Böyük Azərbaycan mütəfəkkiri və şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə 2019-cu ilin Nəsimi ili kimi qeyd edilməsi xarici ölkə alimlərinin də diqqətini cəlb etmişdir. Əlcəzair alimi professor Zaim Xanşlavi fransız dilində nəşr olunan "Reporters" qəzetinin 19 iyun 2019-cu il sayında dərc olunan müsahibəsində şair haqqında və Azərbaycanda keçirilən tədbirlərdən məlumat vermişdir.
Prof. Z.Xanşlavi Azərbaycanda təşkil olunan beynəlxalq forum və tədbirlərdə iştirak etmiş, ölkəmizin həqiqətlərini bilən və dəyərləndirən şəxsdir. 2010-2012-ci illərdə Əlcəzairdə təsəvvüflə bağlı keçirilmiş beynəlxalq elmi konfransların təşkilatçılarından biri olmaqla Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin nümayəndələri haqqında obyektiv fikirlər söyləmiş, Şəms Təbrizi, Şah Qasım Ənvar, Seyid Yəhya Bakuvinin ədəbi və fəlsəfi irsini yüksək qiymətləndirmişdir.
Əlcəzair alimi akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: tarix qaynaqların işığında" kitabını ərəb dilinə tərcümə etmişdir. Kitab Livanın "Dərin araşdırmalar mərkəzi Delta" elmi mərkəzi tərəfindən 2018-ci ildə Beyrutda nəşr olunmuşdur. Keçən il noyabr ayında onun təqdimatı mutərcimin iştirakı ilə AMEA Əsaslı Kitabxanasında keçirilmişdir.
Prof. Z.Xanşlavi Nəsimi irsinə çoxdan maraq göstərir. O, şairin əsərlərindən seçilmiş nümunələri fransız və ərəb dillərinə tərcümə etməklə məşğuldur. Ərəb dilinə tərcümə işlərində bizimlə yaradıcılıq əlaqələri saxlamaqdadır.
Qeyd etməyi lazım bilirəm ki, Əlcəzairdə Azərbaycan şairinin şeirlərinə maraq Z.Xanşlavidən başqa, Bistra Universitetinin müəllimi doktor Xələfallah Mulud tərəfindən də göstərilməkdədir. Sonuncu müəllif çalışdığı universitetdə Dünya ədəbiyyatı fənni üzrə mühazirələrdə Nəsimiyə yer verir.
Bu günlərdə prof. Z.Xanşlavinin bizə göndərdiyi "Reporters" qəzetindəki müsahibəsinin mətnini "Ədəbiyyat qəzeti"nin oxucularına çatdırmaq istəyirəm. Materialı fransız dilindən AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri fəlsəfə doktoru Zöhrə Əliyeva tərcümə etmişdir.
"İslam dini, fəlsəfəsi və ədəbiyyatı sahəsində tanınmış professor Zaim Xanşlavi bu sahənin digər mütəxəssislərindən fərqli olaraq Azərbaycanın mədəniyyəti və ədəbiyyatının bilicisidir. O, islam aləminin mütəfəkkiri İmadəddin Nəsimi haqqında oxuculara məlumat verir.
Müxbir: - Nə üçün Beynəlxalq Astronomiya İttifaqı (BAİ) 1995-ci ildə Klet Rəsədxanasında çex alimlərinin kəşf etdiyi bir planeti Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsiminin adı ilə adlandırıb?
Professor cavab verir: - Nəsimi tarixin qaranlıqları içərisində doğan bir ulduzdur. O, böyük dəyər verdiyi ideyalarını yaymaq üçün canını fəda edən şəxs olmuşdur. İslami dinini sevgi, işıq və elmin simvolu kimi təqdim edən filosof islamın sədaqətli ardıcılı olmasına baxmayaraq edam olundu. Elə buna görə də BAİ kəşf olunmuş planetə ülviliyin, fədakarlığın nümunəsi olan Nəsiminin adını verməyi qərara almışdır. Nəsimi tibbi, astronomiyanı, məntiqi, Şərq xalqlarının ədəbiyyatını, təsəvvüfü, antik fəlsəfəni yaxşı öyrənmişdi. Onun dühası olduğu məkanların işıqlı adamlarının nuru ilə zənginləşib, müxtəlif mədrəsə şeir və musiqi məclislərində, şəxsi və ümumi kitabxanalarda, Daruş-səfa kimi özünəməxsus, tibbi akademiyada, saysız sufi zaviyələri və müqəddəs yerlərdə iştirakı bu zənginliyi daha da artırıb.
Müxbir: - Azərbaycanda Nəsimiyə çoxlu tədbirlər həsr olunmuş və olunmaqdadır. Bilindiyi kimi, bu il ölkədə "Nəsimi ili" elan edilmişdir. Sizcə, onun yubileyi başqa müsəlman ölkələrində də keçirilməlidirmi?
Professor: - Xatırladım ki, Nəsiminin təmsil etdiyi hürufilik ərəb əlifbasına əsaslanır. Bu qardaşlıq fikri ordeni XIV əsrdə Cənubi Qafqazda böyük ustad Mənsur Həllac, İbn Sina, Qəzali, İbn Ərəbi və Ruminin təlimlərini öyrənmiş Fəzlullah Nəiminin qüdrəti sayəsində yaranmışdır. Hərəkatın böyük təmsilçisi Nəsimi dinlərdən və millətçilikdən üstün olan ideyalar təbliğ etmişdir. Təəssüf ki, bu böyük mütəfəkkir bir çox islam ölkəsində tanınmır. Diqqətinizə çatdırmaq istəyirəm ki, mən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Fəlsəfə İnstitutunun alimləri ilə əməkdaşlıq edirəm. Hazırda Nəsiminin seçilmiş şeirlərini fransız və ərəb dillərinə çevirməklə məşğulam. Bu birgə əməyimiz özünəməxsus yaradıcılığı olan Nəsimini dünyada tanınmağa xidmət edəcək.
Sufizmin tam öyrənilməmiş əbcəd üsulunun elmi-məntiqi və riyazi biliklərini açmaq üçün biz Nəsimi yaradıcılığına və onun dəyərli irsinə müraciət etməliyik".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!