Getmə
Bilirsən?
Bu gecə də yatmamışam,
Sabah açılır İstanbulda.
Gedən bütün qadınların
yuxusu dağılır saçlarımda.
İndi mən neyləyim?
Səni gülməyimdənmi söküb atım?
Əllərimdənmi söküb atım?
Bədənimin harasından qopub düşdün,
çiçək oldun?
Yaz yağışları qapını döyməmiş,
Mənlə bir az böyüməmiş
hara gedirsən?
Gör nə qədər adam var
ovucunda mərmi sıxan,
Allaha inanmayan, canı sıxılan.
Hələ ki bu zəhrimar kapitalizm
anamızı ağladır,
Sən getməli deyilsən!
Sən getsən,
İçimdə intiharlar başlayacaq,
Ayaqyalın, başaçıq uşaqlar özünü asacaq.
Sonra bir neçə zabiti gülləyə düzəcəklər,
Öləcəklər, öldürəcəklər, məsələn,
Nazimin dörd divarlar arasında
yaşamağı vəsf etməyini,
Getmə...
Biz ikimiz ölməyin səhərində,
Duman başa şərabıq,
Allahdan gizlənən başdanxarabıq,
Getmə...
Bilirsən?
Bu gecə də yatmamışam,
Sabah açılır İstanbulda.
Gedən bütün qadınların
yuxusu dağılır saçlarımda,
Getmə...
Qollarına darıxdığım, necəsən?
Bir ümidlik sabahlarda sevgili,
Göy üzünün darıxmağı keçəcək.
Bir gün baxıb görəcəksən bu adam,
Əllərindən yuva qurub köçəcək.
Köçəcək e, əllərinin istisi,
Köçəcək lap baxışları üzündən.
Deyəcəklər, "gül kimi sevirdi də,
Niyə belə uzaq tutdun özündən?".
Qollarına darıxdığım, necəsən?
Bilirsənmi mən necəyəm, bilirsən?
Gözlərindən öpüb kirpiklərini,
Sayıram ki, yuxuma da gələsən.
Görəsən ki, görəsən ki, gəlmişəm,
Gözün döyür Ay işığı kölgəmə.
Bir dəniz də gətirmişəm özümlə,
Gedib məni o sahildə gözləmə.
O pəncərə, o ev bir də, o küçə,
Bir o axşam, bir o yağış, o gecə.
Şam yandırıb işıq tutub gizlicə,
Üzündəki xalı öpüm, görəsən?
Bir ümidlik sabahlarda sevgili,
Göy üzünün darıxmağı keçərmi?
Əllərinə yuva quran əllərim,
Heç köçərmi yuvasından, köçərmi?
Görəsən ki, görəsən ki, gəlmişəm,
Gözün döyür Ay işığı kölgəmə.
Bir dəniz də gətirmişəm özümlə,
Gedib məni o sahildə gözləmə.
Darıxan adam şəkli
Göy üzündə buludlar,
Yağışın duran şəkli.
Döş cibimdə gizlənən,
Qızın ağlağan şəkli.
Bir də gedib soruşam,
lap Allahın özündən -
Ay Allah, necə olur,
darıxan adam şəkli?
Bir kişinin qadın üçün darıxması
Hərb və sülh
Bir kişinin qadın üçün darıxması kədərlidir,
Soyuq yatağa tək uzanıb,
siqaret çəkmək kimi,
- Arada gəlib öpəcəm,
ayrılıq dadan gözlərindən, - demək kimi.
Bir qadının kişi üçün darıxması faciədir,
Belə faciə kimi:
Ağdam istiqamətli bir güllə,
Heç özü də bilmədən
açılır bir zabitin sinəsində,
Nişanlısı da varmış zabitin.
Gedib gülləni dərir zabitin sinəsindən
taxır saçlarına,
Düşür küçələrə başlayır oxumağa:
- Şuşanın dağları başı dumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı...
Bir kişinin qadın üçün darıxması kədərlidir,
Belə darıxmaq kimi -
O qədər gözəlsən ki,
Adam istəyir bütün günü şəkillərinə baxa.
Baxa-baxa işə gedə,
İşdən gələ,
Çay içə
Yemək yeyə.
Şəhid xəbərlərini eşidəndə
Oturub sənin şəkillərinlə ağlaya.
O qədər gözəlsən ki,
Dəhşətsən,
Kişi həsrəti kimi.
Bir kişinin qadın üçün darıxması kədərlidir...
Əllərinin gecə yuxusu
Minarələr boy göstərən şəhərdə,
Yağış yağır, dəniz də var hələlik.
Qızım, səndə insaf yoxdu, deyəsən,
Mən burdayam, İstanbulda, ölmədik...
Gün üzü göyərməz ayrılıqların,
Həsrətim bir köynək aralı səndən.
Öpüşüm var saçlarında unutma,
Unutdunsa, xəbər tutma öləndən...
Ölülər danışmaz, ölülər gülməz,
Ölülər ayrılmaz, ölülər sevməz.
Qızım, amma bilirsən ki, sağam, sağ,
Bilirsən ki, səni sevən öləmməz.
Özümə nə deyim, sən boydayam e,
Əlim əllərinin gecə yuxusu.
Sən boyda həsrətəm uzaq şəhərdə,
Ayrılığın yoxdu bizdən qorxusu.
Elçin ölsün, ölsün Elçin - deyənim,
Yadındamı nəfəsini öpməyim?
Siz tərəfdə soyuqdumu, sən Allah?
Üşüyürəm, donuram e, neyləyim?
Qağayılar qanad açıb uçdular,
Qalatanın bəxti yoxmuş, işə bax.
Az qalıb ee,
Körpülərdə intiharlar şəhəri,
Sənin dəli şairini udacaq...
Səni gözəl sevirəm
Səni gözəl sevirəm,
Gülüşü həyat gülüm.
Görsən ki, yuxun gəlir,
Ürəyimə yat, gülüm.
Səni gözəl sevirəm,
Saçları dəli külək.
Payızdan yaza dönüb,
Ağaca yarpaq düzək?
Səni gözəl sevirəm,
Nə ağrım var, nə acım.
Çox qəşəng gülürsən ki,
Sənə şeirlər yazım?
Səni gözəl sevirəm,
Dəli eşqim dəlidi.
Saçlarına toxunan,
Küləkmidir, küləkmi -
Yox, Tanrının əlidi.
Səni gözəl sevirəm,
Gülüşü həyat gülüm.
Görsən ki, yuxun gəlir,
Ürəyimə yat, gülüm.
Müqəddəs ata...
Müqəddəs ata,
Qollarını geniş açma,
Qucaqlamağa o qədər qadın var ki,
Sənə qadın qəhətdi?
Müqəddəs ata,
Yağışların gəldiyi yerə gedən adamlarıq,
Biz, bir balaca dünən varıq,
Sabah varıq,
İllər sonra
Çox uzaqlarıq -
Başa düşürsən müqəddəs ata?
O qadını qucaqlama...
Müqəddəs ata,
Yanvar küləkləri dənizləri üşüdəndə,
Axşamların gözündən tökülər yuxusu.
Freskaların sükut dolu qorxusu,
Öləziyən şam işıqları belə
Kilsələrini tənha qoymaz.
Olmaz!- müqəddəs ata,
O qadını qucaqlama...
Yağışların gəldiyi yerə gedən adamlarıq...
Bilmirəm, o xaraba qucağında,
Geniş açdığın qollarında nə görüb o qadın?
Kilsə zənglərindən asıldım,
O qadını qucaqlama,
O Məryəmi qucaqlama...
İstanbul, İstanbul, İstanbul...
Bizim oralarda yağışlar çəkərdi şəklimizi,
Başını çiynimizə yaslayıb,
qolumuza girən bir qız da olardı
yanımızda isinmək üçün...
Mərhəmətsiz kapitalizm və bankirlər
heyrətdən donub qalardı
kədərimizi görüncə,
Bizim oralarda vaxtımız
çox olardı kədərlənməyə.
Bir də, uçanları da burdakılara bənzəmir.
Məsələn,
Qızların uçan ətəkləri,
Başı uçan adamlar,
Qağayılar,
Qağayılar...
Gördünmü?
İlişib qalıram qağayılarda - Xatırlandıqca,
Qağayılar,
Qağayılar,
Bizim qağayıların ölü sularda yalqızlığı var...
Bizim oralarda yağışlar çəkərdi şəklimizi,
Başını çiynimizə yaslayıb,
qolumuza girən bir qız da olardı yanımızda.
İstanbul, İstanbul, İstanbul...
Ölümə bir misra qalmış
Və mən,
hər sabah günəşi,
Uçub gedən quşların gözləri ilə qarşılaram,
Narahat olma, yaxşıyam...
Və mən,
Sənsizliyi hər axşam,
küçəmizə söykənən işıqlara pıçıldaram -
Narahat olma, yaxşıyam...
Və mən,
Ölümümə bir misra qalmış,
Bax, belə sağollaşaram -
Narahat olma, yaxşıyam...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!