Qazaxıstan Yazıçılar Birliyinin sədri, dəyərli dostumuz, şair Uluqbek Yesdauletin Azərbaycan dilində şeirlər kitabı nəşr olunub. Şeirləri dilimizə şair Akif Əhmədgil çevirib və bunu çox böyük ustalıqla edib. Bu da bizi sevindirməyə bilməz, çünki kitab Uluqbek bəyin Azərbaycanda nəşr olunan ilk kitabıdır. Uluqbek Yesdalet çağdaş qazaxdilli ədəbiyyatın aparıcı şairlərindən biridir, əsərləri müxtəlif dünya dillərinə tərcümə olunub, ancaq mənim üçün ən əsası odur ki, o əsl türk kişisidir. Akif və mən artıq uzun illərdir ki, onunla dostluq edirik və Azərbaycan xalqına necə böyük ehtiram bəslədiyini yaxşı bilirik. Hər iki dostumu, Uluqbeki də, Akifi də kitabın çıxması münasibətilə təbrik edir və böyük məmnunluq hissi ilə kitabdakı şeirlərin bir qismini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.
Elxan Zal Qaraxanlı
Uluqbek Yesdaulet
Elazığ. Xəzər gölü
Ey...
Əsən bir külək kimi
əyilmədən girdim içəri...
Əskilərdəki kimi
Əgər
Ər gəlirsə,
Əbədi torpağında yer verdin,
Əl mənim,
Ətək sənin...
Döz-çörəklə qarşıladın,
Taybatay açdın
Üzümə qapılarını, Elazığ -
Qonaqlı-qaralı qədim diyar...
Ərlərin ərənidi
Azərbaycan şairi
Almas İldırım..
Elin nazlı şairinə
Qucaq açdın,
Elazığ...
Qədəm basdı bu diyara,
Çiynində bir ağır yük.
Bu diyarda hüzn var,
Başını dik tut, dik...
Sinəni qabardan
Çəkdiyin "ah"mı?
Xalq üçün haqq sözü
Söyləmək günahmı?..
"Gül" desən, gülərik,
"Ağla" desən, ağlayarıq,
Boşalar ürəyimiz..
İndi şeir bayramına -
Xəzər şeir Axşamlarına
Dəstə-dəstə gəlir
Dünyanın
Dörd bir yanından şairlər...
Əski türklərin
At belində çıxdığı
Bir məkandı Elazığ...
Şah misradı, məsəldi,
Dilimizdə dastandı Elazığ...
Unuda bilməz
Kimin bu yurda
düşdüsə yolu..
Ey...
Elazığ...
Xəzər gölü...
Naz-qəmzə
Güləndə o qızın
Batır yanağı...
İtib batıram mən də...
Saldı məni tilsimə.
ərşə çəkdi yuxumu,
Naz-qəmzə dediyin bumu?
Düşdüm onun sehrinə...
Nazın bələdçi oldu
Bu sevgi şeirimə.
Gözlərin saf bulaqdı,
Suyunda hüzn varmı?
İçsəm, söndürərmi
Könlümdəki atəşi?
Unutmaq çətin işdir
Üzündəki gülüşü...
Nə suçu naz-qəmzənin?
Qalım sənin könlündə...
Necə dözəsən dərdə?
Bəri başdan tapçırım,
Qoy məni dəfn etsinlər
Yanağın batan yerdə...
Salavat
İsitməyən soyuğa,
Əriməyən buzlara,
Üzü qara torpağa,
Tükənməyən yollara,
Taqətdən düşən ayağa -
Salavat.
Salınsa da zindana,
Hər əzaba qatlandı.
İnadından dönmədi,
Atdan düşüb atlandı,
Başqa yola sapmadı,
Bir yönə çapan atlı
Heç pozmadı andını...
Salavat.
Qığılcımdım - atəş olduq,
Kömür idik - köz olduq,
Dəmir idik - mərmi olduq.
Azadlıq nəğməsini
Pıçıltıyla söyləsək də,
Sonda cümlə - söz olduq,
Gördük bu eşq ilə
Ədaləti,
Ədavəti...
Salavat...
Həm az oduq, həm çox olduq,
Həm aç olduq, həm tox olduq,
Həm var olduq, həm yox olduq -
Yenə vara min şükür...
Söylənmədi nəğməmiz,
Kəsmədi ki, ağlımız,
Hey üşüdü canımız,
Tükənmədi qanımız -
Sonunda qaldıqmı
Salamat?..
Buna da bir Salavat...
Əyilməyən başımız,
Taxılmayan tacımız,
Boş qaldımı taxtımız?
Kimə nəsib olacaq?
Ya qismət…
Tək Allaha əmanət…
Diş sıxmaq
Dişimi sıxıram...
Bilirəm
qışın gələcəyini,
Dünyanı əzabından
Qurtarmaq gəlməz əlindən,
Versən də əl-ələ...
Bir əlac tapmadım
Vaxtsız əcələ.
Dişimi sıxıram...
Bilirəm, gücün gerçəkliyini,
Kainat böyükdür,
Dünya böyükdür,
Mən isə kiçik...
Fəqət mən böyük röyalar gördüm,
Dişimi sıxaraq,
Əl uzatdım ulduzlara,
Gördüm ki, onlardan biriyəm
Düşmüşəm yerə.
Yuvasını tapmırsa,
Dönəndə köçəri quş,
Əriməyə üz tutsa da qış,
Böyümədi keçən sənə
əkdiyin ağac -
Dişini sıxmaqdan başqa
Varmı bir əlac?
Dişini sıxarsan qəzəbindən,
Bir şey gəlməz əlindən,
Qurtara bilməzsən
Dünyanın əzabından.
Bu zamana çarə yox,
Çarəsiz halda
Vurulmaq istəməsən də,
Düşərsən üzüqoylu...
Ürəyin doludur,
Gözlərin dolu -
Dişini sıxarsan...
Çoxdan üzüb getmiş
Minməli olduğun gəmi,
Nə yapışmısan dalğaların yedəyindən,
Yarımçıq buraxma mübarizəni,
Kənara at qüssəni, qəmi.
Budur,
Bahara təslim oldu qarlı qış,
İnsan yaranmışıq,
Deyilik vəhşi.
Bəlkə son nəfəsdə
Sıxmaq üçün
Verilib insana
Otuz iki dişi...
Sadəcə...
Sadəcə,
Sənmisən, qardaşım,
eşq əlindən divanə,
qəm yükünü daşıyan,
hicrandan şəfa uman?
Sadəcə sənmisən
Gündə yüz kərə ölüb dirilən,
Sevgiyə qul olan,
Özündən keçən,
Yanıb kül olan?
Sadəcə sənmisən
Eşq şərbətindən
İçib sərxoş olan,
Divanələrə
yar-yoldaş olan?
Dinlə,
Mən deyim bir söz də -
Şirazidən çıxmışıq biz də…
Türküstan marşı
Türk milləti, qalx ayağa, dimdik dur...
Diz çökənin nə əvvəli, nə sonu.
Əlbir olmaq samanır türklərin,
Birlik olsa, möhnət olmaz, bil bunu.
Ata yurdun - Altayım var arxada,
Bir yürüş var, addım-addım, əl-ələ.
Türk milləti, birləşin
Ümid ilə, inam ilə sabaha...
Belə fürsət ələ düşməz bir daha...
An gələr -
Qanad çırpıb silkiər,
Gün doğdumu, söküləck göy üzü,
Nə vaxtacan töküləcək göz yaşı?..
Birləşin... Türk milləti, birləşin..
Başı üstə xaqanların qalxanı,
Göy Türklərik -
Biz almışıq duamızı Tanrıdan.
Yer üzündə qalmamaqçün sıradan
Söküləndə dan yeri
Açıq olsun süfrəmiz...
Bir atadan, bir anadan yarandıq
Səpələndik yer üzünə
Altaydakı beşikdən.
Can qardaşım, dilimiz bir, dinimiz bir.
Soykökümüz Gültəkinmi?..
Ata yurdum Altayda
Bir araya gələ bilmək çətinmi?
Tərcümə edəni: Akif Əhmədgil
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!