Sinəmdə döyünən ürəyin cəmi iyirmi iki yaşı var… - Samirə Əşrəf

Qəzetə dəyişdirilən yemək payı…

 

"Bədənim mənə xəyanət etdi, yalnız döyünən hərarətli ürəyim, bir də ki, dumanlanmamış başım sədaqətli çıxdı. Əlimdə var qüvvəmi sərf elədiyim bu işimi başa vurmamış ölmək mənə son dərəcədə ağırdır. Pavel Korçaginə heyifim gəlir."

Xəstə yatağından dostlarına ünvanladığı məktublarda yazırdı  bu sözləri Nikolay Ostrovski. Ömrünün çox erkən yaşlarında yoxsulluqla üzləşmiş, döyüşlərdən keçmiş, gələcəkdə bütün dünyaya səs salacaq "Polad necə bərkidi" romanı üçün xeyli təcrübə toplamışdı.

Anası Olqa Osipovnanın altı uşağından dördü sağ qalmışdı. 1904-cü ilin sentyabrında doğulan Nikolay bu ailənin sonuncu övladı idi. Ata Aleksey Ostrovski ailə və uşaqlarla az maraqlanırdı. Əksər vaxtları isə evdə olmurdu. Pul qazanmaq üçün mütləq kənddən kənara çıxmaq lazım gəlirdi. Belə  olan halda ailənin bütün çətinliyi ananın və böyük qardaş Dmitrinin üzərinə düşürdü. Ana qəpik-quruşa paltar tikib dərzilik edər, Dmitri isə özgə qapılarında işləyib, kötəklənərək pul qazanmağa çalışardı. Bütün günü evdə tək-tənha qalan balaca Nikolay elə o vaxtdan içində çalınan nəğmənin səsini duymağa başlamışdı. Oxuduğu nağıllar, hekayələr onun təklikdən xilas edir, həm də ədəbiyyata olan sevgisinin formalaşmasına təsir göstərirdi.

Lakin həyatın ağır şərtləri, yoxsulluq balaca Nikolayı da pul qazanmağa məcbur edir. Doqquz yaşı olan bu arıq, sısqa oğlan vağzal restoranının mətbəxində, anbarlarda fəhlə, elektrik stansiyasında ocaqçılıq edirdi. İşləsə də oxumağa, biliyə qarşı sevgisini dincə qoymur. Məktəbdə dərslərdən geri qalmamağa çalışırdı. Kitaba olan sevgisini Nikolay sonralar belə ifadə edirdi: "Kitabları sevdiyim qədər heç nəyi sevməmişəm. Kitaba görə hər şeyi qurban verməyə hazırdım. Mətbəxdə nökərçilik edərkən yemək payımı qəzetsatana verərdim ki, gecə beş-on dəqiqəlik fasilədə mənə jurnal və qəzet oxumağa icazə versin".

Raya ilə ilk görüş...

 

Yeniyetməliyə qədəm qoyan illəri Nikolay bolşeviklərlə dostlaşmağa başlayır. Onların gizli hərəkatlarına qoşulur. 1919-cu ilsə o, könüllü olaraq cəbhəyə yollanır. Ona Komsomol bileti, silah və iki yüz patron verilir. O, Q. İ. Kotovskinin birinci süvari ordusunda xidmət etməyə başlayır. Lakin 1920-ci ildə Ostrovski Lvov yaxınlığında başından ağır yaralanaraq müharibəyə yararsız vəziyyətə düşür. Ordudan azad edildikdən sonra isə bir müddət müalicə alıb komsomol komitə yığıncaqlarına qatılır. Ostrovski 1927-ci ildə "Kotovskiçilər haqqında povest" adlı avtobioqrafik romanını yazıb bitirir. Ancaq bir ildən sonra həmin romanın əlyazmasını itirir.

Bir müddət sonra yazıçının səhhəti daha da pisləşməyə başlayır, ayaqları tutulur. 1926-cı ilin mayına qədər Krım sanatoriyasında müalicə alsa da, səhhəti tam qaydasına düşmür. Həkimlər ona bir neçə ay cənubda yaşamağı məsləhət görürlər.

Çarəsiz və köməksiz qalan ana oğlunu evə gətirdikdən sonra onu cənuba necə yollayacağı barədə düşünməyə başlayır. Qəfildən ananın yadına Novorossiysk şəhərində yaşayan uşaqlıq rəfiqəsi Lyubov düşür. Ana vaxt itirmədən rəfiqəsinə təcili məktub yazaraq oğlunu bir neçə ay öz evində qonaq saxlamasını xahiş edir. Növbəti məktubu isə Nikolayın özü yazır. O, məktubla birgə öz fotosunu da yollayır.

Bir müddət sonra ailə zəif, xəstəhal, amma mənən güclü insanı qarşılamaq üçün hazırlaşmağa başlayır.

Gözlənilən gün gəlib çatır. Nikolay ailə üzvlərinin hər biri ilə tanış olub, onlarla çox tez ünsiyyət qurur. Bir nəfərdən başqa...

Uzun illər Nikolayın qulluğunda dayanan, uşaq kimi onun qayğısına qalan, "Polad necə bərkidi" romanının meydana gəlməsində böyük rolu olan Raya Osipovna o zaman iyirmi yaşına yenicə girmişdi. O, evdə qəfil peyda olmuş bu yad adamdan utanır. Görüşdən qaçır. Ona yovuşa bilmir. Ostrovski haqqında xatirələrində isə belə yazır: "Hamı süfrə başında əyləşmişdi. Mən gözə görünmədən öz otağıma keçməyə çalışdım. Lakin bacım məni dəhlizdə qarşılayıb zorla mətbəxə itələdi. Anam samovara baxırdı. Sifətinin ifadəsindən anlayırdım ki, hərəkətimdən son dərəcə narazıdır. Özümə yer tapa bilməyərək ayağa durdum və bilmədən sarı pişiyin quyruğunu tapdaladım. Pişik bərkdən çığırdı. Hamı qəh-qəhə çəkdi, gərginlik sovuşdu".

 

Unudulmayan axşam

 

Bir müddət onlarda yaşadıqdan sonra Raya və Ostrovski evlənirlər. O, partiyada işə düzəlir, fikrində planlaşdırdığı romanın ilk cümlələrini vərəqə köçürür.  Lakin, səhhəti yenidən onu yarı yolda qoyur. İşdən azad olunub yenidən evə bağlanır. Qoltuq ağacları ilə güclə yeriməsinə baxmayaraq, Ostrovski işdən uzaqlaşdırılmasına, yararsız kimi damğalanmasına görə çox pərt olur. Onun yeganə dayağı olan Raya həmin günləri belə xatırlayır: "Həmin axşamı ömrüm boyu unutmaram.  O, evə çox dilxor vəziyyətdə qayıtdı, sakitcə gəlib paltarını soyunub əyləşdi. Uzun müddət heç kimlə danışmadı. Çox narahat olmağa başladım. Adətən o, yorğun gəlsə də, şən görsənər, söhbətinin ardı-arası kəsilməzdi.

Sükut dözülməz olduqda nə olduğunu soruşdum. O, kədərlə dedi: "Dəhşətli heç nə. Sadəcə olaraq ayaqlarım zəhləmi töküb, sözə qulaq asmırlar, cibimdə yatıb qalan və iynə kimi məni didən təqaüd kitabçam da zəhləmin töküb, yoldaşlarımın dincəl, müalicə al dediyi sözlər də... Axı insanlar sadə bir şeyi başa düşmək istəmirlər ki, sinəmdə vuran ürəyin cəmi iyirmi iki yaşı var".

Yataq xəstəsinə çevrilən Ostrovski həmin günləri ciddi mütaliə ilə məşğul olur. Hətta oxuduğu kitabları yenidən oxuyub təhlil edirdi. Raya Ostrovskaya öz xatirələrində yazır ki, bəzən iyirmi, otuz kitabdan ibarət olan bağlamalar zorla bir həftəyə çatırdı. Kitabxananın və poçt müdirinin şəxsi tapşırığına əsasən Ostrovski kitabla yanaşı jurnal, qəzet sarıdan da korluq çəkmirdi.

Bir müddət sonra Ostrovskinin daha bir bədən üzvü onun öz təbirincə desək yazıçıya xəyanət edir. Ayaqları tutulandan sonra onun gözləri də görmə qabiliyyətini itirir. Bu itki onun üçün çox ağır olur. Həm oxumaq qabliyyətini itirir, həm də yazmaq. Amma vəfalı Raya onu bu əziyyətdən xilas edir. Lazım olan kitabları onun üçün hər gün oxuyur, "Polad necə bərkidi" romanının yazılmasına köməklik edir. Demək olar ki, hər gün Ostrovski sürətlə diqtə edir, işdən yorğun gələn Raya isə onun dediklərini fabrikdən gətirdiyi kağızlara yazırdı. Rayanın qardaşı Volodya da yaradıcılıq prosesinə qoşulur. Raya çox yorğun olduğu günlərdə Ostrovskinin dediklərini Volodya kağıza köçürür. Sonra daha bir köməkçi tapılır. Qonşuluqda yaşayan Qalya adlı qız Ostrovskiyə kömək edir. Romanın dörd fəslini Qalya yazır.

 

Polad necə bərkidi...

 

Nəhayət yazıçının arzusunda olduğu gün gəlib çatır. Roman hazır olandan sonra çapa göndərilir. Roman əvvəlcə "Molodaya qvardiya" jurnalında dərc olunur. Daha sonra isə kitab halında çapdan çıxır. Kitabın nəşri böyük səs-küy yaradır. Ölkənin hər yerindən yazıçının evinə yüzlərlə məktub gəlir. İnsanlar əsərin baş qəhrəmanı Pavel Korçagenin obrazına məftun olurlar. Yazıçıya öz minnətdarlıqlarını bildirirlər. Bütün bunlar əlbəttə ki, onu sevindirir, lakin canındakı ağrılar dinmək bilmir. Görmək qabiliyyətini itirdiyindən o, başqasının köməyi olmadan yataqdan qalxıb hərəkət edə bilmir. Raya gündüzlər işlədiyi üçün ailənin digər üzvləri gündüzlər onun qayğısına qalır. Bununla belə havaların soyuması, Moskvadakı evin rütubətli olması onun ağrılarını çoxaldır. Bir müddət sanatoriyada müalicə alsa belə müsbət nəticə çox cüzi olur.

 

Mən qalib çıxdım

 

Ostrovski ölümünün yaxınlaşdığını duyur, hiss edir. Bunun üçün də tezliklə növbəti "Fırtınadan sonra" romanını başa çatdırmağa çalışaraq deyir: "Yubanmaq olmaz. Yaşamaq, yəni yazmaq üçün tələsirəm. Qüssəni də bir kənara atmışam. Qəm çəkmək yaramaz. Dəmir-betondan yoğrulmuş adamlar qüssələnə bilməızlər."

Lakin yazıçı tələssə də, növbəti romanını sona çatdıra bilmir. Onun ağrıları dözülməz həddə çatır. Sakitləşmək üçün isə həkimlər ona gündəlik dozalarla morfi iynəsi təyin edirlər.

Ətrafdakı hər kəs onun ömrünə az qaldığını bilir. Elə özü də. Lakin bütün israrlara rəğmən o, xəstəliyinin şiddətlənməsini anasından və mətbuatdan gizlədilməyini xahiş edirdi. Ailə üzvlərindən yalnız qardaşına xəbər verilmişdi. Lakin, tezliklə onun xəstəlik xəbəri bütün ölkəyə yayıldı. Öz dövrünün bilikli həkimləri, professorları hər gün Ostrovskiyə baş çəkirdilər.

Yazıçının ömrünün son gecəsi o, səhərə qədər arvadı Raya ilə söhbət edir: "Həyatda hər cür işlər olur, Raya... Yadına sal ki, həyat məni necə vurub sıradan çıxarmaq istəyirdi. Mən isə təslim olmadım, müəyyən etdiyim məqsədə doğru irəlilədim. Mən qalib çıxdım. Kitablarım bunu sübut edir!"

Səhərə yaxın başlanan ağrılardan huşunu itirən yazıçı bir daha özünə gəlmir. O, 1936-cı il dekabrın 22-də otuz iki yaşında vəfat edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!