Türk dünyasında Nazım Hikmət - H.Gül Kolaylı

Anarın «Nazım Hikmət Kərəm kimi» kitabı haqqında

 

Kitabxanamda çoxdandır Handan Askeran Tonun verdiyi bir kitab vardı... Oxudum... Azərbaycanda yaşayan yazıçı Anar tərəfindən qələmə alınan kitabın adı "Nazım Hikmət, Kərəm Kimi"... (Anar ilə Handan Askeran eyni ailədən gəlirlər, qardaş nəvələridir.)

Hər kəsin bildiyi kimi, Nazım Hikmət Türkiyədə mühakimə olunurdu. Səbahəddin Əlinin öldürülməsindən sonra xaricə, SSRİ-yə getdi...

Və Türkiyədə illərcə yasaq olunmuş qaldı; kommunist şair - deyə bəzi yerlərdə lənətləndi, yox sayıldı. Ancaq bu kitabı oxuduqca tam fərqli bir şey çıxdı qarşıma...

Nazım Hikmət, SSRİ coğrafiyasında yaşayan türklər üçün türkcənin bayrağı idi...

Anar, həyatdaykən Nazım Hikmət ilə tanış olma və görüşmə imkanı tapan, hələ də həyatda olan nadir fikir və ədəbiyyat insanlarından biridir. Azərbaycan Yazıçılar Birliyinin sədridir. Anar şəxsən, ya da birinci dərəcə yaxınlarından əldə etdiyi məlumat və şahidliklərlə Nazımın şeir və ədəbiyyatda olduğu qədər Sovetlərdəki həyatına da işıq tutur. Bu baxımdan Kərəm Kimi xüsusi bir işdir...

Anarın yazmış olduğu kitab o illərdə Türkiyə ilə Sovet coğrafiyasında yaşayan türklərin zehinlərindəki fərqli Nazım hisslərini ortaya qoyur...  Birində vətən xaini, digərində isə türkcəni yaşadan, türkcə oxuduğu şeirlərlə ana dili və türklüyü unutdurmayan adam...

Kitabı oxuduqca Nazım Hikmətin Sovetlər və Dəmir pərdə arxasındakı ölkələrin Türk birlikləri arasında türkcənin bir körpü olduğunu da görürük.

Dialektikanın universal ziddiyyəti tam da belə bir şey olsa gərək!

Anar Nazım Hikməti ilk dəfə Bakı Universitetində görür. Daha sonra öz evlərində, yəni atası Rəsul Rzanın evində dəfələrlə qarşılaşır. Nazım Hikmət Bakıya hər gələndə Rəsulgildə olur. Anar və ailəsi də hər Moskvaya getdiklərində Nazım Hikmətin Moskvadakı evində, ya bağ evində, ya da qaldıqları oteldə mütləq görüşürlər.

Nazım Hikməti yaxından tanıyan Anar, kitabda Nazım Hikmətin Moskvada da təqibə məruz qaldığını diqqətə çəkir.

Kitabda bu ifadələr yer alır:

"Azərbaycanda isə Nazıma göstərilən marağın səbəbləri çox fərqli idi. Türkiyədə əsərlərinin yasaq edildiyi illərdə ona Azərbaycan sahib çıxdı, əsərləri Türkiyə türkcəsinin əkiz qardaşı olan Azərbaycan türkcəsində nəşr olundu, pyesləri səhnəyə qoyuldu. "O vaxtlar Azərbaycan Sovet İttifaqının bir hissəsi idi və ona görə də Nazımı Azərbaycanda ümumi məqsədlər  üçün qəbul edirdilər - deyilə bilər. Bu, doğrudur, amma bu, həqiqətin bir hissəsidir, hamısı deyil".

Və həqiqətin digər hissəsi üçün isə Anar kitabında bunları yazır:

"Həqiqətin başqa və daha əhəmiyyətli tərəfi isə odur ki: O illərdə Nazım Türkiyədə bir çoxları üçün "Moskvanın adamı", "Türk düşməni" idisə, azərbaycanlılar üçün Türkiyənin, türklüyün, türk dilinin simvolu idi. Nazımı bitib-tükənməyən alqışlara qərq edən Bakı salonlarındakı dinləyicilər, onun şəxsində bir kommunizm təbliğatçısını deyil, bizə uzun illər həsrətini çəkdiyimiz Türkiyənin qoxusunu, ruhunu gətirən, canımız qədər doğma olan türk dilində danışan, ölümsüz şeirlərini türkcə oxuyan, həm də möhtəşəm oxuyan bir türk şairini alqışlayırdılar. O illərdə Sovet İttifaqının türk bölgələrində, xüsusilə Azərbaycanda heç kim türklük ruhunu, türklük şüurunu Nazım Hikmət qədər yüksəldə bilməmişdi. "Türk" sözü Azərbaycanda xalqımızın, dilimizin adı kimi yasaq olduğu, Türkiyə ilə tarix, ədəbiyyat, folklor, soy və ənənə birliyimiz haqqında hər hansı bir fikrin günah sayıldığı, bizi bir-birimizə bağlayan bütün iplərin qoparıldığı, Türkiyə sevgisindən ötrü, ya da Türkiyədəki qohumlarına görə insanların təqib edildiyi illərdə, Nazım Hikmət kütləvi yığıncaqlarda, ən yüksək kürsülərdə: "Mən türkəm, siz də türksünüz, ruhumuz, ənənələrimiz bir, xalqlarımız, dillərimiz qardaşdır" - deyirdi.

Anar kitabında bunları yazır:

"Sovet İttifaqının başqa Türk Cümhuriyyətlərində də bir çox insan üçün, xüsusilə də şairlər üçün Nazımın varlığı Türkiyə həsrətini, türk dili özləmini aradan qaldıran, türkləri ovudan bir qaynaq idi".

Anar kitabı yazarkən Nazım ilə öz qarşılaşmalarıyla bərabər, atası Rəsul Rzanın, anası Nigar Rəfibəylinin, Ənvər Məmmədxanlının, Zəkəriyyə Sərtəlin, Əkbər Babayevin, Vera Tulyakovanın, tərcüməçisi Muza Pavlovanın və Nazımı Türkiyədən tanıyan bir çox insanın anlatdıqlarından da bəhrələnib.

Nazım Hikmət üçün "Onun mirası əvvəl bütün Türk dünyasınındır, sonra da bütün insanlığın..." - deyən Anar, kitabda bunları yazır:

"Türk dünyası ifadəsinə əminəm ki, bəzi solçular ürkərək, şübhə və narahatlıqla yaxınlaşacaqlar.  Bəzi sağçılar isə Nazım Hikməti bu dünyaya qəbul etmək belə istəməzlər. Əbəs cəhdlərdir  bunlar. Dədə Qorqudsuz, Yunus Əmrəsiz, Nəvaisiz, Füzulisiz bir Türk dünyası olmadığı kimi, Nazım Hikmətsiz də bir Türk dünyası yoxdur".

Anar Nazım Hikmətin 1914-cü ildə yazdığı bir şeirinə yer verir:

Yenə böyük türk adı

Dağlar, daşlar aşacaq

Yenə türkün bayrağı

Qalaları yıxacaq

Yenə türkün gəmisi

Dənizləri aşacaq

Yenə türkün sənəti

Avropaya daşacaq

Yenə türkün sinəsi

Vətən eşqiylə dolacaq

İştə bundan əmin ol

Əmin ol ki, olacaq

Yenə türkün tarixi

Ulduzlu səhifələr yazacaq...

Dərhal ardından da "45 il sonra isə belə demişdi" - yazaraq, Nazım Hikmətin bu şeirinə yer verir:

Məmləkətimi sevirəm

Çinarlarında kolan vurdum,

həbsxanalarında yatdım

Heç bir şey ovutmaz bu sıxıntımı

Məmləkətimin şarkıları və tütünü kimi.

Məmləkətim:

Bədrəddin, Sinan, Yunus Əmrə və Sakarya,

qurşun qübbələr və fabrika bacaları...

Heyran bir çocuq sevinciylə qəbula hazır

çalışqan, namuslu, igid insanlarım -

yarıac, yarıtox

yarı əsir...

Kitabda Nazım Hikmətin özünün sənəti və şeirləri haqqındakı düşüncələri; Azərbaycan ilə bağlı məqalələri; Azərbaycan şairlərinin Nazım Hikmətə ithaf edilmiş şeirləri, şeirlərinin analizləri də  var...

Kim nə dersə desin... Su axır, yolunu tapır...

"Yeni Dönem"

20 oktyabr 2019

Türk dilindən çevirən: Aytən Heydərova

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!