Ülvi BABASOY
Hökmdar Minos günəş tanrısı Heliosun gözəl qızı Pasifaya ilə evləndi. Minos atəşli, azman Pasifayayla uzun və şəhvətli gecələr keçirdi. Bu nadir xoşbəxtlik qadın dodağının şirinliyi kimi qısa və unudulmaz idi. Minos qadın bədəninin varlığı ilə yoxluğu arasında qalmışdı. Ancaq atəşli, ehtiraslı gecələr sona çatdı. Çünki dəniz tanrısı Poseydon ona qurban ediləcək öküzü kəsmədiyi üçün Minosa qəzəblənmişdi. Poseydon Minosu zəif yerindən yaxaladı. Dəniz tanrısı Minosu gözəllər gözəli Pasifayanı onun əlindən almaqla hədələdi. Minos ən sevdiyi varlığı itirməkdən qorxsa da, tanrılara boyun əymədi. Pasifaya ərinin tanrıya qurban verməkdən boyun qaçırdığı öküzü görər-görməz qəlbində ona qarşısıalınmaz bir şəhvət baş qaldırdı.
Mübariz Örənin "Ədəbiyyat qəzeti"ndə çap olunan "Minotavrın ölümü" hekayəsində təsvir edilən həyat olduqca orqanikdir. Minos, Pasifaya və Minotavrın həyatının kopiyası deyil. Real, yaşanılmış həyatdır. Çünki hekayədə yaşanılmış bir həyatın və bu həyatın mövcud olduğu dünyanın birbaşa, dolayısız təqdimi ilə alt qatdakı mifik hadisələr iç-içə keçir. Süni montaj, kollaj təsiri bağışlamır. Mübarizin uğuru da burdadır. Bircə müəllifin müdaxilələri yersizdir. Hekayənin süjet xətti buna imkan vermir. Kalvinodan sonra bu tip priyom və metodlar struktura da, mənaya da sünilikdən başqa heç nə gətirməz. Əlbəttə ki, eksperimentlər sənət üçün həmişə lazımdır. Hətta zəruridir. Köhnəni yamsılamaq eksperiment deyil. Köhnə olanın gözəlliyini də yenidən kəşfə ehtiyac yoxdur. Vacib olan yeninin, təzənin estetik gözəlliyidir. Həm formada, həm də məzmunda. Hərçənd ki, Mübariz maraq doğuran gedişlər edir. Lakin labirint hekayə ilə müəllifin məlumatları, replikaları uzlaşmır. Xaric səslənir.
Pasifaya günlərlə bu labirintdəki çıxılmaz vəziyyətdən necə çıxacağını düşündü. Bu əxlaqsız, bu məşum sirri bir müddət ürəyində gəzdirdi. Ancaq sirr öz yuvasını tərk etdikcə labirintin dolambacları da artırdı. Dərdini dağlara, daşlara, dənizlərə çaylara quşlara, heyvanlara danışdı. Çarəsiz dərdə dəva tapılmadı ki tapılmadı. Yarı tanrı Pasifayaya tanrılar da yaxın durmadılar. Bu tanrıtanımaz, təbiətə və həyata zidd fikri heç kim öz çiyninə götürmədi. Ancaq bir insan - fani (Knossos yaxınlığında əsarətdə olan afinalı Daidalos) gözəl Pasifayanı lənətli şəhvətin ağır və dözülməz yükündən xilas etməyi öz boynuna götürdü.
Mübariz dil və üslub hadisəsi olaraq gəldi ədəbiyyata. Və bu məxsusi üslub "Minotavrın ölüm"ü ilə davam edir. "Minotavrın ölümü" müəllifin atmacaları ilə maraq doğurmur. Mətanətlə (Kəklik) Əminənin real və antireal görkəminin ifadəsi diqqəti cəlb edir. Mixail Baxtin bu vəziyyəti qəhrəmanın bədən və ruhunun estetik simmetriyası adlandırır. Əgər ruh və bədənin ölçüləri və sərhədsizliyini ifadə edən sözlər seçilmirsə, o mətn sənətin estetika zəminində özünə yer edə bilmir. Mübariz təmtəraqlı, qrotesk üslubu ələ sala-sala nəsrdə öz zaman və məkan kordinatlarını müəyyənləşdirir. Özü də həmin qrotesk, klassik profillə hekayənin semiotik sərhədlərini yaradır. Özünüironiya süniləşir.
İnsan "doğrudan da zalımdır". Daidalos taxtadan bir düyə yondu. Taxta düyə o qədər canlı və gözəl görünürdü ki, öküz bu şəhvət saçan cazibə qarşısında tab gətirə bilməyib ona cumdu... Bənzərsiz cütləşmə məqamına Poseydonun sürülərinin otladığı Qortis çəmənliklərindən başqa, heç nə və heç kim şahid olmadı. Həyatın təbii axarı isə öz məcrasında davam elədi. Lakin "insan düşünür və tanrı gülür".
Mübarizin hekayələri iki üslubi keyfiyyəti ilə seçilir. Birincisi, yazıçının dilə münasibəti və bu münasibətdən doğan dilin istifadə qaydalarından qidalanır. Digəri, təsvir olunan həyatın qəhrəmana təsir yönləri ilə üzə çıxır. Hər iki üslubi xüsusiyyət birləşib fonetik, akustik bir sistem, duyğusal, romantik ovqat elastikası, təsviri, plastik münasibət, reaksiya formalaşdırır. Mətanətin də, Əminənin də itirilmiş ömrü sintaktik bir labirint paradiqması yaradır.
Minos arvadı Pasifaya üçün əsrarəngiz bir saray tikdirdi. Daidalos sarayın zirzəmisində bitib-tükənməyən labirintlərlə göz oxşadı. Pasifaya və onun məşum sirri Minotavr labirintdə gizlədildi. Minos arvadını günəşdən və həyat nişanəsi olan hər şeydən məhrum etdi. Ta ki...
Mübariz betərin betərindəki incə və həssas vəziyyəti, hər kəsin ən azı bircə dəfə ya daşa, ya da Kəkliyə çevrilmək istədiyi anı ölümsüzləşdirir. Həmişə lağ etdiyi, ələ saldığı Vaqifə qoşulub qaçan Mətanət antiqəhrəmandır. Ömrü boyu uğursuzluqlara düçar olan Əminə isə artıq özü haqda qərar verməkdə belə acizdir. Hekayənin labirint bucaqları ekzistensial emosiya və şüuraxınında dərinləşir. Mübariz insanın mövcudluq problemi haqda Sartrist mühakimələr aparmır. Hekayəsini danışır. Mətn Kəklik və Əminənin nataraz, qeyri-estetik taleyinə estetik aydınlıq gətirir.
Pasifaya saraydakı labirintə ona görə həbs edilmişdi ki, ərinə xəyanət etmişdi. Taxta düyənin içərisinə girərək öküzlə cinsi əlaqədə olmuşdu. Həmin əlaqədən Minotavr dünyaya gəlmişdi. İçindəki arzunu, şəhvəti təmin etmək bahasına əbədi bir zindana, labirintə belə razı idi.
Mətanət zorla ərə veriləndə əvvəlcə üzünü əmisi oğluna tutmuşdu. Dəhrəburun gədəyə getməkdənsə, sənə gedərəm, demişdi. Əmioğlu da onun dərdinə çarə olmur. Və cüllütboğaz Vaqifə qoşulub qaçmaqdan başqa əlacı qalmır.
Poseydonun göndərdiyi öküz adada yaşayanları narahat etməyə başladı. Heç kim ona yaxınlaşmağa belə cəsarət etməyəndə Herakl öküzü qamarlayıb Yunanıstana gətirdi. Orada da insanlara hücum edən öküzü qorxusuz cəngavər Tesey öldürdü.
Mübariz Örən "Minotavrın ölümü"ndə ümid duyğusunun başqa bir üzünü kəşf edir. Bir qadının pisin yaxşısına meyil etməsindəki çarəsizliyi diktə edir. Diktə edir, çünki Mübarizin təhkiyəsi hər nə qədər musiqili, ritmik və plastikdirsə, yaratdığı dialoqlar bir o qədər də kəskin, tribunal qətiyyətdədir:
"Mən sizi tanıyıram, müəllimə..." - yol boyu nəsə qəribə şeylər danışırdı taksist. - "Rəhmətlik bacımın toyuna gəlmişdiniz, kəndə... Güllü don geymişdiz hələ..." - Demək, bu, oymuş!.. Oymuş!.. Kəklik də ölüb, deməli. Hə, ölüb! Mənim xınalı Kəkliyim!.. - "Onu mən öldürdüm! Mənim günahımdan getdi bacım! Allah mənim belimi qırsın!.. Getdim balalarını yanıma gətirdim, saxladım... İndi oğlu əsgərdi... Qız da ərə getdi... İstədiyinə getdi... İstədiyinə...".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!