Günel EYVAZLI
Bu yazı Sərdar Aminin həftələr öncə "Ədəbiyyat qəzeti"ndə yayımlanmış "Qərb festivallarına bağlanmış yolumuz və ya Pənahi "Dairə"ni qapatmasaydı" yazısının davamı olaraq qələmə alınıb.
Kiminsə əlində silah olaraq kullanılmaq ənənəsi bəşəriyyət tarixi boyunca mövcud olub, indi də öz mövcudiyyətini saxlamaqdadır. Uğur sonu görünməyən yola bənzəyir. Getmək üçün müəyyən maneələri adlamalısan. Məncə, ən qorxulusu kiminsə əlində silaha çevrilməkdir. Çevrildinsə hər zaman səninlə atəş açacaqlar. Atəşi açan daima görünməz olaraq qalacaq. Silah isə həmişə söz konusudur.
Uzun illər Avropa səhnələrinin kralına çevrilmiş iki məşhur şəxsin paralelini beynimdə aparıram. Bunlardan biri 1970-ci illərin dünyaca tanınan Britaniya rok-qrupunun tanınmış ifaçısı Freddi Merkyuri, digəri isə Amerika müğənnisi Maykl Ceksondur.
Onların hər ikisi fərqli irqin nümayəndələri idi. Freddi hind mənşəli ailədə dünyaya göz açan şəxs, Cekson isə Afrika mənşəli qaradərili idi. Onların uğur carçısı əslində uşaqlıqda yol yoldaşı olmuş təklik idi. Freddi kiçik yaşından oğlanlar pansionatında ailəsindən, yaxınlarından kənar təhsil alır, Cekson isə uğur zirvəsində belə atası tərəfindən tətbiq olunan zorakılıqları yadına salaraq göz yaşı tökürdü. Əslində uşaqlıq travması alan hər iki gənc sənət mühəndisləri üçün plastilin rolunu oynayırdı. Onlarda görünən azacıq istedad kifayət idi. Hər ikisindən istənilən obrazı yaratmaq mümkün idi. Yaradıldı da.
Səhnələrdə görünən Queen rok-qrupunun qarşısında tünd dəri rəngi olan, bığlı Şərq obrazı Freddi var idi. Bu obraz azadlığının dadını səhnədə çıxarırdı. Gecələri yastığını başına çəkib ağlayan uşaq indi bütün mahhnıları ilə istəklərini ifadə edirdi. Barmaqlıqlar arasından qaçan yırtıcı kimi öz parıltılı ömrünü səhnədə yaşayırdı. Cekson da həmçinin. Ürəkdən söylənilən hər bir söz və yaxud jest onların özünü ifadə edirdi. Sünilikdən deyil, həqiqətdən yaranırdı. İstənilən sənət isə səmimiliyi sevir. O vaxt ki, qəlib içindən sənətə atılırsan, öz potensialını bütünlüklə üzə çıxarırsan, elə həmin andaca əfsanəyə çevrilirsən.
Yuxarıda söylənilənləri yazının girişi də adlandırmaq olar. Hər iki əfsanə öz mahnılarında dünyanın acısını oxuyurdular həm də. İstənilən mahnı arxasından fundamental fəlsəfə, inanc, dünyəvi fikirlər sərgilənirdi. Hətta məhəbbət naminə yazılmış kəlmələr belə ağıllı ifadələrlə əhatələnirdi. İntellektual musiqi öz ardıyca stadionları ağzına qədər dolduran kütləni aparırdı. Onlar istənilən siyasətçidən daha qüvvətli idilər. Onlar həm də silah idilər.
Yalnız bəzi məşhur mahnıların açılışını diqqətinizə çatdırmaq istəyirəm. Həm də Sərdarın sözünə qüvvət, nələrin arxasında nələrin dayanmasını anlatmağa çalışıram. Yəni qapalı dairələr həm də nəyə xidmət edir. Uğurun zirvəsindəki parıltının bədəli nə olmalıdır. Əgər bir iranlı kinorejissor hər şeyi mükəmməl təsvir etsəydi, heç nə maraqlı görünməyəcəkdi. Qərb isə mükafat verdiyi şəxslərin filmlərini yayımlamaqla, "Görürsünüz, necə dəhşətli hadisələr cərəyan edir Şərqdə hüquqsuzluq, mütilik baş alıb gedir. Biz də elə bunun qarşısını almaq üçün, bəşəriyyəti, hüquqları tapdanmış xalqların azadlığını bərpa etmək üçün döyüşlər aparırıq".
Hollivudda isə mənzərə tamamən fərqlidir. İstər Avropa, istər Amerika kino istehsalatçıları ekran qarşısında oturan vətəndaşını hakimiyyətə, polisinə güvənməyə səsləyir. Yəni hətta sel hadisəsi, meteorit yağışı olasa belə hakimiyyət insanlarının təhlükəsiz həyatına zəmanət verir. Ən çətin məqamlarda ulduzlu bayraq qarşısına keçən başçı öz xalqına müraciət edərək əlindən gələni əsirgəməyəcəyini söyləyir. Yetər ki, koladan badə-badə iç, pop-kornunu yanında saxla, filmlərimi izlə, mənə inan, səhər işinə, axşam evinə yollan, atdığım döyüş addımlarını belə pis yerə yozma, bil ki, bütün bunlar bəşəriyyət naminə edilir.
Cekson "All I Need" mahnısında digər mahnılarında olduğu kimi, fərqli strukturun arxasından istədiyi fikirləri bəyan edir:
Cause this time of ours is borrowed,
We must give a helping hand
Whatever happened to our heroes,
They must get another chance…
Biz bir-birimizə əl uzatmalıyıq (yardım etmək)
Zaman çox deyil.
Qəhrəmanlarımızla nə baş verdiyindən
asılı olmayaraq
Onlara növbəti şansı verməliyik və s.
"Another Part of Me" (Mənim hissəmdən biri) mahnısında - Həqiqət bizim tərəfdədir. Bu planet bizim planetdir. Sən də bizdən birisən. Ədalət carçısı ol. Öz irqindən başla. Çiyin-çiyinə gedək. Sən bizə lazımsan.
"Black or White" - (Ağ və ya qara) mahnısında klubların, milliyyətçiliyin insanlar arasında nifaq saldığını söyləyir.
"Money" - (Pul mahnısında)
Pula görə yalan danışmaq,
pula görə öldürmək
Və ölmək kimi sözləri dilinə alır.
Sən bayrağını ucaldırsan,
Dövlətin sənə inanır.
Əsgərsənsə döyüşməlisən.
Amma pulunu mənə göstərsən,
Səndən alaram.
Bu vaxt ağla desən,
Ağlayaram.
Əl uzatsan, əl verərəm.
Pula görə öldürərəm…deməklə insan xislətini, bəlkə də dövlətlərin xislətini -hər şeyi olduğu kimi ifadə edir.
"Man in The Mirror" - (Güzgüdəki insan) mahnısında dünyanı düzəltmək üçün səfil insanları görməzdən gəlmək yox, güzgüdəki insanı dəyişdirməkdən başlamalısan söyləyir. "Tarix", "Yer kürəsinin mahnısı" və s. kimi musiqilərlə müharibələrin can almasından, dünyanın qan çanağına çevrilməsindən söz açır.
Əslində, bütün bunlar musiqilərin və fikirlərin bir hissəsidir. Deyə bilərsiniz ki, burada nə var ki, eyni sözləri jurnalist məqalələri, köşələr, ədəbiyyat da söyləyir. Amma sənət industriyasının əsas məqsədi həm də çoxluq təşkil edən kitab oxumayanları bəlli ulduzlar ətrafına toplamaqla istədikləri oyunu gerçəkləşdirməkdir. Belə baxanda hər şey bəşəri və gözəldir. Elə istədiklərimizdən xəbər verir deyilən kəlmələr, amma bir həqiqət də vardır ki, həmin sözlərin səsləndiyi dillərin sahibləri, dövlətlər dünyada tamamən ayrı oyunları oynayırlar.
Biz özümüz də bilmədən bəzən hər hansı bir statistik göstəricinin bir hissəsinə çevrilirik. Təşkil olunan seminarlar insanların dünya görüşünün hansı həddə olmasını müəyyən etmək üçün ölkələr daxilinə giriş edir. İnsanları maraqlandıran suallar ətrafında onlar öz statistikasını aparırlar. Hətta ziyalıların ən çox hansı kitabları oxuması belə onlar üçün statistik məlumatlar sırasındadır. Çünki insan şüurunu həm də oxunan kitablar idarə edir. Oxumayanların dinlədiyi nakam, yalvarış dolu məhəbbət musiqiləri isə digər toplumun şüur səviyyəsinin hansı həddə olmasının güzgüsünə çevrilir.
İrqi ayrı-seçkiliyi daima pisləyən ABŞ-ın özündə indinin indisində də fərqli rəngli insanlar konusunda insidentlər baş verir. Filmlərdə təsvir olunan və daima ağ-qara personajların paralelliyi ilə gerçəkləşən kino, seriallar bu bərabərliyə nə qədər çalışsalar da, bəzən cəmiyyətdə hər şey əksinə alınır. Ona görə də bəlli istəkləri gerçəkləşdirmək üçün silah rolunu oynayan rənglilər postlara gələ bilir. Və həmişə onlardan atəş açılır.
Nobeli qazanmaq üçün guya çərçivələri aşmaq və düşmənindən dost yapmaq çabasında bulunanlar roman ağırlığında sözləri yan-yana düzərək tələyə düşə bilirlər. Mükafatı verən əllər səni onlar istəyəni yazmağa və çəkməyə vadar edirlər. Hamımız bilirik ki, havayı pendir daima tələ ağzında olur. Qərinələrin böyük qardaşın xoşuna gəlməsi üçün özününküləri qurban verməsi ənənəsi isə xalqı həqiqət carçılarının varlığından məhrum edir. Çünki zəka işığı əyri yolları daha tez göstərə bilir. Qaranlıq isə çirkli əməllər üçün həmişə xoşagələndir.
Yaxşı, o zaman bu boyda söhbəti etmək üçün Freddiyə və ya Ceksonun əhvalatlarına nə ehtiyac var idi? Mən sadəcə hər iki məşhurun simasında həmin silahları və istifadə müddəti bitdikdən sonra atılmış əşyaya çevrilənləri göstərmək istədim. Bildiyimiz kimi, var-dövlətlərinin aşırı faizdə olmasına baxmayaraq hər iki məşhur olduqca əliaçıq və səxavətli idi. Onlar ölümlərindən sonra da arxada qoyduqları industriya nəhənglərini yedirməkdə davam edirlər. Şəxslərin özü isə müəyyən qarayaxma kampaniyasına uyğun şəkildə ömürlərini tamam ediblər. Freddi SPİD kimi dəhşətli xəstəliyə giriftar olmaqla, Cekson isə pedofil damğası ilə ömrünü tamamlayır. Bəlkə də bütün bunlara səbəb məşhurların axının əksi istiqamətinə getmək istəyi idi? Bəlkə onlar daha silah olmaq istəmirdilər? Müxtəlif sektalarda özünü axtaran Ceksonun son dayanacağı İslam olur. Freddi isə "Bohemian Rhapsodi"asında üç dəfə Bismillah deyir.
Hər şey olduğu kimi görünmür. Fikir mühəndisləri cəmiyyətləri, ədəbiyyatları, filmləri, musiqiləri özləri istəyən axına gətirməyə çalışırlar. Qozbel dünya bizləri əbədi nağıllarına inandırmağa və yatırmağa çalışır. Həqiqətdə isə Kvazimodolar eybəcər dünyanın fiziki quruluşunu əks etdirsə də, dünya fikir mühəndisləri Kvazimoda qədər mərhəmətli qəlbə sahib olmurlar. Kimlər isə axının əksinə üzərək "Xalq düşməni" damğası ilə suçlanır, bəziləri isə rahat yaşayış naminə istifadə olunur. Sonra isə qida üzərində göstərilən son tarix müddəti kimi kənara atılır. Ya da həmişə qızıl orta var. Hər halda, seçim şəxslərin öz əlindədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!