“Ədəbiyyat qəzeti”nin yeni "Sənət hücrəsi" rubrikasının qonağı AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovdur. Vidadi müəllimlə teatrımızın dünəni və bu günü haqqında söhbəti təqdim edirik.
- Vidadi müəllim, kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Mirzə Fətəli Axundzadənin 1873-cü ilin mart-aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Bununla peşəkar Milli Teatrımızın bünövrəsi qoyuldu. Həmin dövrdə Azərbaycan teatrı maarifçi, didaktik missiya daşıyırdı. Zamanla teatr çox böyük təbliğat və təşviqat işlərini öz üzərinə götürüb, ideoloji ideyalar səhnədən daha uca səslə yayılıb. Bəs bu gün teatr hansı missiyanı daşıyır?
- Ümumiyyətlə, dünya teatrı b.e.ə. 534-cü ildə yarandığı gündən ta bu günə qədər müxtəlif funksiyaları yerinə yetirib. Bu funksiyalardan biri də maarifçilik olub. Teatr dünyada ən təsirli sənət növlərindən biridir. O, yunanca "theatron", yəni "görmə yeri" sözündən gəlir. Yunanlar ilk aktyora hipokrit deyirdilər, hipokritin də tərcüməsi "suallara cavab verən" deməkdir. Dialoq burdan yaranıb. Əslində, teatrın funksiyası həmişə dialoq olub, dialoqun iki funksionallığı var. Birincisi, səhnədəki dialoq, ikincisi səhnə ilə tamaşaçı arasındakı dialoq. İkinci dialoq bəzi hallarda səssiz, birtərəfli olur. Səhnədəki dialoqların özü bir dialoqa çevrilir və tamaşa zalına ötürülür. Beləcə, tamaşaçı ilə səhnə arasında bir dialoq yaranır. Bu, passiv, qeyri-verbal dialoqdur. Sözsüz ki, əksər teatrların yaranmasının kökündə maarifçilik məqsədi dayanır. Mirzə Fətəli Axundzadənin komediyaları elə bir dövrdə yarandı ki, xalqın həqiqətən maariflənməyə ehtiyacı vardı. Klassik Azərbaycan maarifçilərinin millət və xalq qarşısında böyük xidmətlərindən biri təhsilə, kitaba, elmə həvəs oyatmaq idi və Mirzə Fətəli Axundzadə də bu maarifçi hərəkatın başında dayanırdı. Həmin dövrdə maarifçilik milli ideyadan böyük hərəkat səviyyəsinə qalxdı. Amma XX əsrin əvvəlində Birinci Dünya müharibəsinin başlanması ilə bütün dünyada maarifçilik demək olar ki, süquta uğradı. Bəşəriyyət məhz elm, zəka sahibləri tərəfindən müharibəyə sürükləndi, müharibəni törədənlər düşünən beyinlər idi. Bombaları, hərbi texnikanı məhz həmin o savadlı insanlar kəşf etmişdi, ağır artilleriyanın ixtirası bəşəriyyəti kütləvi ölümlərə sürüklədi. Bundan sonra impressionizm, ekzistensializm kimi cərəyanlar yarandı və bu da nəticədə absurdizmi doğurdu, absurd dramaturgiyası yarandı. Həyatın absurdluğu, real hadisələrdə nəticənin yoxluğu, "dağıdılmış" xaotik dünya haqqında ekzistensializm baxışlarından bəhrələnən sənət əsərləri yaranmağa başladı. Alber Kamünün, Sartrın əsərləri buna canlı misaldır. Teatr da həmişə sosial sifarişlə meydana gəlir və bütün bu proseslər teatrın ideya istiqamətlərinə təsir göstərir. Əvvəllər söz Tanrı məqamında idi, zaman keçdikcə söz dəyərdən düşməyə başladı. Söz həm də məzmun deməkdir, getdikcə forma məzmunu üstələməyə başladı. Belə məqamda da zahiri estetiklik önə çıxır. Bax, bu gün teatrda həmin zahiri estetiklik özünü göstərməkdədir. Bu gün dünya teatrında postdramatik cərəyan hökm sürməkdədir, bu da sözün qüvvədən düşməsinə bir işarədir. Postdramatik teatrda sözlər yoxdur, bu, hərəkət teatrıdır. Bu gün Azərbaycan teatrında da postdramatik cərəyanın müəyyən əlamətləri görünməkdədir. Maarifçilikdən başlanan yol müxtəlif mərhələlərdən keçərək postdramatik məqama gəlib çıxıb. Amma sözsüz ki, bu gün də teatrın əsas missiyası maarifçiliyə xidmət etməkdir.
- Zaman dəyişir, insanlar dəyişir, yeni estetik dəyərlər meydana çıxır. Teatrımız bu günün tələblərinə cavab verə bilirmi? Teatr müasir insanın mənəvi-estetik tələblərinə cavab verə bilirmi?
- Teatrın yarandığı gündən bəri müxtəlif sənət növləri yaranıb. Bu gün kompüter texnologiyası nəticəsində yaranan yeni sənət növləri mövcuddur. Buna baxmayaraq teatr bu gün də yaşamaqdadır. Teatrı digər sənət növlərindən fərqləndirən, onu bu günə qədər yaşadan onun canlılığıdır. Kino da teatrın bətnindən doğulan bir sənətdir. Kino tirajlanır, amma tamaşanı tirajlamaq mümkün deyil. Bir müəllifin bir rejissor tərəfindən hazırlanan və eyni kollektiv tərəfindən oynanılan tamaşası heç vaxt bir-birini təkrarlamır. Bu gün başqa cür, sabah başqa cür oynanılır. Çünki bu tamaşanı ərsəyə gətirən canlı insanlardır və bu tamaşanı seyr edənlər də canlı insanlardır. Auditoriyanın və aktyorların aurası dəyişir. İnsan hər gün eyni ovqatda ola bilməz, aktyor da bu gün oynadığı rolu sabah eyni cür oynamır. Buna görə mən düşünürəm ki, hər hansı texniki nailiyyətlərə rəğmən teatr həmişə yaşayacaq, bu canlılığı heç bir texnologiya əvəz edə bilməyəcək. Bayaq dediyim kimi, səhnə ilə auditoriya arasındakı dialoqa həmişə ehtiyac olacaq. Tamaşaçı auditoriyası teatr üçün ən vacib amildir. Düzdür, son dövrlər teatrın cəmiyyətdə rolu nisbətən aşağı düşmüşdü, tamaşaçıların sayı əvvəlki illərlə müqayisədə azalmışdı. Amma son 3-4 ildə teatrlarımızda müsbət dinamika hiss olunmaqdadır. Ümumiyyətlə, teatr prosesinin özündə bir canlanma əmələ gəlib. Repertuar teatrın aynası olduğu kimi, teatr da cəmiyyətin aynasıdır. Düşünürəm ki, bizim teatrımız müasir tələblərə cavab verə bilir. Televiziya kanalları teatr tamaşalarını reklam etsə, tamaşaların vaxtaşırı anonsunu versə, teatra maraq bir az da artar. Bu da çox vacib bir amildir.
- Azərbaycan teatrı dünya teatrının təcrübəsindən nə dərəcədə faydalana bilir?
- Sözsüz ki, dünyanın qabaqcıl teatrlarının nümunələri ilə tanış olmadan, onları öz teatrımızda tətbiq etmədən, onların təcrübəsindən istifadə etmədən biz inkişaf haqqında söhbət edə bilmərik. Müstəqillik qazandıqdan sonra Azərbaycan teatrının dünya teatrına inteqrasiya prosesi genişlənib. Bu proses ikitərəfli davam edir, həm Azərbaycan teatrları müxtəlif festivallarda iştirak edirlər, həm də xarici ölkələrin teatrları mütəmadi olaraq bizim ölkəyə qastrol səfərlərinə gəlir. Bu qarşılıqlı səfərlər sözsüz ki, teatrın inkişafına müsbət təsir göstərir. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq Azərbaycanda mütəmadi olaraq teatr festivalları keçirilir. Respublika teatrları xaricdə keçirilən müxtəlif festivallarda uğurla iştirak edir. Azərbaycan teatr tarixində ilk dəfə olaraq ölkəmizdə beş dəfə Bakı Beynəlxalq Teatr konfransları keçirilib. Sonuncu - V Bakı Beynəlxalq Teatr Konfransında 150-yə yaxın dünya çapında tanınan çox məşhur sənət xadimləri, teatr mütəxəssisləri iştirak edirdi. Festival çərçivəsində xarici ölkələrin tamaşaları burda nümayiş etdirildi. Əvvəlki festivallarda da eynilə bu proses təkrarlanıb. Azərbaycan tamaşaçısı da bu tamaşalara baxdı və nələrisə əxz etdi. Oktyabrın 10-da "YARAT" Müasir İncəsənət Mərkəzində 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalı keçirildi. On gün ərzində dünya teatrında əks-səda doğurmuş tamaşalar burda nümayiş etdirildi. Finlandiyanın, İtaliyanın, Macarıstanın, Rusiyanın və digər ölkələrin teatrları burda tamaşalar göstərdilər. Bu festival hər il keçirilir. Sözsüz ki, bu festivallar Azərbaycan teatrının da inkişafına, yenilənməsinə müsbət təsir göstərir. Teatrlar qarşılıqlı surətdə bir-birinin təcrübəsindən faydalanırlar. Biz görürük ki, dünya teatr prosesi necə inkişaf edir, hansı dramaturgiyaya üstünlük verirlər, hansı estetik təmayüllər aparıcıdır və sair. Bayaq postdramatik tamaşalardan danışdıq. Bu festivalın son iki tamaşası da postdramatik tamaşalar idi. Bu tamaşalar sözsüz idi, rəqs, musiqi üzərində qurulmuşdu, bizdə də çox böyük maraq doğurdu.
- Vidadi müəllim, niyə bizdə teatr tənqidi əvvəlki dövrlərə nisbətən o qədər də aktiv deyil? Məsələn, əvvəlki dövrlərdə İnqilab Kərimov, Məryəm Əlizadə, İlham Rəhimli mütəmadi olaraq teatr tənqidi ilə məşğul olurdular, teatrın estetik platformasına yön verməyi bacarırdılar. Bəs bu gün vəziyyət necədir?
- Dediyiniz dövrdə cəmi 5-6 mətbu orqan vardı, adlarını çəkdiyiniz teatrşünaslar, eyni zamanda Yaşar Qarayev, Xalid Əlimirzəyev, Qulu Xəlilov kimi ədəbiyyatşünaslar da teatrla bağlı resenziyalar yazırdılar. Onların yazılarını bütün ölkə ictimaiyyəti oxuyurdu və geniş reaksiya doğururdu. Sizi inandırıram ki, bu gün teatrla bağlı yazılan yazıların sayı əvvəlki dövrlərdə yazılanlardan qat-qat çoxdur. İsrafil İsrafilov, Aydın Talıbzadə kimi tanınmış teatrşünaslar mütəmadi olaraq teatr prosesi, tamaşalar haqqında yazılar yazırlar. Gənc teatrşünaslar da var, onlar da yazırlar, çap olunurlar. İndiki informasiya bumunun içində, sayt-qəzet bolluğunda bu yazılar nəzərə çarpmır, it-bata düşür.
- Sizin internet saytınız da fəaliyyət göstərir.
- Bəli. Teatro.az internet portalımız fəaliyyətdədir. Orda da sənətşünaslığın müxtəlif sahələrini əhatə edən maraqlı yazılar yayımlanır. Bu portal Azərbaycanda ilk və yeganə teatr saytıdır, artıq ilyarımdır ki, fəaliyyət göstərir. Bu yaxınlarda portalın dizaynını da yeniləmişik.
- Bu yaxınlarda məktəblərdə teatr sənətinin tədrisi ilə bağlı təkliflə çıxış etmişdiniz. İstərdim, bu barədə danışasınız.
- Bəli. Əslində, bu mənim çoxdankı arzumdur, hələ də arzu olaraq qalır. Bayaq teatrın cəmiyyətdə rolundan danışdıq. Teatrın cəmiyyətdə rolunu artırmaq üçün bağçadan, məktəbdən işə başlamaq lazımdır, uşaqlarda teatra maraq, sevgi aşılamaq lazımdır. Teatr orqanik sənət növüdür, digər sənət növlərində süni elementlər çoxdur, amma teatr təbiidir, burda heç bir sünilikdən söhbət gedə bilməz. Teatrda insan insanı canlandırır və bu prosesi də canlı insanlar izləyir. Sovet cəmiyyətinin qüsurlarıyla yanaşı, müəyyən üstün cəhətləri də vardı, o vaxt məktəblərdə teatr dərnəkləri fəaliyyət göstərirdi. Bütün mədəniyyət evlərində, klublarda teatr dərnəkləri vardı, xalq teatrları vardı. Bu dərnəklərdən çıxıb gəlmiş neçə-neçə həvəskar aktyor sonralar böyük səhnələri fəth etdilər, sənətkar kimi yetişdilər, yüksək fəxri adlar aldılar. Onlar yalnız səhnədə yetişmişdilər. Mirzağa Əliyevin, Əliağa Ağayevin adlarını çəkə bilərik. Çox adlar çəkə bilərəm. Baxın, bu insanlar o dərnəklərdən çıxmışdılar. İndi orta məktəblərdə idman dərsi, musiqi dərsi, əmək dərsi tədris olunur, niyə teatr fənni tədris olunmasın? Rəsm, musiqi yalnız bir fənni öyrədirsə, teatr bütün sənət növlərini özündə birləşdirir, yeniyetmələrin hərtərəfli inkişafını şərtləndirir. Teatr fənni orta məktəblərin proqramına daxil edilsə, inanın ki, çox böyük fayda verər. Belə olanda uşaqların dramaturgiyaya da sevgisi artacaq, onların mənəvi-estetik tərbiyəsində, hansısa istedadının üzə çıxmasında təkanverici rol oynayacaq. Teatr fənni orta məktəblərdə tədris olunsa, bu təhsil ocaqlarında teatr dərnəkləri də yaranacaq, uşaqlar pyesləri oxuyacaqlar, müzakirə edəcəklər, onları səhnələşdirmək istəyəcəklər. Bəzən bizdən soruşurlar ki, yaxşı, bəs bu fənni orta məktəbdə kimlər tədris edəcəklər? Biz hər il 20-22 nəfər teatrşünas yetişdiririk, onlar ali məktəbi teatrşünas olaraq bitirirlər. Onlar ikinci iş yeri kimi gedib orta məktəblərdə də dərs deyə bilərlər. Bax, maarifləndirmə budur. Bunun gənclərimizin yetişməsində çox böyük faydası ola bilər.
- Klassikaya yeni baxış. Bu gün bir çox klassik tamaşalar yeni interpretasiyada tamaşaçıya təqdim olunur. Bir teatrşünas olaraq, bu tamaşalar haqda nə deyə bilərsiniz?
- Klassika ona görə klassikadır ki, o, hər zaman aktualdır. Jorj Polti deyir ki, bəşəriyyət yaranandan bütün süjetlər cəmi 36 situasiyadan ibarətdir. Onlarca "Leyli və Məcnun" yazılıb, mövzu eynidir, əksərən süjet də eyni olur, amma ona sənətkar yanaşması tamamilə fərqli olur. Sənətkar ideyanı yüksək bədii səviyyədə oxucuya təqdim edir. Müasirliyə gəldikdə isə, bu bir estetik kateqoriyadır. Klassik əsərləri səhnəyə qoyanda o, nə dərəcədə müasirliyə cavab verə bilər? Bu, artıq rejissordan asılıdır, çünki klassiklərin tamaşalara müdaxiləsi mümkün deyil, onlar dünyadan köçüblər, məsuliyyət rejissorun üzərinə düşür. Rejissor hər bir əsərin bu gün üçün aktual olan məqamlarını qabarıq göstərməlidir. Pyes sadəcə, bir mətndir, onu rejissor sözdən hərəkətə çevirir, aktyorlar ordakı obrazları canlandırır. Bir misal çəkim, xalq yazıçısı Elçinin "Qatil" tamaşasına Akademik Milli Dram Teatrının səhnəsində Mehriban Ələkbərzadə 10 il fərqlə iki dəfə quruluş verdi. Rejissor ikinci versiyada tamamilə fərqli bir ideya üzərində qurmuşdu tamaşanı. Birinci versiyada lirik-psixoloji üslub vardı, ikinci versiyada isə aqressiv cəmiyyətin dramatik situasiyası təqdim olunurdu. İkinci versiyanın daha çox səs-küy doğurması tamaşanın müasir cəmiyyətlə daha çox səsləşməsi ilə bağlı idi. Bir adamla ünsiyyətdə olanda onun adını çəkmirsən, bu, qarşı tərəfə pis təsir göstərir, ad çəkəndə onda belə deyək, xoş ovqat, məmnunluq hissi yaranır. Tamaşa da belədir, "Qatil" tamaşası birbaşa tamaşaçıya müraciət edirdi, onun adını çəkirdi, tamaşaçı öz yaşantılarını görürdü səhnədə. Klassik əsərlərdə də həmişə bu nüansları tapmaq mümkündür. Yenə deyirəm, bu artıq rejissorun üzərinə düşən bir məsuliyyətdir.
- Bu gün yeni dramaturqlar varmı? Kimlərin adını çəkə bilərsiniz?
- Bu, bizim ən yaralı yerimizdir. Dramaturgiya ən çətin janr hesab olunur, ona görə yazıçılarımız bu janra çox az hallarda müraciət edirlər. Ona görə hər dəfə dramaturq yetişmir. Bu gün Elçinin, Əli Əmirlinin, Firuz Mustafanın, İlqar Fəhminin əsərləri oynanılır. Ötən il Mədəniyyət Nazirliyi tərəfindən birpərdəli pyeslər müsabiqəsi keçirildi, mən də münsiflər heyətinin üzvü idim. 27 pyes təqdim olunmuşdu. Bir teatrşünas olaraq deyirəm ki, o mətnlərin içində cəmi 3-4 pyes vardı ki, dramaturgiyanın tələblərinə cavab verirdi. İş burasındadır ki, o pyeslərin əksər müəllifləri orta və yaşlı nəslin nümayəndələri idilər. Birinci yeri Firuz Mustafa, ikinci yeri Cavid Zeynallı, üçüncü yeri Sevinc Nuruqızı tutdu. Bunlar da gənc deyillər. Amma yeni nəsil dramaturqları yetişir. Məsələn, Pərvin, Mehman Musabəyli, Ülviyyə Heydərova, İsmayıl İmanov bu sahəylə məşğul olurlar, onların əsərləri müxtəlif teatrlarda oynanılır. Bu gənclərə daha çox dəstək vermək lazımdır ki, onlar dramaturq kimi yeni əsərlər yazsınlar. Mən həmişə Hüseynağa Atakişiyevin ruhuna dua oxuyuram. O, Azərbaycan dramaturgiyasına bir neçə dramaturq qazandırdı. Vaqif Səmədoğlunun, Əli Əmirlinin, Firuz Mustafanın pyesləri Gənclər Teatrında oynanılırdı. Onların teatra gəlişi, dramaturq kimi yetişməsi birbaşa Hüseynağa Atakişiyevin adıyla bağlıdır. Bunu özləri də zamanında etiraf ediblər. Hüseynağa müəllim dramaturqda özünəinam hissi yaradırdı. Vaxtilə Səməd Vurğunu da teatra Adil İsgəndərov cəlb etmişdi. Rejissorla dramaturq iş birliyində olmalıdır. O vaxtlar Ənvər Məmmədxanlının, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Anarın, Seyran Səxavətin pyesləri Akademik Milli Dram Teatrında səhnəyə qoyulurdu və böyük tamaşaçı marağına səbəb olurdu. Bu gün də istedadlı yaradıcı gənclərə stimul verən rejissorlar olmalıdır, onlar gənclərlə işləməlidir, onları yetişdirməlidir.
- Vidadi müəllim, maraqlı söhbət üçün təşəkkür edirəm.
- Siz də sağ olun.
Söhbətləşdi: Kənan HACI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!