Matadorun və şairin ölümü: Federiko Qarsia Lorka və Mikayıl Müşfiq - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

Federiko Qarsia Lorkanın poeziyasını və taleyini düşünəndə ilk ağıla gələn "torrero", "korrida", "matador" sözləridir. Matador ispan ərlik-ərənlik kultudur. Buğa ilə qarşılaşma iki erkəyin əlbəyaxa mücadiləsini (güləşini) simvolizə edir. Buğa da, matador da kişi başlanğıcını təmsil edir. Matador şərəf və ləyaqətini qoruyan bir ispan kişisidir. Matador meydana (stadiona) çıxıb buğa ilə qarşılaşanda ölümü gözünün altına alır, qızmış, dəli öküzün buynuzunda didik-didik olacağını yaxşı anlayır.

İspaniyada şairlər, rəssamlar matadoru təqlid ediblər. Korrida ruhu ispan musiqisində, kinosunda və rəssamlığında artıq bir metafizik substansiya halına gəlibdir. Deyilənlərə görə, Pablo Pikasso da rəsmlərini çəkəndə korridanı təqlid edirdi: kətanı buğa kimi, fırçanı isə matador pikası kimi təsəvvür edirdi.

Lorkanın taleyi bir matadorun taleyidir. (Görəsən, fransız şairi Mişel Leyris "əsl ədəbiyyat korridadır" deyəndə F.Qarsia Lorkanın şeirlərini nəzərdə tuturmuş?).

O, XX yüzilin poeziya meydanına matador kimi çıxmışdı. Matador kimi özünü həmişə ölümlə görüşə hazırlamışdı. Saf, məğrur ürəyi ilə, güvənsiz-filansız...

F.Qarsia Lokanın matador dostları çox olub. Amma ölümünə acıdığı, xatirəsini unuda bilmədiyi matador İqnasio Sançes Mexiyas idi:

Axşamüstü saat beşdə

Axşamüstü tam saat beşdə

Bir çocuq bəyaz çarşafı gətirdi

Axşamüstü saat beşdə

Kavada hazırdı kirəc

Axşamüstü saat beşdə

Və öteşi ölümdü

Yalnızca ölüm.

Axşamüstü saat beşdə

Gözünü belə qırpmadı

Yanıbaşında görünən buynuzlar...

Ah! Bəyaz buynuzları İspaniyanın

Ah! Acının siyah boğası...

Korrida F.Lorka üçün qurbanlıq ayinin gerçəkləşdiyi ölüm ruhunun (duendanın) hakim olduğu dini misteriyadır. Zatən İspaniya özü ölüm misallı bir ölkədir. Burada hər şeyin sonu ölümə doğru olmalıdır. Flamenko sənətçisinin səsini dinləyin - şeirlə ölüm havasının vəhdətidir.

Əndəlusda hər kəs inanır ki, insana "duende" gəlməsə, içi yanmaz, nə nəğmə, nə də rəqs yaranmaz. Əndəlusda rəqs əslində, ölümlə rəqs kimi düşünülür. Böyük türk şairi Yəhya Kamalın "Ölümlə rəqs" şeirini xatırlayın.

Korridaya ispan ölümün varlığını ritual səviyyədə hiss etmək üçün gedir. Ölümün gözünə susaraq sakitcə baxmaq ispan insanı üçün adi haldır.

Lorka Tanrıya, İsaya yox, ölümə inanırdı. Ölüm qutsal və məhrəm, ali və gizli məna idi. Mənalar mənası idi.

"Poemalar kitabı"nı (1921) yazanda Lorkanın iyirmi üç yaşı varıydı. Burda da ölüm qırmızı xətt kimi keçir. "Beş il keçəndən sonra" adlı misteriya janrında yazdığı avtobioqrafik pyesində bir sox detallar ölüm işarəlidir: (məsələn, qara lentli lak tuflilər). Axı, qara lent tabuta bağlanır. Gənc bu assosiasiyadan qorxaraq qulluqçuya lenti dəyişməsini xahiş edir.

F.Qarsia Lorka hər yerdə ölümü təqib edirdi. Hər yerdə ölümün nişanəsini - "duende"ni axtarırdı. "Duende" ispanca sirli söz olub, dəqiq anlamı yoxdur. İspaniyanın gizli ruhunun adıdır.

Hər axşam üzəri bir çocuq ölür

Hər axşam üzəri Qranadada...

(F.Qarsia Lorkadan nümunələr Türkiyə türkcəsinə tərcümədən götürülüb)

O, gündəlik həyatın hər detalında, hər məişət səhnəsində ölümün nişanəsini - "duende" axtarırdı: şairin ölüm fəlsəfəsi ilə bu qədər dərindən ilgilənməsi ən yaxın gənclik dostu Salvador Dalinin də gözlərindən yayınmamışdı. Şairin ölüm xəbərini eşidəndə rəssam korrida ehtirası ilə qışqırmışdı: "Öldü, güllələndi Qranadada müdhiş ölüm şairi Federiko Qarsia Lorka! Ole!".

"Ole" matador buğaya qarşı uğurlu "passi" edərkən korrida azarkeşinin qeyri-şüuri, bioloji səviyyədə çıxardığı səsdir, yaxud flamenko müğənnilərini ruhlandıran dinləyicinin hülqumundan qopan qəfil qışqırtıdır. S.Dali də Lorkanın faciəli ölümündən belə vəcdə gəlib qışqırmışdı.

Biz Müşfiqi həmişə qadınlara, həyata sevgisi ilə, bir nəşə qaynağı kimi xatırladıq. Yazılarımızda, xəyallarımızda onun nakam ömründən ölüm obrazını uzaqlaşdırmaq istədik. Qəlbimizdə gənc və gözəl obrazını yaşatdıq.

Müşfiq özü də bilmirdi ki, bu həyat nəşəsinin içində ölümün ruhunu daşıyır. Hələ 1936-cı ildə yazırdı:

Hər kəs bilir həyatın sonu ölümdür,

Ah, bu qəmli dəyişmə yaman zülümdür.

Şeirim! Bu gülünc oyun bəllidi yarın.

bizi də bəklər,

Sən də ol mənim kimi, fəqət məzarın

olsun ürəklər!

("Şeirim")

"Daş qartal" şeiri (1929) kor qurşunla vurulmuş qartal haqqındadır. Bu şeirlə şairin ölümü arasında qəribə bir nəfəs uyğunluğu, assosiativ məna doğmalığı sezmək olar.

Əvət, qaynağında aman bulmayan

Zavallı insanlar üzünə durdu.

Dərələr, təpələr eylədi üsyan,

Bağrına zəhərli bir güllə vurdu.

Səməndər Şərq ədəbiyyatında ölüb-dirilən mifik quşun adıdır. S.Şamilov yazıçıların plenumunda məruzəsində təəccüblənirdi ki, "Müşfiq nə üçün "Səməndər" kimi əfsanəvi bir quş ilə maraqlanır? Səməndər onun fikrinə haradan gəlib? O, mürtəce-romantik "Səməndər" şeirini hanki təsir altında və neçin yazdığını plenum qarşısında söyləməlidir..." ("Ədəbiyyat qəzeti", 27 mart, 1937).

M.Rahim "Kontrrevolyusioner, kontrabançı, oğru" adlı məqaləsində də "Səməndər" şeirini söyürdü. "Onun zahirən sovet, lakin bütün daxili quruluşu ilə qəddar kontrrevolyusion ruh ilə dolu bir sıra əsərləri vardır. "Səməndər" əsərində revolyusion böyük rus xalqının Azərbaycan xalqına olan yardım əli, onun səadəti, çiçəklənməsi üçün olan köməyi inkar olunmuşdur. Burada müsavatçıların dediyi od yurdu vardır ki, o özünü yalnız bu od yurdunun "Səməndəri" sayır..." ("Ədəbiyyat qəzeti", 21 avqust, 1937).

Tənqid olunan həmin "Səməndər" şeiri indi də ortada yoxdur. Amma inanırsan ki, səməndər quşu kimi nə vaxtsa "zuhur edəcək" - şeir tapılacaq?!

Cəfər Cabbarlının qəfil ölümündən möhkəm sarsılan Müşfiq "müsibəti-Cəfər"ini - "Şairin ölümü" şeirini yazır. "Cəfər Cabbarlının qəfil ölüm xəbərinin Müşfiqə necə təsir etdiyini yazmaqda qələm acizdir. Müşfiq Cəfərin ailəsinə başsağlığı verib qayıdandan sonra evdə çörək yemədi. Papirosu papiros dalınca o ki var çəkdi. Gecəni səhərə kimi yatmadı. Cəfərin ölümünə həsr etdiyi şeiri yaza-yaza gecəsini dan yerinin şəfəqlərinə qarışdırdı" (D.Axundzadə. "Müşfiqli günlərim").

Müşfiqin bir neçə poetik tərcüməsi var. Bəxtə baxın ki, əksəriyyətinin (M.F.Axundov "A.S.Puşkinin ölümünə Şərq poeması", M.Y.Lermontov "Şairin ölümü", T.Şevçenko "Vəsiyyət"...) mövzusu ölümlə bağlıdır.

M.Müşfiqin "Şairin ölümü"ndə "öldü" və M.Lermontovun "Şairin ölümü" şeirində "öldü...öldürüldü" felinin anafora statusu mətnlərin emosional effektini gücləndirir, sanki "ölüm ruhunu" özünə çəkib gətirir. Ölüm elə bir mistik, qara qüvvədir ki, onu çox çağıranda gəlir. Xüsusən gənc yaşında!

Müqayisə edək. M.Müşfiqin "Şairin ölümü"ndən:  

Öldü! Bu sərt ölümü düşündükcə mən,

Şiddətli arzular keçir içimdən.

Öldü! Xəbər verin aşnaya, dosta,

Ruhlar mühəndisi o böyük usta!

Öldü bir üsta ki, ustalar başı,

Bütün yoldaşların əziz yoldaşı

Öldü, ağlamayan gözlər ağlasın,

Qələmlər, kağızlar, sözlər ağlasın!

M.Lermontovun "Şairin ölümü"ndən:

Şair öldürüldü, şair vuruldu

O namus aşiqi düşərək şərə,

Sinəsində qurşun, intiqam odu,

Qürurlu başını endirdi yerə...

Öldü, ziddi gedərək əvvəlki kibi

Kübar aləminin hər bir rəyinə

Öldürüldü artıq, hədər əməkdir,

Bu təriflər xoru, bu hönkürtülər...

P.S. Federiko Qarsia Lorka 5 iyun 1899-cu ildə doğuldu. Mikayıl Müşfiq isə doqquz il sonra, 5 iyun 1908-ci ildə bu dünyaya gəldi.

İkisi də rejimin, qanlı xuntanın qurbanı oldu.

Lorkanı general Frankonun köpəkləri Qranadada güllələdilər. Müşfiqi NKVD cəlladları Nargin adasında qətlə yetirdilər.

Nə Lorkanın, nə də Müşfiqin qəbri bu gün də tapılmır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!