"Azərbaycan kinosunda qadın obrazı" mövzusunda bir neçə ay idi ki, geniş araşdırma edirdim. Araşdırmada cavab tapmaq istədiyim əsas məsələlərdən biri - milli kinomuzun qadına münasibətdə kişimərkəzçi mövqeyinin səbəbləriydi. Mövzunun diktəsi ilə məsələyə eyni zamanda sosrealizm ədəbiyyatının və sovet ədəbi tənqidinin kontekstində baxmalı oldum. Ədəbi tənqidçi Məsud Əlioğlunun "Sevildən Saçlıya" (1962) adlı məqaləsini oxuyanda (məqalədə M.F.Axundovun yaradıcılığından başlamış 1950-ci illərin bədii mətnlərinə qədər təsvir olunan qadın obrazları təhlil edilir) bir neçə məqam diqqətimi çəkdi. Bunlardan biri, müəllifin Mirzə İbarhimovun "Mədinənin ürəyi" hekayəsi ilə bağlı tənqidiydi: "Mədinə müasir əxlaqın müsbət keyfiyyətlərini təmsil etməyən, qeyri-sabit fikirli, zəif xarakterli, iradəsiz bir qadın surətidir. Onun həyatla əlaqəsi olmayan mücərrəd düşüncələrinin və saxta hisslərinin təsvirinə həsr edilmiş səhifələr uzundur".
Hekayə ilə tanış olmadığımdan onu tapıb oxudum. "Mədinənin ürəyi" əksinə, səmimi hekayədir, əsərdə fransız melodramlarının tonallığı var, müəllif evli qadınla subay kişi arasındakı duyğusal münasibətləri son dərəcə həssaslıqla işləyib və peşəkar psixoloq kimi onların davranışını, özlərinə belə utanaraq etiraf etməkdə çətinlik çəkdikləri hissləri araşdırıb. M.Əlioğlunun digər iradı İlyas Əfəndiyevin "Körpüsalanlar" romanında Səriyyə xarakteri ilə bağlıdır: "Müəllifin "Körpüsalanlar" romanında Səriyyənin ailə-əxlaq normalarının saflığını pozan sərbəst hərəkətləri bizi narazı salır. Səriyyə, nə müasir həyatla, nə də milli adət və ənənələrlə bağlanan, açıq-saçıq, ipə-sapa yatmayan, hərcayi bir qızdır. Yazıçının sübuta yetirməyə çalışdığı mülahizələrinin yanlışlığı ondan irəli gəlmişdir ki, o, Səriyyəni indiki qızlarımızın inkişaf etmiş qabaqcıl bir surəti kimi ümumiləşdirməyə çalışmışdır. Onun heç bir ciddi mənəvi əsası olmadan ailəsini atmasını, ölçüyə gəlməyən dözülməz hərəkətlərini "ideal" və örnək kimi qələmə vermişdir".
Öncə deyim ki, hər iki əsərdə məni heyrətləndirən kişi müəlliflərin qadının intim ərazisini dəqiq təsvir etmələri, qadın qəlbini duymaq bacarığıdır. Ümumən nə milli kinoda, nə də indi yaranmaqda olan ədəbiyyatda qadın obrazlarının belə dərin təsviri yoxdur. Digər tərəfdən, istər "Mədinənin ürəyi", istər "Körpüsalanlar" "Azərbaycan dili kasıb dildir" deyənlərə sərrast cavabdır. Hər iki əsər dilimizin geniş imkanlarının olması faktıdır.
Mövzuya qayıdaq. Doğrusu, məni ən çox təəccübləndirən M.Əlioğlunun adıçəkilən əsərlərə peşəkar tənqidçi rakursundan yox, öz fərdi xarakteri-mühafizəkar, kişimərkəzçi mövqedən yanaşmasıydı. Sevilin həyat yolunu, seçimini dəstəkləyən tənqidçi, nədənsə, İlyas Əfəndiyevin "Körpüsalanlar" romanının qəhrəmanı - vəzifəpərəst, qadını kişidən aşağı statusda görən ərindən boşanıb, yeni həyat quran Səriyyəni qəbul edə bilmir. Üstəlik, tarixçi Cəmil Həsənli "Azərbaycanda sovet liberalizmi" adlı kitabında (kitab 1959-69-cu illəri əhatə edir, Xruşşovun yumşalma siyasəti nəticəsində keçmiş SSRİ-də, həmiçinin ölkəmizdə bütün sahələrdə gedən yenilikçi proseslər araşdırılır) həmin dönəmin ədəbi mühitinin təsvirini verən hissədə "Körpüsalanlar"a qeyri-obyektiv, qeyri-peşəkar mövqedən yanaşır (zəruri qeyd: kitabda "Səriyyə məsələsinə" Azloqos.eu saytında "Psevdointellektual söhbət" adlı videobloqumda bu məsələyə ayrıca toxunmuşam).
Mövzumuza qayıdaq. "Körpüsalanlar" romanı 1950-ci illərin sonunda "Kommunist" qəzetində yayımlanır, oxucuların marağına səbəb olur və eyni zamanda ədəbi tənqidi iki qütbə bölür. Mərkəzi Komitənin tapşırığı ilə "Kommunist" qəzetində əsərin dərci yarımçıq kəsilir. Səbəb də o göstərilir ki, romanın qəhrəmanı Səriyyə əxlaq dəyərlərinin pozucusudur, davranışlarında sərbəstdir, ərli ola-ola başqasını sevir. Ancaq, nədənsə, Cəmil Həsənli kitabında bu faktı - romanın çapının qadağan olunmasını qeyd etməyi unudur. Həmin hissədə tarixçi professor M.Əlioğlunun "Körpüsalanları"nın tənqidinə tərəf kimi çıxış edir. Cəmil müəllim yazır: "Məqalə öz yenilikçi ruhu, milli mənəvi qayəsi ilə seçilirdi. Əslində, "Körpüsalanlar"ın əxlaqi qüsurları o qədər çox idi ki, cəmiyyətə onu qəbul etdirmək ciddi çətinliklərlə qarşılaşmışdı. Bu roman həmin vaxt çox məşhur idi və partiya orqanlarının yazıçılarına müasir həyatdan yazmaq çağırışına cavab verən ədəbi nümunə kimi meydana çıxmışdı".
Məsud Əlioğlunun məqaləsinin "Körpüsalanlar"a aid hissəsinin yenilikçi ruhla əlaqəsi yoxdur, əksinə, tənqidçi qəhrəmanın azad seçiminə qarşıdır və fikirləri patriarxal düşüncəyə söykənir. Paradoks ondadır, M.Əlioğlu məqaləsində Sevilin seçimini dəstəkləsə də, Səriyyənin seçiminə dözümsüzlük nümayiş etdirir.
Səriyyə obrazının konsepsiyası o dövr ədəbiyyatı üçün tamamən yeniydi və yanılmıramsa, bir ədəbi əsərin yayımlanmasının yarıda saxlanaraq, qadağan olunması sovetlərdən sonrakı ədəbiyyatımız üçün ilk idi. Sovet hakimiyyəti qurulandan sonra ədəbiyyatımızda meydana gələn yeni qadın obrazları məişətdən, avtoritar ailədən qoparılaraq ictimai-siyasi müstəvidə təqdim olunur, ideoloji çərçivəyə salınır. Səriyyə isə ideologiyadan arınmış obrazdır, paternalist cəmiyyətimizə sərt sillədir və həyata baxışları ilə Sevildən daha cəsarətlidir. Məsələ ondadır ki, azadlıqların olmadığı cəmiyyətdə yaşayan Sevilin, onu alçaldan ərindən ayrılmasına, müasirləşməsinə verilən bəraət bizim patriarxal mühiti qıcıqlandırmır. Çünki onun seçimi obyektiv reallıqdan doğur və bu, həm də ideoloji təbliğatın bir hissəsiydi. Səriyyə isə artıq qadın haqlarının tanındığı cəmiyyətdə yaşayır, xoşbəxt olmaq üçün hər cür imkanları var, əri Adil onu sevir, qayğısına qalır. Cəmiyyət üçün təbii sual səslənir: Bundan başqa qadına nə lazımdır ki?! "Azərbaycan kinosunda qadın obrazı" araşdırmamdan bir abzası dəyişmədən bura yerləşdirməyi uyğun bilirəm: "İkinci pərdə" (rejissor Emil Quliyev) və "Əzizim Fellini" (rejissor Cavid Təvəkkül) filmlərində kişilərin qadının xəyanətinə ilk reaksiyaları onları maddi dəyərləndirmə zəminində olur: "Nəyin çatmırdı? İstədiyin hər şeyi alırdım axı". Milli kinematoqrafiyanın qadın mövzusu ilə qırılma nöqtəsi də məhz burda baş verir: qadını namusla, ailə sədaqətinin vacibliyi ilə yükləyən kinomuz qadının daxili dünyasına varmağı, mənəvi-ruhi böhran, ekzistensial boşluq yaşamasını, nədənsə, unudur".
Mental mədəniyyətimizi nəzərə alsaq, hər cür xoşbəxtliyi olan Səriyyənin ərindən ayrılmaq istəyi, maksimallığı, ruhi azadlığa can atması mübahisə doğurmaya bilməzdi. Çünki bizim təsəvvürümüzdəki xoşbəxtlik anlayışı doqmatikdir, məhduddur və bu anlayış maddiyyatla, məişət rahatlığıyla çərçivələnib. Səriyyənin isə xoşbəxtlik anlayışı fərqliydi. İlyas Əfəndiyev məhz bu qəlibi dağıdır ki, həyat və fərd sosrealizm düşüncəsində olduğu kimi birqatlı, sadə deyil, insan təbiəti mürəkkəbdir, təcrübələr, münasibətlər müxtəlifdir və müəllif Səriyyənin simasında ənənəvi ailə modeli xoşbəxtliyinə alternativ olan bir xoşbəxtlik anlayışından danışır. Yuxarıda dediyim kimi, Səriyyə əlxaq pozucusu kimi dəyərləndirilir. Montenin dili ilə desək, əxlaq coğrafi anlayışdır, lokaldır və əxlaqın mənəvi dəyərlərlə əlaqəsi yoxdur. Mənəvi dəyərlər isə milli yox, bəşəridir. Səriyyə çoxluğun, mühitin saxta əxlaq dəyərlərinə meydan oxuyan, axına qarşı getməyi bacaran, yüksək mənəvi dəyərləri olan qadındır. İlyas Əfəndiyev Səriyyə obrazı ilə bu gün də müasir olan yeni qadın personajını (yeri gəlmişkən, şahidiyəm ki, indinin gənc nəsil qızları üçün Səriyyə sevilən obrazdır) gətirdi və o, sonrakı dövr ədəbiyyatında yaranmış, fərqli qadın obrazlarının sələfi kimi çıxış edir. Ona görə "Körpüsalanlar" Cəmil müəllimin dediyi kimi, qətiyyən ideoloji əsər deyil. Romanda quruculuq, istehsalat fondur, əsasən Səriyyənin daxili dünyası, əriylə münasibətlərindəki mürəkkəblik qabardılır.
Bir qayda olaraq, bizdə qadınların hansısa fikirləri kişiləri narazı salanda orta statistik azərbaycanlıdan tutmuş intellektualına qədər əksər kişilər Azərbaycan qadınının namusunun müqəddəsliyi kimi mücərrəd, saxta məfhumu önə çəkir və bununla da ictimai düşüncəni manipulyasiya etməyə çalışırlar. İ.Əfəndiyev isə Səriyyə obrazı ilə qadını dar, əyalət düşüncəsinə söykənən namus çərçivəsindən çıxararaq manipulyasiyadan imtina edir və qadına sevmədiyi kişidən ayrılmaq, özünü mənəvi deqradasiyadan xilas etmək, özü olmaq, öz anlayışındakı xoşbəxtliyin ardınca getməsi kimi yeni, mühüm azadlıqları tanıyır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!