"Yaşamaq və ölmək zamanı" - Ekranlaşdırılmış ədəbi əsərlər Sevda Sultanovanın təqdimatında

Layihədə Erix Mariya Remarkın "Yaşamaq və ölmək zamanı" əsəri əsasında çəkilən eyniadlı filmi təqdim edirik

Süjet: Hadisələr 1944-cü ildə cərəyan edir. Sovet ordusu almanları məğlubiyyətə uğratmaqdadır. Alman ordusunda vuruşan Ernest Qreber sadə əsgərdir. O, yüzminlərlə alman kimi gəncikən cəbhəyə gedir. Müharibədə hər cür çətinliklərlə rastlaşır, yoldaşlarının ölümünü görür və getdikcə onun böyük ideyalara inamı sarsılır. Rus kəndlərindən birində vuruşan Ernestə və onun taqımından olan əsgərlərə tapşırılır ki, əsir götürülmüş partizanları güllələsinlər. Partizan qadın alman əsgərlərini lənətləyir ki, onun uşaqları onların uşaqlarını öldürəcək.

Ernest üçhəftəlik məzuniyyət alır. O, valideynlərinin yanına Verdenbryuka (çox güman ki, yerin adı Remarkın doğulduğu Osnabryukun və fransız şəhəri, Birinci Dünya müharibəsi zamanı qanlı döyüşlərin baş verdiyi Verdenin adlarının birləşməsindən yaradılıb) qayıdır, amma evə qayıdanda onu tapa bilmir. Valideynləri isə xəbərsiz-ətərsiz yoxa çıxıb. Çünki şəhər müntəzəm olaraq bormbardmana məruz qalırmış. Valideynlərinin yaşadığı ev xarabalığa çevrilir. Bombardman zamanı bir neçə min adam həlak olur. Valideynlərinin axtarışı zamanı Ernest ailəsinin köhnə tanışlarından birinin evinə gedir. Onun 20 yaşlı qızı, fabrikdə işləyən Elizabetlə qarşılaşır. O, Elizabeti hələ uşaq ikən tanıyırdı. Elizabetin atası ölüm düşərgəsinə göndərilir, mənzilində isə başqa adamlar yaşayır. Mənzilin iki otağında nasist frau Lizer qızıyla yerləşib. Ernest və Elizabet havadan olan hücumlar zamanı zirzəmiyə sığınır, onlar getdikcə yaxınlaşır və tezliklə evlənirlər. Sonra Ernest evində bir yəhudini gizlədən professor Polmanı yoluxur. Onlar uzun-uzadı müharibənin vurduğu ziyandan danışır. Ernest sinif yoldaşı olmuş, nasist partiyasının funksionerlərindən biri, yüksək vəzifə tutan Bindinqlə rastlaşır. Bindinq fanatik deyil, sadəcə o, şəraitə uyğunlaşmağı bacaran biridir. Partiyanın zəif tərəflərini görür.

Növbəti bombardmanların birində Bindinqin evi dağılır, Polman həbs olunur. Ernestin məzuniyyəti bitir və o, arvadıyla vidalaşaraq müharibəyə gedir. Rus ordusu böyük miqyaslı hücuma keçir. Sovet ordusunun bir neçə hücumundan sonra Ernest yoldaşlarının əksəriyyətini itirir. O, partizan hesab olunan dörd adama göz qoyur. Növbəti hücumdan sonra əsgər yoldaşı Şteynbrenner onları güllələmək istəyir. Ernest ona mane olur ki, əsirləri əmrsiz öldürə bilməz. Çünki onlar partizana oxşamır. Şteynbrennerlə konflikt nəticəsində Ernest onu öldürür və əsirləri azad edir. Onlardan biri isə Ernesti güllələyir...

Alman yazıçısı Erix Mariya Remark (1898-1970) itirilmiş nəslin nümayəndələrindən biridir. (İtirilmiş nəsil anlayışı Birinci Dünya müharibəsindən sonra meydana çıxıb. Bu anlayış əsasən 18 yaşında cəbhəyə gedən gəncləri nəzərdə tutur. Müharibədən sonra onların əksəriyyəti dinc həyata alışa bilmir, kimisi içkiyə qurşanır, kimisi intihar edir, kimisində də psixoloji sorunlar başlayır. Ernest Heminquey, Erix Mariya Remark, Frensis Skott Fitscerald, Şervud Anderson kimi bir çox yazıçılar yaradıcılığında bu mövzunu araşdırırdı.

Remark 1917-ci ildə Qərb cəbhəsində vuruşmuş, yaralanmış və hospitalda müalicə almışdı. Müəllifin  "Qayıdış", "Qərb cəbhəsində yenilik yoxdur", "Üç dost" romanlarında müharibənin məhv etdiyi itirilmiş nəsil əsas xətdir. "Qərb cəbhəsində yenilik yoxdur" dünya ədəbiyyatında itirilmiş nəsli araşdıran üç əsas romandan biridir. Digər iki əsər isə Ernest Heminqueyin "Əlvida, silah", Riçard Oldinqtonun "Qəhrəmanın ölümü"dür.

1933-cü ildə Almaniyada nasistlərin hakimiyyətə gəlişindən sonra Remarkın pasifist əsərləri qadağan edilir və yazıçının vətəndaşlığı ləğv olunur. İsveçrədə yerləşən Remark daha sonra sevgilisi, aktrisa Marlen Ditrixin köməyi ilə Amerikaya viza alır və ora köçür. 1958-ci ildə İsveçrəyə qayıdaraq son günlərini orada yaşayır.

Remarkın romanlarının bir qismi ekranlaşdırılıb. Bu gün haqqında danışacağımız "Yaşamaq və ölmək zamanı" romanında da (1954) antimüharibə motivi əsasdır. Əsəri amerikalı rejissor Duqlas Sirk (1897-1987) ekranlaşdırıb. Sirkin yaradıcılığı haqda geniş danışmağı vacib sayıram. Öncə onu deyim ki, Sirk evdar qadınların həvəslə baxdığı qlamur melodramların ustası sayılır. Onun filmləri sentimentaldır, serial kimi rahat baxılır. Təsadüfi deyil ki, rejissorun yaradıcılığı sabun operalarının bünövrəsi kimi qiymətləndirilir. Paradoks ondadır ki, 1950-ci illərdə Hollivudda filmləri yaxşı gəlir gətirən Sirkin, yaradıcılığına təsir elədiyi, adını ehtiramla anan böyük isimlər var: Rayner Mariya Fassbinder, Pedro Almodovar, Kventin Tarantino, Devid Linç, Todd Heyns, Vonq Kar-Vay, Aki Kaurismyaki...

Məsələ ondadır ki, onun filmləri həm burjua dəyərlərinə, həm Hollivudun studiya sisteminə korrekt şəkildə ironiya idi. Hollivudun sərt kinosistemi rejissorların müəllif mövqeyini önəmsəmədən "xoşbəxt sonluq" tələb edirdi. Brextin estetikasını sevən Sirk də studiya sisteminin basqılarıyla üzləşirdi, ona görə fikrini mizanlarla, simvollarla, rənglərlə, sarkastik intonasiyada ifadə edirdi. Bir qayda olaraq, Sirk filmlərində ilk baxışda ideal ailə modelini göstərir, daha çox emosional qatda işləyir, tamaşaçıya duyğusal nöqtələrlə toxunur. Və o, ilk rejissordur ki, parlaq rənglərin, dəbdəbəli dekorasiyaların, interyerlərin vasitəsilə insan tənhalığını, faciələrini, "Amerika arzusu"nun puçluğunu göstərir. Onun personajları dəbdəbəli həyatlarının və sosial moralizmin girovudurlar. "Səmanın izn verdiyi hər şey" filminin əsasında yüksək təbəqəni təmsil edən dul qadınla gənc bağbanın sevgi hekayəsi dayanır. Onun seksual inqilabdan, Freyddən dəm vuran qızı anasının nikahına qarşı çıxır. Oğlu onunla kəlmə kəsmir. Rəfiqələri ondan üz döndərir. Və qadın sevgisini yüksək cəmiyyətin qanunlarına qurban verməli olur. "Küləyə yazılmış sözlər" neft maqnatının ailəsi haqdadır. Ailənin qızı içki düşkünü, nimfomandır. Komplekslərdən əziyyət çəkən oğul avaralanmaqla gün keçirir. Zəngin ailənin gücsüzlüyünü tədqiq edən ekran işini, hətta o dövrdə gələcəyin filmi kimi qeyd edənlər vardı. Rejissorun yaradıcılığının ən güclü filmlərindən biri, Hollivudda son işi "Həyatın imitasıyası"dır. Film əyalət aktrisasının məşhurlaşmaq arzusundan bəhs edir. Amma Sirk yenə də ənənəsinə sadiq qalaraq çoxtərəfli süjet qurur. Məşhurlaşandan sonra qadınla qızı yadlaşır. Filmin ikinci hissəsində ön plana qaradərili qulluqçunun qızı ilə münasibətini çıxarır. Onun ağdərili qızı anasına görə utanır və ondan imtina edir. Sirk hər kəsin gerçək həyatı olmadığını, yalnız imitasiya elədiyini vurğulayır.

Remarkın "Yaşamaq və ölmək zamanı" romanına rejissorun müraciəti isə səbəbsiz deyildi. Müharibənin fəsadlarını o, şəxsi təcrübəsində yaşamışdı. Əslən danimarkalı olan Sirk Münhen Universitetində hüququ, Hamburq Universitetində isə fəlsəfə və sənət tarixini öyrənmişdi. 1934-cü ildən film çəkməyə başlayan rejissorun filmlərinin əsasında eskapist (fərdlərin reallıqlardan uzaqlaşaraq, illüziyalar aləminə qapılması) əhvalatların dayandığı melodramlarının vizual üslubuna fransız rəssamları Onore Domye və Ejen Delakruanın əsərləri təsir eləmişdi. Nasistlər hakimiyyətə gələndən sonra onun ikinci arvadı, aktrisa, yəhudi Hilda Yari təqiblərdən qurtulmaq üçün Romaya qaçır. Sirkin birinci arvadı və övladının anası (onun yeganə oğlu müharibədə həlak olur), Hitlerin tərəfdarı olan Lidiya Brinken ictimai şəkildə keçmiş ərini yəhudi qadınla münasibətdə ittiham edir. Sirkin pərəstişkarları arasında təbliğat naziri Gebbels də vardı. Amma o, buna rəğmən ölkəni tərk edir, arvadı ilə Amerikaya köçür və Hollivudda mühacir kinematoqrafçıların çevrəsinə girir.

 

Romanın ekran versiyasında kəskin dəyişikliklərdən söhbət gedə bilməz, əksinə, rejissor əsərin ideyasının, strukturunun, atmosferinin ekran həllinə çalışıb. Bütün film boyu iki reallıq - həyat və ölüm daim konfliktdədir. Bu iki anlayış antiteza olsa belə, onların bir-birinə sıx bağlılığı və eyni zamanda qarşıdurması əhvalatın strukturunu, təsvir həllini təyin edir. Misalçün, tez-tez bombardman olacağını bildirən həyəcan siqnalı səslənir: gündəlik qayğılarını yaşayan əhali, sevgidən zövq alan qəhrəmanlar, yüksək rütbəli hedonist nasistlər bir anda həyatın ritmindən qopur, ölüm qorxusuyla zirzəmiyə sığınırlar. Sirkin yozumunda müharibə güllə səsi, qanlı vuruşma deyil. Ernest (Con Qevin) cəbhədən evinə qayıdanda anlayır ki, ən dəhşətli müharibə cəbhədən uzaqda, dinc sakinlərin həyatında gedir: xarabalığa çevrilmiş evlər, yiyəsiz, sınıq əşyalar, dünyadan təcrid olunmuş, baş verənlərə autik reaksiya verən, xaosa, qeyri-müəyyənliyə təslim olmuş çarəsiz insanlar...

Epizodlardan birində rejissor sınmış pianonu xüsusi vurğulayır. Klassik musiqi alman xalqının həyat tərzinin, ruhunun ayrılmaz hissəsidir. Xarabalıqlar altından görünən piano - müharibədən əziyyət çəkən alman xalqının əzilmiş ruhunun təsviri kimi meydana çıxır. Ən təsirli səhnələrdən biri - cəbhədə adam öldürməyə alışmış, soyuqqanlı Ernstin dağılmış evlər arasında uşaq səsini eşitməsidir. O, dəlicəsinə daşları qaldırır, səsi axtarmağa başlayır. Və birdən səsin küncə sığınmış pişik miyoltusu olduğunu fərq edir. Sirk son dərəcə mühüm məqamı qabardır: müharibədə qətl törətməyə alışan fərd dinc həyatda insanlıq sifətinə qayıdır. Kadrbakadr - dinc həyatda müharibənin fəsadlarıyla rastlaşan Ernstin insaniləşdiyini, nasist ideyalarına inamının sarsıldığını, katarsis keçirdiyini görürük.

Düzdür, hələ filmin əvvəlindəki cəbhə epizodlarında Ernest üçün günahsız adamları öldürməyin psixoloji və mənəvi tərəddüdlərin bahasına başa gəldiyini eyhamlaşdıran kadrlar yer alır. Bununla belə, əmri yerinə yetirmək öhdəliyini vacib sayan Ernest final səhnəsində nasizmin sırıdığı öhdəliklərdən imtina edir. 

Rejissor müharibənin dəhşətini döyüş prosesində yox, ondan kənar vəziyyətlərdə detallaşdırır: dağılmış binaların arasında salamat qalan divara, doğmalarını axtaran adamların məlumat kağızı yapışdırması, qar örtüyü altında qəfil üzə çıxan əsgər meyiti, cəbhəyə gələn məktub sahiblərinin çoxunun artıq həyatda olmaması. Filmin qış aylarında çəkilməsi əhvalatın mahiyyətinə uyğun olaraq soyuq rənglərlə ifadə olunur. Hadisəni müşayiət edən apokaliptik musiqi (bəstəkar Mikloş Roja) təsvirlərlə ahəngləşir.

Rejissor özünün ənənəvi estetikasına bir neçə epizodda qayıdır: evinin dəbdəbəli interyeri, maral buynuzları kolleksiyası, heykəlciklər, tablolar fonunda içkiyə aludə olan yüksək rütbəli nasistin müharibəni uduzması, ümidsizliyi ovqatını hiss etdirir.

Ən işıqlı, isti səhnələr Ernestlə Elizabetin (Lizelotta Pulver) sevgisini ifadə edən səhnələrdir. Bu səhnələr gözəl təbiət mənzərələri fonunda çəkilib. Müəllifin ötürmək istədiyi əsas fikirlərdən biri budur ki, müharibə insanları adi sevinclərdən, sadəcə kişi və qadın olmaqdan mərhum edir.

Filmin ssenarisini Remark Orin Cenninqslə birlikdə yazıb. Və yazıçı burda professor Polman rolunu oynayır.

Qeyd edim ki, Sirkin yaradıcılığında ilk diqqəti çəkən Jan Lyuk Qodar olub. 1959-cu ildə "Kaye dyu sinema" jurnalında o, rejissorun "Yaşamaq və ölmək zamanı" filmdən heyranlıqla yazırdı. Jurnalda ard-arda Sirklə müsahibələr, məqalələr onu kulta çevirdi. Haqqında kitab yazıldı, festivallarda filmlərinin retrospektivi keçirildi. Alman kinosunun parlaq rejissorlarından biri Fassbinder "Qorxu ruhu məhv edir" lentini "Səmanın izn verdiyi hər şey" filminin motivlərinə əsasən çəkib. Pedro Almodovarın "Yüksək dabanlar" filmi "Həyatın imitasiyası"na göndərişdir. Kventin Tarantinonun "Kriminal qiraət" filmində Vinsent restoranda "Sirk steyki" sifariş verir. Todd Heynsin "Cənnətdən uzaqda" Sirkin filmlərinin üslubunda çəkilib. Fransız rejissoru Fransua Ozon "8 qadın" ekran işində "Səmanın izn verdiyi hər şey" filmindən - maralın qış vaxtı bağda gəzməsi epizodunu sitat gətirir. Aki Kaursimyakinin "Yuxa" səssiz filmində mənfi qəhrəmanın maşını "Sirk" adlanır. Vim Venders Sirkə "Sabun operalarının Dantesi" deyir: "O, "Amerika arzusu" ilə bağlı qaranlıq tərəfləri dramatik təsvirlərdə ustaca verir...".

Sonda maraqlı bir faktı da qeyd edim ki, Remark "Qərb cəbhəsində yenilik yoxdur" əsərinin bir hissəsini, məşhur sənədli rejissor Leni Rifenştalın evində yazıb. Sonralar isə bu iki istedadlı insan cəbhənin müxtəlif tərəflərində təmsil olunur. Remark nasizmə nifrət edir, Rifenştal isə nasizmi vəsf edən sənədli filmlər çəkir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!