Belə fikir var ki, zamanla kinematoqrafçılar aktyorları filmlərə çəkməyəcəklər, aktyorların işlərini kompüterdə yaradılmış virtual qəhrəmanlar görəcəklər. Düzdü, mən bir tamaşaçı kimi, qətiyyən bunu arzulamıram. Canlı aktyorların ekrandakı yerini mənimçün heç bir şey əvəz etməz. Amma kinematoqrafiyanın xüsusi bir sahəsi var ki, orda nadir hallarda canlı aktyorlar kara gəlir. Animasiya kinosu ecazkar aləmləri, o ecazkar aləmdəki hər şeyi- məkanları, qəhrəmanları, əşyaları yarada bilən sənət növüdür, kinematoqrafiyanın ifadə imkanlarından istifadə edən əlahiddə bir incəsənət sahəsidir. Bu gün animasiya filmləri kino bazarında öz yaradıcılarına milyonlar qazandırır. Nüfuzlu dairələrdə müzakirə mövzusu olur.
Azərbaycanda animasiya kinosu hələ ötən əsrin 30-cu illərindən yaradılmağa başlasa da, (Azərbaycan kinosunda animasiya texnikasından 1931-ci ildə lentə alınmış "Uçuş" adlı sənədli filmdə istifadə edilmişdi. 1933-cü illərdə çəkilən "Lökbatan" və "Neft simfoniyası" adlı sənədli filmlərdə də animasiyanın imkanlarından istifadə olunmuşdu. İlk bədii animasiya filmi isə "Abbasın bədbəxtliyi" (1935) filmi idi. Azərbaycanda animasiya kinosunun müntəzəm istehsalına isə 1968-ci ildən başlanılmışdır) tarixi çox qədim olsa da, bu sahə bizim ölkəmizdə kifayət qədər inkişaf edə bilməmişdir. (Məsələn, İngiltərədə ilk animasiya filmi 1945-ci ildə, Yaponiyada 1941-ci ildə çəkilmişdi). Bunun bir çox səbəbləri var. Başlıca səbəblərdən biri animasiya kinosunun həddindən çox maliyyə tələb eləməsidirsə, ikinci başlıca səbəbi bu sahədə çalışan kadrların azlığıdır. Azərbaycanda heç bir ali məktəbdə animasiya ustaları yetişdirilmir.
Bakıda ötən ildən bəri keçirilməyə başlayan "Animafilm" animasiya festivalının məqsədi də diqqəti animasiya sahəsindəki problemlərə yönəltmək, bu sahədəki problemlərin həllində iştirak eləmək, milli animasiya kinosu nümunələrini şəhərimizə gələn qonaqlara tanıtmaq, yerli animatorlara stimul olmaqdır.
Festivalın təsisçisi və direktoru, ideya müəllifi Rəşid Ağamalıyevdir. O, 2017-ci ildə Çex Respublikasının Olomouts şəhərində Palatski Universitetində "Kinoşünaslıq" və "İngilis dilinin filologiyası" ixtisasları üzrə bakalavr dərəcəsi alıb. 2015-ci ildə Hollandiyanın Utrext şəhərinin eyniadlı universitetində təhsil alıb. 2018-ci ildə Praqada Səhnə Sənətləri Akademiyasının Kino və Televiziya fakültəsində Kinoprodüser ixtisası üzrə kurs bitirib.
Ötən ildən kifayət qədər səs-küy yaradan festival bu il də başına çoxlu qonaqlar yığdı. Müxtəlif ölkələrdən gələn sənət adamlarına Bakı doğma qucaq açdı. Festivala dünyanın hər yerindən - Rusiya, İsveçrə, Almaniya, ABŞ, Fransa, Yunanıstan, Çin, Tayvan, Malayziya, Sinqapur, Kanada, Çex Respublikası, İspaniya Birləşmiş Krallıq və onlarca başqa ölkədən filmlər göndərilmişdi. Oktyabrın 18-dən 20-dək Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) baş tutan festivalda tamaşaçılar, yerli və xarici kinematoqrafçılar, uşaqlar yüzlərlə film izlədilər.
"Ən yaxşı qısametrajlı animasiya filmi", "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi", "Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari" nominasiyaları üzrə qaliblərin müəyyənləşdirilməsində kino ustaları, münsiflər üzvləri ilə yanaşı, tamaşaçılar da fəal iştirak elədi. Tamaşaçılar onlara paylanılmış siyahılarda baxdıqları filmləri bəyənib-bəyənmədikləri barədə qeydlər aparırdılar. Tamaşaçı rəğbəti mükafatının laureatı Firəngiz Qurbanovanın "Anam ağaca çıxıb" filmi oldu.
Builki festivalda maraqlı bir yenilik vardı. "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi" nominasiyası üzrə filmləri 7-13 yaşarası uşaqlardan təşkil olunmuş münsiflər heyəti seçirdi. Bundan əlavə, balaca tamaşaçılar üçün xarici ölkələrdən gəlmiş animasiya ustalarının təşkil elədiyi vörkşoplar keçirildi. Yunanıstanlı müəllim Demetrios Poursanidisin rəhbərliyi ilə keçirilən "Öz animasiya filmini yarat!" vörkşopu yaşı 15-dən yuxarı, fransalı müəllim Liz Manresanın rəhbərliyi ilə keçirilən "Canlandır!" adlı vörkşop isə yaşı 12-dən yuxarı olan uşaqlar üçün nəzərdə tutulmuşdu. Festivalın bağlanış mərasimində tamaşaçılar uşaqların əli ilə hazırlanmış həmin qısa animasiya işlərini izlədilər.
Maraqlıdı ki, tamaşaçıların da, münsiflərin də diqqətini təxminən eyni mövzuda filmlər cəlb elədi. "Ən yaxşı qısametrajlı animasiya filmi" nominasiyası üzrə qalib olan film "Qız" (Çex Respublikası) adlanırdı. Bu film həm də Tələbə Oskar (https://www.oscars.org/news/academy-reveals-2019-student-academy-awardr-winners) nominasiyası üzrə qalib olmuşdu. "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi" nominasiyası üzrə qalib olan film isə "Papito" (ABŞ) adlı film oldu. Birinci filmdə ata ilə qızı arasındakı münasibətlərdən, ikinci filmdə isə balaca oğlanla atası arasındakı münasibətlərdən danışılır. Hər iki filmdə valideynlə övladın arasında soyuqluq var. Birinci filmdə qız atasının onu anlamadığını, hətta sevmədiyini düşünür, amma atası xəstələnib xəstəxanaya aparıldıqdan sonra, əslində, daim atasının diqqətində olduğunu, atasının onu sevdiyini anlayır.
İkinci filmdə isə ata işlərinin çoxluğuna görə balaca oğluna fikir vermir. Oğlan isə sən demə, çəkdiyi "cızma-qara" şəkillərlə, əslində, atasına kömək edirmiş. Atası onu iş stolunun ətrafından, iş otağından uzaqlaşdırmağa çalışanda onun balaca qəlbi möhkəm incimişdi. Amma sonra ata oğlunun çəkdiyi şəkilləri iş stolunun üstündə görəndən sonra peşmançılıq hissləri ilə bütün işi kənara buraxıb oğlu ilə vaxt keçirməyə gedir.
Hər iki film texniki baxımdan da qüsursuz çəkilmişdi. Müsabiqəyə Azərbaycandan cəmi bir film qatılmışdı. "Pəncərə" adlanan bu film Aydan Həsənova adlı gənc qız tərəfindən yaradılmışdı. Filmin olduqca maraqlı mövzusu və ssenarisi vardı. Film bir ofisdə işləyən iki adamın pəncərəyə olan münasibəti fonunda cəmiyyətdə müxtəlif fikirli adamların daim mübahisədə, münaqişədə olduğunu, çox vaxt adi məsələlərin həlli yolunu insanların tapa bilmədiyini göstərirdi. İşçilərdən biri istini sevir, digəri soyuğu. Biri pəncərəni açır, o biri bağlayır. Heç bir ortaq fikrə gələ bilmədiklərinə görə biri daima üşüyür, o biri istidən bişir.
Film təəssüf ki, texniki baxımdan zəif idi. Bu da ondan irəli gəlirdi ki, müəllif bütün işləri təkbaşına görmüşdü. Filmi təkbaşına çəkmişdi. Amma Aydan xanımın istedadı, animasiya sahəsindəki potensialı hamı tərəfindən etiraf olundu. Tamaşaçılar Aydan xanımdan gələcəkdə də daha maraqlı və keyfiyyətli işlər gözlədiklərini bildirdilər.
"Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari" nominasiyası üzrə qalib iranlı müəlliflər - Məhəmməd Zare və Rena Vaezi oldu. Evli cütlüyün birlikdə işlədiyi ssenari olduqca maraqlı idi. Mövzusu sənət, yaradıcılıq və azadlıq olan ssenarinin qəhrəmanı bir orkestrdə çalğıçıdır. O, fərqli ifa etdikcə, orkestrin dirijoru hirslənir, ona hamı kimi çalmasını əmr edir. Lakin ifaçı sonunda bütün orkestri özü kimi çalmağa vadar edir. Ssenarinin sonunda orkestr rəhbəri özü də qarşı çıxdığı ifaçının tərzində oxumağa başlayır.
Ssenari müsabiqəsində Azərbaycandan da maraqlı ssenarilər göndərilmişdi. Onların arasında Vüqar Haqverdiyevin "Qarınqulu ayı balası", Leyla Əhmədxanovanın "Mıx", Çimnaz Şahverdiyevanın "Ağaclar necə danışır?", Rafiq Məmmədlinin "Məğrur çaydan" adlı ssenariləri yer alırdı.
Festival çərçivəsində Azərbaycan animasiya kinosuna böyük töhfələr vermiş iki ustad sənətkar Firəngiz Qurbanova və Elçin Hami Axundov "Qızıl qayıq" mükafatı ilə mükafatlandırıldılar.
Firəngiz Qurbanovanın "Arzunu yarat" (1979), "Akvarium" (1983), "Bir gün axşam vaxtı" (1985), "Anam ağaca çıxıb" (1986), "Seans" (1987), "Kürən" (1989), "Zəkanın yatması" (1995), "Müzür" (2011), Elçin Hami Axundovun "Dınqıl, sazım, dınqıl" (1976), "Cırtdan - pəhləvan" (1983), "Uçan zürafə" (1983), "Məclis" (1988), "Söhbətül-əsmar" (1994), "Balaca ev" (2012) filmləri tamaşaçılara göstərildi. Bu filmlərin çoxunu tamaşaçılar televiziya ekranlarında izləməmişdilər, ilk dəfə bu filmlərlə tanış olurdular.
Bundan başqa, Firəngiz xanımın da, Elçin bəyin də tələbələrinin çəkdiyi filmlər tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Rusiyada yaşayan və işləyən, məşhur "Gülməşəkər şarlar", "Fiksiklər", "Tima və Toma" və s. multfilm seriallarının müəllifi Cahangir Süleymanovun festivalda qonaq qismində iştirakı, "Animasiya serialları necə çəkilir?" adlı mühazirəsi də xeyli maraq doğurdu.
İkinci Animafilm-in mövzusu Çex animasiyası idi. Festivalda Müsabiqədənkənar proqramda Çex filmlərinə baxış təşkil olunub, festivalın plokatını da çexiyalı məşhur animator Filip Poşivaç işləyib hazırlayıb.
Festivalın ilk günü Azərbaycan animasiyasının əlli illiyinə həsr olunmuş konfrans keçirildi. Konfransda milli animasiyanın keçmişi və indisi müzakirə olundu. "Azərbacan animasiyası" kitabı və 50 il əvvəl "Azərbaycanfilm" Kinostudiyasında çəkilmiş "Cırtdan" cizgi filmi təqdim edildi. Sonra isə yenicə çəkilmiş "Cırtdan və sehrli xalat" animasiya filmi nümayiş olundu. Konfransın sonunda iştirakçılar ölkə prezidenti İlham Əliyevin adına milli animasiyanın acınacaqlı durumu, onun diqqət və qayğıya ehtiyacı olduğu barədə açıq məktub imzaladılar.
Builki festivalın Azərbaycan və ingilis dillərində müsabiqə iştirakçıları, təqdim olunan filmlər və ssenarilər haqqında annotasiyalar olan rəngli kataloqu da işıq üzü görüb. Kataloqun elektron versiyasını festivalın rəsmi www.animafilm.az saytından yükləyib tanış olmaq olar.
Festival görkəmli rejissor, ssenari müəllifi Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) (əsas tərəfdaş və baş sponsor), Çex Respublikasının və Fransanın Azərbaycandakı səfirliklərinin, "Çinar Yayımları" nəşriyyatının, Azərbaycandakı fransız İnstitutunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.
Animafilm festivalının təsisçisi və təşkilatçısı "PERİ FİLM" MMC-dır.
Azərbaycanda keçirilən animasiya festivalının oktyabr ayında baş tutması təsadüfi deyil. Oktyabr ayının 28-i Dünya Animasiya Kinosu günüdür. Festival animasiya kinosunun bayramına çevrilə bilmişdi. Biz istərdik ki, bu bayram hər il bizə qonaq gəlsin. Bizim ölkəmizin də gənc animatorları öz filmləri ilə festivala rəng qatsınlar.
Sevinc Elsevər (Əzimova)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!