Bundan belə
Ayrılıqdan çəkib şirə,
Yol gedirik hələ pirə.
Bu eşq xatirə-xatirə, -
Başından tökülsün sənin.
Yaşanmış günlərim kövşən,
Ah rəsmidir bu bənövşən.
Mənim kimi eşqə düşən, -
Sevənlərin ölsün sənin.
Eşq yoludur bu can belə,
Yaxanı çəkmə yan, belə.
Çox demirəm, bundan belə, -
Hər gün üzün gülsün sənin.
Dəyirmanda dən oynadı
Bu sevgi toy tutdu mənə,
Hərə bir cür şən oynadı.
Qərib ahından diksinib, -
Bu zalım Vətən oynadı.
Qələmini batır tərə,
Gəlim çiçək dərə-dərə.
Könül verdiyim xəbərə, -
Bu ruhsuz bədən oynadı.
Təbiətə tacdı sünbül,
Nə gözəl nur saçdı sünbül.
Yaxasını açdı sünbül, -
Dəyirmanda dən oynadı.
Kəndimiz
Gələni yox, gedəni yox bu kəndin,
Gözü yolda qalıb duman, dağ belə.
Görüşünə yubandığım zirvələr, -
Görməmişdi saçlarımı ağ belə.
Lalələrin bağrında qan qalmışdı,
Hər sevgidən bir şöhrət, şan qalmışdı.
O kənddə bir yetim oğlan qalmışdı,
Görən varmı o uşağı sağ belə?
Belə qoyub getmişdikmi kəndi biz?
Niyə kəsdik bu bərəni, bəndi biz?
Kövrəlmişəm qoy görməsin kəndimiz,
Gözlərini sıx, ay bulud, yağ belə!
Belə hara tələsirdi bu payız
Dağ döşündən şəklimizi çəkir qar,
Dodağımda qəmli nəğmə payım var.
Qol götürüb yenə çılpaq budaqlar,
Qırx tilsimli bir qəsrdi bu payız.
Zirvələrin yaşmağıdır çən-duman,
Durna köçü başım üstə qanadlan!
Gözəlliyə, gözələ bax, ay aman!
Möcüzədi, belə sirrdi bu payız.
...Fatma nənə buludları sağırdı,
Göy qurşağı oğrun-oğrun baxırdı.
Bu ayrılıq məni hardan çağırdı, -
Belə hara tələsirdi bu payız?
Sünbül
Bir ocaq üstünə sac qoymuşdular,
Yuvasız quşları ac qoymuşdular.
Günəşi başına tac qoymuşdular,
Torpaq havasında oxudu sünbül.
Nə qədər sınağa çəksə də səni, -
Uca tut, süfrəndə çörək kəsəni.
Biçilib sovruldu xırmanda dəni,
Ha gəzdim, yerində yox idi sünbül.
...Fəsillər dəyişib ta, qarlı qışdı,
Əllərim yer eşən kotandı, xışdı.
Bir vaxtlar torpağa bel bağlamışdı,
Ayağı yerdəydi, şux idi sünbül.
Xatirə dadı
Qoxladığım çiçəyi sonam, əyil sən də dər,
Niyə uzansın axı, aramızda bu çəpər?
Gözlərimi üstündə çətir tutan bəxtəvər,
Belə hara çəkirsən məni yağış yerinə?
Lalələrin bağrında əcəb çiçəkləyib qan.
Köz götürüb yanıram hələ qərib ahından.
Divanə ruh yoludur sevib gəzdirdiyim can,
Tut yaşanmış günlərdən, qayıt yığış yerinə.
Damağıma illərin xatirə dadı çıxıb,
Şair sevən qızların yalandan adı çıxıb.
Qollarımın yerində bir quş qanadı çıxıb.
Mələklər salsın lələk qoy bu ağuş yerinə.
Ata
Atasızlıq sinəmə çəkilən tale dağı,
Göz yaşıyla suvardım bu bostanı, bu bağı.
Anamdan öyrənmişəm necə ata olmağı,
Odur könül məlhəmim, odur dərmanım, ata.
Atadan söz düşəndə,
mən susdum, danışmadım,
Yalandan çırpınırdı bu lələksiz qanadım.
Atalılar yanında çağrılmadı heç adım,
Ruhun əlimdən tutub, hardasan, canım, ata?
Könlümdəki bu nisgil min qıfıla açardı,
Anamın duaları yoluma nur saçardı.
Tay-tuşum ata deyib qabağına qaçardı,
Mənimsə, qaynamazdı heç kimə qanım, ata.
İndi bircə balamın söhbəti-sözü mənəm,
Hamı elə bilir ki, atamın özü mənəm.
O ocağın qaralan kül altda közü mənəm,
Bir həzin mehə bəndəm, alışıb yanım, ata.
Çarmıxa çəkilmiş yol ayrıcıyam
Çarmıxa çəkilmiş yol ayrıcıyam,
Bir iz yox, cığır yox məndən o yana.
Büküb baxışına bir pay ah göndər,
Diksinib bəlkə bu bəndən oyana?!
Bu tüstü canımda tütün sevgisi,
Bir sözsüz nəğmədir bütün sevgisi.
Təndiri götürüb kütün sevgisi,-
Nə gözəl dartınır kündən o yana.
Məni yaman yerdə yordu yoxuşlar,
Gör nəfəs dərməyə harda koğuş var?
Urranmış xırmana daraşıb quşlar,
Tülkü gözün döyür hindən o yana.
Çiçəkləri solmuş bağı çəpərlə
Göz dağıdır bu gecikmiş köç mənə,
Bundan belə bir ayrılıq seç mənə.
Bu doğmalıq düşmədi ki, heç mənə,
Dilə tutub səni bir yad apardı.
Son nəğməylə heykəl yondu Qu eşqdən,
Yana-yana hamı oxudu eşqdən.
Ürəklərdə nəfəs olan bu eşqdən, -
Damağında ayrılıq dad apardı.
Çiçəkləri solmuş bağı çəpərlə,
Oyatsınlar bağbanı bu xəbərlə.
Lələk salıb, süfrə açdım qan-tərlə,
Zalım məni qanad-qanad apardı.
Ayağı torpaqda olan ağaclar
Arzuya qol-qanad, eşqə kamsınız,
Ahdan köz götürüb yanan şamsınız.
Mən elə bilirdim siz adamsınız,
Mehrini könlümə salan ağaclar.
Xırmanda yiyəsiz qalardı dən də,
Qaçıb oynayardıq hər gün kölgəndə.
Məhəbbət payısan sən bizim kəndə,
Ağlımı başımdan alan ağaclar.
Sərinlik sevdası, yaşıllıq dini,
Basıb qol-budağı döngəni, tini.
Göylərə danışır Yerin sirrini, -
Ayağı torpaqda olan ağaclar.
Tələbə
Arzular böyükdür, dünya dardı, dar,
Kasıb süfrənizdə hər şey bal dadar.
Uçmağa nə gözəl qanadların var,
Hardandır bu sevda səndə, tələbə?
Şəhərdə böyüyən kəndçi balası,
Hər kitab gözündə bir eşq qalası.
Dağların dumanı, çölün lalası, -
Səni də saldımı bəndə, tələbə?
Gəl özgə yerişlə, ayrı duruşla,
Bir nəğmə oxuyaq bu qərib quşla.
Gününü keçirib qəpik-quruşla, -
Qəmli də tələbə, şən də tələbə.
...Xəyalım o uzaq illərdə qalıb,
Kimi xəbər verib, muştuluq alıb.
Anam qollarını boynuma salıb, -
Deyərdi, xoş gəlib kəndə tələbə!
Müəllim ömrü
Dirilik suyudur alnında tər də,
Söküldü dan üzü, açıldı pərdə.
Bir parlaq Günəşdir müəllimlər də,
Pirdir, müqəddəsdir müəllim ömrü.
Müəllim ömrünü taladı, çapdı,
Vətən səadəti elmdə tapdı.
Şirin xatirədi, canlı kitabdı,
Hər canda nəfəsdir müəllim ömrü.
Hər şagird bir məktəb xəritəsidir,
Ay uşaq, gör orda kimin dərsidir?
Hər ahı çalınan son zəng səsidir,
Məktəbsiz qəfəsdir müəllim ömrü.
Hər şagird bir naxış, müəllim hana,
Gərək Azərbaycan nura boyana!
Qoy hamı bilsin ki, bundan o yana, -
Hər şeyə əvəzdir müəllim ömrü.
Fəhlə əlləri
Kərpic ustasısan, daş fəhləsisən,
Nə gözəl bağlayıb qabar əllərin.
Elə sevgini də, səadəti də, -
Bir gün bu qabarda tapar əllərin.
Zəhmət çiçəyidir alnında tər də,
Bağbansız bu gülü sən özün dər də.
Başına döndüyün xatirələrdə, -
Büdrəyib yıxılsan, tutar əllərin.
Boyunu oxşayan bir pərin olsa,
Tələsmə keçməyə arx dərin olsa.
Namərd süfrəsində gözlərin olsa,
Bax onda eləyər qübar, əllərin.
Murovu səslə
Bir tələ qurmuşam şair ahından,
Sərhəddən o yana dur, ovu səslə.
Kəlbəcər hıçqıra-hıçqıra qalıb,
Nəfəsin çatınca Murovu səslə.
Tarix şər görməyib belə şər kimi,
Silahlan, döyüşə atıl ər kimi.
Yarası göynəyən qazilər kimi,
Əsiri harayla, girovu səslə.
Qaçqının, köçkünün yuxusu soyuq,
Açılan güllərin qoxusu soyuq.
Yayın ortasında nədir bu soyuq?!
Saçlarım bağlayan qırovu səslə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!