bixəbərdir və cızmaqaranı şeir adı ilə sırıyırlar.
- Yaxşı, bəs sənin fikrincə, şeir necə olmalıdır?
- İnsanı öldürən yaşadığı gündəlik təkrarlarıdır. İnsan həmişə Sizif taleyini yaşamaqdadır. Biz təkrardan qaçmaq üçün mübarizə aparırıq və təbii ki, sonunda bu işdə uğur qazana bilmirik. Bu bir taledir... Bunu yaşamağa məcburuq! Şeir o təkrarlardan qaçmağa bir pəncərədir. Şeir oxucunu yeni dünyayla tanış etməlidir, onu utopik dünyasına qərq etməlidir. Məncə, şeir heç nəyə qulluq etmir, sənətdən başqa. Sənət üçün şeir yazılmalıdır. Şeirin nə qədər məzmunu güclü olmalıdısa, forması ondan da güclü olmalıdır. Şeir heç nədən asılı olmayaraq insani dəyərlərə, estetikaya söykənməlidir.
Mən bu gün çalışıram yeni mövzularla, sürreal və intertekstual yazılarla oxucuların qarşısına çıxam, amma inandırım ki, bu yazıları qorxa-qorxa yazıram. Oxucunun necə qarşılamasından, qavrayış dərəcəsindən xeyli diksinirəm, lakin sadə mətn yazmağa da meyil göstərmirəm. Bəzən bu problemlərlə üzləşəndə saatlarla özümlə bəhs edirəm.
- Şairin mütləq təbi gəlməlidir ki, yazsın? Məsələn, sirr deyilsə, sən şeiri necə yazırsan?
- Şeir ovqatdan asılıdır. Şair istədiyi hala köklənməyənə qədər yaza bilməz. Mənə nəsə bir şey təsir etməlidir ki, oturub yaza biləm. Ümumiyyətlə, depressiyalarımın pik nöqtəsində şeir yaza bilirəm. O anların çox qəribə bir hissi var. Sanki hər şey dayanır və sən onların fotosunu kəlmələrlə çəkirsən. Şeir yazılmayana qədər çox iztirab və gərginlik çəkirsən, amma şeir yazılandan sonra səndən xoşbəxt adam tapılmaz. Şeir xoşbəxtlikdir, lakin yazılıb bitəndən sonra bunu hiss edə bilirsən. Yazı prosesində zaman işıq sürəti ilə axır, yəni sən saatın və vaxtın fərqində olmursan.
- Ən çox hansı şairləri oxuyursan? Sənə ən çox hansı şairlər təsir göstərib? Ya da belə deyək, hansı şairlər sənin estetikana uyğundur və heç onlardan təsirləndiyin olubmu?
- Ümumiyyətlə, mən hər növdə şeir oxuyuram. Çoxlu şairləri sevirəm. Mayakovski, Şamlu, Attila İlhan, Jak Prever, Nizar Qəbbani, Elyot, Adonisin şeirlərini bəyənirəm. Hələ də Hafizi, Mövlananı, Füzulini gündəlik oxuyuram. O dediyiniz təsir mənim şüuraltıma nüfuz edib və özümdən xəbərsiz hansısa bir şeirimdə təzahür edə bilər. Biz, hətta müşahidə etmədiyimiz şeylərin də fərqində deyilik, ancaq biz istəməsək də, onlar bizə bir xarici qüvvə kimi təsir göstərirlər.
- Şair kimlərdənsə təsirlənməlidirmi?
- Əlbəttə. Şair təsirlənməsə yaza bilməz. Sən, hətta bir klassik qəzəli oxuyub onun təsirində bir sürreal şeir də yaza bilərsən. Biz hər gün oxuyuruq. İstər-istəməz sən onun təsirinə düşürsən, sənin şüuraltına daxil olur, sənin yazı rəftarını, dünyagörüşünü, baxış açını, estetik duyumunu dəyişir. Ona görə də deyirlər: hər kitabı, hər yazarı oxumaq olmaz, çünki sənin zövqünü korlaya bilər. Mən hansısa bir kitabı oxuyanda ilk səhifələrindən o kitab haqqında qərar verərəm. Çox olub ki, bir kitabın neçə səhifəsini oxuyub daha davam etməmişəm, kənara qoymuşam.
- Yazmaq üçün nə lazımdır? İstedad, fəhm, intuisiya, yoxsa həyat təcrübəsi?
- Bilirsinizmi, sizin sadaladığınız bu anlayışların hamısı yazmaq üçün önəmli dəyərlərdir. Yazmaq üçün birinci yerdə ruh və istedad durur. Bunların olması şərtdir. Sənin mühiti yaxşı dərk edib onu analiz etmək qabiliyyətin olmalıdır. Müşahidə qüvvən güclü olmalıdır, hamıdan fərqli olaraq hadisələrə başqa gözlə baxa bilməlisən. Belə deyək, hissiyyat gözün iti olmalıdır. Hamının rolunu yaşamalısan. Hə, bax, bu önəmli faktdır! Hamını yaşamalısan, bütün düşüncələri beynindən keçirməlisən. Bunu bacara bilən, əlbəttə ki, böyük və diqqətəlayiq bir əsər ortaya qoya biləcəkdir.
- Sən danışdıqca mən şeirin gələcək taleyi haqqında düşünürəm. Bütün dünyada, sanki şeirin mövqeyi bir az zəifləyib. Bir neçə il öncə "şeir öldümü?" deyirdilər. Amma şeir yaşadı. Bu gün şeir kitabları əvvəlki maraqla qarşılanmır. Sən şeirin gələcəyini necə görürsən?
- Şeir harmoniyadır, musiqidir. Musiqi isə təbiətdən qaynaqlanır. Şeirin ölməyini kainatın ölməyi hesab edirəm, biz ən təsirli sözləri şeir vasitəsilə qulağımıza sırğa edirik. Şeir imkan vermir ki, söz unudulsun. Bütün müqəddəs kitablar şeir vasitəsilə yazılıb, inanın ki, oxuduğumuz o sözlərə can verən lirikadır, musiqidir. Məhəmməd peyğəmbər İslama inananlara deyirdi həmişə "Quran"ı sovt ilə, yəni avazla oxuyun, sovt ilə oxunan sözlər beyinə həkk olunur. Bilali-Həbəşi öz səsilə minlərlə insanı təsirinə aldı, İslama dəvət etdi. Ola bilər, bugünkü günümüzdə şeirin rolu bir azca zəifləyib, bu da modernizmin mənfi tərəflərindəndir. İnsanlar zaman süzgəcində, texnologiya dövründə maddiyyata meyil göstərirlər. Gündən-günə modern dünyada insanlar soyuqqanlılaşır, daha səmimiyyətlər, sevgilər keçmişdəki kimi deyil. Biganəlik dalğasında insan aciz bir varlığa çevrilir. Modern insan həmnövlərinə material kimi baxmağa sövq edir, belə bir əsrdə yaşayırıq.
- Arada hekayələr də yazırsan. Ola bilərmi ki, bir gün roman yazasan?
- Mən yazıya çox həssas yanaşıram. Noutbukumda çoxlu hekayələrim var ki, onu çapa verməmişəm. Məsələn, mənim "Falçı", "Bir cüt çəhrayı rəng" hekayələrim bir romana sığacaq əsərlərdir, lakin mən onu qısa şəkildə yazmışam. Bir roman yazmaq üçün beynində böyük bir hadisə inqilabı olmalıdır. Mən o hadisəni, o düşüncəni gözləyirəm. Təbii ki, qeyri-adi bir roman yazmaq istərəm, amma onu yazmağa da heç zaman tələsmirəm. Təki sağlıq olsun!
- Bilirsən ki, ötən əsrin əvvəllərində müxtəlif ədəbi izmlər yarandı və bu izmlərin ətrafında şairlər toplaşdı, hər şair öz ədəbi, estetik platformasıyla təmsil etdiyi cərəyanı inkişaf etdirdi. Bu gün bizim ədəbiyyatımızda varmı belə fərqli cərəyanlar?
- Bu günümüzdə də, demək olar ki, hər bir yazar həmin cərəyanların məhsuludur. Təəssüf olsun ki, bu gün o qaynar mühit yoxdur və yazarlar birləşib bir istiqaməti yürüdə bilmirlər. Yaradıcılıq məfkurəsini müəyyənləşdirə bilməyən yazıçılar, şairlər var. Dəstəbazlıq başqa bir şeydir, fərqli yaradıcılıq ideyaları ətrafında birləşmək tamam başqa bir şeydir. Fərqli baxışların nümayəndələri, əlbəttə, bir qrup halında öz ədəbi platforması ətrafında birləşməlidir. Bu günümüzdə qarmaqarışıqlıq çoxdur ədəbiyyatımızda və xüsusi olaraq bir cərəyanı təmsil etməklə məşğul olan yazarımız yoxdur. Ədəbi mühitdə komanda olmağa pis baxanlar var. Amma inanın ki, cərəyanları komandalar yaradır. Hər bir ədəbi saytın və yaxud qəzetin özünəməxsus sabit yazarları olmalıdır.
- Sən tərcüməçilik fəaliyyətilə də məşğul olursan. İran şeirinin ünlü simalarını dilimizə çevirirsən. Eyni zamanda bu taydakı şairlərin Cənubda tanıdılmasında xidmətlərin var. Bir az da o taydakı ədəbi mühit haqqında danışaq. Şeir və proza. Orda ədəbi proses necədir?
- Onu deyə bilərəm ki, beş-altı il öncəyə kimi Cənubun ədəbi mühiti çox aktiv idi, amma bir neçə ildi ki, xeyli ruhdan düşmələrini müşahidə edirəm. Bəlkə də, ola bilsin, mediasızlıq onları təngə gətirib, onlar adi feysbukdan da istifadə edə bilmirlər. Cənubda yaşayıb və ədəbiyyatla məşğul olmaq olduqca çətin bir işdir. Bircə tədbir təşkil etmək üçün təşkilatlarımız orda böyük problemlərlə üz-üzə qalırlar, bir çoxlarına icazə verilmir. Nəşriyyatların sayı gündən-günə artmaqdadır, lakin keyfiyyətdən xəbər yoxdur, sanki bu sahəni bazara çevirmək istəyirlər. Buna baxmayaraq, mənim orda yaşayan nəsildaşlarım bu çətinliklərə dözüb, yazıb-yaradırlar.
- Bir nüansı da deyim. O tayda da, bu tayda da eyni dildən, Azərbaycan dilindən istifadə olunur. Amma o taydakı dil bir qədər fərqlidir. Məsələn, Nasir Mənzurinin dili tamamilə fərqlidir. Onun romanlarını oxuyanda görürsən ki, xeyli unudulmaqda olan arxaik sözlərdən istifadə edir. Dilin zənginləşməsi, lüğət tərkibinin artması üçün bu leksik fonddan yararlanmaq çox yaxşı olardı. Nə düşünürsən bu barədə?
- Bu barədə çoxlu müzakirələrimiz olub, oranın yazarlarının böyük əksəriyyəti təmiz türk sözlərindən istifadə etməyin tərəfdarıdır və çalışırlar arxaik sözləri tapıb onları yazılarında istifadə etsinlər, ancaq oranın fars dilində təhsil alan oxucuları bunların əsərlərini oxuyanda heç nə başa düşmürlər, lacərəm türkcə kitablardan zaman-zaman uzaqlaşırlar. Oranın da dilçiləri bu sahədə çoxlu zəhmətlər çəkir, tənqid edirlər. Amma mənə qalsa, bizim Azərbaycan Respublikamızda Dilçilik İnstitutu bu sahədə xeyli zəhmətlər çəkir, böyük alimlərimiz və araşdırmaçılarımız var, bacardığımız qədər ortaq lüğətlərdən istifadə etməliyik.
- O tayda bizim ədəbiyyatımıza maraq hansı dərəcədədir? Bilirəm ki, bizim yazıçıların kitabları mütəmadi olaraq çap olunur. Sizin, Elyar Poladın, Səid Muğanlının bu işdə xeyli rolu var. Oxuyurlarmı bizim ədəbiyyatımızı?
- Bunu deyim ki, bir neçə gün öncə Təbrizdə kitab sərgisi keçirildi. Təbrizin kitab sərgisi olduqca böyük bir məkanda keçirilir. Neçə gün öncə nəşriyyatların müdirləri ilə əlaqədəydik, onlar vurğulayırdılar ki, bu il türkcə kitabların satışı xeyli çoxalıb və onları razı salib, bu, ədəbiyyatımızın uğuru və sevindirici xəbərdir. Bu taydakı yazıçıların orda çap olunan əsərlərinin tirajı 300-500 arasındadır. Demək olar ki, oxunur, amma mən ümid edirəm ki, bunların tirajı getdikcə artsın və biz bunun şahidi olaq.
- Müasir poeziyamızda öz yerini harda görürsən? Yaradıcılığına münasibət səni qane edirmi?
- Nə bilim, onu ədəbi tarix göstərəcəkdir. Bacardığım qədər mütaliə edirəm, çalışıram, yazıram. Yazılarıma baxanda böyük ümidlərim var, böyük arzularım var.Yazılarım Azərbaycanın ən nüfuzlu tənqidçiləri tərəfindən təhlil olunub və hesab edirəm, mənim tutduğum yeri onlar bəlli edirlər. Təxmin edirəm ki, tutduğum ədəbi mövqe məni yanlış yola aparmayacaq. Yazılarıma bütün varlığımla həssas yanaşıram. Təkrar təsvirlərdən və qəliblərdən, özümü təkrarlamaqdan uzaq dururam. Bircə yazını yüz dəfə oxuyub dəyişiklik aparıram. Amma etiraf edim ki, heç zaman özümün yaradıcılığımdan razı qalmamışam, həmişə özümü qınamışam, özümdən daha uğurlu yazılar gözləyirəm. Ümid edirəm ki, hardasa oxucular tərəfindən bunun layiqli cavabını alacağam və bütün çəkdiyim zəhmətlər yerdə qalmayacaq.
- İnşallah! Mən də buna əminəm. Sənə yaradıcılıq uğurları arzulayıram!
Söhbətləşdi: Kənan HACI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!