Bu günlərdə İstanbulda böyük sənət triumfu yaşanır. Bu qədim şəhərin "Tophane-i Amire Kültür ve Sanat Merkezi"nin "Baş Kubbe" zalında dünya şöhrətli Azərbaycan rəssamı Sakit Məmmədovun "Opalizm" adlı fərdi sərgisi keçirilir. Sərgi bir ay müddətində (5 sentyabr - 5 oktyabr 2019) sənətsevərlərin ixtiyarında olacaq.
Türkiyə mediasını izlədikcə bu sərgiyə marağın hansı böyük arealda olduğunu ilk baxışdaca sezmək olur. Türk mətbuatı Azərbaycanın xalq rəssamı Sakit Məmmədovu "Azərbaycanın yaşayan mirası olaraq dəyərləndirir. Əsərləri dünyanın ən məşhur qalereyalarının, muzeylərinin daimi eksponatlarında qorunan, adına Avropada orden, marka təsis edilən, çəkdiyi "Dədə Qorqud" tablosu Türkiyə Respublikasının pul vahidinin üzərində sərgilənən, dünyanın müxtəlif şəhərlərində 70-dən çox sərgisi keçirilən, bir məqaləyə sığmayacaq qədər ünlü mükafatlara, fəxri adlara layiq görülən Sakit Məmmədov həqiqətən də Azərbaycanın yaşayan mirasıdır. Onun sənətinin heyranları arasında kimlər yoxdur? İngiltərə kraliçası II Elizabet, Roma papası II İohann Pavel, italiyalı aktrisa Monika Bellucci, Rusiya Rəssamlıq Akademiyasının Prezidenti Zurab Sereteli, böyük rəssam Tahir Salahov...
Bu ilin 15 mart tarixində Bakıda möhtəşəm "Kristall-holl"da Sakit Məmmədovun fərdi sərgisi oldu. Sərginin açılışında mən də iştirak edirdim. "Kristall Holl" həmin gün özünün ən izdihamlı günlərindən birini yaşayırdı. Dövlət rəsmiləri, millət vəkilləri, ölkəmizin ən məşhur elm, mədəniyyət xadimləri, xarici qonaqlar tələbələr, məktəblilər, müxtəlif peşə sahibləri... Və "Kristall Holl"a bayram əhval-ruhiyyəsi verən möhtəşəm tablolar. Bu sərgi həqiqətən də bir sənət bayramına bənzəyirdi. Növbə yaranırdı. Həmin sərgidə məni ən çox duyğulandıran, həyacanlandıran insanların tablolarla şəkil çəkdirməsi idi. Şəkil çəkdirən insanlar, sanki ruhən həmin tablolarla qaynayıb qarışır, birləşirdi. Sakit Məmmədovun əsərlərində bir müsbət aura var. İnsan bu müsbət auranın cazibəsinə tez düşür. Və bir daha bu cazibədən ayrılmaq istəmir. 10 gün çəkən bu sərgini hər gün yüzlərlə sənətsevər ziyarət elədi.
İndi mən internetdə, ulu memar Sinanın inşa etdiyi tarixi "Tophane-i Amire Kültür ve Sanat Merkezi"nin "Baş Kubbe" zalında böyük rəssamımızın sərgisindən möhtəşəm, izdihamlı, bayram əhval-ruhiyyəli görüntüləri izlədikcə, 15 martda "Kristall holl"dakı həmin unudulmaz sərgi bir daha yadıma düşdü.
Və bir daha inandım ki, günümüzdə incəsənətə marağın azaldığını iddia edənlər yanılırlar.
Əgər böyük sənət varsa, onun izləyiciləri həmişə olacaq.
Sakit Məmmədov hadisəsi dediklərimizin ən bariz nümunəsidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!