Rus sənətkarlarının Şərqə və qismən də İslam dininə marağının XVIII əsrin sonlarına doğru formalaşdığını demək mümkündür. Məhz bu dövrdə rus romantikləri doğma ədəbiyyatda Şərq motivlərindən istifadə edərək, xüsusi bir istiqamət - "Şərq üslubu" yaratmışlar. Buna səbəb romantiklərin ümumiyyətlə dini kitabları və o cümlədən "Quran"ı dini mahiyyəti ilə yanaşı, həm də yüksək səviyyəli bədii əsər hesab etməsi ilə bağlı idi. Belə ki, "Quran" onlara yeni sənət əsərləri yarada bilmək üçün bol material verən əvəzsiz mənbə idi.
"Quran" ilk dəfə rus dilinə 1716-cı ildə Böyük Pyotrun göstərişi ilə Pyotr Postnikov tərəfindən (fransız dilindən) tərcümə olunmuşdur. Filologiya elmləri doktoru Asif Hacılı ""Qurani-Kərim" rus ədəbiyyatında" əsərində yazır: "Postnikovun tərcüməsində fransız nəşrindəki qüsurlar - bir sıra ifadə və hissələrin ixtisarı izlənilir. Eyni zamanda, tərcüməyə verilmiş başlıqdan tərcüməçinin islamın və "Quran"ın mahiyyətini anlamadığı görünür". Qeyd edək ki, uzun müddət həmin tərcümənin D.Kantemir tərəfindən edildiyi fikrində olmuşlar.
XVIII əsrin sonlarında "Quran" ərəb dilindən rus dilinə tərcümə edilərək "Məhəmmədin yazdığı kitab" kimi oxuculara təqdim edildi. Tərcümənin müəllifi Rusiya Elmlər Akademiyasının müxbir üzvü, dramaturq M.İ.Veryovkin idi. Bu tərcümənin də keyfiyyətinin yüksək olduğunu demək olmaz. Lakin illər keçdikcə "Quran" tərcümələrinin və Rusiyada onu kamil sənət nümunəsi kimi dəyərləndirənlərin sayı artırdı.
Rus ədəbiyyatının "qızıl dövrü" adlandırılan XIX əsrin 20-30-cu illərində sənətkarların əsərlərində Şərq və İslam motivlərindən istifadə geniş vüsət almışdı. Bunun səbəbləri "Şərq romantizmi" ilə həmin dövr şairlərinin sevgi lirikasındakı psixologizmin dərinliyi, şəxsi hisslərin qabarıq ifadə olunması, emosionallığın yüksək səviyyəyə çatması kimi ortaq cəhətlərin mövcudluğu idi. İslam fəlsəfəsindəki Allahın və yaradılışın birliyini ifadə edən "Tovhid" anlayışı rus romantiklərini varlığın fəlsəfi dərkinə yönləndirirdi.
XIX əsrdə rus sənətkarlarının müsəlman Şərqinə marağını şərtləndirən səbəblərdən biri həm də ictimai marağın və elmi-nəzəri araşdırmaların artması ilə bağlı idi. Belə ki, bu dövrdə şərqşünas alimlərin bu sahədəki araşdırmaları və Şərq dillərindən tərcümələrin sayı durmadan artmaqda idi. XVIII əsrin sonlarından başlayaraq, Şərq dünyasının inciləri Rusiyada kütləvi şəkildə tərcümə edilərək dərc olunmağa başlamışdır. Elə təkcə rusların "əyləndirərək düşündürən, düşündürərək əyləndirən sənətkar" adlandırdıqları Sədi Şirazinin əsərləri dəfələrlə tərcümə edilib rus oxucusuna təqdim edilmişdir. Digər klassik Şərq sənətkarları da maraq dairəsindən kənarda qalmırdı. Şərq müdrikliyini ifadə edən rəvayətlər və lətifələrin yayılması da bu baxımdan müəyyən əhəmiyyətə malikdir.
İslami düşüncənin rus ədəbiyyatına yol tapması məsələsini kompleks şəkildə dəyərləndirsək, deyə bilərik ki, XIX əsrin əvvəllərində rus sənətkarlarının Şərq motivlərinə kütləvi şəkildə üz tutmasının səbəblərindən biri də Qərbin təsiri idi. Hötenin "Şərq-Qərb divanı"ndakı "Şərq şeirləri", Bayronun "Gavur", "Abidos gəlini" əsərləri, Consonun "Rasselas" romanı və digər əsərlər rus sənətkarlarının böyük marağına səbəb olmuş və yaradıcılıqlarına təsirini göstərmişdir.
Rus ədəbiyyatında məşhur olan "Şərq hekayətləri" silsiləsi tanınmış yazar və şərqşünas O.İ.Senkovskinin adı ilə bağlıdır. Həcc ziyarətinə gedən O.Senkovski ərəb şərqini üç il müddətində səyahət etmiş, səfər zamanı görüb-eşitdikləri ilə bağlı təəssüratlarını yazmış, islam dünyası haqqında bir çox elmi araşdırmalar aparmışdır. Belə məşhur şərqşünaslar sırasında N.N.Berezin, X.D.Fren, A.V.Boldırev və başqa tədqiqatçıların adlarını da çəkmək olar. Bu müəlliflər hesab edirdilər ki, "Quran"ı öyrəndikdən sonra Şərq dünyasının mental xüsusiyyətlərini nəzərə alaraq, hətta "İncil"i də fərqli rakursdan dəyərləndirmək olar. Belə fikirlər rus romantiklərinin yaradıcılığında Şərq motivlərinin yer alması və üslubi cəhətdən formalaşmasında əhəmiyyətli rol oynamışdır.
Bir çox rus ziyalıları müsəlman şərqini yalnız elmi materialların deyil, eyni zamanda bədii əsərlərin köməyilə öyrənməyə, tanımağa başlamışlar. Belə ki, Sədi, Hafiz, Nizami, Firdovsi, Cami kimi klassiklərin əsərləri Şərq dünyasına və İslam təfəkkürünə bələd olmaq üçün əsl xəzinə idi. Bəzi müəlliflər hesab edirlər ki, rus ədəbiyyatında Şərq və İslam mövzusu sadəcə ornament rolunu oynamış, rus sənətkarlarına özlərinə tənqidi yanaşma üçün istifadəyə imkan yaratmışdır.
XIX əsr sənətkarları içərisində A.Qriboyedov, P.Vyazemski, S.Qlinka, P.Çaadayev, xüsusilə, M.Lermontov və A.Puşkinin əsərlərində islam komponentləri mövcud idi. Böyük rus filosofu V.Solovyovun "Məhəmmədin həyatı", Qoqolun "Əl-Məmun. Tarixi səciyyə" kimi əsərləri Rusiyada Şərqə olan marağın yalnız etnoqrafik deyil, eyni zamanda mənəvi-poetik səciyyə daşıdığına işarədir. İnsanların bərabərliyi ideyasının sadiq tərəfdarı olan filosof və şair V.Solovyov 1896-cı ildə "Məhəmməd. Həyatı və dini təlimi" adlı oçerkində yazırdı ki, İslam Peyğəmbəri həqiqi dinin məzmun və mahiyyətini "Tovhid"də görmüşdür. Solovyov İslamın ən mühüm özəllikləri arasında niyyət və əməllərin gözəlliyini görürdü. Alim İslam dininə şamil olunan "cəhaləti və fanatizmi yayan, zor və güc hesabına yayılmış din" anlayışlarının əslində bu dinə və Məhəmməd peyğəmbərə (s.ə.s) qarşı haqsızlıq olduğunu cəsarətlə vurğulayırdı. O yazırdı: "Məhəmmədin dini bundan sonra inkişaf etməsə də, geniş əhatədə yayılacaq; çünki "Quran"ın mənəvi qidası bütün bəşəriyyət üçün gərəklidir".
Rus ədəbiyyatında islami mətnlərin yaranmasının səbəblərindən biri də Qafqaz faktoru idi. Çar Rusiyası siyasi fəaliyyətinə görə narazı olduğu sənətkarları, adətən, Qafqaza sürgün etdirirdi və bu fakt həmin söz adamlarının yaradıcılığına təsirsiz ötüşmürdü. A.S.Puşkin də Cənuba sürgün olunduğu zaman çərkəzlər, arnautlar, Krım tatarları kimi müsəlman əhali ilə sıx ünsiyyətdə olmuş, onların məişəti və mədəniyyəti ilə yaxından tanış olmuşdur. Onun əsərlərində Şərq anlayışı İslam mədəniyyəti kontekstində meydana çıxır.
Puşkinin bütün yaradıcılığı boyu Şərq onu cəlb etmişdir: o, məşhur şərqşünas N.Biçurin ilə dostluq etmiş, kitabxanasında İslam fəlsəfəsini və ədəbiyyatını əks etdirən çoxlu sayda kitabları olmuşdur. Şairin ulu babasının ərəb olması da onun İslama marağını artıran səbəblərdən olmuşdur. Puşkin "Böyük Pyotrun ərəbi" povestində babası İbrahim Hannibalın obrazını yaratmışdır. 9 şeirdən ibarət olan ""Quran"a nəzirələr" silsiləsi, "Talisman", "Qafqaz əsiri", "Baxçasaray fontanı", "İblis" və s. əsərlərində Puşkin Şərq motivlərindən istifadə etmişdir. O, "Quran"a müraciət edən ilk rus yazarı olmuşdur. Tədqiqatçı K.Qordeyev qeyd edir ki, ""Quran"a nəzirələr" adı ilə yazdığı şeirlərdə müəllifin məqsədi heç də rus oxucusunu Müqəddəs Kitabda yer almış dini-hüquqi məsələlərlə tanış etmək olmamış, bu əsərlər sırf lirik poeziya nümunələri olaraq meydana çıxmışdır.
M.Lermontovun da yaradıcılığında Şərq motivləri özünəməxsus yer tutur. Gənc şairin "Aşıq Qərib", "İblis", "Mtsıri" kimi əsərlərində bu motivlər daha geniş əks olunur. Son illərdə bəzi tədqiqatçılar onun Şərqə marağını ata-babalarının müsəlman olması ilə əlaqələndirirlər. M.Sinelnikov M.Lermontov haqqında deyirdi: "Birbaşa həqiqəti sona qədər demək lazım gələrsə, etiraf etməliyik ki, xalis pravoslav şeirləri yazan müəllif həm də müəyyən dərəcədə müsəlman olmuşdur". Tədqiqatçı Məryəm Vahidova iddia edir ki, M.Lermontov və L.Tolstoyun Qafqazı ürəkdən sevməsinin səbəbi yalnız bu məkanın qənirsiz gözəlliyi deyil, həm də onların əslən çeçen olması idi. Müəllif yazır ki, Lermontov M.Sinelnikovun dediyi kimi, "müəyyən dərəcədə" deyil, ilk növbədə müsəlman olmuş və özünü dərk edəndən xristianlıqdan uzaqlaşmışdır. Tədqiqatçı, həmçinin Mixail Yuriyeviç Lermontovun, əslində, Rusiyanın ən qatı düşmənlərindən olan Beybulat Taymiyevin oğlu olduğunu yazır. Lakin bu fikir yalnız fərziyyə olaraq qalır və dəlillərlə isbatını tapmır. Şairin əsərlərində İslam motivlərinə geniş yer ayırması isə göz önündədir.
Rus şairlərinin "islam antologiyası"ndan bəhs edərkən əsərlərində M.Lermontovun təsiri açıq duyulan A.Polejayevin "Hərəmxana", "Qara hörük", "Sultan", V.Benediktovun "Əbdülqadirin məktubu", "Xəlifə və qul" şeirlərini də unutmaq olmaz.
İslam təfəkkürünün rus ədəbiyyatına güclü təsirinin ikinci mərhələsini XIX-XX əsrlərə aid etmək olar. İ.Buninin yaradıcılığındakı "Quran" motivləri, N.Qumilyov və B.Lapinin sufi poetikasından yararlanması faktları fikrimizi təsdiqləyir. Həyat və yaradıcılığında ciddi problemlərlə üzləşən İ.Bunin çıxış yolunu dini kitabların mütaliəsində görmüş, başqa dini kitablarla yanaşı, "İncil" və "Quran"ı daha ciddi şəkildə oxumağa başlamışdır. Həyatının bu mərhələsində qələmə aldığı "İbrahim", "Kövsər", "Qədr gecəsi", "Sirr" və s. əsərlərin süjeti "Quran"dan götürülmüşdür.
Zadəgan əsilli L.Tolstoy gəncliyinin müəyyən bir hissəsini Qafqazda hərbi xidmətdə keçirmişdir. Avtobioqrafik səciyyəli "Kazaklar" əsəri və sənətkarın öz sağlığında nə qədər cəhd göstərsə də, dərc etdirə bilmədiyi "Hacı Murad" povestinin əsas qəhrəmanları da elə onun burada tanıdığı real şəxslərin prototipləridir. Bu əsər və ümumiyyətlə, yazıçının bütün yaradıcılığı sübut edir ki, onun Şərqə marağı yalnız etnoqrafik deyil, daha çox mənəvi-poetik xarakterli olmuşdur. Ümumiyyətlə, Şərq mədəniyyəti və ədəbiyyatı ilə yaxından maraqlanan L.Tolstoy, xüsusilə, ömrünün sonlarına yaxın "Quran"ı və dini kitabları çox mütaliə etmişdir. Sonrakı illərdə o, Misirin müftisi Əbdu Muhəmmədlə və bir çox Krım tatarları ilə yazışmış və bu yazışmalar da onun İslam haqqında təsəvvürlərinin daha da artmasına kömək etmişdir.
Tolstoyun 1895-1910-cu illəri əhatə edən gündəliklərində dönə-dönə Məhəmməd peyğəmbərin (s.ə.s) adı çəkilir, onun yaydığı dinin ən üstün din olduğu bildirilir. Sənətkarın dini dünyagörüşü, Allah, ruh, əxlaq və s. məsələlər haqqındakı qeyri-ordinar fikirləri yaşadığı cəmiyyət üçün qəbuledilməz olmuş, hətta 1901-ci ildə o, pravoslav kilsəsindən qovulmuşdur. Gündəliklərindən birində o yazırdı ki, kilsə İsa Məsihin təliminə zidd bir təlim formalaşdırıb və insanları məhz bu yolun doğruluğuna inandırmağa nail olub. L.Tolstoy inanırdı ki, xristian dini də ilkin formada məhz İslamın prinsipləri ilə səsləşən bir dini təlim olmuş və dəyişikliklərə məruz qalmışdır. O, pravoslav kilsəsinin təqdim və təbliğ etdiyi "İlahi üçlük" təlimini qəbul edə bilmir və bunun əvəzində tək Allaha sitayişi təbliğ edən İslama üstünlük verirdi. 1884-cü ildə yazdığı bir məktubda o belə deyir: "... Hakimiyyət nümayəndələri məni zərərli inqilabçı, pravoslavlar isə şeytan kimi görürlər. Etiraf edirəm ki, bu mənə ağırdır... Və buna görə də xahiş edirəm, mənə sadəcə xeyirxah bir Məhəmməd tərəfdarı kimi baxın, onda hər şey yaxşı olacaq".
Bu və buna bənzər fikirlərinə görə, son illər mətbuatda belə bir fikir yer almışdır ki, guya Lev Tolstoy ömrünün sonlarında İslam dinini qəbul etmişdir. Lakin fikrimizcə, bu, sensasiya yaratmaq xatirinə yayılmış bir xəbərdir. Çünki əvvəla, Tolstoyun gündəliklərini oxuyarkən əmin olmaq mümkündür ki, o, ümumiyyətlə Yaradan, ruh, ölümdən sonrakı həyatla bağlı çox düşünmüşdür. Lakin bu düşüncələri birbaşa İslama bağlamaq düzgün olmazdı. Dünya şöhrətli sənətkar İslam dini və onun Peyğəmbəri ilə maraqlandığı qədər Buddaya, Konfutsinin fəlsəfəsinə də maraq göstərmiş, müsəlmanlarla olduğu kimi, buddistlərlə də yazışmışdır. Həqiqət axtarışında olan Tolstoyun xristianlığı tərk etdiyi və ya İslamı qəbul etdiyi barədə heç yerdə konkret fakta rast gəlinmir. Məhəmməd tərəfdarı olmağı isə sonradan yenilənmiş, əsl mahiyyətindən uzaqlaşdırılmış xristianlıqdan üstün tutmuşdur.
Qeyd edək ki, bir neçə il öncə Türkiyədə guya Lev Tolstoyun müəllifi olduğu "Məhəmməd" adlı kitab satışa çıxarılmışdır. Halbuki bu əsərin məzmununu Məhəmməd peyğəmbərin (s.ə.s) hədisləri təşkil edir. L.Tolstoy bu kitabı 1910-cu ildə özünün yayın evində "Məhəmmədin "Quran"a daxil olmayan hədisləri" adı altında çap etmiş və başlığın altında "Toplayan: L.Tolstoy" sözləri yazılmışdır. Lakin naşirlər, əslində, bu əsərin sadəcə hədis toplusu olduğunu bilsələr də, sənətkarın dünyamiqyaslı şöhrətini nəzərə alaraq, belə bir hiyləyə əl atmış və kitab çox böyük tirajla satılaraq onlara xeyir gətirmişdir. Tolstoyun ayrıca kitab halında çap etdirdiyi "Hədislər" yazıçının 90 cildlik irsinin 40-cı cildində yer almışdır. Beləliklə, Tolstoyun İslam dininə münasibəti məsələsini ümumiləşdirərkən belə bir qənaətə gəlirik ki, o, bu dinin mahiyyətinə dərindən bələd olmuş və əsərlərində ondan faydalanmağı bacarmışdır. Sovet dövründə Şərq ədəbiyyatına maraq bu zamana qədər görünməmiş bir səviyyəyə çatmışdı. Həmin dövrdə İslamı, təsəvvüfü əks etdirən çoxlu sayda elmi və bədii əsərlər ərəb dilindən rus dilinə tərcümə olunmuşdur. Elə təkcə bu faktı xatırlamaq yetər ki, əlcəzairli müəllif Ət-Tahir Vəttarın "Əl-laz" romanı rus dilinə tərcümə edilərək altı il ərzində yeddi dəfə çap olunmuş və tirajı üç yüz əlli mini keçmişdir. 1987-ci ildə "Asiya və Afrika yazıçılarının seçilmiş əsərləri" adlı 12 cildlik seriya tamamlanmış və hər cild 50 min nüsxəni əhatə etmişdir. Bu rəqəmlər ərəb ədəbiyyatına, Şərq və İslam motivlərinə rus oxucusunun böyük marağının göstəricisidir.
90-cı illərin sonlarından etibarən bu marağın azalmasına baxmayaraq, XX əsrin sonları, XXI əsrin əvvəllərində rus mədəniyyəti və ədəbiyyatında İslam təfəkkürünə, demək olar ki, yeni bir maraq mərhələsi başladı. Üstəlik, müasir dövrdə bu marağın əsasında həm də ictimai-siyasi proseslər durur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!