Gülüşlər uşaqların, dualar, anaların dilində müqəddəsləşir... - Habil RzaNur - şeirlər

XXII əsr

O gün görürəm ki,

Bir şinşila bir adamın

                           cızılmış dərisini sarıyır.

Adam da utanır...

O gün görürəm ki,

Yetimlər evi boş qaldığından zarıyır.

O gün görürəm ki,

Qızılgül kolları qəfildən insanlara atəş açıb,

Adamlar qəlpə-qəlpə ləçəklərə boyanıb.

O gün görürəm ki,

insanlıq insanlardan tez oyanıb,

Bütün savaşlar dayanıb.

O gün görürəm ki,

Atom "yox, parçalanmıram!" - deyir.

O gün görürəm ki,

Mərmi "lülədən ayrılmıram"

                                    - deyə üsyan edir.

O gün görürəm ki,

Neft quyularından ağ göyərçinlər çıxır.

Hərəsi dimdiyində bir düyü Afrikaya uçur.

O gün görürəm ki,

Bir budda müsəlman uşaqlara

   "uşaq bişirib yeyən" divin nağılını danışır.

Onları qorxutmamağa çalışır.

O gün görürəm ki,

Uşaqlar tarix dərsində

səngərdən-səngərə atılan ilk

                   "sülh mesajı"nı müzakirə edir.

 O gün görürəm ki,

Bir terrorçu insanların sıx olduğu meydanda,

            ilk Yeni il fişəngini havaya uçurur.

O gün görürəm ki,

Hitlerin gizlədilmiş büstü

47 milyon parçaya bölünüb

                               dünyadan üzr istəyir.

O gün görürəm ki,

Tankların üstünə "AMBULANS" yazılıb.

O gün görürəm ki,

Sonuncu şəhid məzarı qazılıb.

O gün görürəm ki,

Xəritələrdə sərhədlər silinib.

O gün görürəm ki,

Müəllim yeni ev tapşırığı verib:

Səhifə 2017, tapşırıq -

"Tanrı necə 7 milyarda bölünüb?..".

Abort masası

Gülüşlər uşaqların,

Dualar, anaların dilində müqəddəsləşir.

Ən uzun yollar atanın

                        alnındakı qırışlarla kəsişir.

Ən bahalı ərzağı kasıblar alır,

Ən zəngin mineral göz yaşı olur.

Ən əlverişsiz alver,

doğulanda aldığın nəfəsi,

                                öləndə geri vermək.

Ən dadlı nemət,

       sədaqət ağacından bir öpüş dərmək.

Ən böyük günah peşmanlıq,

Ən zərərli dostluq düşmanlıqdı.

Ən ağrılı ayrılıq güllənin

                                   lüləni tərk etməyi,

Ən pis təkamül,

                      insanların bunu dərk etməyi.

Ən güvənilir dayaq, bir qocanın əsası,

"Uzun sözün qısası"

Ən dəhşətli ixtira, abort masası...

Yerdən göyə

Hanı İsrafilin Suru...!?

Xocalıda çalınmadı.

Suriyada çalınmadı.

Myanmarda çalınmaz ki,

Belə, işin alınmaz ki,

axı hardasan?

Çıx görüm!

Yenə bir dağı parçala...

Yenə bir dağı yıx görüm!

 

Çıx ortaya, bir bəri bax!

Saxla bu Yer kürəsini...

Heç olmasa, ötəri bax,

Gör insan mənzərəsini...

 

Eşitmişdim allahsızsan,

Bildim ki, allahın yoxdu!

Sən ki, ah çəkə bilmirsən,

Elə böyük dağın yoxdu.

Məkanın yox!

Zamanın yox!

Solun yoxdu... sağın yoxdu...

İlahi... göstər özünü,

Necə başa salım sənə?

Ehh...

  sənin ki, uşağın yoxdu...

Duyursanmı yanan uşaq qoxusunu?

Duyursanmı uşaq doğan

                                anaların qorxusunu?

Niyə izn verdin axı?

Niyə o körpələr yanır?

Niyə axı mən yanmıram?!

İnan...!

Mən səni danmıram.

Gördüyünə inan deyə,

                        yaranışdan dərs keçmisən.

Necə danım gördüyümü,

necə deyim inanmıram?

 

İnanıram varlığına!

İnanmıram

            lallığına,

                        korluğuna

                                   karlığına...

Bir "əsa" lütf eylə bizə.

Bir Musa göndər yenidən.

Böl dənizləri ikiyə.

Bu dünyaya barış göndər!

Bir də, ağlasan incimə,

Üzünü cevir Cənuba,

Afrikaya yağış göndər...

Suriyaya məktub!

Salam, igid.

Bağışla ki, mən də sənə

                   atəşli salam yollaya bilmirəm.

Bizdə də atəşkəsdi.

Bilirəm ki, bacın ayağını,

                          kuklasının qolunu itirib.

Amma bizdə də körpələr olub ki,

                                 analıq yolunu itirib,

ana bətnindən parçalanıb çölə atılıb.

Heç atomun parçalanması

                          belə dəhşətli olmamışdı.

Bizdə körpələr olub ki, ürəyi, ciyəri satılıb.

Heç atom bombası da

      Xirosimaya belə həvəslə atılmamışdı.

Bu dünya nələr görməyib?!

Konstantinopulun fəthi qədər möhtəşəm,

"Erməni soyqırımı" qədər yalan,

Xoçalı soyqırımı qədər dəhşətli,

Zorlanmasın deyə, qızını öldürən atanın

      sevinci qədər acıları görüb bu dünya.

İncimə, sənə yük olmaq istəmirəm.

Ürəyinə xal salmaq istəmirəm.

Amma bizim "xalımız" da var.

Bu gün də təqvimdə Qorbaçovun xalının

    bir parçası "20 Yanvar"ın üstünü örtüb.

Necə ki, Kremlin qırmızı divarları

             Xocalıdakı qarın üstünü örtmüşdü.

Nə bilmək olar,

Bəlkə də məhz o gün yağdığına görə

                               qarın üzü qızarmışdı.

1992-ci ilin 26 fevralı

Dəhşətlərin Xocalısı...

Qız doğduğuna görə peşman,

Oğul doğduğuna görə

   Tanrıyla düşmən edilən anaların yurdu.

Bax, həmin o gündən, bizim üçün

                     dünyanın ən dəhşətli rəqəmi,

"666" yox, "366" oldu.

Hərdən mən də Tanrıyla

                         danışa bildiyimə inanıram.

Bacının ayağını soruşdum.

Arakanda doğranan körpə cəsədlərinin

                            arasında olacağını dedi:

Bəlkə də gecikdik,

Xocalıdakı ermənilər kimi

hansısa budda, sadəcə bişirdi və yedi.

Axı onlar uşaq ətinin dadını yaxşı bilirlər.

Sən ümidini üzmə, tələsmə...

Qarabağda da bizim körpələri də

                   Şilləylə yox, gülləylə vurublar.

Bəlkə də sizdəki güllələr

                     ədəbli olmağı ordan öyrənib.

Axı orda da bütün mərmilər

                                     bədənlərə tələsib

Oradakı küləklər də qorxudan əsib.

Bəlkə bir gülləni bir körpədən

   yan ötürə biləcəyinə inanır bizim küləklər.

Hə, bir də özümə o qədər sual vermişəm ki,

Görəsən, sizə atılan mərmilərdən,

              neçə Eyfel qülləsi tikmək olardı?

Görəsən, o ölən müsəlmanların kəfənindən,

                       neçə Ağ ev bükmək olardı?

Sən heç bilirsən, ən dahi alimlər

                                siyasətçilər olublar?

Onlar qanla nefti qarışdırıb qızıl alıblar.

Nəysə, igid...

Sən Tanrıyla danışa bildiyimə inanırsan.

Verilən heç bir  vədə inanma.

Özünə inan!

Aşılan hədlər

Keçilən sədlər

Büsbütün vədlər

YALAN...

Elə, dünyanın ən yalan vədləri də,

         ən yalan rəqəmləri  də bizə düşdü.

BMT, 822 nömrəli qətnamə!

Bütün vədlərin yalan olduğunun

                                        yazılı sübutu.

Bunlar haradan başlanıb, bunu da unutma.

Bor, Enşteyn, Nüvə bombası,

Bəşəriyyətin süqutu...

 

Cavab gözləmirəm!

ümid istəyirəm...

Min illik nağıl

Birdən ağlım karıxdı,

Nağıl olmaq istədim.

Mən də Məlikməmmədtək

                                 oğul olmaq istədim.

Div adlı dərd var idi bir quyunun dibində.

Mən əlləri cibində,

                        sadəlövh Məlikməmməd.

Yaxalaşdım o divlə, gördüm ki, təqsiri yox.

Demə, bu nağılda da biri varmış, biri yox.

Elə əsəbiydim ki, qaya yara bilərdim.

Nə yalvara bilərdim, nə ağlaya, nə gülə,

Sonunda razılaşdım, çıxıb getdim divgilə.

Muma dönmüşdüm, sanki eləcə əriyirdim.

Mən öz dırnaqlarımı, div də məni yeyirdi.

Birdən qız səsi gəldi.

Əvvəl nəfəsi gəldi...

Adı ağrılar idi, divin nəvəsi gəldi.

Bir az içim ağrıdı

            qolum, qıçım ağrıdı.

Gördüm ki, kəfənlənir

Yayın cırhacırında elə bil qar yağırdı...

            qara saçım ağardı.

 

Divin iştahı böyük, ülfəti geniş idi.

Dostu, tanışı çoxlu, külfəti geniş idi.

Nəsə, böyüdü məclis...

Əvvəl yorğun küçələr,

Sonra,

            soyuq gecələr,

Əzablar

            hönkürtülər,

                        gəlib tökülüşdülər.

Canıma doluşdular,

Ruhuma bulaşdılar,

Üzümə qırışdılar,

Nə bir salam verdilər, nə bir söz soruşdular.

Hamı yeyib duyurdu,

Hərə nəsə alırdı.

Hələ məclis sonuna

desertə göz yaşımla, cavanlığım qalırdı.

 

Acığımdan gülürdüm, öz içimdən ölürdüm.

Dırnaqlarım qurtardı, mən acından ölürdüm.

Dedim göydən üç alma düşəcək,

                                         bəlkə yedim.

Vaxt necə tez ötüşdü,

            göydən üç alma düşdü.

Üçü də əzik-üzük.

Dil açıb danışdılar: -

Budur payına qalan...

            üç alma elə bizik.

Yalan...Yalan... və yalan....

 

Nağıl arzular

Köçəsən dağlara, dağ, quca səni.

Təzəkdən yarımçıq hasarın ola.

Səndəki "dağı" da verəsən dağa.

Nə dərdin, nə də ki azarın ola.

Bir daxman ola kaş, damsa da olar.

Daxmanın yanında dumduru bulaq.

Beş-altı qoyunun, bir kəhər atın,

Deyəsən dağlara di gəl dost olaq.

Sübh tezdən gedəsən otlağa tərəf.

Nə zəngin adamsan, qoyun, quzun var.

Axşam da qayıdıb görəsən, Allah,

Daxmanda bir oğlun, üç də qızın var.

Bir könlün açılar saf-saf güləsən,

Balaca qızına dil çıxardasan.

Sonra uşaqların anası üçün,

Cibindən gizlincə gül çıxardasan.

O anda ilk görüş yadına düşə...

Hürkərdin bir fərə, kəklik səsinə.

İlk o gün soyuqdan üşüməmişdin,

İlk o gün isindin qız nəfəsinə.

Nə əcəb günlərdi, bu günə çatmaz.

Bu gün də sabahçün elə, nağıldı.

Birdən, səksənəsən uşaq səsinə,

Ay Allah, ortancıl qızın yıxıldı.

Eləcə ağlayar, ürəyin yanar.

Ax... bunlar nağılsız çətin susacaq.

Yatın, gül balalar, yuxunuz şirin,

Atanız sizə bir şeir yazacaq!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!