"Mən eşqi Xəyyam və Hafizdən yox, Füruğdan öyrənmişəm..."

 

32 yaşında avtomobil qəzasında dünyasını dəyişmiş, modern fars şeirinin nəhənglərindən olan Füruğ Fərruxzadın keçmiş sevgilisi - Londonun 40 mil cənubunda Qərbi Sakses vilayətində yaşayan 94 yaşlı iranlı aydın səssizliyini yarım əsr idi ki, qoruyurdu. İnzivaya çəkilmiş İbrahim Gülüstan Füruğun ani ölümündən 50 il sonra nəhayət ki, sükutunu pozdu. O, münasibətlərinin ciddiliyi haqqında danışaraq Fərruxzadı insan duyğularını dürüstcəsinə misralara köçürən şair adlandırıb.

İranın patriarxal məhdudiyyətlərinə meydan oxuyan, səmimi yazılarıyla tanınan və ötən əsrdə ölkəsinin ən sevilən fiqurlarından biri olmasına baxmayaraq, Qərbin diqqətindən kənarda qalan Fərruxzad Silvia Plat ilə müqayisə olunur. Qapalı xarakteri ilə tanınan yazıçı və rejissor İbrahim Gülüstanla münasibəti, Fərruxzadın ən önəmli şeirlərini yazdığı mərhələ ilə üst-üstə düşür. Lakin çox az adam onların görüşdüklərindən xəbərdar idi və çoxu da Fərruxzadın duyğularının qarşılıqsız olduğuna inanırdı. Bolney kəndində İranın ən tanınmış sənətkarlarının əl işləriylə bəzədilmiş əzəmətli Viktorian tərzi malikanəsində "The Guardian"a  verdiyi nadir müsahibələrin birində Gülüstan yaşadıqları sevgi münasibətinin qarşılıqlı olduğunu etiraf edib: "Əlbəttə, burada olmadığı illər üçün təəssüflənirəm. Biz çox yaxın idik, amma ona qarşı olan duyğularımı heç cür ölçə bilmərəm. Necə ölçüm: Kiloqram və ya metr ilə?"

Fərruxzadın fars ədəbiyyatındakı əhəmiyyəti haqqında çoxlu yazılar yazan Mehdi Cami Gülüstanın şairənin şeirlərinə güclü təsirindən danışır: "Füruğa ilham verən bir insanın adını çəkməyimi istəsəniz, şübhəsiz ki, o adam Gülüstandır, - deyərəm. Onlar bir-birilərini doğru zamanda tanımışdılar. Hər mədəniyyətin kultural simvolları var, eynilə Britaniyanın Şekspiri kimi. Fərruxzad da İran üçün belə simvollardan biri idi. O, olduqca sadə və səmimi şeirlər yazırdı. Nə özü, nə də şeirləri saxta deyildi. Füruğ ölkəmizin həqiqəti danışan sonuncu elçisi idi".

İranın məşhur şairlərindən hesab olunan Məhəmməd Rza Kadkani də "TheGuardian"a verdiyi müsahibədə Fərruxzad şeirlərinin "tamamilə modern" olduğunu söyləyib: "O, çox təbii idi. Maskası yox idi. Buna görə də onu hələ də oxuyuruq. Gələcəkdə də oxuyacağıq".

 Gülüstan, Fərruxzadla 1950-ci illərin sonları - şairənin iş axtardığı vaxtda iki dostu vasitəsilə tanış olduqlarını deyib. O zamanlar kinorejissor Şimali Tehranın varlı məhəllələrindən birində yerləşən tanınmış "Darrous" kinostudiyasında işləyirdi. Gülüstan gənc Fərruxzada 40 film istehsalçısı və fotoqrafın işlədiyi ofisində telefonlara cavab vermə işini tapşırır. O, həmin vaxt evli olmasına baxmayaraq bir ay içində Füruğla münasibətlərinin irəlilədiyini söyləyib. Füruğ isə 16 yaşında evləndiyi ərindən 4 il sonra boşanmışdı. Gülüstan gənc şairəni münasibətlərini bilən həyat yoldaşı qədər sevdiyini söyləyir: "Dörd uşağınızın olduğunu fikirləşin. Birini sevdiyiniz halda, digərlərini sevməyəcəksiniz? Uşaqlarımızı eyni vaxtda sevdiyimiz kimi, iki insanı da birdən sevə bilərik".

Fərruxzadın ölümündən bir neçə il sonra İbrahim Gülüstan şahın yeritdiyi siyasətin təsiriylə İranı tərk edərək 1975-ci ildən Londonda yaşamağa başladı. Bir də heç vaxt İrana qayıtmadı.

İranlı akademik Fərzanə Milani yaxın zamanda Füruğun Gülüstana yazdığı və  münasibətlərinin səmimiliyinə işıq salan, daha öncə heç yerdə oxunmamış məktublardan ibarət kitab çıxarıb. Ölümündən bir il əvvəl - Londona getdiyi zaman yazıldığı düşünülən məktubunda Füruğ yazır: "Şahi, ("Şahi" Füruğun Gülüstana qoyduğu ləqəb - C.S.), sən həyatımdakı ən dəyərli varlıqsan. Səni sevirəm. Səni, birdən həyatımdan anidən yox olsan, "nə edərəm" qorxusuyla sevirəm. Belə olsa, mən boş bir quyuya çevrilərəm".

Lakin Gülüstan Füruğa yazdığı məktubları üzə çıxarmadığı üçün tənqid olundu. Bunun səbəbini soruşanda məktubların onda olmadığını deyib: "Kiməsə məktub yazarkən gələcəkdə lazım olacağını və həmin məktubun bir kopyasını saxlamağı heç kim fikirləşmir".

İranlı şair, Pensilvaniya Universitetində modern fars ədəbiyyatı üzrə professor olan Fatimə Şəms Füruğun şeirlərinin asilik və cəsarətinə görə gizli saxlanıldığını deyir: "Anama aid köhnə kitablarda Füruğun şeirlərinin ilk nümunələrini görəndə 15 yaşım var idi. Şeirlər uzun zamandır evimizin zirzəmisində idi. Üst mərtəbədəki kitab rəflərində deyildilər. Onları otağıma gizli şəkildə aparırdım. Mən eşqi Xəyyam və Hafizdən deyil, Füruğdan öyrənmişəm. Çünki o heç nədən çəkinmədən bütün sərhədləri aşan bir sevgini kağız üzərinə köçürmüşdü".

Gülüstan Fərruxzad haqqında fikirlərini belə yekunlaşdırıb: "O, eynilə,  gənc tələbə kimi daim öz cəhdlərindən güc alırdı. Ən böyük təsiri isə özü-özünə edirdi. Füruğun heç vaxt məhsuldar olmayan vaxtını görmədim. O, belə biri idi..."

Yazar: Səid Kamali Dehqan
Mənbə: "The Guardian"


İngilis dilindən tərcümə etdi: Cahanxanım Seyidzadə

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!