İxtisarla
Xeyli vaxtdır Haqq aşığı Aşıq Alının çağdaş və gələcək nəsillər üçün əvəzsiz xəzinə olan ədəbi irsinin toplanması və tərtibi işiylə məşğulam. Tərtib etdiyim kitabda qarşıya qoyulan əsas məqsəd aşığın indiyə qədər işıq üzü görmüş kitablarında necə gəldi çap edilən cinaslarının düzgün qurulması və ətək şərhinin verilməsi olmuşdur. Bunun üçün əlimin altında olan bir sıra yazılı və elektron mənbə tədqiqat obyektinə cəlb edilmişdir.
Aşıq Alının katiblər tərəfindən dəyişiklik edilmədən, zədəsiz gəlib günümüzə çatan şeirləri çoxdur. Həmin şeirlər başladığım işi uğurla görməkdə, səhv mətnləri əslinə çevirməkdə əldən tutmuşdur.
...Aşıq Alının ilk şeirlər kitabını ("Aşıq Alı", Bakı, 1975 ) toplayıb çap etdirmiş şəxs kimi hörmət və ehtirama layiq olan Hüseyn Hüseynzadə (Hüseyn Arif) yazırdı: "... hafizələr nə qədər güclü olsa da, kitab deyildir". Aşıq Alının bəzi şeirlərinin əlimizə təhrif olunmuş şəkildə yetişməsinin bir səbəbi də yaddaşlardan qüsurlu qələmə alınmasıdır.
Vaxtilə Aşıq Alının yubileyi ərəfəsində kitabını nəşrə hazırlayanlar ya səhvən, ya qeyri səbəbdən onun şeirlərinin içərisinə Aşıq Alı yaradıcılığına aid olmayan xeyli dəyərsiz şeir salmışlar. Mən onları ayırd (saf-çürük) edib qırağa qoydum. Birmənalı olaraq kitablarda gedən səhvlərə baxmayaraq, Alı irsinin toplanmasında və çapında xidməti olan hər kəs ehtirama layiqdir. Burada istifadə olunan yazılı mənbələrin (kitablar) adını çəkmək və haqqında bəzi qeydlər yerinə düşər:
1. "Aşıq Alı" ("Azərbaycan Dövlət Nəşriyyatı", Bakı, 1975), toplayan və tərtibçi Hüseyn Hüseynzadə (Hüseyn Arif);
2. "Aşıq Alı" ("Yazıçı", Bakı, 1982), toplayıb tərtib edənlər Əli Əmirov, Şamil Əsgərov, Mürsəl Həkimov;
3. "Xalqımızın deyimləri və duyumları" ("Maarif" nəşriyyatı, Bakı, 1986), toplayıb yazıya alanı, işləyəni və tərtib edəni Mürsəl Həkimov;
4. "Aşıq Alı, Əsərləri" ("Avrasiya Press", Bakı, 2006), tərtib edəni Hüseyn İsmayılov;
5. "Aşıq Alı, Əsərləri" ("OL" MMC, Bakı, 2013) tərtib edən və redaktor Qabil Zimistanoğlu.
Vaxtilə "Mən Alını axtarıram" adlı məqaləsiylə ölkə mətbuatında çıxış edən Hüseyn Arifin tərtib etdiyi kitab Alı irsinin toplanması istiqamətində ilk təməl daşı sayılmalıdır. Ondan sonra ustad aşığın xalq arasından əsərlərinin toplanması işi vüsət almış və şeirləri respublikanın bir çox qəzetlərində (o cümlədən rayon qəzetlərində) çap olunmuşdur.
Kollektiv tərtibçilər tərəfindən 1982-ci ildə nəşr edilən kitaba düşən şeirlər digər kitablarla müqayisədə ilkin varianta daha yaxın şəkildə verilmişdir. Amma bu kitabdakı şeirlərdə də cinasların səhv quruluşu var. "Nə gözəl, gözəl" (s.89) təcnisinin birinci və ikinci bəndi belə getmişdir:
Nazlı canan, nə şahanə gəzirsən,
Dolandın gülşəni nə gözəl-gözəl.
Bax şümşad əlinə, şəhla gözünə,
Qüdrət xəlq eyləyib nə gözəl-gözəl.
Adət budur həmsər sərin dolana,
Qəza tutmaz həm sər sərin dolana
Gözəl əyal, həm sərsərin dolana,
Ondan həbib olmaz, nə gözəl-gözəl.
olmalıdır:
Nazlı canan, nə şahanə gəzirsən,
Dolandın gülşəni nə gözəl, gözəl.
Bax şümşad əlinə, şəhla gözünə,
Qüdrət xəlq eyləyib nə gözəl göz, əl.
Adət budur həmsər sərin dolana,
Qəza tutmaz həm sərsərin dolana,
Gözəl əyal, həmsər sərin dolana,
Ondan həbib olmaz, nə gözəl, gözəl.
Həmin kitabda Alı qələminə, dəst-xəttinə, üslubuna yad olan (səh. 9; 14; 99 və s.) şeirlər də yer almışdır ki, mən onları kitaba salmadım. İki şeir isə (s.82-83) bir-birinə qarışmışdır. Eyni zamanda bəhs edilən kitabdan Aşıq Alının indiyə qədər çap olunmuş başqa kitablarına düşməyən 17 şeir tərəfimdən götürülüb. Bunlar aşağıdakılardır:
qoşmalar bölməsindən - "Bilmərəm", "Gəlmişəm", "Deyərlər", "Yetirdin", "Şafada", "Tükəzban", "Dolanım", "Bu yerə", "Alı", "Ay Sona", "Eylər";
ustadnamələr bölməsindən - "Vermə", "Olmuşam";
təcnislər bölməsindən - "Sayana, xanım", "Balaxanım", "Bu dağa", "Ya dəli dəysə".
Mürsəl Həkimovun tərtibçiliyi ilə 1986-cı ildə çapdan çıxan "Xalqımızın deyimləri və duyumları" kitabında gedən "Aşıq Alının Türkiyə səfəri" dastanından aşığın indiyə qədər heç bir kitabında rast gəlinməyən 2 şeiri götürülüb bu kitaba salınmışdır. Bunlar "Öldürür" və "Sazım" şeirləridir. Yeri gəlmişkən, "Aşıq Alının Türkiyə səfəri" dastanının kitablarına düşmüş digər variantından da kitaba şeirlər salınmışdır.
2006-cı ildə Hüseyn İsmayılovun tərtibçiliyi ilə nəşr olunan "Aşıq Alı. Əsərləri" kitabı Aşıq Alı irsinin az toplanması ilə seçilir. Alının zəngin təcnislərindən kitabda az qismi yer almışdır ki, onların da cinası qüsurlu verilmişdir. Sözə söykək üçün kitabda səhv gedən təcnislərdən bir neçəsini misal göstərək:
"Damı dayansın" (səh.105) təcnisinin birinci bəndinin son misrası belə getmişdir -
"Qiyamət oduna damı da yansın",
olmalıdır -
"Qiyamət oduna damıda yansın". "Ərəb və fars tərkibli sözlər lüğəti"ndə damı sözünün bir mənası da fars dilində cəhənnəm deməkdir;
"De bir üz-bir üz" (səh.106) təcnisinin birinci bəndinin son misrası belə getmişdir -
"Yetirin loğmana, de bir üz-bir üz",
olmalıdır -
"Yetirin loğmana, de birüz-birüz". Aşıq misrada biriniz məni loğmana yetirin deyir.
"Aya qalmasın" (səh.107) adlı təcnisin birinci bəndinin hər iki cinası səhvdir.
Getmişdir:
Bimürvət yar məni candan eylədi,
Tutubdu dəstində ayaq almasın.
Gəzdim dostun baxçasına seyr etdim,
Görmədim bağında ayaq almasın.
Olmalıdır:
Bimürvət yar məni candan eylədi,
Tutubdu dəstində ay ağ almasın.
Gəzdim dostun bağçasını seyr etdim,
Görmədim bağında ay ağ almasın.
İkinci misranın cinasında almazdan (kəsərdən), dördüncü misranın cinasında isə meyvədən (ağ almadan) söhbət gedir.
Qeyd edilən kitabda, eyni zamanda xeyli qurama şeir yer almışdır. 56-cı səhifədəki "Düşmüşəm" adlı mətn qoşma bölməsində getmişdir. "Balaya", "nara", "ahu-zara" və "daşa" qafiyələri qoşmaya nə qədər uyğundur. Eyni zamanda 53-cü səhifədə gedən "Könül" qoşması o dövr aşıqlarına xas ənənədən kənara çıxaraq möhürbəndsiz verilmişdir.
2013-cü ildə Qabil Zimistanoğlunun tərtibçisi və redaktoru olduğu "Aşıq Alı, Əsərləri" kitabı Aşıq Alı əsərlərini özünə qədərki kitablar içində ən çox cəmləyən kitab kimi səciyyələnir. Belə üstün məziyyətinə baxmayaraq, təəssüf ki, kitabda Alı ustalığına, üslubuna yad xeyli qüsurlu (qurama) şeirlər getmişdir. Bu şeirləri ayıq gözlə oxuyan oxucu şeirlərin qəlibə oturmadığını dərhal hiss edər.
Bundan başqa, "Cinaslar" (Bakı, Yazıçı, 1985, tərtibçilər Məmməd Aslan və Elxan Məmmədli) və "Aşıq ədəbiyyatı antologiyası" (Bakı, 2017, I cild, tərtibçilər Məhərrəm Qasımlı və Mahmud Allahmanlı) nəzər etdiyimiz kitablar içərisində olmuşdur. "Cinaslar" kitabından Alının 3 gözəl şeiri - 1 cinas gəraylısı ("Oyanam mən") və 2 təcnisi ("Yarasan məni", "Ay beləsi nə") götürülmüşdür.
Adları çəkilən kitablarda rast gəlinən səhv sözlər kontekstin (misradakı məzmunun) tələbinə uyğun olaraq ilkin varianta qaytarılmışdır. Oxucuya və ədəbi aləmə maraqlı ola biləcəyi fikriylə şeirlərdə düzəldilən sözlərin bəziləri nümunə olaraq aşağıda verilir:
getmişdir:
"Yüklənibdir qəflə, qatır, barxanam,
Fənadan üçvaya köçürəm bu gün".
olmalıdır:
"Yüklənibdir qəflə, qatır, barxanam,
Fənadan üqbaya köçürəm bu gün".
(Bu dünyadan axirət evinə (üqba - ərəbcə axirət evi, o dünya deməkdir) köçməkdən söz edilir).
"Bu gün";
getmişdir:
"Beş surə Zənburdan, üçü Tövratdan," (s.119, "Aşıq Alı, Əsərləri", "OL" MMC, Bakı, 2013), (s.75, "Aşıq Alı", Yazıçı, 1982)
olmalıdır:
"Beş surə "Zəbur"dan, üçü "Tövrat"dan," (səmavi kitablardan bəhs edilir)
"Asan";
getmişdir:
"Behiştin meyvəsi başdan-ayağa
Yetişdi Səncərin budağı tək-tək". (s.47, "Aşıq Alı, Əsərləri", "Avrasiya Press", Bakı, 2006), (s.33, "Aşıq Alı", "Azərbaycan Dövlət Nəşriyyatı", Bakı, 1975)
olmalıdır:
"Behiştin meyvəsi başdan-ayağa
Yetişdi şəcərin budağı tək-tək". (ağacdan bəhs edilir - şəcər ağac deməkdir)
"Tək-tək";
getmişdir:
"Guşeyi-izətdə xaba dalmadım," (s.115, "Aşıq Alı, Əsərləri", "OL" MMC, Bakı, 2013), (s.76, "Aşıq Alı", Yazıçı, 1982)
olmalıdır:
"Guşeyi-izlətdə xaba dalmadım," (guşeyi-izlət fars dilində tənhalıq guşəsi mənasını verir)
"Mənəm"
getmişdir:
"Deyər Aşıq Alı meydan içində,
Oxudum dərsimi meydan içində,
Doxsan min kəlməni meydan içində,
İsbat eylə, sübut eylə dal-dala." (s.158, "Aşıq Alı, Əsərləri", "OL" MMC, Bakı, 2013), (s.102, "Aşıq Alı, Əsərləri", "Avrasiya Press", Bakı, 2006)
olmalıdır:
"Deyər Aşıq Alı meydən için də,
Oxudum dərsimi meydan içində,
Doxsan min kəlməni meydan içində,
İsbat eylə, sübut eylə dal-dala."
"Dal-dala";
getmişdir:
"Rüstəm qəhrəmanı, Zalı deyirəm,
Səxavətdə Hatəm hanı deyirəm?!
Alıyam koxanı, xanı deyirəm,
Düşəcək qovğaya bil yavaş-yavaş".
(s.30, "Aşıq Alı", "Azərbaycan Dövlət Nəşriyyatı", Bakı, 1975), (s.84, "Aşıq Alı, Əsərləri", "OL" MMC, Bakı, 2013), (s.46, "Aşıq Alı, Əsərləri", "Avrasiya Press", Bakı, 2006).
Qoşmanın tələbinə görə misrada sözlərin yerini dəyişəndə forma düzəlir:
"Rüstəm Zalı - qəhrəmanı deyirəm,
Səxavətdə Hatəm hanı deyirəm?!
Alıyam koxanı, xanı deyirəm,
Düşəcək qovğaya bil, yavaş-yavaş".
"Aşıq Alı, Əsərləri" ("OL" MMC, Bakı, 2013) kitabında "Ay ilə-ilə" adlı dodaqdəyməz ayaq təcnisdə (s.161) cinas söz "ay ilə-ilə" olduğu halda, birinci bəndin ilk beytində cinas "ayilə ilə" əvəzinə "nazlı yar gələ" şəklində getmişdir. "Aşıq Alı, Əsərləri" ("Avrasiya Press", Bakı, 2006) kitabında "Başa-baş" cığalı təcnisində (s.108) ikinci bəndi təşkil edən cinas "bir qala" olduğu halda, üçüncü misrada "Ağlayana can vermərəm nə qala" şəklində getmişdir. Tərtib etdiyim kitabda belə səhvlərin hamısı düzəlib və izahı verilib. Adıçəkilən hər iki kitabda aşığın "Dal-dala" şeirinin (birinci kitabda s.158; ikinci kitabda s.102) başdan iki misrası məzmunun tələbinə uyğun gəlmir. Hər iki kitabda beyt belə getmişdir:
"İsmin üç hərifdi elədim bəyan,
"Cim"di, "mim"di, yazılıbdı dal dala".
Birinci misranın verdiyi informasiyaya görə şeirdə ərəb əlifbasındakı üç hərfdən bəhs edilir. Hər iki kitabda isə "cim" və "mim" var, üçüncü hərf isə yoxdur. H.Arifin tərtib etdiyi kitabda həmin şeirin bəhs edilən beyti belə getmişdir:
İsmin üç hərifdi bəyan eləyim,
"Cim"di, "mim"di, "nun" yazılıb dal dala. ("Aşıq Alı", Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1975, s.44).
Ərəb əlifbasında bu üç hərfin birləşməsindən "Məcnun" sözü yaranır. Sadəcə, beytin ikinci misrasında hərflərin ardıcıllığı pozulmuşdur. Düzgün variant belədir:
"İsmin üç hərifdi, eylədim bəyan,
"Mim"di, "cim"di, "nun" yazılıb dal dala,".
Aşığın dörd şeir kitabının üçündə "Aşıq Alı", (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1975, s.33); "Aşıq Alı, Əsərləri" ("OL" MMC, Bakı, 2013, s.55); "Aşıq Alı, Əsərləri", ("Avrasiya Press", Bakı, 2006, s.47;) məşhur "Tək-tək" şeirinin ikinci bəndinin birinci beyti səhv redaktədə getmişdir:
"Qətrəsi xəyatı, bədəni dürdən,
Xudam xəlq eyləyib bir qətrə nurdan".
Əslində beyt belədir:
"Qətfəsi xəyyatı, bədəni dürdən,
Xudam xəlq eyləyib bir qətrə nurdan".
Qətfə ərəb dilində məhraba, geyim, libas, xəyyat isə dərzi deməkdir. Aşıq gözəli vəsf edir - libası dərzidən, bədəni dürdən...
Yenə adıçəkilən hər üç kitabda (müvafiq olaraq s.48; s.160; s.107) "Ayə məndədi" təcnisinin ikinci bəndinin təcnisi formanın tələblərinə cavab vermir:
"Gəşt eylədim Bəsrə, Bağdad, Buxara,
İndi də gəlişim a Yəməndəndi".
beyt belə olmalıdır:
"Gəşt eylədim Bəsrə, Bağdad, Buxara,
İndi də gəlişim a Yəmən dədi".
Dəd sözünün ərəb dilində bir mənası da ovlaq deməkdir. Mən çalışmışam ki, hazırladığım kitabda belə xətalar yer almasın.
Yuxarıda sözü səmtiynən tanımaqdan bəhs edilir. Oxucu maraqlana bilər bu necə olur?! İki kitabda ("Aşıq Alı, Əsərləri", "OL" MMC, Bakı, 2013, s.300; "Aşıq Alı, Əsərləri", "Avrasiya Press", Bakı, 2006, s.168;) "Aşıq Alının Türkiyə səfəri" dastanında Alıyla Əsmərin deyişməsi zamanı Alının dilindən şeirdə belə bir misra gedir:
"Mən məhək daşıyam qəlbi tanıram".
misra belə olmalıdır:
"Mən məhək daşıyam qəlpi tanıram".
Yenə adı çəkilən hər iki kitabda "Könül" (müvafiq olaraq s.82 və s.53 "Bəd gəldi ruzigar, döndü zamana" misrasıyla başlayan) şeirinin birinci bəndinin ikinci beyti belə getmişdir:
O vaxt bənna idin bürc hasarında,
İndi də yatıbsan nə xanə, könül?!
beyt belə olmalıdır:
O vaxt bənna idin bürc hasarında,
İndi də yapıbsan nə xanə, könül?!
Sözü səmtiylə tanımaq, sözün sözü gətirməsi deyəndə bu nəzərdə tutulur.
Onu da deyim ki, əldə olan mənbələrdən başqa, Alı yaradıcılığını tədqiq etdiyimdən xəbər tutan qohumları onun əvvəlki kitablarına düşməyən əsərlərinin yerini mənə isnad verdilər. Məlum oldu ki, Bərdədə yaşayan şair dostum Telman Hüseyn Aşıq Alının heç bir kitabında çap olunmayan xeyli şeirini özündə qoruyub saxlayır. Həmin şeirləri ona ana tərəfdən qohumu, Aşıq Alının bacısı (Pəri) nəvəsi Səməd İsmayıloğlu (Gədəbəy r., Slavyanka k.) göndərmişdir. Oxucuya aydın olsun deyə xatırladaq ki, Telman Hüseynin ana nənəsi Şəkər xanım da (vaxtilə Qızılvəngdən Vediyə gəlin gedib) Aşıq Alının bacısı Pəri xanımın nəvəsidir. Telman Hüseyn xeyirxahlıq edib arxivində qoruduğu həmin şeirləri mənə göndərdi.
Özü və zəngin yaradıcılığı haqqında alçaqkönüllülükdən irəli gələn misralar yazsa da, "Nə qaldı" kitabını oxuyan hər kəs Alı yaradıcılığının xalqın mənəvi sərvətləri içində özünə yer aldığının fərqinə varacaq.
Aşığın belə bir misrası da var:
"Səmtsiz uçan səmasında azardı".
Dediyi kimi, o, heç vaxt səmtsiz uçmadı - ömrünü xalqın xeyir-şərində keçirdi, şeirlərində ağrılarına acıdı, sevinclərinə şərik oldu, vəsf etdi.
"Nə qaldı" kitabında məqsəd Aşıq Alı yaradıcılığına, onun ustalığına yaraşan bir kitab hazırlayıb ortaya qoymaq olmuşdur. Mən bu işi könül işim kimi gördüm. Ustadların ruhu əmanət qoyub getdikləri irsin taleyindən xatircəm və şad olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!