"Tam ekran": Fikrin estetik cərrahiyyəsi - Ülvi BABASOY yazır

"Təkrarlanan tarix fars olur. Təkrarlanan fars tarix olur"... Jan Bodliyar

 

Farsın tarix olma səbəbi

2019-cu ildə Latviya Universitetinin "İngilis dili və ədəbiyyatı" fakültəsində maraqlı  və nadir hadisə baş verib. Fakültənin magistr pilləsinin "Mifologiya" və "Tekstologiya" dərslərində iştirak edən xanım Astrida Qobina ixtisasca hüquqşünasdır. Avropada bir çox nüfuzlu vəzifələrdə çalışıb və çalışır. Bəs onu ədəbiyyat dərslərinə çəkib gətirən nədir? Xanım Qobinanın dərslərdə həvəslə iştirakı, mütaliəsi və sualları fakültənin professor-müəllim heyətini də, tələbələri də heyrətləndirir. Maraqlıdır, qırx yaşlı hüquq elmləri üzrə fəlsəfə doktoru Astrida Qobinanın magistr pilləsində təhsil alan tələbələrin ədəbiyyat dərslərində nə işi var? "Hiss etdim ki, ruhum zədələnib. Və onu təmir etmək, ədəbiyyatla qidalandırmaq istədim".

Fransız filosof Jan Bodliyar "ruhun zədələnməsi" haqqında hələ 24 il əvvəl yazırdı. Bu vəziyyəti tam, bütöv, dolğun ekranda çözməyə çalışırdı. Bodliyar "Tam ekran" kitabında tibb, sosiologiya, psixologiya, tarix, politologiya, iqtisadiyyat, informatika və filologiya elmlərinin təhlil metod və prinsipləri ilə ruhun zədələnmiş vəziyyəti üçün rekviyem yazır. Filosof bütün dünyanı bürüyən transestetik və transseksual mənzərəni ekranlaşdırır. Kitabın üslubu yüksək texnologiya dövrünə xasdır. Kompüterlərin alqoritmik dili ilə uzlaşır. Deməli, Liotarın kəhanəti gerçəkləşir. Ədəbiyyat, fəlsəfə və sənət alqoritmləşir. Sosial media bu həqiqəti daha da təsdiqləyir. Bodliyar ruhun zədələnməsinə ümumi, banal təriflər vermir. Ruhun və cismin patologiyasını vizuallaşdırır.

Middlesex

Cinsiyyətin anatomiyası pozulub bu gün. Kişilik və dişilik "orta cins"dədir.  1,5-lə 1, 7 arasında əziyyət çəkir. Həzm sistemi pozulub. Ona görə də "hamımız transseksualıq". Cinsiyyət fərqi tükənmək üzrədir. Ədəbiyyat Prustun uzun və şəhvətli cümlələrinin dadına həsrət qalıb. Zədələnmiş ruh immun sistemi pozulan xərçəngli bədənlə uzlaşır.

Laqeyd fanatizm

Terrorizm, şiddət və hipermodern hadisələrin şaquli və üfiqi formaya salınması, ekranlaşması özü ilə qeyri-müyyənlik sindromunu gətirdi. Əvvəllər qeyri-müəyyənlik təkcə fizikanın sərhədləri daxilində idi. Artıq o, bütün fəaliyyətlərin, əməllərin və hadisələrin mərkəzində, gerçəkliyin tən ortasında özünə məskən salıb.

Nifrət və şiddət ümumi məzmundadır. Çünki terrorizm media tərəfindən qanuniləşdirilir. Nifrət və şiddətin xarici görünüşü terror aktlarıdır. Daxili, batini mahiyyəti isə narkotikdir. Fiziki və metafiziki bir uyuşma mexanizmi daima hərəkətdədir. Hər ikisi o qədər adiləşib ki, laqeydcəsinə bir fanatiklik hökm sürməkdədir. İnformasiyanın əsarətində can verən virtual bir asılılıq fanatizmi. Narkotik, xərçəng xəstəliyi və terrorizm eyni taleyi bölüşür. Heç birinə tibbi və siyasi həll yolu tapılmayıb.

Mətn və internet mətn

Kağızlara köçürülən mətnlər, xüsusilə də bədii mətnlər alternativ dünya yaratmaqda əvəzsiz idi. İnternet mətnlər, proqram mətnlər (Word qovluğunda olan gözəl bir şeir, hekayə, roman belə) isə daha çox vizual hadisədir, görüntüdür. Min illərdir ədəbiyyatın estetik illüziya yaratmaq çabası yox olacaqmı? Əsla.  Hamı sosial medianın xaotik atmosferində yazı sənətinə yiyələnib. Ancaq hər kəs yazıçı olarsa, nə hadisə, nə də hekayə qalar. Ədəbiyyatın estetik illüziyasının bitməsi, sonu ruhun zədələnməsi deməkdir. Axı hamı xanım Astrida kimi ruhun zədə almasına təəssüflənmir. Heç fərqində belə deyil. Gündəlik qayğılar zövqsüzlüyə, tarixin farslaşmasına gətirib çıxarır. Ədəbiyyatsız bir mühitdə olmaq heç kimi narahat etmir. "Necə ki, arzu illüziyası hər tərəfdən boylanan pornoqrafiyanın içində itibdir. İllüziya yaratmaq istəyi də müasir sənətdə yoxa çıxıb". Pornoqrafik vəziyyət heç nəyi və heç kəsi arzulmağa imkan vermir. Ədəbiyyatsız bir beyin və ruh da arzulamaq həyəcanını itirir. Bu hiperreal mənzərə qarşısında ədəbiyyatla, sənətlə arzulama, təsəvvür edə bilmə duyğusunu oyatmaq mümkündür. Astrida Qobinanın gerçək mətnlərin - ədəbiyyatın müzakirə edildiyi mühitə can atmasının yeganə səbəbi də budur. İnsanın "əsli ilə kopiyası arasındakı müharibə bitənə oxşamır". Gerçək mətnlə vizual mətn arasındakı illüziya da, estetik dava da.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!